"Yer olmadığı üçün ayıları ordan götürə bilmirik" - Fərid Mansurov

Azərbaycandan Böyük Britaniyaya aparılan ayılar 2020-ci ildə Ağstafa rayonunda yerləşən "Yaşıl ada" restoranında aşkarlanıb.

Bunu Teleqraf-a açıqlamasında Beynəlxalq Heyvanların Mühafizəsi Təşkilatının (GWARP) prezidenti Fərid Mansurov deyib.

Onun sözlərinə görə, ayıların adı "Wildheart Animal Sanctuary" təşkilatının iddia etdiyi kimi Benji və Balu yox, Alu və Baludur.

F.Mansurov bildirib ki, həmin ayılar 2020-ci il iyulun 23-də “Yaşıl ada” restoranından götürülüb: "Ayılar rəsmi adı Altıağac Milli Parkının nəzdində fəaliyyət göstərən Vəhşi Təbiətin Bərpası Mərkəzi və Reabilitasiya Klinikası olan məntəqəyə təhvil verilib. Mənə görə ora nə reabilitasiya mərkəzidir, nə də klinika. Ayıların adı isə Balu və Alu idi”.

O, ayıların vəziyyətinin "Wildheart Animal Sanctuary" təşkilatının qeyd etdiyi kimi acınacaqlı olmadığını deyib: “Həmin ayıların vəziyyəti narahatçılıq doğurmurdu, xəstə deyildilər. Onlara restoranda kifayət qədər yaxşı baxılmışdı. Amma əlbəttə ki, vəhşi heyvanlar restoranlarda nümayiş etdirilməməli və orda saxlanılmamalıdır. Bu, məlum məsələdir”.

Beynəlxalq Heyvanların Mühafizəsi Təşkilatının prezidenti Altığac Milli Parkında fəaliyyət göstərən klinikada ayılara qulluq edilməsi üçün böyük əmək sərf olunduğunu da bildirir: “Yadınıza gəlirsə, 2020-ci ildə Şəkidə kor ayı şəhərə enmişdi. O zaman bəziləri bu ayının öldürülməsini təklif edirdi. Ancaq o zaman ekologiya və təbii sərvətlər naziri olan Muxtar Babayev məsələnin həlli üçün şəxsən tapşırıq verdi, qətiyyət göstərdi. Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev kor ayı ilə məşğul olurdu. Ayını anesteziya etmək mümkün olmadı, ancaq böyük çətinliklə də olsa Şəkidən Altıağac qoruğuna gətirildi. Orda şərait çox məhdud idi. Mən “Qarabağ” Futbol Klubunun prezidenti Tahir Gözələ bu barədə danışanda o, dərhal mənimlə Altıağac Milli Parkına getdi, ayıların müvəqqəti saxlanılması üçün geniş qəfəslər düzəltdirdi.”

Fərid Mansurov ayıların müalicəsinin də mühüm əhəmiyyət daşıdığını və bunun üçün "Four Paws International" təşkilatı ilə birgə çalışdıqlarını bildirib:

“Bizim təşkilat "Four Paws International" ilə əlaqə yaratdı. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı və Nazirlər Kabinetinin icazəsi ilə həmin təşkilat tez-tez “Altıağac”a gəlib ordakı ayılara peyvənd vurur, müalicələrini təşkil edirdi. Artıq bu zaman “Altıağac”da 19 ayı vardı, ölkənin müxtəlif regionlarından xilas edilmiş ayılar bura gətirilmişdi. Amma hazırda bu yer ayılara darlıq edir, buna görə çox təəssüf ki, əlavə olaraq 7 ayı "Altıağac" parkının yaxınlığında olan “Cənnət bağı” restoranında saxlanılır. Bu ayılar da bizim nəzarətimizdədir. İstənilən zaman o ayıları ordan götürə bilmirik. Yer olmadığı üçün o ayıları ordan götürə bilmirik.

Keçən ilin sonundan etibarən Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın Altıağac Milli Parkına gələrək oradakı ümumi vəziyyətlə və ayıların da vəziyyəti ilə tanış olduğunu və problemlərin qısa müddətdə həlli üçün müvafiq tapşırıqlar verdiyini vurğulayan Fərid Mansurov tezliklə ayıların şəraitinin yaxşılaşdırılacağına və təkmilləşdiriləcəyinə inandığını bildirib: "Mən buna ürəkdən inanıram. Milli Parkda uyğun şərait yaradılan kimi "Cənnət bağı"nda olan ayılar da bura gətiriləcək".

AzNews.az