Manat üçün təhlükə artır – Ölkədən kapital axını güclənir

Neftin dünya bazarında qiymətinin ucuzlaşması manat üçün təhlükə yaratmaqda davam edir. Hazırda Azərbaycan neftinin qiyməti 50 dollardan da aşağıdır. Bu isə qarşıdakı dövrdə təkrar devalvasiyanı qaçılmaz edir.



AzNews.az-a açıqlama verən iqtisadçı ekspert Samir Əliyev deyir ki, manatın devalvasiyasının qarşısını almaq müvəqqəti olaraq mümkün ola bilər:



"Hazırda dünya bazarında neftin qiymətinin ucuzlaşdığı bir dönəmdə manatın kursunun sabit saxlanılması çətin olacaq. Çünki manatın arxasında neft gəlirləri durur. Neftin qiymətinin azalması isə manatın sabitliyinə olan təhlükəni artırır. Burada qonşu Rusiya amilini də yaddan çıxarmaq olmaz. Rusiyada iqtisadi durumun pisləşməsi istər-istəməz Azərbaycana da təsir göstərir. Bu bir tərəfdən Rusiyada yaşayan soydaşlarımızın gəlirlərinə və dolayısı ilə ölkəyə daxil olan vəsaitə təsir edir. Digər tərəfdən isə Azərbaycanın qeyri-neft sektorunun əsas bazarı Rusiya idi. Son statistik məlumatlar isə göstərir ki, Rusiyaya ixrac azalıb. Bunun əvəzində isə idxalımız artıb".

Ekspertin sözlərinə görə, manat üçün ikinci ən böyük təhlükə kapital axınıdır:

"Hazırda kapital axını açıq və gizli şəkildə özünü göstərir. Xarici ölkələrin daşınmaz əmlak bazarına yatırılan pullarla bağlı açıq məlumatlar var. Son dövrlər Türkiyə, Yunanıstanda daşınmaz əmlak alanların sayı artıb. Sahibkarların məcburi şəkildə kreditlərin ödənişinə cəlb edilməsi də göstərdi ki, sahibkarlar ölkəmizdə bezneslərinin gələcəyinə şübhə ilə baxır. Bu da göstərir ki, ilin əvvəlində likvid kapital axırdısa, hazırda qeyri-likvid kapital ölkədən axmaqdadır. Bu da qarşıdakı aylarda manat üçün böyük təhlükədir".

S.Əliyevin qənaətinə görə, neftin qiymətinin indiki həddində manat üçün devalvasiya təhlükəsi qalır:

"Amma qarşıda parlament seçkiləri var. Ola bilər ki, hökumət parlament seçkilərinədək ciddi devalvasiyaya getməsin. Valyuta ehtiyatları hesabına manatın dəyəri qorunsun. Amma düşünürəm ki, neftin qiyməti ucuzlaşmaqda davam edərsə, parlament seçkilərindən sonra devalvasiya ehtimalı artacaq. Ən azı yumşaq devalvasiyanı müşahidə edəcəyik. Devalvasiyanın hansı həddə olacağı isə neftin qiymətindən asılı olacaq".

Xalid
AzNews.az