Daşınmaz əmlakın icbari sığortası - SUALLARA HÜQUQŞÜNAS CAVAB VERİR

İyunun 1-dən daşınmaz əmlakın icbari sığortası ilə bağlı mövcud qanunvericiliyin tələbləri icra edilməyə başlanılacaq.

“İcbari Sığortalar haqqında” Qanuna əsasən, sığorta məcburi xarakter daşıyır. Hüquqşünas Turan Abdullazadə bu qanun haqqında AzNews.az-a müsahibə verib.

Müsahibəni təqdim edirik:

- Cənab Abdullazadə, vətənaşdaşlar sualı çox sadə qoyur: daşınmaz əmlakın icbari sığortası nəyə lazımdır?

- Daşınmaz əmlakın üstünlüyü ondan ibarətdir ki,əgər vətəndaşın evi, hər hansı obyekti yanarsa, partlayarsa, təbii fəlakət nəticəsində zərər gələrsə, sığorta şirkəti ona dəymiş ziyanın dəyərini ödəyir.

- Ödəyirmi?

- İcbari sığorta vətəndaşa dəyən zərər zamanı ona əlavə imkanlar verir. İcbari sığorta il ərzində, yəni müqavilə müddətində istənilən qədər sığorta hadisəsini qarşılayır. Qanunvericiliyə əsasən qəza vəziyyətində olan, tikintisi başa çatmayan, özbaşına tikilmiş və ya sökülməsi barədə dövlət və yerli özünüidarəetmə orqanlarının qərar verdiyi mənzil və evlər sığortalana bilməz. Yəni belə hallarda ödəniş olunmur.

- Hansı hallarda daşınmaz əmlakın icbari sığortası olmalıdır?

- Yeni dəyişiklik mülkiyyət hüququnun təsdiqlənməsi haqqında çıxarışı - kupçası olan bütün mənzillərin, daşınmaz əmlakın sığortalanmasını tələb edir.

- Sığortanın məbləği nə qədərdir? Sığorta olunduqdan sonra hər hansı qəza baş verərsə sığorta şirkətləri nə qədər pul ödəyir?

- İnzibati Xətalar Məcəlləsinin 469.1-ci maddəsinə əsasən, müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə -fiziki şəxslər otuz manat məbləğində, vəzifəli şəxslər səksən manat məbləğində, hüquqi şəxslər iki yüz manat məbləğində cərimə edilir.

- Bakıda və rayonlarda icbari sığortanın ödənişində hər hansı fərq varmı?

- Bakıdakı ev və mənzillərin illik sığorta haqqı 50, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində 40, digər şəhər və rayonlarda isə 30 manatdır. Müvafiq olaraq, paytaxtdakı mənzillərə 25 min manat, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərindəki mənzillərə 20 min, digər şəhər və rayonlardakı mənzillərə isə 15 min manat sığorta təminatı verilir.

- Bu qanun niyə indi gündəmə gəlir?

- Əslində bununla bağlı müddəalar əvvəllər də İnzibati Xətalar Məcəlləsində var idi. Sadəcə bununla bağlı tənzimlənmə mexanizmləri təkmilləşdirilməmişdi. Hazırda isə evlərin icbari sığortası zamanı, əgər mənzilin sığortası yoxdursa, mənzil sahibinin e-mail ünvanına və yaxud telefonuna SMS-bildiriş göndəriləcək. Əgər mexanizm işlək vəziyyətə gətirilsə, daşınmaz əmlaka görə icbari sığortanın tətbiqi əhəmiyyətli sığorta haqqının toplanmasını təmin edəcək.

-Cərimələri kim həyata keçirəcək? Yerli İcra Hakimiyyətlərinin bu cərimələri tətbiq etmək üçün hansı imkanlar var? Bu hər hansı sui-istifadə hallarının baş verməsinə gətirib çıxarmayacaqmı?

-Yuxarıda nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə yaşayış binalarının, yaşayış evlərinin və mənzillərin icbari sığortasına münasibətdə Azərbaycan Respublikasının yerli icra hakimiyyəti orqanları baxır. Yeni dəyişiklik mülkiyyət hüququnun təsdiqlənməsi haqqında çıxarışı - kupçası olan bütün mənzillərin sığortalanmasını tələb edir.20 gün ərzində icbari sığorta müqaviləsi bağlanmasa, əmlak sahibi yenidən eyni məbləğdə cərimə edilir. Sığortadan yayınmaya görə cərimə 30 manatdır və hər 20 gündən bir təkrarlanarsa, yenidən həmin məbləğdə cərimə nəzərdə tutulur.

Ayan Rzayeva

AzNews.az

QEYD: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu​ sahəsi üzrə hazırlanıb.