Naxçıvanda sahibkarlıq subyektlərində yoxlamalarla bağlı təlim keçirilib

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi və Ədliyyə Nazirliyinin birgə təşkilatçılığı ilə oktyabrın 15-də sahibkarlıq sahəsində aparılan yoxlamalarla bağlı yoxlayıcı orqanların əməkdaşlarının bilik və bacarıqlarının artırılması üçün təlim keçirilib.

Aznews.az xəbər verir ki, Biznes Mərkəzində keçirilən təlimdə Naxçıvanın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin, Səhiyyə Nazirliyinin, Fövqaladə Hallar Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Qida Təhlükəsizliyi nümayəndələri iştirak ediblər.

Naxçıvan İqtisadiyyat Nazirliyinin şöbə müdiri Aqibət Əliyev çıxış edərək sahibkarlıq sahəsində aparılan yoxlamalar və onların qanunvericilik əsasları barədə ətraflı məlumat verib.

Nəzərə çatdırılıb ki, yoxlamaların təşkili və aparılması, eləcə də bu sahədə dövlət orqanlarının fəaliyyətinin səmərəli təşkili məqsədilə "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul edilib:

"Qanun və onun tətbiqi barədə dövlətimizin başçısının müvafiq Fərmanı sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid qaydalarının müəyyən edilməsi, bu sahədə yoxlayıcı orqanın və sahibkarların hüquqlarının müdafiəsi baxımından böyük əhəmiyyət kəsb edir".

Naxçıvanın Ədliyyə Nazirliyinin Notariat bölməsinin rəisi Nərminə Əlizadə isə yoxlamaların məqsədi, növləri və onların həyata keçirilməsi prosesindən söz açıb, yoxlamaların əvvəlcədən vahid məlumat reyestrində qeydiyyatdan keçirilməklə aparıldığını diqqətə çatdırıb.

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat və Ədliyyə nazirliklərinin əməkdaşlarının yoxlamaların təşkili, sənədləşdirilməsi, hüquqi məsuliyyət, etik davranış və sahibkarlarla ünsiyyət, həmçinin yoxlamaların dayandırılması ilə bağlı qanunvericilik məsələləri barədə geniş məlumatları təqdim olunub.

Təlimdə mövzular ətrafında müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb.