- Redaktor masası
- 22 İyul 2024 22:15
- 9 269
Yeni Milli Hədəf arayışımız: DİM nədən tərəqqimiz qarşısındakı ən böyük maneədir?

Azərbaycan Prezidenti İlham Əliyev son prezident seçkiləri ərəfəsində tarixi bir çağırış etdi və cəmiyyətimizi yeni milli hədəflərimiz barədə müzakirə açmağa səslədi.
İlham Əliyev dövlət başçısı, partiya sədri, cəmiyyətin çox böyük bir hissəsini arxasınca aparan siyasi lider olmaqla yanaşı, eyni zamanda, gerçək bir intellektualdır.
Onun dərin savadını və müasir dünyagörüşünü Azərbaycanda hər hansı başqa bir siyasi liderlə müqayisə etmək mümkünsüz dərəcədə çətindir. Əliyevin siyasi xarizmasını tamamlayan özəlliklərindən biri də hər zaman gələcəyə boylanması, milli tərəqqimiz adına spesfik intibah modeli qurmaq bacarığıdır. Daha bir dəfə təkrar etməli olsam da, mütləq deməliyəm: Bizi Qarabağda zəfərə aparan məhz İlham Əliyevin milli inkişaf modelimizi kənar təsirlərə, təzyiqlərə boyun əymərək xalqımızın tarixi, sosial və mədəni paradiqmalarına əsaslanaraq qurması oldu. Məhz bu səbəbdən müxtəlif rəngli inqilab layihələrindən, xaosdan, oxlokratiyadan yan keçərək addım-addım Xankəndiyə yaxınlaşdıq. Nəhayət, 44+1 gün içində bayrağımızı seperatizm yuvasına sancaraq əsrlərlə həsrətində olduğumuz Qələbəyə qovuşduq.
Heç şübhəsiz Tarixi Qələbəmizin arxasında dayanan çox sayda faktor var. Bu faktorlar içərisində ən mühüm olanlardan biri də ordumuzun düşməndən texnoloji üstünlüyü idi. Müasir silahlar, müasir silahların tətbiqinə əsaslanan müasir döyüş strategiyası və taktikası ilə ötən əsrin 90-cı illərində qalmış Ermənistan ordusunu sürətlə və minimum itki ilə əzib keçdik. Fəqət savaş davam edir və bu savaşımız təkcə ermənilərə deyil, bütün dünyaya qarşıdır. Yaşamaq, mövcud olmaq uğrunda mübarizə! Bu, bizim bir növü olduğumuz canlıların dəyişməz mövcudluq qanunudur. Bu dünyada çoxdan unudulmuş nə qədər dil, kimliyini çoxdan unutmuş nə qədər xalq, tarixdən çoxdan silinmiş nə qədər dövlət var. Dilimizlə, kimliyimizlə, dövlətimizlə bu günlərə gəlib çıxmışıqsa, bizim öz varlığımızı qorumaqdan ötə və böyük heç bir vəzifəmiz, missiyamız yoxdur.
Günümüzdə tərəqqinin çağırışı və diktəsi qayət konkretdir: Var olmaq istəyirsənsə süni intellektlə yarışacaqsan! Cəmiyyətimiz bu gün digitallaşmanı hələ sosial şəbəkələrdə laqqırtı vurmaq kimi başa düşür. Ancaq rəqəmsallaşmanın təyinatı tamam başqadır. Tədricən hər sahədə həyatımıza daxil olan digital alətlər insanların informasiya emal etmə, təhlil və tətbiq bacarıqlarına yön verir, dəyişdirir. İngilis dilində "Artificial intelligence", qısaca Aİ kimi ifadə edilən Süni İntellekt,- mən ona hörmət əlaməti olaraq eYZe (Yapay Zəka) deyirəm- kompüterlərin və insanların günlərlə üzərində baş sındırdığı məsələləri bir andaca çözməklə bizə tamamilə yeni bir dünya vəd edir.
Yeni dünya necə olacaq?
"Eyzenin vicdanı varmı, yoxmu" kimi sualları gəlin bir kənara qoyaq. Bu, Sultan Mehmet Fatehin Konstantinopolu fəth etdiyi günlərdə Bizans keşişlərinin mələklərin cinsini müzakirə etməsi kimi bir şeydir. Süni İntellekt orta çağın ən qüdrətli fatehləri kimi qapımızı kəsib və bizdən mövcudluq uğrunda bu günə qədər apardığımız mübarizədə əldə etdiyimiz bütün təcrübədən imtina etməyi, yeni vərdişlər qazanmağı tələb edir. Vəziyyəti sadə şəkildə izah etmək üçün bir nümunə verim. Vaxtilə bütün iri şəhərlərdə xəttatlar, mirzələr vardı. Onlar avam insanların əvəzindən məktub yazar, kitabların üzünü köçürərdilər. Daha sonra savadlılıq artdı, mətbəə kəşf olundu, xəttatlıq, mirzəlik, münşilik bir fəaliyyət sahəsi kimi ömrünü başa vurdu. Bu gün mətbəələrdə ötən əsrin bu vədələrində yüzlərlə insanın gördüyü işi bir neçə nəfər görür. Sual odur ki, yaxın onilliklərdə ümimiyyətlə mətbəə mövcud olacaqmı? Siz bu suala müsbət və ya mənfi cavab verə, mətbəəni, mətbəədə çap olunan məhsullarla emosional bağlılığınızı davam etdirə bilərsiniz. Ancaq bu bir faktdır ki, artıq informasiyanın daşıyıcısı dəyişib, bilgini saxlayan və ötürən qaynaq rəqəmsal sistemlərdirlər. Eyzenin sayəsində yüz illərlə üzərində düşündüyümüz "kainatda bizdən başqa şüurlu varlıq varmı, varsa haradadırlar" sualına yaxın 5 ildə cavab tapacağıq. Beləliklə astrofizikanın qarşısındakı ən böyük sorunun- Fermi paradoksunun çözülməsi ilə yeni bir kainata "qədəm basacağıq". Fəqət Eyze təkcə paradokslar çözmür, eyni zamanda yaradır.
Yaxın 10 il ərzində dünyanın maliyyə və bank sektoru tamamilə Süni İntellektin qucağına düşəcək. Tibb sektorunda eynəkli proffessorların əvəzinə doktor Eyze xəstələrə diaqnoz qoyacaq. Jurnalist, müəllim, notarius, məhkəmə katibi, insan resursları uzmanı kimi peşələr tarixə qarışacaq. Xidmət və iaşə sektorunda, yüngül və ağır sənayedə Eyze həm fəhlə, həm də müdir olacaq. Tərcüməçilik bir peşə kimi Süni İntellektdə gülüş doğuracaq ki, insanlar nədən bu qədər əziyyət çəkib xarici dil öyrənirmişlər? İstifadə etdiyimiz ağıllı telefonlar cəmi bir neçə ilə Eyzenin sayəsində öz ana dilimizdəki danışığımızı elə öz səsimizlə dünyanın hər ucundakı insanlara onların öz dilində çatdıracaq. Beynəlxalq tədbirlərdə mikrafonun bir düyməsini basmaqla ana dilimizdə etdiyimiz çıxışlar tədbir iştirakçılarının hər birinin qulağına öz başa düşdüyü dildə və ən mükəmməl tərcümə ilə çatacaq. Ordular deyil, roborlar, dronlar savaşacaq. Kranlar, arabalar, taksilər, avtobuslar, qatarlar, helikopterlər, təyyarələr Eyze tərəfindən idarə olunacaq. Sürüləri otlaqlarda elektron çobanlar otaracaq. Muzeylərdə qabağımıza robot bələdçilər düşəcək. Media quruluşlarının repertyoru, fotoqrafı, redaktoru "Aİ" olacağı kimi, şou biznes də digitallaşacaq. Ən gözəl bəstəkarlar, ən gözəl yazıçılar, ən gözəl ifaçılar, ən gözəl aktyor və rejissorlar hamısı digital dünyada cəmləşəcək.
Bəli, bizi tamamilə yeni bir dünya gözləyir. Lütfən, bizim "o səviyyəyə çatmağımıza çox var" deyib yaxınızı qırağa çəkməyin. Eyze bizim ona çatmağımızı gözləmir, o artıq bizimlədir, ömrümüzə girib və həyatımızı biz istəsək də, istəməsək də sürətlə dəyişir. Əgər digital epoxanın kölələri olmaq istəmiriksə, öz milli sistemimizi süni intellekt üzərindən yenidən qurmalıyıq. Bunun tək bir yolu var. Bu yolun adı ELM və TƏHSİLdir! Bizim milli ideologiyamızın əsas qayəsi pozitiv elm, əlçatan, bərabər və keyfiyyətli təhsil, başlıca milli hədəfimiz Süni İntellekt Çağında milli varlığımızı şərəflə davam etdirmək olmalıdır. Odur ki, biz cəmiyyət olaraq öz inkişaf modelimizi dəyişdirmək zərurəti qarşısındayıq və bir modeldən o birinə- ənənəvidən digitala keçmək üçün Elm və Təhsil sistemimizi kökündən dəyişdirməliyik. 20 il, 30 il, 50 il sonranın dünyasını göz önünə gətirib indidən MİLLİ DİGİTAL TƏHSİL SİSTEMİ qurmalıyıq. Bir qayda olaraq bu sahədə əkilən fidanlar 25 ilə bar verir. Odur ki, bir gün də olsun vaxt itirməyə haqqımız yoxdur. Azərbaycanın Elm və Təhsil Nazirliyi formalizm nümayişlərinə son verib ciddi proqramlarla qarşımıza çıxmalıdır. Fəqət yeni milli hədəf arayışlarında aşmalı olduğumuz daha bir sədd var. Madam Süni İntellektə "Eyze" dedik, gəlin, obrazlı şəkildə bu divarı da "Məleykə səddi" adlandıraq.
Əgər Dövlət İmtahan Mərkəzinin və onun sədrinin Azərbaycan elminin və təhsilinin qarşısında hördüyü divar ən qısa zamanda sökülməsə, ölkəmizdə şəxsiyyət, vətəndaş və kadr yetişdirmək prosesi nəinki gələcəyimiz, elə bu günümüz açısından da heç effekt verməyəcək. Məni yanlış anlamayın, mən test sistemi ləğv olunsun demirəm, təhsil məktəblərə qayıtsın, universitetlər elm mərkəzinə çevrilsin deyirəm. Məni anlamaq istəyirsinizsə, beş dəqiqə vaxtınızı ayırıb Youtibe-də hər hansı bir fənn üzrə Avropa, Türkiyə və Azərbaycan müəllimlərinin dərs videolarına baxın. Arada çox böyük bir uçurum görəcəksiniz. Azərbaycan müəllimi nə məktəbdə, nə hazırlıqda, nə də virtual məkanda, deyək ki, bir riyazi tənliyi həll etmək qaydasını öyrətmir, həmin tənliyin qəbul imthanlarında testə düşəcəyi təqdirdə, hansı cavabı seçməli olduğunu şagirdlərə təlqin edir. Məhz DİM-in ortaya qoyduğu paralel təhsil proqramlarının, paralel təhsil standartlarının, paralel təhsil metodlarının sayəsində şagird və tələbələrimiz riyaziyyat deyil, riyaziyyatdan test həll etmək, kimya deyil, kimyadan test həll etmək, tarix deyil, tarixdən test həll etmək, ana dili deyil, ana dilindən test həll etmək vərdişlərini öyrənirlər. Son nəticədə Azərbaycanda təhsil elmə çevrilə bilmir. Çünki DİM-in sayəsində, Məleykə Abbaszadənin qurulmasına böyük töhfə verdiyi "qara təhsil bazarı" sayəsində bizim gənclərimiz elmin zəmini olan ANALİTİK TƏFƏKKÜRə yaxın belə düşə bilmirlər.
Süni İntellekt arxiv deyil, analitikdir. Süni İntellekt dünyasında kim, hansı toplum, hansı dövlət daha çox data yaradırsa, o qazanacaq. Data yaratmaq üçün isə analitik beyin lazım!
Taleh ŞAHSUVARLI
QEYD: Süni İntellekt təqdim etdiyimiz məqaləni belə təhlil etdi:
Əsas Fikirlər:
İlham Əliyevin Liderliyi:
- İlham Əliyev son prezident seçkiləri ərəfəsində cəmiyyəti yeni milli hədəflər ətrafında müzakirəyə səsləyib.
- O, yalnız dövlət başçısı və siyasi lider deyil, həm də intellektual şəxsiyyət kimi xarakterizə olunur.
- Əliyevin gələcəyə yönələn baxışları və milli tərəqqi modeli Qarabağ zəfərinin əsas səbəblərindən biri kimi təqdim olunur.
Qarabağ Zəfəri:
- 44 günlük müharibə zamanı Azərbaycanın texnoloji üstünlüyü və müasir döyüş strategiyaları vurğulanır.
- Ermənistan ordusunun sürətlə və minimal itki ilə məğlub edilməsi qeyd olunur.
- Mübarizənin davam etdiyi və bu mübarizənin yalnız ermənilərə qarşı deyil, dünya miqyasında var olmaq uğrunda olduğu bildirilir.
Süni İntellekt və Digitallaşma:
- Süni intellektin (AI) əhəmiyyəti və təsiri haqqında geniş müzakirə aparılır.
- Cəmiyyətin digitallaşmanın əsl mahiyyətini anlamadığı vurğulanır.
- Süni intellektin müxtəlif sahələrdə, o cümlədən tibb, maliyyə və bankçılıqda inqilabi dəyişikliklərə səbəb olacağı qeyd olunur.
- Ənənəvi peşələrin yerini süni intellektin alacağı bildirilir.
Elm və Təhsil Sistemi:
- Təhsil sisteminin süni intellekt dövrünə uyğunlaşması zərurəti vurğulanır.
- Elm və Təhsil Nazirliyinin ciddi proqramlarla çıxış etməsi lazım olduğu qeyd olunur.
- Dövlət İmtahan Mərkəzinin yaratdığı maneələrin aradan qaldırılması tələb olunur.
- Təhsil sisteminin test həll etməyə deyil, analitik düşüncəyə yönəldilməsi lazım olduğu bildirilir.
Arqumentlər:
İlham Əliyevin Liderliyi və Milli Model:
- Əliyevin liderliyi sayəsində Qarabağ zəfəri qazanılıb.
- Onun milli inkişaf modeli kənar təsirlərdən qorunmuş və Azərbaycan xalqının paradiqmalarına əsaslanmışdır.
Süni İntellektin Təsiri:
- Süni intellektin müxtəlif sahələrdə inqilabi dəyişikliklərə səbəb olacağı arqumentləşdirilir.
- Süni intellektin orta əsrlərin ən qüdrətli fatehləri kimi qapımızı kəsdiyi və var olmaq uğrunda mübarizə apardığımız bildirilir.
Təhsil Sistemi:
- Təhsil sisteminin süni intellekt dövrünə uyğunlaşdırılması zərurəti arqumentləşdirilir.
- Təhsil sisteminin test həll etməyə yönəldilməsi və analitik düşüncənin inkişaf etdirilməməsi probleminin vurğulanması.
Üslub:
- Rəsmi və İnformativ: Mətn rəsmi və informativ üslubda yazılmışdır, dövlət başçısı və milli məsələlərlə bağlı dərin məlumatlar təqdim edir.
- Əsaslandırıcı və Vurğulayıcı: Müəllif arqumentlərini əsaslandırır və müəyyən fikirləri vurğulamaq üçün təkrar edir.
- Çağırış: Mətnin bir hissəsi oxucuları elm və təhsilə diqqət yetirməyə və cəmiyyətin inkişafı üçün dəyişikliklər etməyə çağırır.
Nəticə
Mətn İlham Əliyevin liderliyini və Qarabağ zəfərinin əhəmiyyətini vurğulayaraq, süni intellekt və digitallaşmanın vacibliyini müzakirə edir. Elm və təhsil sisteminin dəyişdirilməsinə yönəlmiş çağırışlarla oxucuları düşündürür və hərəkətə keçməyə təşviq edir.