Tikinti şirkəti 120 ailəni didərgin salıb- FOTOFAKT

DOQQUZMƏRTƏBƏLİ BİNANIN 10-CU MƏRTƏBƏSİNDƏN REPORTAJ


Füzuli küçəsində qızğın iş gedir. Küçə boyu yerləşən yaşayış binalarında təmir-bərpa işləri aparılır. Tezliklə bu küçədəki binaların görkəmi inanılmaz dərəcədə dəyişəcək. Xüsusi işıqlandırma sistemi təmirdən sonra dəyişən binalara xüsusi görkəm qatacaq. Amma verilən bu vədləri səbirsizliklə gözləyən sakinlər "Bu gedişlə biz o günü görməyəcəyik" deyə ümidsizliyə qapılıb.

Hətta 120 ailənin yaşadığı Füzuli-53 ünvanının sakinləri daimi yaşayış yerlərindən baş götürüb qaçmağa da başlayıb.

İcraçıların harınlığı…


AzNews.az bina sakinlərinin narazılığına səbəb olan problemləri araşdırıb və məlum olub ki, bina əhlini evindən-eşiyindən didərgin düşməyə məcbur edən burada gedən təmir-tikinti prosesində normaların kobud şəkildə pozulmasıdır. 9 mərtəbəli binanın sakinləri liftdən də məhrum edilib. 10 blokun hamısında liftlər bağlanıb:

"Təhlükəsizlik qaydalarına əməl etmirlər. Lifti artıq nə vaxtdan söküblər. Ancaq düşünməyiblər ki, binada yaşayış var. Uşaqlar yaşayır axı burada. Mərtəbələrin arası bağlanmayıb. Lift yeri tamamilə boşdur. Hansısa mərtəbədə ayağı büdrəyib yıxılan olsa, axırı ya əlillik olacaq, ya
da ölüm. Ancaq burada onu düşünən yoxdur.

Bəlkə də səs-küyü, su-kanalizasiya xətlərində problemləri anlamaq olardı. Ancaq işçilərin kobud rəftarı, həyatımızı məhdudlaşdırması, özbaşınalıqları bizdə səbr qoymayıb. O qədər qudurğan hərəkət edirlər ki, dözmək olmur. Hər gün onlarla sakinin etirazına səbəb olurlar. Heç bir etiraz səs-küysüz ötüşmür. Binada hər gün hadisə baş verir. Dava və mübahisələr bitmək bilmir. Təmir prosesinin yaratdığı narahatlıqlar bir yana, bilərəkdən yaradılan problemlər içimizə bir şübhə toxumu səpir".

Binanın yeni mərtəbəsi…


İş prosesində də sakinlər nəzərə alınmır. Binada gedən təmir prosesinin hər dəqiqəsi təhlükədir: "Aşağı nə gəldi atırlar. Baxmırlar ki, bəlkə aşağıda kimsə olar. Səs-küyləri ilə çox ciddi narahatlıq yaradırlar. Nə gecəmiz var, nə də gündüzümüz. Toz-torpaq əlindən nəfəs almaq olmur. Telefonlar, hətta simsiz rabitə vasitələri işləmir. Gah su kəsilir, gah kanalizasiya xətləri sıradan çıxır. Evimizə su gəlmir, ancaq başımızdan aşağı su axır. Binanın üstündə bir mərtəbə artırırlar. Orada gedən iş prosesini isə sadəcə "narahatlıq" kəlməsi ilə ifadə etmək düzgün deyil. İnanın ki, bizə böyük problem yaradırlar. Təsəvvür edin, başımıza su axıdırlar".

Sakinlərin böyük problemi – kiçik otel


Ən böyük narazılıq isə tikilməkdə olan otellə bağlıdır. Bu tikinti şəhərin mərkəzində yaşamaq həvəsini sakinlərin gözündə qoyub. Bilinmir ki, şəhərdəyik, yoxsa kənddə. Toz-torpaq bitmir. Bir də bunun nəticəsini düşünürük. Otel adı ilə tikdikləri bina "5 ulduzlu" otel olmayacaq. Belə hesab edirik ki. Bu kiçik otel priton funksiyası daşıyacaq. Deməli, sifarişçi, buradan qazanc götürmək istəyən şəxs qarşısına böyük məqsədlər qoyub. Tikib-satmaq, bununla da işini bitmiş saymaq istəmir. Buradan daimi qazanc götürmək istəyirlər. Əxlaqsızlıq yuvası da onların daimi qazanc mənbələrindən biri olacaq".

Bünövrəsi qoyulan binanın hansı məqsədlə istifadə olunacağı ilə bağlı narahatlıqlar onsuz da dinclik vermir. Üstəlik, tikilməkdə olan bina bir sıra əlavə məhdudiyyətlər yaradaraq sakinlərin gündəlik həyatını, rahatlığını əlindən alıb:

"Bizi indiki narahatlıqdan çox, bundan sonra bizi gözləyənlər incidir. Avtomobillərimizin hərəkəti mümkün deyil və olmayacaq da. Hamımızı yaxınlıqdakı avtodayanacağa getməyə məcbur edirlər. Həmin avtodayanacaqda isə xidmət haqqı çox yüksəkdir. Bir gün üçün həmin dayanacağa 6 manat ödəmək lazımdır. Ay ərzində bir maşın üçün 180 manat ödəməliyik. Bunun ailə büdcəsi üçün nə demək olduğunu yəqin təxmin edirsiniz". Başqa bir sakin isə deyir ki, sadəcə maşınlar yox, sifarişçinin layihəsi başa çatandan sonra burada insanlar da dayanmağa, iki kəlmə söhbət etməyə yer tapmayacaq:

"Yəqin bizi də parka göndərmək istəyirlər. Kiçik bir həyətimiz vardı. Qonşular hərdən yığışıb söhbət edirdik. Düşünürdük ki, təmirdən sonra oranı qəşəng bir bağçaya çevirərik. Uşaqlar oynayar, biz də oturub söhbət edərik. Onu da əlimizdən alıblar".

Sakinlərin "böyük köçü"


Sakinlərin sözlərinə görə, iş vaxtı – istirahət vaxtı yoxdur: "10 bloklu, 9 mərtəbəli binanın sakinləri üçün burada yaşamaq cəhənnəm əzabına çevrilib. Bina sakinlərinin köçü isə artıq çoxdan başlanıb. Müxtəlif yerlərdə ev kirayələyib hamı başını götürüb gedir".

Sifarişçinin kimliyi…


Bəs, bu "köç" kimə lazımdır? Sakinlərin iddialarını araşdırmaq məqsədi ilə təmir işlərinin sifarişçisi və icraçı şirkətlə əlaqə saxladıq. Böyük layihənin kimə məxsus olduğunu araşdırmaq istəyimiz ilk addımdaca maneəyə tuş gəldi. Binada təmir işləri Bakı şəhər İcra Hakimiyyətinin sifarişi ilə həyata keçirildiyindən, problemdən sifarişçinin xəbərdar olub-olmadığını öyrənməyə çalışdıq.

Qurumun mətbuat xidmətinin rəhbəri Nuranə Mərdanova AzNews.az-a açıqlamasında sifarişçinin Nəsimi rayon İcra Hakimiyyəti olduğunu, istənilən problemlə bağlı rayon İcra Hakimiyyətinə müraciət etməyi məsləhət görüb. Maraqlıdır ki, N.Mərdanova Füzuli-53 saylı bina ilə bağlı başqalarının da maraqlandığını vurğulayıb. Bu isə binada narahatlığın miqyasından xəbər verir.

AzNews.az-ın sorğusuna cavab olaraq, Nəsimi rayon İcra Hakimiyyətindən də sifarişçi olmadığı bildirilib. Buradan isə binanın təmirinin sifarişçisini Bakı Şəhər İcra Hakimiyyətində axtarmaq məsləhət görülüb. İcra hakimiyyətlərinin sifarişçilikdən "imtina etməsi" qaranlıq mətləblərdən xəbər vermir ki? Kim kimdir? İcra hakimiyyətlərindən fərqli olaraq, Füzuli-53 ünvanında hər şey aydınlaşır: burada kimin kim - sifarişçinin kim, icraçının kim olduğu aydın qeyd olunub. Binada təmir işləri Bakı şəhər İcra Hakimiyyətinin sifarişi ilə həyata keçirilir. "Minera" və "Vest"dir. İşə birbaşa nəzarət edən şəxs isə Təmir işləri üzrə nəzarətçi Hakim Fərəcov AzNews.az-a açıqlamasında sakinlərin iradlarını təsdiqləyib:

"İş gedən yerdə hər şey ola bilər. Telefon da qırılar, kanalizasiya xətti də. İşin tez tamamlanmasına çalışırıq. Çünki liftləri sökmüşük. Lakin bunlar müvəqqəti çətinliklərdir". H.Fərəcov təhlükəsizlik qaydalarına əməl olunmaması, hər şeyin yuxarıdan aşağı atılması barədə deyilənlərlə də razılaşıb:

"Biz yuxarıdan aşağı nə atırıq? Sakinlərin illərdən bəri yığılıb qalan zir-zibilini atırıq. Liftin yanında hərəsi bir dolab qurub bütün hər şeyi ora yığıblar. İllərlə elə şeylər qalıb ki, iylənib. Qapısını açmaq olmur. Pis qoxu ətrafı bürüyür. Mən kiminsə zibilini camaatın uşağının çiynində daşıtdırmayacam ki... Lift sökülüb, oradan aşağıya atırlar. Aşağıda kiminsə başına düşəcəksə, ilk növbədə o adam mən olacam. Çünki həmişə aşağıda olan mən oluram".

H.Fərəcov sakinlərinin liftlə bağlı çətinliyinə də münasibət bildirib:

"1 ildir buradayam. Bu liftin işlədiyini görməmişəm. Odur ki, bu binanın sakinləri liftsiz qalxıb-düşməyə alışmış olmalıdırlar".

Otel tikilir Burada yalnız təmir işləri deyil, tikinti də həyata keçirilir. Belə ki, 53 saylı binanın yaxınlığında qazıntı işləri artıq tamamlanıb.

Nəzarətçinin sözlərinə görə, burada yeni qazılan və tikintisi başlanan bina otel olacaq:

"Tikinti başa çatana qədər biz nə tikdiyimizi bilmirik. Quruluşundan otelə bənzəyir. Elə vurulan lövhədə də otel olacağı göstərilib". Yaşayış binaları arasında tikiləcək otelin reklam lövhəsini axtarsaq da, tapa bilmədik. Tikinti prosesində həmin lövhənin də üzü başqa tərəfə çevrilmişdi.

… Axırda bəlli olacaq


İcraçı H.Fərəcovun təcrübəsinə əsaslansaq, burada nə tikildiyi yalnız sonda bəlli olacaq. Sona isə hələ çox var. Nəzarətçinin sözlərinə görə, işlərin nə zaman başa çatacağı hələlik məlum deyil.

Ruhiyyə
AzNews.az
image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description