İsrafçılıq dini savadsızlıqdan irəli gəlir. İsrafçılıq dini savadsızlıqdan irəli gəlir.

“Qadın ər evindən çıxmamalıdır” - Mübariz Qurbanlı

İsrafçılıq dini savadsızlıqdan irəli gəlir.

"Çoxları borc edərək, hətta kredit götürərək, yaxud qiymətli əşyalarını sataraq ehsan süfrəsi təşkil edirlər"

AzNews.az xəbər verir ki, bu fikirləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri, Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini Mübariz Qurbanlı "Azərbaycan" qəzetinə müsahibəsində bildirib.

Komitə sədri bildirib ki, ehsan süfrəsində müxtəlif növ xörəklərin, şirniyyatların və bahalı suların verilməsi, hətta ekzotik meyvələrin düzülməsi artıq adiləşib.

"Əlbəttə, bu məsələdə əsasən imkanlı şəxslər öndə gedirlər, lakin bir çox hallarda məcburiyyət qarşısında qalan kasıb ailələr də buna yol verirlər. Borc edərək, hətta kredit götürərək, yaxud qiymətli əşyalarını sataraq ehsan süfrəsi açanlar da az deyil! Elə insanlar var ki, dünyasını dəyişmiş əzizinə ehsan süfrəsi açmaq, başdaşı düzəltdirmək üçün böyük məbləğdə borc alır, sonra aylarla, illərlə onu qaytarmaq məcburiyyətində qalır!

Dəfələrlə bunların şahidi olmuşuq. Bunun müxtəlif səbəbləri var. Ən əsası odur ki, belə insanlar dini cəhətdən savadsızdırlar, yəni israfçılıq həm də dini savadsızlıqdan irəli gəlir. Zənn edirlər ki, bu yolla vəfat etmiş doğmalarına dini-mənəvi borclarını qaytarırlar, ya da qohum-qonşusunun qınağından ehtiyatlanırlar.

Doğmasını itirmiş insanlara təskinlik və başsağlığı vermək İslam əxlaqından, mənəvi birlik və qardaşlıq hissinin nişanələrindən hesab edilir. Buna görə də kiməsə bəla, müsibət üz verərsə, müsəlmanlar onu öz dərdi sayar, kədərini bölüşmək üçün başsağlığı verməyə tələsər. Bu, hər bir müsəlmanın mənəvi borcudur"-deyə M.Qurbanlı bildirib.

Komitə sədri qadınların dünyasını dəyişən həyat yoldaşı üçün yas saxlamasından söz açıb:

"İlahiyyatçıların fikrincə, qadın əri üçün yas saxladığı müddətdə ətriyyatdan, gözə sürmə çəkməkdən, diqqətçəkən libaslar geyinməkdən, qızıl-zinət əşyaları taxmaqdan çəkinməlidir. Ehtiyac olmadan yas müddəti bitənədək ər evindən çıxmamalıdır. Deməli, dinimiz uzunmüddətli yas saxlamağı yalnız mərhumun həyat yoldaşına şamil etmişdir. Bunun da öz səbəbləri var. Burada qadının hamilə olub-olmamasının aydınlaşması, bundan doğan vərəsəlik və s. dəqiq bilinməsi kimi vacib məsələlər nəzərdə tutulmuşdur. Yerdə qalan qohum-əqrəba üçün yalnız üç günlük müddət müəyyənləşdirilmişdir.

Əgər mərhumun evi hər kəsin rahat şəkildə gəlib başsağlığı verməsi üçün münasib deyilsə, müəyyən geniş yer hazırlanaraq ziyarətçiləri orada qəbul etmək olar".

M.Qurbanlı yenidən yas mərasimlərinin təşkilinə toxunaraq qeyd edib ki, məsələnin "ehsan süfrəsi" tərəfinə gəldikdə isə qeyd edilməlidir ki, cənazə hələ evdə ikən, kədər və üzüntülü halda nəinki yemək hazırlanmalı, hətta ziyarətçilərə süfrə də açılmamalıdır. Çünki cənazəni torpağa tapşırmadan süfrə açmaq qəbahət iş sayılır. Dinimiz əslində yaxın qonşuların mərhumun ailəsi üçün tədarük görmələrini, yemək hazırlayıb göndərmələrini buyurur. Bu şəkildə qonşuluq haqqı ödənərək, mərhumun ailəsinin dərdinə şərik çıxmaq məqbul sayılır. İslam peyğəmbəri Həzrət Məhəmmədin (s) hədisində də məhz bu cür göstərilmişdir".

M.Qurbanlı daha sonra qəbir daşları ilə bağlı nizam-intizam yaradılmasına ciddi ehtiyac olduğunu diqqətə çatdırıb.

"Bəli, problemin kökü burdan başlayır. "Ehsan" sözünün lüğətdəki mənası "yaxşılıq etmək" deməkdir. "Həsanat" sözünün mənası isə yaxşılıq etmək üçün nəyi isə verməkdir. Xüsusi olaraq vurğulamaq lazımdır ki, bu sözlə heç də ancaq yemək nəzərdə tutulmur. Lakin yas mərasimlərinin zaman-zaman dəyişən bu anlamı günümüzdə yalnız "ehsan süfrəsi" - yemək məfhumu ilə məhdudlaşıb. Ehsan süfrəsində də məqsəd xeyir iş görüb savab qazanmaqla, mərhuma "rəhmət" oxutdurmaq, axirətinin yaxşı olması üçün dua etməkdir. Bu məsələdə hədər yerə, israfa yol verməklə vəsaitin xərclənməsi dinimizlə daban-dabana ziddir. Çünki bayaq qeyd etdiyim kimi, İslamda "ehsan" yalnız süfrə açmaq anlamına gəlmir. Bu mərhumun ruhu naminə görülən bütün xeyir əməlləri ehtiva edir. Görülən xeyir əməldə israfa varmaq isə bəyənilməyən işdir.
Məsələnin başqa tərəfi isə bu kimi ehsan süfrələrinin mahiyyətinin nə dərəcədə dinimizə uyğun olması ilə bağlıdır. İlahiyyatçılara görə, ümumiyyətlə, yaxını vəfat etmiş insanın yanında xörək yemək cahillik əlamətidir.

Göründüyü kimi, dinimizdə vəfat etmiş şəxsin ailəsinə başqaları tərəfindən yemək bişirilib gətirilməsi buyurulur. Amma hazırda bu qaydaya nəinki riayət olunur, əksinə, onsuz da psixoloji durumu sarsılmış, öz müsibətinə ağlayan və özünə belə yemək bişirmək iqtidarında olmayan insanlar yüzlərlə insanı yedirtmək barədə düşünməyə vadar edilir. Görünür bəziləri ehsan anlayışını o qədər də yaxşı mənimsəməyiblər".

M.Qurbanlı hesab edir ki, Azərbaycanda qəbir daşları məsələsi olduqca acınacaqlıdır.

"Bəzən elə hallar olur ki, qəbir daşlarının qiyməti bir neçə min manatla ölçülür. Bu ənənə də son 50-60 ildə meydana gəlib. Günümüzdə istənilən qəbiristana gedib bunun şahidi olmaq mümkündür. İlahiyyatçılarımız da yəqin bu fikri təsdiq edərlər ki, İslam dininə görə, müəyyən dövr keçdikdən sonra qəbir yerləri itməlidir. Amma bu tendensiya davam edərsə, Abşeron yarımadası bir müddətdən sonra bütünlükdə məzarlığı xatırladacaq, qəbiristanlar isə özü-özlüyündə panteona çevriləcək.

Görünən odur ki, Azərbaycanda qəbir daşları ilə bağlı nizam-intizam yaradılmasına da ciddi ehtiyac var. Bahalı qəbir daşları ilə bağlı məsələnin qanunla, yaxud qaydalar formasında tənzimlənməsi zəruriləşib. Bu, təkcə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin işi deyil, problem müvafiq dövlət qurumları ilə yanaşı, ictimaiyyətin də yaxından yardımı ilə həll olunmalıdır. Hazırda bizdə də belə layihə üzərində iş gedir".