“Əsrin müqaviləsi”: Bu, Azərbaycanın müstəqilliyinin qarantı olan tarixi layihədir

“Əsrin müqaviləsi”ndən sonra 19 ölkəni təmsil edən 41 neft şirkəti ilə daha 26 saziş imzalandı.

Azərbaycanın müstəqilliyini yenicə qazandığı illərdə, ölkənin gələcək taleyini həll edən, vətəndaşlarımızın gələcək rifahını müəyyən edən əsas amil təbii sərvətlərdən səmərəli istifadə etmək idi. Ölkəmizin neft-qaz ehtiyyatlarının istismarı labüd idi.

Düz 25 il əvvəl, 1994-cü ilin 20 sentyabrında Azərbaycanın taleyi ilə bağlı tarixi qərar verildi. Belə ki, "Azəri-Çıraq-Günəşli" dəniz neft-qaz yataqları blokunun kəşfiyyatı və işlənməsi üzrə "Əsrin müqaviləsi" imzalandı.

Ümummilli lider Heydər Əliyevin böyük səyləri nəticəsində “Əsrin kontraktı”nın imzalanması Azərbaycanın güclü iqtisadi potensialının formalaşdırılmasında müstəsna rol oynadı. Bu regionun və Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə böyük töhfə vermiş oldu. Yalnız xalqın iradəsi, çağırışı və təkidi ilə 1993-cü ildə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycanın maraqlarına tamamilə cavab verən müqavilə şərtləri əldə edildi.

1994-cü il sentyabrın 20-də Bakıda Qərbin neft şirkətləri ilə bağlanmış neft sazişi yenicə müstəqillik qazanmış Azərbaycanın yeni tarixinin şanlı səhifəsini açdı.

Azərbaycan Avropanın və dünyanın enerji təhlükəsizliyində mühüm rola oynayan ciddi beynəlxalq tərəfdaşdır

“Əsrin müqaviləsi” adı ilə indi bütün dünyada tanınan bu müqavilənin imzalanması və onun gerçəkləşməsi müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasını təşkil edən və ulu öndər Heydər Əliyev tərəfindən işlənib hazırlanmış neft strategiyasının həyata keçirilməsinin parlaq təzahürüdür.

Şübhəsiz və mübaliğəsiz demək olar ki, “Əsrin müqaviləsi”nin imzalanması ilə ölkəmiz yeni inkişaf erasına daxil oldu. Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş və bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilən neft strategiyası ölkəmizi lider ölkələr səviyyəsinə yüksəldib. Bu danılmaz faktdır. Azərbaycanın neft ehtiyatlarının dünya bazarına çıxarılması ilə bağlı məsələlər həll edildikdən və 2006-cı ildə Bakı Tbilisi-Ərzurum qaz kəməri istifadəyə verildikdən sonra, Azərbaycan qazının Avropa qitəsinə nəqli ciddi müzakirə mövzusuna çevrilmişdi. Bu layihələr sayəsində Azərbaycanın regionda və Avropada əhəmiyyətinin artdığı gün kimi aydındır. Artıq Azərbaycan Avropanın və dünyanın enerji təhlükəsizliyində mühüm rola oynayan ciddi beynəlxalq tərəfdaşdır.

“Qara qızıl” insan kapitalı naminə istifadə edildi

Bununla yanaşı Neft müqavilələrindən əldə edilən gəlir Azərbaycanın simasını büsbütün dəyişdi. Bunu sosial və infrastruktur layihələrdə görmək olar. Əldə edilmiş gəlir sosial layihələrə, elm, təhsil, mədəniyyətin inkişafına yönəldildi “qara qızıl” insan kapitalı naminə istifadə edildi.

Dəyəri 7,4 milyard dollar olan “Əsrin müqaviləsi”ndə Azərbaycanla yanaşı dünyanın 6 ölkəsinin - ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç və Səudiyyə Ərəbistanının 11 beynəlxalq neft şirkəti iştirak etdi. Onlar tezliklə işçi strukturlar – Rəhbər Komitə, Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) və Məsləhət Şurası yaratdılar. Həmin strukturlar hüquqi səlahiyyət qazandıqdan, yəni 1994-cü il dekabrın 2-də Azərbaycan Prezidenti xüsusi Fərman imzalayandan sonra fəaliyyətə başladılar. 1994-cü il dekabrın 12-də isə Milli Məclis “Əsrin müqaviləsi”ni ratifikasiya etdi.

İlkin hesablamalara görə, “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsində çıxarıla bilən neft ehtiyatı 511 milyon ton olsa da, sonralar yeni qiymətləndirmələrə əsasən neft ehtiyatı 1.072 milyard ton həcmində müəyyən edilib.

Müqavilənin tarixi və rəqəmlər...

“Əsrin müqaviləsi”ndən sonra 19 ölkəni təmsil edən 41 neft şirkəti ilə daha 26 saziş imzalandı.
Müqavilənin müddəalarını nəzərdə tutulan müddətdə icra etmək və artan neft hasilatını beynəlxalq bazarlara daşımaq üçün yeni neft kəmərləri tikilib istifadəyə verildi. 1997-ci ilin sonlarında neft Bakı-Novorossiysk kəməri ilə Qara dənizə ixrac edilməyə başlandı. 1999-cu ildə Qara dənizin digər limanına - Supsaya Bakıdan neft kəməri çəkilib istifadəyə verilib. 1999-cu ilin dekabrında Azərbaycan nefti ilə doldurulmuş ilk tanker dünya bazarlarına çıxarılıb. 2002-ci ildə ümummilli lider Heydər Əliyevin davamlı səyləri nəticəsində “Əsrin müqaviləsi”ndə nəzərdə tutulan, lakin çoxlarının əfsanə və ya kağız üzərində kəmər hesab etdiyi əsas neft kəməri Bakı-Tbilisi-Ceyhanın təməli qoyuldu. Qlobal əhəmiyyət kəsb edən kəmər Azərbaycanın enerji dəhlizinə çevrilməsi istiqamətində mühüm addım idi. 2005-ci il mayın 25-də Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin açılış mərasimi keçirildi, 2006-cı ildə Türkiyənin Ceyhan limanından Azərbaycan neftinin nəqlinə başlanıldı.

“Əsrin müqaviləsi” həm də yeni transmilli enerji layihələrinin həyata keçirilməsində mühüm rola malikdir

Ümumilikdə, Azərbaycan neftinin Xəzər dənizindən dünya bazarlarına çıxarılması üçün Yer planetinin ekvatorunun uzunluğunun 1/10-i həddində neft kəmərləri tikilib. 2017-ci ilə qədər Azərbaycanın dənizdəki neft ehtiyatlarının işlənilməsinə təxminən 33 milyard dollar investisiya qoyulub və “Azəri-Çıraq-Günəşli”dən 3,2 milyard barrel neft hasil edilib. Həmçinin “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan ümumilikdə 30 milyard kubmetr səmt qazı hasil edilərək Azərbaycan hökumətinə verilib. “Əsrin müqaviləsi” həm də yeni transmilli enerji layihələrinin həyata keçirilməsində mühüm rola malikdir. Ümummilli lider Heydər Əliyevin neft strategiyasını uğirla davam etdirən Prezidenti İlham Əliyevin siyasi iradəsi və qətiyyəti sayəsində, Azərbaycanın liderliyi ilə həyata keçirilən yeni layihələr ölkəmizin iqtisadi qüdrətinin və dünya arenasında siyasi çəkisinin yekəlməsini təmin etdi.

2017-ci il sentyabrında “Əsrin müqaviləsi”nin müddəti 2050-ci ilə qədər uzaldıldı. Sazişin bir hissəsi olaraq SOCAR-ın AÇG-dəki iştirak payı 11,65 faizdən 25 faizə qaldırılacaq və beynəlxalq tərəfdaş şirkətlər Azərbaycan Dövlət Neft Fonduna $3.6 milyard bonus ödəyəcəklər. Növbəti 32 il müddətində AÇG-yə 40 milyard dollardan artıq sərmayə qoyulması potensialı var.

Saziş imzalanandan sonra ölkəmizə xarici investorlar tərəfindən 3,6 milyard dollar həcmində bonus ödəniləcək.
"Azəri-Çıraq-Günəşli" neft yataqları blokunun 2050-ci ilə qədər işlənməsini nəzərdə tutan yeni saziş XXI əsrin kontraktıdır. Yeni müqavilə ölkəmizin və şirkətimizin 1994-cü ildən bəri artan maliyyə və texnoloji potensialını əks etdirməklə yanaşı, xarici tərəfdaş şirkətlərin Azərbaycan iqtisadiyyatına olan inamını da göstərir.

Milli maraqlarımıza söykənən “Cənub Qaz Dəhlizi”...

Prezident İlham Əliyevin qətiyyəti, milli maraqlara əsaslanan düşünülmüş və prinsipial siyasəti ilə daha bir mühüm layihənin - “Cənub Qaz Dəhlizi”nin həyata keçirilməsini təmin edib. Bu layihə heç çübhəsiz ki, qarşıdan gələn 100 il ərzində Azərbaycan xalqına xidmət edəcək və milli iqtisadiyyatın inkişafında mühüm faktor olacaq. Bir çox yerli və beynəlxalq iqtisadçıların dəyərləndirməsi bu qənaəti hasil edir ki, sözügedən layihə Azərbaycanın regionda və Avropada əhəmiyyətinin artmasını, Azərbaycanla Qərb arasında münasibətlərin daha yüksək pilləyə qalxmasını şərtləndirəcək. Həmçinin layihə Azərbaycanın təkcə enerji ixrac edən ölkə kimi deyil, həm də onu nəql edən və tranzit ölkə kimi əhəmiyyətini artıracaq. Bununla yanaşı “Cənub Qaz Dəhlizi” Avropanın enerji təchizatının şaxələndirilməsində ciddi faktora çevriləcək, region ölkələrinin öz enerji resurslarını dünya bazarına çıxarmaq üçün yeni mənbə rolunu oynayacaq.

Azərbaycana aid olan bu nəhəng layihə həmçinin regionun və Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm əhəmiyyətə malik dövlət statusunu qazanacaq, dövlətlər və xalqlar arasında qarşılıqlı əməkdaşlığın, işgüzar əlaqələrin inkişafına töhfə verəcək. Eyni zamanda söyləmək mümkündür ki, “Cənub Qaz Dəhlizi” regionda təhlükəsizliyin və sabitliyin təmin olunmasına ciddi təsir göstərən amildir. Bu layihə də əsası Ulu Öndər Heydər Əliyev tərəfindən 1994-cü ilədə qoyulan “Əsrin kontraktı”nın davamıdır. Azərbaycanın siyasi və iqtisadi inkişafında yeni əsrin müqaviləsi, “Cənub Qaz Dəhlizi” böyük əhəmiyyətə malikdir.(sherg.az)

AzNews.az