AXC-nin "qurucu iqtidarı" Rəsulzadənin sədri olduğu Milli Şura deyil - II MƏQALƏ

MƏQALƏNİN ƏVVƏLİ BURADA:

https://www.aznews.az/news/investigation/311768.html

1917-ci ilin fevralında Rusiyada baş verən burjua inqilabınadək nə Müsavatdan ciddi bir siyasi təşkilat, nə də Rəsulzadədən parlaq bir siyasi lider kimi bəhs etmək mümkündür. “Açıq söz” qəzeti və Müsavat partiyası bu dövrdə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması uğrunda fəaliyyət göstərməyib. Müsavat Partiyası əsasən bir çox keçmiş “Hümmət”çinin siyasi dərnəyi halından qabağa getməmiş, Bakı və Bakı ətrafından kənara çıxa bilməmişdi. 1875-ci ildə doğulmuş Fətəli xan Xoyski bir yana, 1885-ci ildə anadan olmuş Məmməd Yusif Cəfərovla da müqayisədə onun seçki karyerası sönük idi. Burjua inqilabı Qafqazdakı bütün müsəlman partiyalarını canlandırdı, siyasi xadimlərin planlarına köklü təsir göstərdi. “Hümmət”çilər Nəriman Nərimanovu, “İttihad”çılar Qara bəy Qarayevi özlərinə lider seçdilər. Gəncədə “Difai”nin qurucularından olan hüquqşünas Nəsib bəy Yusifbəylinin başçılığı ilə “Türk ədəmi-mərkəziyyət”, daha başadüşülən desək, “Türk Federalistlər Partiyası” yaradıldı. “Qeyrət” partiyasının federalizm ideyasını və “Difai” partiyasının sosial bazasını mənimsəmiş TFP-nin proqramında Azərbaycanın ərazi muxtariyyətinə nail olmaqdan bəhs edilirdi. Partiya Gəncədəki “Şab Abbas” məscidinin qarşısında mitinq keçirərək öz proqramını xalqa açıqlamışdı. Mitinqdə “Yaşasın demokratik respublika” şüarı səsləndirilmişdi. 1917-ci ilin aprelində Bakıda keçirilən Zaqafqaziya Müsəlmanları Qurultayında TFP məhz ərazi muxtariyyəti tələbi ilə çıxış edir, çar mütləqiyyətindən qurtulmuş Rusiyanın dövlət şəklini milli-ərazi federasiyalardan ibarət görürdü. Zaqafqaziya Müsəlmanları Qurultayında Məmməd Əmin Rəsulzadə xüsusi məruzə ilə çıxış etdi. Onun məruzəsi ilk müəlliflərindən olmadığı milli federalizm ideyasını əsaslandırmağa həsr olunmuşdu. Beləliklə məlum oldu ki, Rəsulzadənin şəxsi siyasi mövqeyi (çünki bu dövrdə “Müsavat” qurultayını keçirməmiş, milli federalizm konsepsiyasını rəsmən qəbul etməmişdi) Nəsib bəy Yusifbəylinin başçılıq etdiyi TFP-nin siyasi proqramı ilə uyğunluq təşkil edir. Nəticədə TFP ilə Müsavatın birləşməsi məsələsi gündəmə gəldi. Lakin bu siyasi sövdələşmə barədə danışmazdan öncə bir siyasi xadimdən- Zaqafqaziya Müsəlmanları Qurultayının əsas təşkilatçısından və tədbirin prezidiumunda əyləşən milli cəbhənin LİDERindən bəhs etməliyik. O, Əlimərdan bəy Topçubaşovdur!

Doğum tarixi dəqiq olmayan, ancaq Tiflisdə 1863-cü ildə anadan olduğu söylənilən Əlimərdan bəy ixtisasca hüquqşünas və Həsən bəy Zərdabinin kürəkəni idi. Topçubaşov heç zaman sosialist, pantürkist və panislamist olmayıb. Öz siyasi mənşəyinə və dünyagörüşünə görə sağ-liberaldır. 1896-cı ildə ailəsi ilə birgə Bakıya köçən Topçubaşov tezliklə “Kaspi” qəzetinin başına keçir. Bakı şəhər Dumasının ilk müsəlman üzvlərindən biri olur və bu quruma sonralar da seçilir. 1905-ci ilin dekabrında Bakı və Yelizavetopol quberniyalarında ilk dəfə keçirilən Rusiya Dövlət Dumasına seçkilərdə də Topçubaşov qaliblər sırasındadır. Bundan bir neçə ay öncə isə Rusiya müsəlmanlarının ilk qurultayı keçirilib. Sədr İsmayıl bəy Qaspıralı, müavinlərdən biri Topçubaşovdur. Qurultayda açılışını da məhz o edir. Qurultayda Rusiya müsəlmanlarının siyasi baxımdan təşkilatlanması müzakirə olunur və sonda “Müsəlman İttifaqı”nın yaradılması qərara alınır. Bu qərarın çıxarılmasında Topçubaşovun müstəsna rolu var. Belə ki, 8 aprel 1905-ci ildə Peterburqda Rəşid əfəndinin evində bir yığıncaq keçirilir. Məşvərətdə “milli cəbhə” adlandırdığımız düşərgənin üç “ağır topu”- Əli bəy Hüseynzadə, Əhməd Ağaoğlu və Əlimərdan bəy Topçubaşov, dövrün digər müsəlman liderləri toplaşıblar. Toplantıda bütün Rusiya müsəlmanlarını birləşdirən bir siyasi təşkilat yaradılması zəruri hesab edilir. Bir neçə gün sonra Peterburqa gələn İsmayıl bəy də bu rəyə şərik olur. Yeri gəlmişkən, Azərbaycan Xalq Cümhuriyyətinin qadınlara verdiyi seçki hüququ da ilk dəfə təklif kimi məhz bu qurultayda Əlimərdan bəy tərəfindən irəli sürülüb. Bu məqalədə məqsədimiz Topçubaşovun siyasi fəaliyyətinə ayrıca nəzər salmaq olmadığından onun bioqrafiyası üzərində geniş dayana bilməyəcəyik. Ancaq onu demək, həm də qətiyyətlə demək lazımdır ki, 1908-ci ildə Əhməd Ağaoğlu Türkiyəyə köçdükdən sonra “Milli cəbhə”yə liderliyi Topçubaşov edirdi və onun əsas həmfikirləri Fətəli Xan Xoyski, Məmməd Yusif Cəfərov kimi sağ siyasətçilər- KADET-lər idi. Topçubaşov öz miqyasına görə məhəlli bir dərnək başqanı deyil, Aleksandr Kerenskinin qarşısına çıxıb “30 milyon müsəlmanın adından danışıram” deyə biləcək qədər Qafqazın hüdudlarını aşmış nəhəng siyasi xadim idi. Ümumrusiya Müsəlmanları Qurultayında Məmməd Əmin Rəsulzadənin məruzəsində əks olunan milli federalizm ideyasına verilən 446 səs dəstəyinin əsl sahibi də natiq özü deyil, qurultayı təşkil və idarə edən (bu işdə tək olmasa da) Topçubaşov idi. TFP və Müsavat partiyalarının birləşdirilməsi də onun xeyir-duası ilə baş tutmuşdu və birləşmə qurultayında Topçubaşov Rusiya Müəssislər Məclisinə keçiriləcək seçkidə milli qüvvələrin blokunun yaradılmasını təklif etmişdi. “Müsəlman bloku”nun namizədlər siyahısına müsavatçılar deyil, sağ liberallar- Məmməd Yusif Cəfərov və Əlimərdan bəy Topçubaşov öncüllük edirdi.

TFP ilə Müsavat partiyasının birləşməsi heç də Məmməd Əmin Rəsulzadənin “milli ideoloq” və ya “xarizmatik lider” olmasından irəli gəlmirdi. Yuxarıda söylədiyimiz kimi, milli ziyalıların bir çoxu Bakıdan qovulduqdan sonra Azərbaycanın sənaye və maliyyə şəhəri Bakı ilə Gəncə və Şuşanın timsalında milli və mədəni mərkəzlər arasındakı məsafə təkcə fiziki uzunluqdan ibarət deyildi. Yelizavetapol elitasının daşnak və bolşeviklərin at oynatdığı Bakıya siyasi dönüşü üçün milli cəbhəyə yön almış Rəsulzadə ilə ittifaq tək çarə kimi görünürdü. Partiyaların birləşməsi üçün Rəsulzadədən daha aydın bioqrafiyaya, daha üstün təhsilə, daha geniş siyasi təcrübəyə və təsir dairəsinə malik olan Yusufbəyli sədrlik postunu güzəştə getməli oldu. Lakin Yusifbəylinin Rəsulzadə ilə münasibətləri heç zaman bir çoxlarının zənn etdiyi sayaq “müridim-mürşüdüm” çərçivəsində deyildi. Əvvəla, Müsavat TFP-i deyil, TFP Müsavatı ideoloji baxımdan “udmuşdu”. İkincisi, TFP ilə birləşmiş Müsavat partiyasında faktiki olaraq üç fraksiya fəaliyyət göstərirdi. Seyid Cəfər Pişəvərinin yazdığına görə, onlardan birinə Yusifbəyli, digərinə Rəsulzadə özü, sonuncusuna Mirzəbala Məmmədzadə başçılıq edirdi. Üçüncüsü, AXC-nin Gəncədə üzə çıxan “iyun böhranı” zamanı Nəsib bəy Yusifbəyli Rəsulzadənin sədrlik etdiyi Milli Şuranın buraxılmasını və üzünü Fətəli xan Xoyskiyə tutaraq “inandığı adamlardan ibarət hökumət qurmağı” təklif etmişdi. Nəhayət, Nəsib bəy Yusifbəylinin başçılıq etdiyi V hökumətə etimadsızlıq göstərilməsində əsas rolu Müsavatdakı Rəsulzadə fraksiyasına daxil olan Məmmədhəsən Hacınski oynamışdı.

Azərbaycan Xalq Cümhuriyyətinin süqutunu bir sıra xarici amillər zəruri edib. Əvvəlcə Osmanlı, daha sonra Britaniya ordusunun Qafqazı tərk etməsi, Mustafa Kamal Atatürkün başçılıq etdiyi TBMM-nin bolşevik Rusiyasından dəstək almaq üçün AXC-ni sözün birbaşa mənasında qurban verməsi, bolşeviklərin Qafqazı yenidən işğal etmək həvəsinə düşməsi bu səbəblər zəncirinin əsas halqalarıdır. Lakin AXC-nin süqutunda daxili səbəblər də əhəmiyyətsiz və təsirsiz deyil. Bu səbəblərdən ilki, heç şübhəsiz, yeni-yeni formalaşan Azərbaycan ordusunun Qarabağda ermənilərlə savaşda olması, bolşeviklərin qarşısına çıxacaq hərbi gücün yetərsizliyidir. Daha bir həlledici amil müsavatdaxili çəkişmələrin hökumət və parlament böhranına dönməsidir. Rəsulzadə birmənalı şəkildə yazır ki, cümhuriyyətin süqutunun əsas faili Məmmədhəsən Hacınskidir. Məgər Hacınski Rəsulzadənin sədri olduğu Müsavat partiyasının üzvü deyilmi? Nədən Rəsulzadə Azərbaycan parlamentində çoxluqda olan “Müsavat”ın lideri kimi öz partiyasındakı konflikti (həm də bolşeviklərin əli ilə qızışdırılan ziddiyyətləri) çözmür, AXC-nin bolşeviklərin işğal təhdidi altında olduğu bir zamanda məsuliyyəti öz üzərinə götürüb hökumət qurmur və parlamentin Azərbaycanın müstəqilliyinə münasibətdə siyasi həmrəyliyini təmin etmir? Bu suala Məmməd Əmin Rəsulzadəni “istiqlal ideoloqu” və “AXC-nin banisi” kimi təqdim edənlərin heç bir ağlabatan cavabı yoxdur. Əksər hallarda belə bir sualdan ümumiyyətlə qaçırlar. Fəqət bu sual cavabsız deyil və ola bilməz.

Bəli, Rəsulzadə siyasi meydana atıldığı 1903-cü ildən 28 may 1918-ci ilə qədər olan müddətdə heç bir kütləvi çıxışında, məqaləsində və rəsmi siyasi platformasında “Əqdnamə”də əks olunan sayaq Azərbaycanın müstəqilliyindən danışmayıb. O, istiqlaliyyət uğrunda mübarizə aparmayıb. Rəsulzadənin təsəvvür etdiyi Azərbaycan Rusiyanın tərkibində indiki Tatarıstan sayaq bir federasiya idi. O özü deyirdi ki, Rusiya inqilabı bizə gözlədiyimizdən çox şey verdi. Rəsulzadənin gözlədiyindən çox olan Azərbaycanın dövlət müstəqilliyi idi. Elan olunduğu andan etibarən AXC-də hakimiyyət bölgüsü təşəkkül tapıb və bu bölgüyə əsasən dövlətin başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı Fətəli xan Xoyski olub. 28 may-15 senyabr (Bakının azad olunması) aralığını əhatə edən dövlət quruculuğunun ilk mərhələsində Rəsulzadə cümhuriyyətin hüdudlarında uzaqbaşı 4 gün olub. Zira bu mərhələdə Azərbaycan dövlətinin təşkilati təməlləri atılıb və atılan addımların hər biri dövlət və hökumət başçısı Fətəli xan Xoyskinin rəhbərliyi ilə gerçəkləşib. Azərbaycan hüdudlarında olduğu günlər ərzində Rəsulzadə Nuru paşa ilə görüşüb, ancaq Osmanlı komandanı siyasi məsələlər müzakirə etməyə səlahiyyəti olmadığını bildirib. Son nəticədə Milli Şura Gəncədə keçirilən iclasda özünü buraxıb. Bununla da Rəsulzadə bütün səlahiyyətlərini itirib. Milli Şura “tətilə”, sədr isə “diplomatik sürgünə” göndərilib.

Azərbaycanın dövlət müstəqilliyinin elan olunması 16 may 1918-ci ildə Zaqafqaziya Xüsusi Müsəlmanlar Şurasında qərara alınıb. İclasda Batumda olduğu üçün Rəsulzadə iştirak etməyib. Təklifi Nəsib bəy Yusifbəyli verib və Xəlil bəy Xasməmmədov dəstəkləyib. Həmin toplantıda dövlət müstəqilliyinin elan edilməsi üçün formal şərtlərin hazırlanması və Osmanlı tərəfindən çağrılan konfransında siyasi vəziyyətdən asılı olaraq qərar verilməsi üçün Zaqafqaziya Xüsusi Müsəlmanlar Şurasının Tiflisdəki üzvlərinin Batuma getməsi zəruri sayılıb. Dövlət müstəqilliyinin elan olunması, elan olunan dövlətin “Azərbaycan” adlandırılması və parlamentar respublika kimi fəaliyyət göstərməsi, qısacası, “Azərbaycan formulu” Nəsib bəy Yusifbəylinin beyninin məhsuludur. Məmməd Əmin Rəsulzadənin 27 may 1918-ci ildə Milli Şuranın sədri seçilməsi ilk növbədə Əlimərdan bəy Topçubaçovun Bakıda bolşeviklər tərəfindən həbsə alınmasının sonucudur. Əgər həmin gün azadlıqda olsaydı, Milli Şuranın sədri Topçubaşov seçiləcəkdi, necə ki parlament yarananda sədr məhz o oldu.

Bütün bunlarla yanaşı, diqqətdən qəsdən yayındırılan daha bir neçə məsələ var.

27 may 1918-ci ildə Milli Şura yaradılarkən onun İcraiyyə Komitəsi formalaşdırılmış və Fətəli Xan Xoyski İK-nin sədri seçilmişdi. Milli Şuranın Rəyasət Heyəti və İcraiyyə Komitəsi arasındakı prinsipial fərqi izah etmək üçün hüquqa müraciət olunmalıdır. Milli Şura yaranma anındakı statusuna görə, Qafqaz Müsəlman Federasiyasının Zaqafqaziya Seyminin üzvlərinin hesabına genişlənmiş parlamenti, İcraiyyə Komitəsi isə federasiyanın hökumətidir. Belə demək olarsa, “ortalıqda qalmış” federasiyanın dövlət və hökumət başçısı Fətəli Xan Xoyskidir.

Üstündən “ustalıqla” xətt çəkilən institut budur- Zaqafqaziya Müsəlman Federasiyası!

Diqqət edin, Gürcüstanın aralanması ilə konfederativ Zaqafqaziya Respublikası və onun Seymi dağılmış, seymdəki fraksiyalar bütün səlahiyyətlərini itirmişdilər. Zaqafqaziya konfederativ dövlətinin və parlamentinin dağılmasından sonra, Gürcüstanın, Azərbaycanın və Ermənistanın dövlət müstəqilliklərinin elan olunmasından öncə hüquqi baxımdan federasiyaların suverenliyi mövcud idi. Bu suverenliyi özündə saxlayan və onu respublika formalı tam müstəqil dövlətə çevirən siyasi və hüquqi müəssisə Əlimərdan bəy Topçubaşovun yaratdığı və xələfi may ayının 16-da iclas keçirmiş Zaqafqaziya Xüsusi Müsəlmanlar Şurası olan Milli Komitədir. Hüquqdan çıxış etsək, AXC-nin əsl “qurucu iqtidar”ı Milli Şura deyil, Leninin çar Rusiyasının müstəmləkə xalqları ilə bağlı dekretinə əsasən yaranan öz müqəddəratını təyin etmə haqqından istifadə etmiş qurumdur. Bu qurum isə öz yetkisini müsəlman qurultayından alır. Heç də təsadüfi deyil ki, AXC-nin konstitusiya aktında- “Əqdnamədə” Qafqaz müsəlmanlarının milli müqəddəratını təyin etmə haqqından Zaqafqaziya Seyminə qoşulmaqla istifadə olunması vurğulanır. Rəsulzadə Milli Komitənin üzvü olaraq Azərbaycan Respublikasının qurucularından biridir, böyük sevgiyə və ehtirama layiqdir.

Azərbaycan Xalq Cümhuriyyətini “Müsavat dövləti” saymaq, Cümhuriyyət kabinetlərini “Müsavat hökumətləri” adlandırmaq, Məmməd Əmin Rəsulzadəni “müstəqil dövlətin ruhu” kimi qələmə vermək, hətta onu “millət rəhbəri” statusunda təqdim etmək birmənalı olaraq sovetlərin, bolşeviklərin, Stalinin yanaşmasıdır. Bolşeviklərin azərbaycanlıların dövlət şüurunu manipulyasiya etmək üçün qəsdən yaratdıqları bu paradiqmanın müstəqillik dövründə davam etdirilməsi də Kreml siyasi texnoloqlarının planı kimi görünür. 1918-ci ildə qətiyyən təsadüf olmadan və yüzillik etno-politik hərəkatın nəticəsi kimi elan edilən Azərbaycanın dövlət müstəqilliyinin qazanılması faktının ən düzgün izahını elə M.Ə. Rəsulzadə verib. O deyib ki, istiqlaliyyət konkret bir şəxsin deyil, ictimai fikir müəssisəsinin sayəsində təşəkkül edib. Fəqət Rəsulzadə özü bu iqtiqlaliyyəti ərsəyə gətirən ictimai fikir müəssisəsinin 10 əvəzedilməz siması və dövlət quruculuğunun əsas yükünü çəkənlər arasında deyil.

Taleh ŞAHSUVARLI

QEYD: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə, Azərbaycanın dövlətçilik tarixinin,milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği sahəsi üzrə hazırlanıb.