Bu vandalizm aktı beynəlxalq təşkilatlara çatdırılmalıdır Bu vandalizm aktı beynəlxalq təşkilatlara çatdırılmalıdır

"Ağzıbir"i soyan ermənilərin mağara təfəkkürü

Bu vandalizm aktı beynəlxalq təşkilatlara çatdırılmalıdır

Laçına ezamiyyətim zamanı görmək istədiyim bir çox yerlər vardı və onların əksəriyyəti tarixi abidələrimiz idi.

Bilənlər bilir, mən əslən Zəngəzurluyam, Laçınlıyam, Gəloxçuyam. Gəloxçu elinin mərkəzi Qarıqışlaq kəndidir. Bizim dədə ocağımız da məhz bu kənddədir. Orta məktəbdə oxuduğum illərdə az qala bütün yay tətillərim Qarıqışlaqda, Qarıqışlağın yaylaqlarında keçib. Odur ki, camaatı da, mühiti də, ərazini də xeyli dərəcədə tanıyıram.

Qarıqışlaq yaxınlığında "Ağzıbir" adlanan bir mağara var. Kənddən bir qədər aralıda və xeyli yüksəklikdə olduğundan həmin mağaraya çatanda əməlli-başlı tənginəfəs olmuşdum, qan-tər içindəydim. Bir hovur dincəlib mağaraya girəndə isə şok oldum.

Gördüklərim erməni vandallığının pik nöqtəsi idi.

"Ağzıbir" süni mağaradır. Yəni, təbii şəkildə əmələ gəlməyib, dağ insan əməyi ilə, külünglə, çəkiclə yarılıb. Mağaranın bir qapısı, qapının yuxarısında isə iki pəncərə var. Döşəmə və tavan hissəsi də insan əli ilə cilalanıb. Divarlarda məşəl taxmaq üçün yerlər və soba var. Baş tərəfdə pilləkən var. Təsəvvür yaranması üçün deyirəm, o pilləkənlə sanki səhnəyə çıxırsan. Yəni mağaranın baş hissəsi giriş hissəsindən təxminən 50 sm. yuxarıdadır. İşğaldan əvvəl mağarada olmuşdum. o vaxt görmüşdüm ki, həmin yuxarı hissədə mərkəzi hissəsi daha qəlbi, yanları isə nisbətən alçaq salt qayadan yonulmuş taxtvari oturacaq vardı. O zamandan məndə belə təəssürat yaranmışdı ki, qədim vaxtlarda bu mağaradan qəbilə başçısı istifadə edib, mərkəzdəki qəlbi hissədə özü, yanlarında isə xanımı və vəliəhdi oturub.

Bir neçə gün əvvəlki səfərimdə mağaranı yenidən ziyarət etdiyimdə isə məlum oldu ki, həmin "taxt", eyni zamanda daha bir daş plitə mağaradan sökülərək aparılıb. "Taxt"ın yerində simmetrik quyu vardı.

Bakıya döndükdən sonra dərhal Laçının Qarıqışlaq kəndində doğulub-böyümüş, ixtisasca tarixçi olan qohumum Nadir Əsgərovla əlaqə saxladım. Hazırda Laçın rayon Qaradağlı tam orta məktəbinin direktoru olan Nadir müəllim müşahidələrimi təsdiqlədi.

Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda "Fərhad evi" deyilən çox otaqlı mağara var. "Ağzıbir" bir odadan ibarət olsa da, həmin mağaranı xatırladır.

"Ağzıbir" mağarası haqqında bir neçə ehtimal irəli sürmək olar.

Birinci ehtimal mağaranın antik dövrə aid olmasıdır. Əgər bu ehtimal doğrudursa, o zaman erməni vandallarının sökərək apardığı daşdan yonulmuş hissə taxt funksiyası daşıyıb.

İkinci ehtimal mağaranın xristianlıqdan və islamdan öncəki dövrlərə aid dini məbəd olmasıdır.

Üçüncü ehtimala görə isə, "Ağzıbir" erkən xristianlıq dövrünə aid alban kilsəsidir.

Hər üç variantda taxtın altında dəfinə ola biləcəyini güman etmək çətin deyil. Taxt aparıldıqdan sonra "səhnə" hissəsindəki quyunun simmetriyasi bunu göstərir. Bu gümanı həm də o möhkəmlədir ki, bu cür yerlərdə hər hansı dağıntıya məruz qalarsa, bərpa üçün xərc də gizlədilirdi. Məsələn, elə Qarıqışlaq kəndinin ərazisində Ulu körpü olub. Həmin körpünü inşa etdirən Pəri adlı şəxs dağılmaq təhlükəsi ilə üzləşərsə, bərpa üçün çəkiləcək xərci qızılla körpüdə gizlətmişdi. Həmin qızıl sovet dövründə ermənilər tərəfindən oğurlanmış, ancaq üzərində olan lövhəni apara bilməmişdilər. Lövhə işğaladək Qarıqışlaq kənd məktəbində saxlanılırdı.

Ancaq o da ola bilər ki, səhnədə olan quyudan ağır daş taxtı yerə pərçimləmək üçün istifadə olunub.

Bütün hallarda, mağara peşəkar arxeoloqlar tərəfindən gözdən keçirilməli, onun təyinatı aşkarlanmalı, erməni vandalizmi sənədləşməli və beynəlxalq təşkilatlar qarşısında məsələ qaldırılmalıdır.

Onu da qeyd edim ki, Qarıqışlaq və ətraf ərazilərdə bu, ermənilərin törətdiyi yeganə vandallıq deyil.

Az qala bütün evlər daşlarınacaq qarət olunub. 1717-ci ildə inşa edilmiş tarixi məscid dağıdılıb. Kəndin yaxınlığındakı, yerli əhali üçün müqəddəs olan "Sultan baba" pirinin məqbərəsinə erməni simvolikası əlavə edilib. Bayaq sözünü etdiyim Ulu körpü uçurulub. "Dəmirovlu pir"in və "Ağ qaya"nın zirvəsindəki qalanın da incələnməsinə ehtiyac var. Kəndin yaxınlığındakı Ağoğlan alban kilsəsinin arxitekturası dəyişdirilib. Bağlar, meşələr kəsilib, bulaqlar məhv edilib.

Çox yaxşı olardı ki, bütün bu vandallıq aktlarını araşdırmaq üçün yerli və məlumatlı şəxslərdən, jurnalistlərdən və alimlərdən ibarət qrup yaradılsın və ərazi tədqiq olunsun.

Taleh ŞAHSUVARLI