Bu gün Mübariz Mənsimovun həbsi ilə bağlı onu müdafiə edənlərin əksəriyyəti “5-ci Kalon”u təmsil edirlər Bu gün Mübariz Mənsimovun həbsi ilə bağlı onu müdafiə edənlərin əksəriyyəti “5-ci Kalon”u təmsil edirlər

Mübariz Mənsimovun gerçək simasının qaranlıq tərəfi

Bu gün Mübariz Mənsimovun həbsi ilə bağlı onu müdafiə edənlərin əksəriyyəti “5-ci Kalon”u təmsil edirlər

“Soyuq Savaş” bitdikdən, yəni keçmiş Sovetlər Birliyi dağıldıqdan sonra, Rusiya öz iqtisadi gücünü artırmaq üçün, müdafiə nazirliyinin tərkibindəki QRU-nun (Baş Hərbi Kəşfiyyat) nəzdində bir sıra zahirən mülki görünən və əslində ölkənin hərbi gücünə dəstək ola biləcək şirkətlər yaratmağa başladı. Bunlardan biri də sonradan dünyanın iri su hövzələrində beş ən böyük yükdaşıma şirkəti kimi tanınan “Palmali” şirkətlər qrupu idi. Şirkətin rəhbərliyinə gətirilən, birbaşa QRU ilə sıx təmasları olan, iqtisadi sahəni peşəkar səviyyədə bilən və milliyyətcə azərbaycanlı olan kadrlara üstünlük verilməsinin əsil səbəbi Qazaxstan, Türkmənistan və Azərbaycan neftinin Qafqaz üzərindən Türkiyə vasitəsilə dünya bazarına daşınmasında inam yaradılması idi. Mübariz Mənsimov məhz QRU üçün “uğurlu kadr” siyahısında ilk sırada yer aldı.

Hərbi kəşfiyyatdan biznes olimpinə doğru

Mübariz Mənsimov 1968-ci il martın 22-də Bakıda anadan olmuşdur. Əslən Masallı rayonunun Miyankü kəndindəndir. Orta təhsilini Bakıdakı “Cəmşid Naxçıvanski adına Hərbi Məktəb”də alıb. Sonra sovet ordusunda hərbi xidmətdə olub. Uşaqlıq illəri ilə bağlı vaxtilə Rusiya mətbuatına verdiyi açıqlamada Mübariz Mənsimov bunları deyib: “Atamın istəyi ilə C.Naxçıvanski adına hərbi məktəbə qəbul oldum. Buranı bitirdikdən sonra, Rostov İqtisadiyyat Universitetində təhsilini davam etdirdim. Paralel olaraq Xəzər Dəniz Gəmiçiliyi İdarəsində çalışdım. Hərbi xidmətdə olarkən daxili kəşfiyyat sahəsinin sirlərini öyrəndim. Sovetlər Birliyi dönəmində daxili kəşfiyyatda müxtəlif vəzifələrdə çalışdım. 1985-ci ildə Şərqi Almaniyaya göndərildim. Sovet Ordusu tarixində Berlin divizyonunda Sovetlər Birliyinin müdafiə nazirliyinin ana strukturu olan QRU-da daxili kəşfiyyat zabiti olaraq, vəzifə yerinə yetirən ilk azərbaycanlı və ilk qafqazlı mən idim”.
1989-cu il. Mübariz Mənsimov QRU-nun Rostov vilayətindəki aparıcı strukturlarından biri sayılan dəniz gəmiçiliyi idarəsinin nəzdində 3 nəfərlə birlikdə 150 tonluq balıqçı gəmisi kirayəyə götürüb. Bu, əslində onlar üçün bir sınaq mərhələsi idi. Balıqçı gəmisi sayəsində uğurlu biznes əldə edəcəkləri təqdirdə, onlara gələcəkdə daha böyük işlər təklif olunacaqdı. Beləliklə, 1991-ci ildə Rusiyadan gəmi alıb və İstanbula gətirirlər. Beləliklə də bu sahədə ilk addımlarını atıblar. Hazırda dünyanın ən böyük 5 dənizçilik şirkətindən biri olaraq göstərilən və illik dövriyyəsi 3 milyard dollar olan "Palmali" Şirkətlər Qrupu 1998-ci ildə Türkiyədə geniş miqyasda hərəkətə keçirdi. Bu şirkətin hazırda 21 ölkədə ofisi var. Şirkətin tabeliyində 28 min nəfər təkcə dənizçilik sektorunda çalışır. Qrupun fəaliyyət sahəsindəki digər şirkətlər də hesaba qatılanda işləyənlərin sayı 45 mini keçir. "Palmali" 129 gəmisi ilə Ağ və Qara Dəniz arasında Rusiya neftinin 75 faizini daşıyır. "Palmali"nin ən böyük müştərisi məşhur "BP" şirkətidir. Şirkətlər Qrupunun kirayəyə götürülən gəmilərinin donanması 220-ni ötür. Mübariz Mənsimov xüsusi olaraq Türkiyəli gəmi sahibiləriylə işləməyə üstünlük verir. 2005-ci ildə onun kirayəyə götürdüyü gəmi sayı 20 olub, indi isə bu rəqəm 60-a çatır. Onun 99 faizinə sahib olduğu Şirkətlər Qrupunun dənizçilik şirkəti 1,5 milyard dollaradək varidata malikdir. "Palmali"nin ayrıca Rostovda öz adına işlətdiyi və Azərbaycanda inşası davam edən daha bir limanı Bakıdakı sərmayələri üçün tikilir. Azərbaycanın Dövlət Neft Şirkəti ilə ortaq olan "Palmali" "Tekfen inşaat"ın 50 faiz hissəsini 520 milyon dollara satın alıb. Bu razılaşma qarşılığında "Palmali" və "SOCAR" ortaqlığı 5 il ərzində "Tekfen İnşaat"a 37 milyard dollarlıq iş verməlidir.

Mübariz Mənsimovun Orta Doğudakı “qaranlıq biznesi”nin

Vaxtilə Orta Doğuda İraq, Liviya, Suriya və digər ölkələrdə yaranan böhranla bağlı ABŞ-ın sabiq prezidenti Barak Obama Rusiya prezidenti Vladimir Putinlə görüşü zaman sərt şəkildə bildirib ki: “Radikal silahlı qüvvələrin nəzarətində olan və neftlə zəngin yataqlara nəzarət edən güclərin əsas biznes ortağı “Palmall” şirkətlər qrupu və onun prezidenti Mübariz Mənsimovdur.
O da bəllidir ki, nüfuzlu “Forbes” dərgisinin də elan etdiyi kimi Mübariz Mənsimovun sərvətinin həcmi 1 milyard 300 milyon dollardır. Faktiki olaraq “Palmall” şirkətlər qrupu bu gün Orta Doğunun neftlə zəngin İraq, Liviya və Suriyanın idarəolunmaz bölgələrində at oynadan kürd, vəhabi və digər silahlı qruplaşmaların nəzarətindəki neft yataqlarından çıxarılan neftin “İran Körfəzi”ndən tutmuş digər iri sularda satışı ilə məşğuldur. “Palmall” şirkətlər qrupunun neftdaşıma gəmiləri Türkiyə, İsrail, hətta ABŞ-ın Filadelfiyaya qədər uzantıları var. Mübariz Mənsimov son 15 ildə Orta Doğu sularında neft sektorunda Rusiya iqtisadiyyatının köklü oliqarxlarından Vahid Ələkbərov, Mixail Xodorkovski və digərlərini arxada qoya bilib. Onun biznes olimpinin bu qədər sürətlə irəli getməsinin başqa bir səbəbi irsən həmyerlisi olan və Rusiyaya bağlı kriminal çetelərlə işbirliyində olması idi. Çünki, 2013-cu ildə Rusiya kriminalının tacını daşıyan və “Ded Xasan” ayaması ilə tanınan Aslan Usoyan (milliyyətcə yezidi kürdüdür) terror sonucu olaraq öldürülmüşdü. “Ded Xasan”a bağlı kriminal qrupların əsas gəliri neft daşımaları və Orta Doğudakı “qara bazarda silah ticarəti”nə bağlı idi. Bu olaydan sonra meydanda Mübariz Mənsimova bağlı “kriminal aləm” çetelər gündəmə gəldilər. Ancaq, bu qrupa rəhbərlik edənin 2013-cü ildə İstanbulda qətlə yetirilməsindən sonra, Mübariz Mənsimovun “qara günləri” də başladı.
2013-2018-ci illərdə “İŞID” adı ilə gözlənilmədən Orta Doğuda peyda olan radikal dini qruplaşmalar “İslam Xilafəti” qurmaq adı altında Əfqanıstandan tutmuş Misir, Yəmən, İraq, Nigeriya, Somali, Liviya, Tunis və digər ölkələrdə meydan sulamağa başladılar. Bu radikal çetelərin biznes gəlirləri, silahla təmin olunamaları və digər məsələlərlə bağlı dünyanın bütün kəşfiyyat orqanları Orta Doğu ölkələrində ciddi araşdırmalara başladılar. “İŞID”ın İraq və Suriyada nəzarətində olan bölgələrə xüsusi diqqət yetirilirdi. Çünki, zəngin neft sektorları onların nəzarətində idi. Bu Batı dünyası üçün çox ciddi təhlükə mənbəyi sayılırdı. Barak Obamanın Vladimir Putinə olan etirazının arxasında bu faktor dayanırdı. ABŞ kəşfiyyatının əldə etdiyi faktlar və sənədlərə görə “İŞID”ın biznesdə əldə etdiyi əsas gəlirlərin ortağı “Palmali Shipping & Agency JSC” şirkəti idi. “İŞID” bu şirkətin sayəsində əldə etdiyi gəlirlə İraq və Suriyanı faktiki olaraq nəzarətə götürmüşdü. Həmin ərəfədə ABŞ kəşfiyyatının hesablamalarına görə “İŞID” gündəlik 40 min barel neft çıxararaq İraq və Suriyanın limanlarında “Palmali Shipping & Agency JSC” şirkətinə aid yükdaşıma gəmilərinə təslim edirdi. Bu gündəlik 1.5 milyon dollar gəlir demək idi. Özəlliklə “Deyr əz Zor” və “Mosul” neft yataqları daha çox gəlir gətirirdi. Obama ilə Putinin bu faktla bağlı ABŞ mətbuatının etiraf etdiyi kimi 1.5 saat mübahisəsi sürmüşdü. ABŞ-ın Avropa Birliyi üzrə səfiri Yana Hibaskova Avropa Parlamentində 2014-cü ildə çıxış edərək “İŞID”ın neftlə bağlı əldə etdiyi gəlir mənbələrinin ünvanını göstərmişdi. Yana Hibaskova BMT-nin Təhlükəsizlik Şurasında da çıxış edərək radikal terror təşkilatı kimi tanınan “İŞID”ın real gəlirlərinin hansı şərkətlər vasitəsilə əldə olunduğunu məruzə etmişdi. Bu barədə Fransanın nüfuzlu “Le Figaro” qəzetinin əməkdaşı Terri Meysan sənədlər əsasında dizi yazılar gündəmə gətirmişdi. Onu da qeyd edək ki, radikal vəhabizmin siyasi baxımdan iki qanadı olubdur:
1. Səudiyyə Ərəbistanına bağlı vəhabizm,
2. Rusiya müdafiə nazirliyinə bağlı QRU-nun nəzdindəki “Primakov vəhabizmi”.
“İŞID” adı altında yaşanılan oyunların ikibaşlı olmasından ən çox “Primakov vəhabizmi” yararlanırdı. Çünki, Orta Doğuda əsil məqsəd hansısa təriqətə məxsus dövlətin qurulması deyil, “anarxiya və xaosa bağlı biznes”dən faydalanmaq daha önəmli saylırdı.

“BEŞİKTAŞ” və “İstanbul” sevdası

2013-cü ildə Mübariz Mənsimov bütün biznesini Türkiyəyə daşıyaraq “Palmali Gemi Hizmetleri ve Agentelik Anonim Sirketi” adı altında rəsmi qeydiyyatdan keçdi. O da bəllidir ki, şirkətin əsas gəlirləri Maltadakı “Palmali Shipping & Agency JSC” şirkətin hesablarında saxlanılırdı. 27 dekabr 2013-cü ildə “Deloitte Malta” gözlənilmədən bütün səhmlərini 230 milyon dollara “Palmali Holding Co. Ltd”ə satdı. Beləliklə holdinq Türkiyənin biznes sektorunda mövqelərini gücləndirmək üçün hərəkətə keçdi. İstanbulda vaxtilə dövlətin qurucusu Mustafa Kamal Atatürkün azərkeşi olduğu və bu ölkədə ən böyük fanatlara sahib olan “Beşiktaş” Futbol Klubunun rəhbərliyində təmsil olunmaq üçün Mübariz Mənsimov 25 milyon dollarından keçməyə hazır olduğunu bəyan etdi. Bu tarixə kimi Türkiyə futbolunda hansısa futbol komandasının rəhbərliyində təmsilçiliyə görə bunca astronomik üzvlük haqqı ödəmək üçün israrlı olmamışdı. Qısa bir zamanda “Mübariz Qurbanoğlu” adı ilə Türkiyə vətəndaşlığını alan Mübariz Mənsimov dərhal humanitar aksiyalar həyata keçirməyə başladı. Çünki, onu qarşıda Orta Doğu böhranı sayəsində milyardlarla gəlir mənbələri gözləyirdi. “QRU” dolayı yolla öz işini görməkdə idi. “Beşiktaş” Futbol Komandasının sabiq rəhbərliyi onun çabalarını qəbul etməkdən imtina yolunu tutdu. Mübariz Mənsimov qısa bir zaman içində İstanbulda “Pal FM” və “Palstation 106” radio kanallarını, “Palhaber” İnformasiya Agentliyini yaratdı. Beləliklə də Türkiyənin informasiya məkanında özünə sanballı imic qazandırmaq hədəfini irəili sürdü. “Beşiktaş” Futbol Klubu sevdası baş tutmadığı üçün Azərbaycana üz tutdu və “Xəzər-Lənkəran”ı təsis etdi. Lənkəranda süd emalı fabriki və digər sənaye müəssisələri yaratmağa başladı. Hətta şəhərin havalimanını özəlləşdirməyə cəhd etdi. “Xəzər-Lənkəran” Futbol Klubunu yaradan kimi dərhal “fanklublar”, yəni özünə sosial baza qurmağa başladı. Bu futbol klubu ona görə çökdü ki, hər dəfə “fanatlar” adı altında bölgədə etnik separatizmə hesablanmış aksiyalar həyata keçirilirdi. Futbol klubunun ardından onun buradakı digər biznes şəbəkələri də çökdü.

Ermənilərdən Mübariz Mənsimova “böyük dəstək”

15 mart 2020-ci il tarixdə İstanbul Baş Prokurorluğunun qərarı ilə işadamı kimi bilinən Mübariz Mənsimov həbs olundu. Bu xəbər yayılan kimi, Ermənistan tərəfi dərhal hərəkətə keçdi. İlk öncə Azərbaycana qarşı etnik separatizm siyasətini neçə illərdir körükləyən tribuna kimi tanınan “Erkramas” qəzetinin 17 mart 2020-ci il sayında Mübarizə Mənsimova həsr olunmuş xüsusi məqalə dərc olundu. O da bəllidir ki, bu qəzet Ermənistan xüsusi xidmət orqanlarının nəzdindəki “Azərbaycan masası”na bağlıdır. Daha sonra, uzun illər Rusiya müdafiə nazirliyinin QRU idarəsinə bağlı “Rossovorujenie”nin (Rusiyanın Xarici Silah Ticarət Şirkəti) vaxtilə prezidenti olmuş və bu gün “Dünya Erməniləri Birliyi” təşkilatının sədri olan, Rusiyada ən zəngin erməni kimi qəbul olunan Ara Abramyanına bağlı “arm-world.ru” informasiya mərkəzi onun müdafiəsinə qalxdı (qaynaq: https://arm-world.ru/news/novostnik/53779-mubariza-mansimova-slili-jerdogan-i-syn-ispugalis-aliev-ne-pomog.html). Bu informasiya mərkəzi “Dünya erməniləri” təşkilatının aparıcı informasiya tribunası sayılır. İrəvanda rus dilində dərc olunan həftəlik analitik mətbu orqan kimi tanınan “Ermənistanın səsi” qəzetinin tanınmış yazarı Vladimir Manukyan isə, Mübariz Mənsimovun müdafiəsinə həsr olunmuş silsilə yazılarla çıxış etdi (qaynaq: https://www.golosarmenii.am/article/98675/arest-talysha-mubariza-mansimova-i-biznes-interesy-alievyx). Azərbaycan dövlətinə qarşı azsaylı toplumları bəhanə edərək etnik bölücülük siyasətinə köklənmiş yazıları ilə tanınan Boqadan Atanesyan isə, Ermənistanın bütün tanınmış KİV-lərində Mənsimovun fəal müdafiəçisi rolunda çıxış etdi (qaynaq: https://www.aysor.am/ru/news/2020/03/19/мансимова-слили/1673552, https://armenianreport.com/pubs/241986/, https://news.myseldon.com/ru/news/index/212123464 və sair.

Bu günün standartları və uzaq hədəflər

Ukraynanın Krım, Donetsk və Luqansk vilayətlərinin Rusiya tərəfindən işğalı, Moldovanın Dnestryanı bölgəsinin 1991-ci ildən işğal edilməsi, Balkan yarımadası bölgəsində kiçik və kasıb dövlətlərin mövcudluğu, Belorusun diktatura rejimi ilə idarə olunması faktının qarşısında qalan Avropa dövlətləri məcbur olaraq, Güney Qafqaz və Orta Asiya dövlətlərinin neft və qazının alışına görə Türkiyəni tərcih edirlər. Bu məqsədlə “Bakı-Tiflis-Ceyhan Neft Boru Xətti”, “Bakı-Tiflis-Ərzurum Qaz Kəməri Xətti”, TAP və TANAP kimi iri iyqaslı strateji layihələrə dəstək verirlər. O cümlədən “Bakı-Tiflis-Qars Dəmir Yolu”nun işə salınması da bu qlobal strategiyanın tərkib hissəsidir. Avropaya məxsus şirkətlər haqlı olaraq, bütün bunların nəqli və bir sıra işlərin həyata keçirilməsində Türkiyə, Azərbaycan, Qazaxstan və Türkmənistana etibar edirlər. Türkiyədən savayı digər türk dövlətləri artıq 30 ildir dövlət bağımsızlığı siyasətini yürüdürlər. Türk dövlətlərinə məxsus dövlət və özəl şirkətlərin bu nəhəng layiələri həyata keçirmək iddiası haqlı addımdır. Gəlirlərinin böyük hissəsinin başqa bir dövlətin qazanc mənbəyinə çevrilməsinə əsla yolverilməzdir. O da bəllidir ki, Ermənistan dotasiyalı bölgə olduğu üçün, Rusiyanın və bu ölkədə yaşayan erməni zənginlərinin sayəsində mövcudluğunu saxlaya bilir. “Palmali Shipping & Agency JSC” tipli iri şirkətlərin əsas gəlirlərinin 70 faizi isə, birbaşa Rusiya müdafiə nazirliyi yanında fəaliyyət göstərən “QRU”nun büdcəsinə daxil olur. Həmin büdcə sayəsində Ermənistandakı Rusiyaya məxsus “102 saylı hərbi hissə”, eləcə də Türkiyə və İranla sınır bölgələrinin nəzarəti maliyyələşdirilir.
Bu gün Mübariz Mənsimovun həbsi ilə bağlı onu müdafiə edənlərin əksəriyyəti “5-ci Kalon”u təmsil edirlər. Sosial şəbəkələrdə trollar yaradaraq onun həbsini bəhanə edərək Türkiyə dövlətinə qarşı aparılan təbliğatların arxasında məhz bu maraqlar dayanır.

“ÖTÜKEN” Strateji Araşdırmalar Mərkəzi