İqtisadi qüdrətin təntənəsini xalqın gücü ilə birləşdirmiş fenomen insan İlham Əliyev

İyirmi birinci əsrin ilk iki on ili təkcə texnoloji dəyişikliklərin dünya ölkələri iqtisadiyyatına təsirinin böyük qüdrəti ilə deyil, həm də yeni siyasi dünya düzəninin formalaşmasının aktiv mərhələyə keçməsi ilə yadda qalmışdır. Belə gərgin geoiqtisadi, geosiyasi dövrdə müvazinəti saxlayıb, qlobal dəyişikliklərin məngənəsindən uğurla çıxmaq hər dövlətə, hər millətə nəsib olmamışdır.

Bu yalnız ensiklopedik biliyə, fenomenal siyasi duyuma malik, dərin islahatlar həyata keçirən, qüsursuz siyasi gedişlər etməyi bacaran böyük liderin cəsarəti, yorulmaz fəaliyyəti ilə mümkün ola bilərdi. Azərbaycan xalqı bu baxımdan özünü ən şanslı xalq saya bilər.

Ulu öndər Heydər Əliyev, onun layiqli davamçısı İlham Əliyev Allahın Azərbaycan xalqına böyük lütfudur. Müqəddəs kitabımız “Qurani-Kərim”də deyildiyi kimi hər qövm, yəni hər millət üçün layiq olduğu rəhbərlər göndərilir, yəni onlar seçilmişlərdir, burada Allahın iradəsi əsasdır.

Böyük liderlər kiçik icra fəaliyyətlərindən uzaqdır, onların addımları uzun illərə hesablanır, dərin biliyə, uzaqgörənliyə söykənir. Bugünün prizmasından baxdıqda Heydər Əliyevin ilk addımlarının niyə məhz “Əsrin kontraktı”nın imzalanmasından, özəlləşdirmə və torpaq islahatından başlanmasının qayəsi açıq-aydın görünür. Millətinin dəvətini qəbul edib növbəti dəfə hakimiyyətə gələndə Ulu Öndəri dərin iqtisadi tənəzzül içində boğulan, mənfur qonşu ölkəyə məğlub olmuş, ərazisinin böyük hissəsinə itirmiş, siyasi xaosa sürüklənən Azərbaycan, ümidsizliyə qapılmış pərişan xalq gözləyirdi.

Dərin zəka sahibi Heydər Əliyev yaxşı bilirdi ki, ölkəni yox olmaqdan qurtarmağın yolu iqtisadi vəziyyətin düzəlməsindən keçir. Amma bunu elə etmək lazım idi ki, böyük güclərin iqtisadi maraqları təmin olunsun və öz maraqları qorumaq naminə Azərbaycanın müstəqilliyini qorumağa məhkum olunsunlar. Ulu öndərə digər böyük hədəfləri həyata keçirmək üçün zaman lazım idi və “Əsrin kontraktı”nın imzalanması ilə buna nail oldu. Gələcəkdə tarixçilər üçün bu məsələdə kimin daha çox qazandığı ilə bağlı dartışılası heç bir şeyin qalmadığını əminliklə ifadə edirik. Nəticə göz qabağındadır: bu gün artıq hesablaşmağa məcbur edən dövlətə çevrilmişik. Əlbəttə, bu yol heç də asan olmamışdır. Ulu öndərdən estafeti ələ alan İlham Əliyev onun siyasi kursuna sadiq qalmaqla daha da zənginləşdirmiş, dövlətimizin, millətimizin böyüklüyünü sübut edəcək səviyyəyə qədər yüksəltmişdir.
Ümumiyyətlə, İlham Əliyevin fəaliyyətinə nəzər saldıqda onun sistemli, proqramlar üzərində qurulduğunu görürük. Millətinin ideallarını yaxın və uzaq vəzifələr şəklində milli dövlət proqramlarına çevirən bu böyük şəxsiyyət onları uğurla icra etməkdə davam edir. Dövlətini həmişə bütöv şəkildə görməyi bacaran ölkə başçısı regionların inkişafıni həmişə diqqətdə saxlamış, bütün prezidentlik dönəmlərinin hər biri üçün ayrıca “Regionların sosial-iqtisadi inkişafı Proqramı”nı qəbul etmiş və heyrətamiz nəticələrlə sonuclandırmışdır. Əgər ilk proqram kiçik və orta biznesin formalaşmasına xidmət edirdisə, sonrakı proqramlar regionlar və ölkəmizin daha prioritet sayılan sahələrin inkişafına yönəldilmişdir.

Hər bir regionun resurs potensialı, əhalinin məşğulluq xüsusiyyətləri nəzərə alınaraq inkişaf strategiyaları seçilmiş, istehsal və sosial infrastruktur əhəmiyyətli dərəcədə yenilənmişdir. Ölkənin hələ sovetlər dönəmindən strateji kənd təsərrüfatı sahələrinin bərpası və inkişafına təkan verilmişdir. Bu gün artıq Azərbaycan dünya bazarına 300 000 ton pambığın emal şəklində mahlıcını çıxarır. Süfrə və şərab üzümçülüyü, baramaçılıq geniş vüsət almış, çoxlu sayda meyvə bağları, çay plantasiyaları salınmışdır. Qeyri-neft sektorunun sürətli inkişafı məqsədilə 2016-cı ildə qəbul edilmiş “Strateji yol xəritəsi” uğurla icra edilmişdir. Bu gün artıq həm ÜDM-da, həm də büdcə daxilolmalarında qeyri-neft sektorunun payı bir neçə dəfə artmışdır. İlham Əliyev cənablarının hakimiyyətə gəldiyi ilk ildən bu günə qədər ÜDM 10 dəfədən, ölkə büdcəsi 15 dəfədən artıq artmışdır. Təkcə məktəblərin tikintisi və bərpasına nəzər saldıqda iki günə bir məktəbin tikintisi və ya bərpasının düşdüyü görünür. Belə sürətli quruculuq, belə əzəmət tarixin heç bir dönəmində heç bir ölkədə rastlanmamışdır.

Regionlarda əhalinin rahat həyat səviyyəsi üçün hər cür şərait yaradılmışdır. Elə bir kənd yoxdur ki, asfalt yolu, qazı, işığı olmasın. Əbəs yerə ölkəmizin büdcəsini sosial büdcə adlandırmırlar. Büdcənin xərc hissəsində sosialyönümlü xərclərin payı 50%-i ötüb keçmişdir. Bir sözlə, qısa zaman kəsiyində ölkəmiz əksər göstəricilər üzrə dünya ölkələri içərisində layiqli yer tutur.
Bu gün azad olunmuş Qarabağımızda aparılan bərpa və quruculuq işlərinin vüsəti böyük qayıdışın tezliklə reallaşacağından xəbər verir. “Ağıllı kənd”, “ağıllı şəhər” layihələri müasirliyin, texnoloji inkişafın bariz nümunələridir. Qarabağ iqtisadi rayonuna qoyulan investisiyalar tezliklə həmin regionun resurslarının ölkəmizin təsərrüfat dövriyyəsinə qoşulacağından, ölkəmizin ÜDM-in və büdcəsinin əhəmiyyətli artacağından xəbər verir.

İlham Əliyevin siyasi sahədə uğurları qibtəediləcək dərəcədədir. Böyük güc dövlətlərinin mübarizəsi və maraqları dairəsində onun yüksək manevr qabiliyyəti heyranedicidir. Heç bir sərkərdəyə 44 günə, az insan tələfatı ilə böyük qələbə, tarixin təkərini geriyə fırlatmaq nəsib olmayıb. İlham Əliyev bununla kifayətlənmək fikrində deyil. Atdığı addmlar onun böyük arzularından, yeni manifestindən – böyük dövlət, böyük millət manifestindən xəbər verir. Məhz budur düşmən ölkələri qorxudan, Avropada, Amerikada himayədar axtarmağa məcbur edən. Son zamanlar ölkəmizə qarşı olan hədyan hücumlar qorxunun törətdiyi “instinkt hürmələrdən” başqa bir şey deyildir. Keçən əsrin 70-ci illərinə qədər qaradərili insanların sanitar qovşaqlarını, yeməkxanalarını, geyim mağazalarını ağdərililərdən ayrı tutan ABŞ bu gün ölkəmiz haqqında müxtəlif dini inanclı insanların problemləri haqqında sayıqlayır. Tarixdə səlib yürüşlərində, Afrika ölkələrində qətliamlarda ad çıxarmış Fransa insan haqları, ədalət haqqında sərsəmləyir.

Bütün bunlar nə ölkə prezidentini, nə də Azərbaycan xalqını tutduğu böyük yoldan döndərə bilməz. Çünki xalq öz lideri ətrafında sıx birləşmişdir və bu birlik sarsılmazdır. Azərbaycanın böyük ziyalı ordusu İlham Əliyevi dəstəkləyir və onun böyük amallarının həyata keçməsində daim yardımçı olacaqdır.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) “İqtisadiyyat” kafedrasının dosenti, iqtisad elmləri namizədi İlhamə Mahmudova

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) “İqtisadiyyat” kafedrasının dosenti, iqtisad üzrə fəlsəfə doktoru Müslüm Mürsəlov