Azərbaycan torpaqlarında Ermənistan adlı dövlətin yaradılması müasir Azərbaycan tarixinin ən mühüm məsələlərindəndir Azərbaycan torpaqlarında Ermənistan adlı dövlətin yaradılması müasir Azərbaycan tarixinin ən mühüm məsələlərindəndir

İrəvanın ermənilərə verilməsi: Tarixi xronika

Azərbaycan torpaqlarında Ermənistan adlı dövlətin yaradılması müasir Azərbaycan tarixinin ən mühüm məsələlərindəndir

(Şükürov K. Azərbaycan torpaqlarında Ermənistan dövləti necə yaradıldı: Tarixi, nəticələri və Azərbaycanın müasir baxışı// Xalq qəzeti, 2019, 23, 24, 26, 30 aprel; 19 may) Azərbaycan Milli Şurasının İrəvanın Ermənistana verilməsi haqqında 1918-ci il 29 may tarixli qərarı (Protokol №3) (Протоколы заседаний мусульманских фракций Закавказского Сейма и Азербайджанского Национального совета 1918 г. Баку, 2006, док. №23, с.130-131) bu prosesin final mərhələsi olub, eyni zamanda onun tanınması demək idi. Bununla da Azərbaycanın İrəvan xanlığının (1747-1827) mərkəzi 91 il sonra Qafqazda yeni meydana gələn Ermənistan dövlətinin paytaxtına çevrildi.

Qeyd edilən sənəd prinsip etibarı ilə bu aktın mahiyyətini tamamilə müəyyən etməyə imkan verir, lakin tarixin dərsləri və təcrübəsi baxımından prosesin obyektiv mənzərəsinin yaradılması zəruridir. Azərbaycan tarixşünaslığında İrəvanın verilməsi tarixi haqqında bəzi məqalələr yazılıb. Problemin həssaslığı nəzərə alınsa, onlar üzrə tarixşünaslıq baxımından ayrıca diskussiya açmağa ehtiyac görmədik. Əsas etibarı ilə bəzi mənbəşünaslıq süjetləri üzərində dayanmaq istərdik.

İrəvanın ermənilərə verildiyi dövr və tarixin əsas hadisələrində iştirak edən erməni və ya gürcü siyasiləri sonralar bu barədə xatirələrini və ya tarixi qeydlərini yazıblar. (Авалов З. Независимость Грузии в международной политике. 1918-1921. Париж, 1924 və b.) Azərbaycanlıların da həmin dövrə aid müəyyən memuarları vardır, lakin bilavasitə bu hadisə haqqında xüsusi, yaxud onun geniş təsvir olunduğu əsər yoxdur. Bu da hadisəni orijinal mənbə qrupundan məhrum edib.

İrəvanın verilməsi tarixində Trabzon, xüsusilə Batum konfransının gedişindəki diplomatik fəaliyyətlər həlledici yer tutub. Bu mövzu türk tarixçisi Enes Şahinin Trabzon və Batum konfransları haqqındakı iri həcmli kitabında tədqiqat obyekti olub. Müəllif həmin dövrdə Türkiyə-Zaqafqaziya (türk mənbələrində Maverayi Qafqaz), o cümlədən ayrı-ayrı nümayəndə heyətləri ilə münasibətlərə dair Başbakanlık Osmanlı Arşivi (BOA) və Genelkurmay Başkanlığı, Askeri Tarih ve Stratejik Etüd Dairəsi Başkanlığı Arşivindən (ATASE) elmi dövriyyəyə ilk dəfə xeyli yeni sənəd və materiallar gətirib və Batum müqavilələrinin orijinal tam mətnlərini kitabına əlavə edib. (Enes Şahin. Türkiye ve Mavera-yi Kavkasiya ilişkileri içerisinde Trabzon ve Batum konfereansları ve antlaşmaları (1917-1918). Ankara, 2002, 818 s.) Həmin müəllif bu məsələyə sonralar da qayıdıb. (Enes Şahin. Kafkasyada rus-ermeni-türk ilişkileri (1914-1918)//Sevk ve iskanın 100.yılında türk-ermeni ilişkileri. İstanbul, 2014, s. 183-209 ve s.) Təəssüflə qeyd etmək lazımdır ki, Türkiyənin Ermənistan dövlətininin yaradılmasına dair siyasətindən bəhs edən bəzi Azərbaycan müəllifləri bu kitabın materiallarından geniş istifadə etsə də, nədənsə ona istinad etmir. Bunu qeyd etməklə həmin çatışmazlığı aradan qaldırmaq istərdik.

Azərbaycan torpaqlarında Ermənistan dövlətinin yaradılması məsələsində Türkiyə ilə yanaşı, Azərbaycan, eləcə də həmin dövrə aid gürcü, erməni və digər mənbələrin materialları da mühüm rol oynayır. Bu mənbələrin, yalnız paralel və müqayisəli şəkildə istifadəsi problemi kompleks şəkildə aydınlaşdıra bilər.

İrəvanın ermənilərə verilməsinin, xüsusilə onun həlledici mərhələsində gedişi zamanı hadisələrin intensivliyi və müəyyən ziddiyyətli məqamlar ilə müşayət olunması tədqiqatın təqdiminə də müyyən təsir göstərib. Bunun üçün əldə olan sənəd və materiallardakı faktlar, onların şərhi Türkmənçay müqaviləsinə həsr etdiyimiz kitabda olduğu kimi tarixi xronika janrında (Bax: Şükürov K. Türkmənçay-1828. Tarixi xronika. Bakı, 2006) və üç hissədə təqdim edilir: birinci hissədə xanlığın ləğvi və Rusiya imperiyasının bərqərar edilən işğal üsul-idarəsi dövründə İrəvanda baş verən əsas hadisələr; ikinci hissədə Ermənistan dövlətinin yaradılması məsələsi, İrəvan və onun ermənilərə güzəşt edilməsi haqqında qərar; üçüncü hissədə Azərbaycanda qərar sonrakı fəaliyyətlər və erməni hökumətinin İrəvana köçməsi nəzərdən keçirilir.

I hissə

Xanlığın ləğvi və Rusiya üsul-idarəsi: İrəvanda nələr baş verdi?

(1827, oktyabr-1917, oktyabr )

1747-1827-Azərbaycanın mərkəzi İrəvan şəhəri olan İrəvan xanlığı.

1827, 1 oktyabr- Rusiya-İran müharibəsinin (1826-1828-ci illər) gedişində İrəvan şəhərinin Rusiya imperiyası tərəfindən işğalı. İrəvan xanlığının ləğvi. Əyalətin yaradılması.

1827, oktyabr-1917, oktyabr-İrəvan Rusiya imperiyası tərkibində.

1827, 6 oktyabr- Paskeviç tərəfindən İrəvan əyalətinin idarəsi üçün ümumi qaydalar yazılması. 1-ci maddəyə görə, mülki hissə üzrə işlərin aparılması üçün Müvəqqəti idarə yaradılır. Sədri Krasovski, üzvləri isə yepiskop Nerses və İrəvan qalasının müvəqqəti komendantı Borodin olur. (Акты Кaвkaзской Археографической Комиссии. т.7. Тифлис, 1878. док. 432, с.480-481)

1828, 10 fevral- Rusiya-İran Türkmənçay müqaviləsi. Naxçıvan və İrəvan xanlıqlarının Rusiya imperiyasına ilhaq edilməsi. (Полное собрание законов Российской империи. Собр. вт. СПб, 1830, т. III, док.1794, с.123-130)

1828, 21 mart- Mərkəzi İrəvan şəhəri olan “Erməni vilayəti”nin yaradılması. (Полное собрание законов Российской империи. Собр. вт., т. III, док.1888, с.272-273) Bununla da İran və Türkiyədən Azərbaycan torpaqlarına köçürülən ermənilərin İrəvan ətrafında təmərküzləşməsinə cəhd edilməsi.

1829-1832- İ.Şopen tərəfindən (məşhur bəstəkarın qohumu idi) “Erməni vilayəti”ndə kameral təsvirin keçirilməsi. İrəvanın Rusiya tərəfindən işğalından sonrakı vəziyyətdə İrəvan əhalisinin sayı və etnik tərkibi haqqında da məlumat verir. Bu rəqəmlər sonrakı dövr üçün baza rolunu oynadığından onları xüsusi qeyd etmək lazımdır. Müsəlmanların sayı: ailələr 1807, kişilər 3749, qadınlar 3582, cəmi 7331 nəfər. Onu da nəzərə almaq lazımdır ki, işğal prosesində müsəlman əhalinin müəyyən hissəsi şəhəri tərk etmişdi. Şopen erməniləri iki yerə bölür: yerlilər (əslində bunlar daha əvvəl gələnlər idi) və gəlmələr. “Yerli”lərin sayı belə idi: ailələr 567, kişilər 1220, qadınlar 1149, cəmi 2369 nəfər. Gəlmələr İran və Türkiyə olmaqla iki yerə bölünür. İrandan gələnlər: ailələr 366, kişi 903, qadın 812, cəmi 1715 nəfər. Türkiyədən gələnlər: ailələr 11, kişi 25, qadın 23, cəmi 48 nəfər. Rəqəmlərdən göründüyü kimi gəlmələr nəzərə alınmasa İrəvanın əhalisi 9700 nəfər idi ki, onun da 75,58%-müsəlmanlar, 24, 42%-isə “yerli” ermənilər idi. Köçürmə nəticəsində İrəvan əhalisinin etnik tərkibinin dəyişdirilməsi başlanır. Belə ki, köçürülən ermənilərin sayı (1763 nəfər) mövcud əhalinin (9700 nəfər) əhalinin 18,17%-ni təşkil edirdi. Bunun nəticəsində ümumi əhali içərisində (11463 nəfər) müsəlmanlar 63,95%, ermənilər isə 36,05% oldu. (Шопен И. Исторический памятник состояния Армянской области в эпоху ея присоединения к Российской империи. СПб., 1852, с.543-546)

1837, 20 sentyabr-26 oktyabr- İmperator I Nikolayın Qafqaz səfəri. Səfər çərçivəsində mövzumuz ilə əlaqədar bir sıra mühüm tədbirlər həyata keçirildiyi aydın olur. İmperator oktyabrın 4-də Gümrüyə gəlir. Müqəddəs Aleksandr adına kilsənin bünövrəsini qoyur və şəhəri Aleksandropol adlandırmağa icazə verir. Çar oktyabrın 5-də Sərdarabada, oradan Eçmiədzinə, sonra İrəvana gəlir. İrəvanda Sərdar sarayında Qafqazdakı rus qoşunlarının baş komandanı baron Rozen, hərbi və mülki administrasiya nümayəndələrinin də qatıldığı nahar vaxtı çox maraqlı hadisə baş verir. Sarayın yanına yığılmış kütlə içərisindən qışqırıq səsləri gəlir: “ərzimiz var, qoymurlar”. Bu səfərə məqalə həsr etmiş A. Berjenin deyildiyi kimi qeydə aldığı bu ifadələrdən görünür ki, bu insanlar azərbaycanlılar idi. Çarın “Bu nə səsdir?” sualına Rozen çarın gəlişi münasibətilə sevinc göstəricisi olduğunu bildirir. Bununla razılaşmayan çar məiyyətinə işin mahiyyətini aydınlaşdırmağı tapşırır. Nahardan sonra isə çar özü kütləyə yaxınlaşır və çoxlu şikayət eşidir. Əyalət rəisi erməni V.O.Bebutov sui istifadələrinə görə, vəzifəsindən uzaqlaşdırılır. (Берже А., Император Николай на Кавказе в 1837 г.//Русская старина. 1884, №8, с. 377-398) Bu nadir tarixi faktın önəmi ondan ibarətdir ki, hətta, Rusiya imperatoru qarşısında belə sadə azərbaycanlılar öz haqlarını qoruya bilmişdi. I Nikolay İrəvana səfərdən sonra yerindəcə əmin olur ki, “Erməni vilayəti” üsul-idarəsi özünü doğrultmamışdır və o dəyişdirilməlidir.

1840, 10 aprel- Zaqafqaziyada keçirilən islahatlar üzrə “Erməni vilayəti”nin ləğv edilməsi. Yeni yaradılan Gürcü-İmeret quberniyası tərkibində mərkəzi İrəvan şəhəri olan İrəvan qəzasının təşkili. (Полное собрание законов Российской империи. Собр. вт. СПб, 1841, т. XV, док.13368, с.237)

1840, 10 aprel-1846, 14 dekabr- İrəvan qəzası Gürcü-İmeret quberniyası tərkibində.

1846, 14 dekabr- Nikolayın təsdiq etdiyi Zaqafqaziya diyarının bölgüsü haqqında əsasnaməyə görə, Gürcü-İmeret quberniyasının ləğvi, Tiflis quberniyasının təşkili və İrəvan qəzasının bu quberniyuanın tərkibinə keçməsi. (Полное собрание законов Российской империи. Собр. вт. СПб, 1847, т. XXI, док.20701, с.647-648)

1846, 14 dekabr-1849, 9 iyun- İrəvan qəzası Tiflis quberniyası tərkibində.

1849, 9 iyun- I Nikolayın Zaqafqaziya diyarında İrəvan quberniyası yaradılması haqqında fərmanı. İrəvan quberniya şəhəri elan edilir. Quberniya İrəvan, Novo-Bayazet, Naxçıvan, Ordubad, Aleksandropol olmaqla beş qəzaya bölünür. (Полное собрание законов Российской империи. Собр. вт. СПб, 1850, т. XXIV, отд. первое. док.23303, с.311-312)

1850, yanvar-1917, fevral - İrəvan quberniyası çar hakimiyyəti dövründə.

1879, 1 oktyabr- 1870-ci il Şəhər əsasnaməsinə uyğun olaraq İrəvan şəhər dumasının fəaliyyətə başlaması. İrəvan duması şəhərin əsas anti-azərbaycanlı mərkəzlərindən birinə çevrildi.

1897, yanvar- Rusiya imperiyasında ilk ümumi əhali siyahıya alması. İrəvan quberniyası üzrə nəticələrə görə, İrəvan şəhərində 29006 nəfər əhali var idi. Əhali tərkibində ana dili tatar dili (Azərbaycan.-K.Ş.) olanlar 12359 (42,69%), erməni dili olanlar isə 12153 (41,89%) nəfər idi. Müsəlman və xristianların (erməni-qriqorian və erməni-katoliklər) nisbəti isə 12537 (43,22%) və 12516 (43,15%) olmuşdur. (Первая всеобщая перепись населения Российской империи 1897 г. LXXI. Эриванская губерния. СПб., 1905, с. 2-3) 1829-1832-ci il kameral təsviri ilə müqayisədə əhalinin 17543 nəfər (60,49%) artdığı görünür. Əhalinin etnik və dini tərkibində isə daha ciddi dəyişiklik olub. Ermənilərin sayı təxminən müsəlmanların sayı ilə bərabərləşib.

1902, 5 dekabr- Aleksandropol-İrəvan dəmir yol xəttinin açılışı. Bu və sonrakı dəmir yol xətlərinin çəkilməsi İrəvanın strateji əhəmiyyətini daha da artırırdı.

1906- İrəvan-Culfa dəmir yol xəttinin istifadəyə verilməsi.

1914-1916- I Dünya müharibəsi ərəfəsində İrəvan əhalisi 29366 nəfər idi ki, onun da 11500 nəfəri (39,2%) azərbaycanlı, 15531 nəfəri (52,8%) erməni idi. 1916-cı ildə İrəvanın əhalisi 1914-cü ildəki 29366 nəfərdən 51286 nəfərə (+21920 nəfər) çatır. (Həbib Rəhimoğu. Silinməz adlar, sağalmaz yaralar. Bakı, 1997, s.228 ) 1897-ci illə müqayisədə aydın olur ki, İrəvanda azərbaycanlıların demoqrafik vəziyyəti XX əsrin əvvəllərində kəskinləşməyə başlayır. Müharibə dövründə isə erməni qaçqınların məqsədyönlü şəkildə İrəvan şəhərinə yönəldilməsilə azərbaycanlıların sıxışdırılması genişlənir.

1914, avqust- Rusiyanın I Dünya müharibəsinə daxil olması. Ermənilərin Rusiya vasitəsi ilə Osmanlı dövləti ərazisində dövlət yaratmaq uğrunda mübarizəsi. Çar Rusiyasının I Dünya müharibəsinin Qafqaz cəbhəsində qələbəsilə geniş ərazilər işğalına baxmayaraq, ermənilərin istəyini yerinə yetirmir.

1917, fevral-oktyabr- İrəvan şəhəri Müvəqqəti hökumət dövründə.

1917, 9/22 mart-15/28 noyabr- Müvəqqəti hökumətin Zaqafqaziyada yerli orqanı Xüsusi Zaqafqaziya Komitəsi (Ozakom). Sədri V.A.Xarlamov (kadet) idi. Tərkibinə azərbaycanlılardan M.Y.Cəfərov daxil idi.

1917, 26 aprel/9 may- Müvəqqəti hökumətin “Türkiyə Ermənistan”ı haqqında əsasnaməsinin qəbulu. (Enes Şahin. Trabzon ve Batum konferansları ve antlaşmaları., s.65) Müvəqqəti hökumət bununla da Osmanlı ərazisində erməni dövləti yaratmağa nail olmaq istəyirdi. Müvəqqəti hökumət yenidən bu siyasətə qayıtdı. Sovet Rusiyası da bu xətti davam etdirirdi. Sonra aydın olacağı kimi Osmanlı imperiyası da erməni dövlətini Zaqafqaziyada yaratmağa çalışacaq.

1917, sentyabrın sonu-oktyabrın əvvəli- Erməni Milli Şurası. Rəhbəri A.V.Aharonyan (daşnak) idi. Azərbaycan Milli Şurası İrəvan haqqında danışıqları bu təşkilat ilə aparmışdır.

1917, 25 oktyabr/7 noyabr- Rusiyada Oktyabr çevrilişi, bolşeviklərin hakimiyyəti ələ alması. Rusiya imperiyasının dağılması. İrəvanın digər Azərbaycan torpaqları ilə birgə, Rusiya imperiyası tərkibindən çıxması. Zaqafqaziyada yaradılacaq yerli hökumətin hakimiyyətinə keçməsi.

Kərim Şükürov

Tarix elmləri doktoru, professor