Naxçıvanın dağ-mədən sahəsində müasir tədqiqat üsullarından istifadə ediləcək

Hazırda “AzerGold” QSC Azərbaycanda geoloji kəşfiyyat proqramlarına dəstək verərək, Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər nazirlikləri ilə əməkdaşlıq edir.

Bu sözləri “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov Naxçıvan şəhərində muxtar respublikanın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı və Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəliyinin dəstəyi keçirilən Beynəlxalq Geologiya-Mədənçilik Forumunda deyib.

Onun sözlərinə görə, səhmdar cəmiyyət dövlət sifarişi əsasında Şərqi Zəngəzur, Gəncə-Daşkəsən iqtisadi rayonları və əlbəttə ki, Naxçıvanda müasir tədqiqat üsulları – hiperspektral peyk çəkilişləri və aeroelektromaqnetik metodlarla geoloji tədqiqatlar həyata keçirir: “Bu texnologiyalar hasilata qədərki mərhələdə xərcləri azaldır, geoloji kəşfiyyat işlərinin dəqiqliyini və sürətini artırır. Qeyd etdiyim tədqiqatlar nəticəsində sadaladığım ərazilərin perspektivləri müəyyən olunacaq. 2026-cı ildə tədqiqat sahələrinin İlkin qiymətləndirilməsinin aparılaraq, kəşfiyyat proqramın yekunlaşdırılması nəzərdə tutulub”.

O bildirib ki, işlərin nəticəsi olaraq ölkə ərazisinin Kiçik Qafqaz hissəsinin vahid hiperspektral xəritələnməsi tamamlanacaq: “Toplanmış geoloji məlumatlar ölkənin dağ-mədən sahəsində malik olduğu bütün potensialı haqqında dəqiq təsəvvür yaradacaq. Bu, dövlətimizə perspektivli sahələrdə işə başlanılması ilə bağlı müvafiq qərarların verilməsinə imkan yaradacaq. Nəticədə, ölkə iqtisadiyyatının inkişafı naminə yeni dağ-mədən layihələrinə investorların və ya yaxud milli operator şirkəti qismində “AzerGold” QSC-nin cəlb edilməsinə zəmin yaradılacaq”.

Bundan başqa, Z.İbrahimov qeyd edib ki, dövlət-özəl sektor tərəfdaşlığı çərçivəsində yaradılmış “AzerGold”un digər törəmə şirkəti – “AzerBlast” MMC tərəfindən əsasən dağ-mədən sektorunda istifadə edilən mülki partlayıcı maddələrə tələbatın yerli xammal hesabına ödənilməsi məqsədilə ölkəmizdə ilk və yeganə istehsal sahəsi yaradılıb: “Qarşıdakı illərdə Naxçıvan Muxtar Respublikasının sənaye sahələrində (mədənçıxarma, qazıntı sahələri, inşaat, yol təsərrüfatı və s.) icra edilən partlayış işlərində məhz dövlətimizin pay sahibi olduğu “AzerBlast” şirkətinin istehsal etdiyi məhsullardan istifadə edilə bilər”.

Report