Xaricə axan milyonlar - İş adamları niyə Azərbaycana sərmayə qoymaq istəmir?

“Azərbaycanlı iş adamları ilə birlikdə Gürcüstanda yeni klinikalar tikdirmişik”.


AzNews.az-ın ans press-ə istinadən məlumatına görə, bu sözləri Gürcüstanın sabiq səhiyyə naziri Sandro Uruşadze deyib.

Sabiq nazir bildirib ki, Gürcüstanda buna görə investorlar üçün rahat iqtisadi şərait yaradılıb. "Mən səhiyyə naziri vəzifəsinə 2010-cu ildə təyin edilmişəm. İki il ərzində isə biz ölkədə 150 klinika açdıq. Yeni klinikaların tikintisində azərbaycanlılarla bərabər Misir, Türkiyə, Rusiya və digər ölkələrin biznesmenləri bizə köməklik göstərdilər. Əksər iş adamları Gürcüstana investisiya qoymaqda maraqlı idilər", - deyə sabiq nazir qeyd edib.


Onun sözlərinə görə, yeni tikilən klinikalar müasir avadanlıqlarla təchiz edilib. Azərbaycanlı biznesmenlər təkcə Gürcüstanla bərabər Rusiya, Türkiyə, Qazaxıstan, İsveçrə, İran və digər dövlətlərə sərmayə qoymağa maraq göstərirlər. Amma onların çoxu Azərbaycana sərmayə qoymaqda maraqlı deyillər. Bəs, bunun səbəbi və ya səbəbləri nədir?

İqtisadi və Sosial İnkişaf Mərkəzinin əməkdaşı, iqtisadçı Nicat Hacızadənin sözlərinə görə, xarici sərmayədarları xüsusilə də azərbaycanlıları ölkəmizə investisiya qoymağa həvəsləndirmək üçün kreditlərin faiz dərəcəsi endirilməli və həmçinin gömrük sistemindəki bürokratik əngəllər tamamilə aradan qaldırılmalıdır.

"Ümumilikdə, Azərbaycanda xüsusi sahibkarlığı və investisiyanı şərtləndirən biznes kreditlərinin faiz dərəcələri çox yüksəkdir. Bu isə sərmayədarlar üçün əlverişli deyil. Bundan başqa Azərbaycanın mülkiyyət toxunulmazlığı və məhkəmə ilə bağlı dərəcələri beynəlxalq reytinq agentlikləri tərəfindən aşağı göstərilir. İnvestorlar isə sərmayə qoyduqları ölkələrdə belə məsələlərə çox diqqət yetirirlər. Bu problemlərin olması isə bəzi investorları Azərbaycana sərmayə qoymaqdan çəkindirir. Amma ümumilikdə Azərbaycanda sərmayə üçün həm sabitlik, həm də makroiqtisadi baxımdan şərait var", - deyə iqtisadçı bildirdi.

Nicat Hacızadənin sözlərinə görə, əgər bu problemlər aradan qaldırılsa, həm ölkədəki, həm də xaricdəki sahibkarları sərmayə qoymağa həvəsləndirər.

Ümumilikdə dövlətlər xarici sərmayədarları ölkəyə cəlb etmək üçün xüsusi güzəştlər tətbiq edirlər. Məsələn, Türkiyədə ABŞ, Yaponiya və Çin kimi ölkələrdə bunun üçün Azad iqtisadi zonalar yaradılıb. Bu tip iqtisadi zonalarda investorlara xüsusi güzəştlər tətbiq edilir. Azad iqtisadi zonalarda yerləşən təsərrüfat subyektləri xüsusi qanunvericiliyi özündə əks etdirən rejim altında fəaliyyət göstərirlər və onların bu fəaliyyəti tənzimlənir. 1985-ci ildə azad iqtisadi zonaların yaradılmasına başlanması Dubayın sürətli inkişafına təkan verdi və şərqdən qərbə yolun üzərində yerləşən bu ölkədə indi məşhur şirkətlər həm hökumətin güzəştlərindən istifadə edib zavod-fabriklər tikirlər, həm də dünyanın müxtəlif bölgələrinə mal paylamaq məntəqəsi kimi Dubayın ərazisindən istifadə edirlər.


Azad iqtisadi zonada sərmayədarlara edilən güzəştlər

Azərbaycan da şərqlə qərbi birləşdirən yolların üzərində yerləşir. Amma bizdə Azad iqtisadi zonaların yaradılması ləngisə də, sahibkarlara lisenziyaların verilməsində, vergilərin tətbiqində bəzi güzəştlər edilir.

Ümumilikdə xarici dövlətlərdə sərmayə qoyuluşuna daha çox güzəştlər edilsə də, azərbaycanlılar həmişə uğur qazana bilmirlər. 2009-cu ildə 600 milyon dollar dəyərində sərvətlə Rusiyanın ən zəngin biznesmenlərinin siyahısına daxil olan azərbaycanlı biznesmen Telman İsmayılov 2015-ci ildə müflis elan edildi.

Oliqarx biznesin müxtəlif sahələri - hotel, zərgərlik, tikinti ilə məşğul olsa da, onun əsas gəlir mənbəyi "Çerkizovsk" bazarı olub. O, Türkiyənin ən böyük otellərindən biri olan "Mardan Palace"ın sahibi idi. Bundan başqa, bu ilin fevralın 21-dən etibarən Moskvada azərbaycanlı biznesmenə məxsus "Piramida" ticarət mərkəzinin söküntüsünə başlanılıb.

Belə halların yaşanması isə xarici dövlətlərə sərmayə yatırmağın etibarlı olmadığını ortaya qoyur. Çünki həmin ölkənin hökuməti istədiyi vaxt xarici sərmayədara qarşı sərt tədirlər həyata keçirə bilir. Bu isə həmin iş adamlarının Azərbaycana sərmayə qoyacağı ehtimalını artırır. Azərbaycan höküməti bu ehtimalları dəyərləndirməklə investisiya qoyuluşunu daha da stimullaşdırmalıdır. Əgər Azərbaycana sərmayədarlara xüsusi vergi, gömrük və sahibkarlığın inkişafı ilə bağlı daha çox güzəştlərə edilərsə, o zaman hər hansı həmvətənimiz klinikanı Gürcüstanda deyil, Azərbaycanda tikdirməyə maraq göstərər.