Kampaniyanın icraçıları bəllidir, bəs, sifarişçilər? Kampaniyanın icraçıları bəllidir, bəs, sifarişçilər?

Tural Gəncəliyevin timsalında yaxşı kadrlara deviant hücumlar

Kampaniyanın icraçıları bəllidir, bəs, sifarişçilər?

44 günlük Vətən savaşı Azərbaycan xalqının və dövlətinin öz torpaqlarını işğaldan azad etməsi üçün ortaya qoyduğu əzmin, iradənin, sistemli fəaliyyətin kulminasiya nöqtəsi idi. Ötən ilin sentyabr ayının sonlarında Ali Baş Komandan İlham Əliyevin əmri ilə ordumuz əks-hücum əməliyyatına başladı, sözün əsl mənasında ildırım sürəti ilə hərəkət edərək düşməni darmadağın etdi, Ermənistan ordusundan əsər-əlamət qoymadı.

Heç şübhəsiz, bu savaşın bir arxa fonu da var. Azərbaycan rəhbəri öz dəmir yumruğunu havaya qaldırana qədər dövlət təşkilatımızın bütün qolları savaş üçün səfərbər edilmiş, daxili və xarici siyasət zəfərə yönəldilmişdi. Prezident Əliyev hakimiyyətə gəldiyi ilk gündən “hər şey qələbə üçün” devizi ilə hərəkət edir, torpaqları işğal altında olan bir xalqı və dövləti başlıca hədəfinə qovuşdurmaq naminə addım-addım irəliləyirdi. Bu yürüşdə dövlət başçısı üçün əsas dayaq, əlbəttə, xalqın dəstəyi, etimadı idi. Məhz bu güvənə sahib olduğu üçün prezident Azərbaycana qarşı basqılara mətinliklə sinə gərir, düşmənin yandaşlarına sərt təpki göstərir, çevik diplomatik manevrlər edir, hakimiyyət ierarxiyasında möhkəmlənmiş oliqarx-məmurları bir qələmdə çizərək yeni siyasi elita formalaşdırırdı. Fikir versəniz görərsiniz ki, hakim elitanın yeni simaları heç də ulduzu bir andaca parlamış təsadüfi isimlər deyil, dövlət təşkilatının ən müxtəlif sturukturlarında püxtələşmiş, öz zəhmətləri və intellektləri ilə önə çıxmış kadrlardır.

İndi bu kadrlardan biri- Tural Gəncəliyev haqqında daha bir dəfə danışmaq, yazmaq istəyirəm. Ona görə “daha bir dəfə” deyirəm ki, həyatda heç zaman üz-üzə gəlmədiyimiz, necə deyərlər, eyni masa arxasında oturub bir fincan çay içmədiyimiz Gəncəliyevi əvvəllər də müdafiə etmiş, ona şəxsi rəğbətimi gizlətməmişəm.

Bəli, artıq ləğv olunmuş “Dağlıq Qarabağın Azərbaycanlı İcması” ictimai birliyinin sabiq sədri, millət vəkili Tural Gəncəliyev zaman-zaman qərəzli, heç bir mübahisəyə layiq olmayan tənqidlərə tuş gəlib. Bu tənqidlərin bir qismi Azərbaycanın ictimai rəy müstəvisinə heç də yad olmayan amilllərdən- həsəd və aqressiyadan, göz önündə olan, diqqət mərkəzinə düşən adamlara sataşmaq vərdişindən qaynaqlanıbsa, acı olsa da, etiraf etməliyik, bir qismi də Ermənistan trollarının bizim informasiya məkanına müdaxiləsi hesabına ərsəyə gəlib. Amma deyəsən, məsələ indi bir qədər fərqlidir və “uzaq nəticələrə” hesablanıb. İstər 44 günlük savaşa qədər, istər hərbi əməliyyatlar dövründə, istərsə də böyük qələbədən sonra milli maraqlarımızın qorunması baxımından öz funksional fəaliyyət sferasında gerçəkdən peşəkar, sistemli, effektiv fəaliyyət göstərmiş Tural Gəncəliyev kimi bir fiqurun Azərbaycanın ən odioz tiplərinin, sirk məxluqlarının hədəfinə gəlməsi açıq-aşkar sifariş və kampaniya təsiri bağışlayır.

Heç kimə sirr deyil ki, Azərbaycanda deviant xətt tutan, işi-gücü ən müxtəlif çapdakı vəzifəli və ya tanınmış şəxslərə çamur atmaq, qaralamaq olan bir neçə “qladiator” var. Bir-birlərinin “bazar”ına girirlər deyə, bu “qladiatorlar” bəzən qarşılıqlı ittihamlarla məhkəmələrdə də çəkişirlər. Zira, özlərini “dəli” yerinə qoymuş bu avantüristlərə kimin yel, kimin bel verdiyi heç də cəmiyyətə sirr olaraq qalmır, gec-tez üzə çıxır. Vaxtilə Azərbaycanın pulunu balta kəsməyən nazirlərinin birindən maddi dəstək alaraq siyasi intriqalarda istifadə edilən, müxalifət liderlərinə deviant həmlələr üçün bəslənən “aqressiv balıqlar”, görəsən, indi kimdən və nə qədər para alıb ki, başından böyük oyuna girişib? Bunun da üzə çıxması, əlbəttə, zaman məsələsidir. Amma bəribaşdan bəlli olan budur ki, indi qaralanan təkcə Tural Gəncəliyev deyil.

Tural 1980-ci ildə Şuşada anadan olub. 12 yaşında məcburi köçkün düşüb. Bakı Dövlət Universitetinin hüquq fakültəsində bakalavr və magistr təhsili alıb. Birtərəfli adam deyil, çox yaxşı musiqi duyumu, tarzənlk qabiliyyəti var. 2004-cü ildən 2018-ci ilədək Xarici işlər nazirliyində, diplomatik korpuslarımızda mühüm vəzifələr tutub, neçə-neçə ölkədə çalışıb, Qərb mühiti görüb. 2018-ci ildə Gəncəliyevin “Dağlıq Qarabağın Azərbaycanlı İcması”nın sədri seçilməsi ilə ermənilərin qarşısına müasir şərtlərə uyğun kommunikasiya qurmağı bacaran bir kadr çıxarıldı. Açıq deyək, bu, bizim ən ağrılı yerlərimizdən biri idi. Azərbaycan diasporu beynəlxalq müstəvidə ermənilər qədər çox deyil, eyni zamanda, Amerikada, Avropada, Rusiyada bir neçə nəsil dəyişmiş düşmənlərimiz mühitə tam uyğunlaşdıqlarından təsirli texnologiyalarla iş aparırdılar. Əgər Azərbaycan diplomatiyası və ordusu hücuma keçəcəkdisə, Dağlıq Qarabağın Azərbaycanlı İcmasının rəhbərliyinə də yeni çağırışlara adekvat bir persona gətirilməli idi. Bu şəxs məhz intellektual və bacarıqlı bir gənc- Gəncəliyev oldu. Bu gün Azərbaycanda “Dağlıq Qarabağ” adlı inzibati bir vahid yoxdur, ATƏT-ə vasitəçi institut kimi heç bir ehtiyac qalmayıb, ona görə də sözügedən ictimai birlik də ləğv olunub. Ancaq nəticə göz qabağındadır və Tural Gəncəliyev öz effektiv fəaliyyəti ilə Ermənistan üçün bu gün də başağrısıdır. Hər gün işim gərəyi Ermənistan mediasını izləyən bir media nümayəndəsi olaraq inamla deyirəm, bizim bir çox ictimai fuqurlara düşmən ölkədə daim gülüb, ələ salıblar. Amma Tural Gəncəliyevin adını çəkməyə məcbur olanda ermənilərin necə aciz və fakt qarşısında qaldıqları açıq görünür. Əgər Ermənistanın baş naziri Nikol Paşinyanın açıqlamalarına diqqət etsək görəcəyik ki, o, zaman-zaman Dağlıq Qarabağın Azərbaycanlı İcması barədə danışıb, hətta ATƏT-in vasitəçiliyi ilə aparılan danışıqlarda İcmanı tərəf kimi gördüyünü vurğulayıb. Tural Gəncəliyev sədr olanadək niyə demirdilər bunu? Deməli, Gəncəliyevin sədrliyi dövründə göstərilən məhsuldar fəaliyyət Ermənistanın rəsmi dairələrini belə çıxılmaz vəziyyətə salıb. Məsələ də elə budur: həm dövləti, həm də cəmiyyəti yarıdan, etimadı doğruldan gənc və yaxşı kadrlar niyə hədəfə gətirilir?

Zənnimcə, Tural Gəncəliyevin nə təcrübəsi, nə də şəxsi ədəbi imkan verər ki, o, özünü müdafiə etsin, təvazökarlığı bir qırağa qoyub, özü, fəaliyyəti haqqında danışsın, plintusdan aşağı səviyyəli adamların tərəf müqabili olsun. Əgər sözümü nəzərə alarsa, psixoloji doğma bir insan kimi, belə bir addımı əsla ona rəva görmərəm. Bar verən ağaca daş atan çox olar. Zira, ictimaiyyət olaraq biz özümüzə bir sual verməliyik və bu sualı təkcə Turalla bağlı verməli deyilik: hakim elitanın yeni simalarının qaralanması, vətənpərvər, müasir və uğur hekayələrinə malik kadrların linç edilməsinə bəzən susmaqla, bəzən də qıy verməklə hara getmək, nəyə nail olmaq istəyirik?

İctimai vicdan Tural Gəncəliyev də daxil olmaqla prezidentin etimad göstərdiyi və göstərəcəyi bütün perspektivli kadrları qorumaq üçün oyaq olmalıdır. Əks halda, bizim bir toplum olaraq heç bir perspektivimiz olmaz, ola bilməz.

Taleh ŞAHSUVARLI