Azərbaycanda müəllimlərin işə qəbulu qaydaları

Azərbaycan Təhsil Nazirliyi ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərin işə qəbulu qaydalarını açıqlayıb.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, "Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların yerdəyişməsi və işə qəbulu Qaydaları"nında göstərilir ki, təhsil sisteminə daxil olan ümumi təhsil müəssisələrində (ibtidai, ümumi orta və tam orta məktəblərdə, ümumtəhsil internat məktəblərində və istedadlı şagirdlər üçün məktəblər, gimnaziyalar, liseylərdə) və peşə liseylərində daimi işləyən müəllimlərin bir rayondan (şəhərdən) başqa rayona (şəhərə) yerdəyişməsi və ixtisaslı müəllim kadrlarının işə qəbulu Təhsil Nazirliyi tərəfindən elektron texnologiyalar tətbiq olunmaqla və şəffaflıq təmin edilməklə mərkəzləşdirilmiş qaydada müsabiqə yolu ilə həyata keçirilir.
Müəllimlərin yerdəyişməsi və işə qəbulu üçün Təhsil Nazirliyində müsabiqə komissiyası və apelyasiya komissiyası yaradılır.

Müəssisələrdə digər pedaqoji kadrların (müəllim köməkçiləri,
tərbiyəçilər, defektоlоqlar, lоqоpedlər, istehsalat təlimi ustaları, praktik psiхоlоqlar, sоsiоlоq-pedaqоqlar, məktəb uşaq birliyi təşkilatı rəhbərləri, bilavasitə pedaqоji prоseslə məşğul оlan mühəndis-teхniki, tədris-köməkçi işçilər, kitabxana müdiri və kitabхanaçılar) işə qəbulu tabelik üzrə təhsili idarəetmə orqanın razılığı əsasında müəssisələrin rəhbərləri tərəfindən həyata keçirilir.

Müəssisələrdə vakant olan gənclərin çağırışaqədərki hazırlığı üzrə rəhbər vəzifəsinə işə qəbul Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Rayon Dövlət İdarəsi və tabelik üzrə təhsili idarəetmə orqanı ilə razılaşdırılmaqla müəssisə rəhbəri tərəfindən həyata keçirilir.
Təhsil sisteminə daxil olan xüsusi tipli ümumi təhsil müəssisələrinə
(xüsusi məktəblər və xüsusi internat məktəbləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi məktəblər və internat məktəbləri, xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün müəssisələr, cəzaçəkmə müəssisələrindəki ümumtəhsil məktəblərinə) müəllimlərin və digər pedaqoji işçilərin işə qəbulu tabelik üzrə təhsili idarəetmə orqanının razılığı əsasında müəssisələrin rəhbərləri tərəfindən həyata keçirilir.
Məhkəmənin qərarına əsasən, yaxud sağlamlığı ilə əlaqədar pedaqoji fəaliyyət göstərməsi qadağan olunan şəxslər pedaqoji işdə çalışa bilməzlər. Həmin kateqoriyadan olan şəxslər müəllimlərin işə qəbulu üzrə müsabiqəyə buraxılmırlar. Qeyri-pedaqoji təhsilli, həmçinin xaricdə təhsil alaraq təhsil sənədinin tanınmasına dair şəhadətnamə almayan şəxslərin müəllim vəzifəsinə işə qəbuluna
icazə verilmir.

İxtisası üzrə ən azı 10 il müəllimlik fəaliyyəti göstərmiş və sonradan
3 ildən az müddətə işdən ayrılmış şəxslərin yenidən işə qəbulu Təhsil Nazirliyinə müraciət əsasında həyata keçirilir. Müraciət etmiş hər bir şəxslə müsahibə aparılır və nəticələrə əsasən müvafiq qərar qəbul edilir. Belə müraciətlərə müəllimlərin işə qəbulu üzrə mərkəzləşdirilmiş müsabiqənin keçirildiyi dövr istisna olmaqla, dərs
ili ərzində baxılır.

İbtidai siniflərdə fiziki tərbiyə, musiqi, texnologiya və təsviri incəsənət
dərsləri ibtidai sinif müəllimlərinin özləri tərəfindən tədris edilir. İbtidai sinif müəllimlərinin yazılı razılığı əsasında həmin dərslərin ixtisas müəllimləri tərəfindən tədrisinə icazə verilir. İbtidai siniflərdə xarici dil və informatika fənləri ixtisaslı kadrlar tərəfindən tədris edilir. Kadr olmadığı halda, informatika fənninin ibtidai sinif müəllimi tərəfindən tədrisinə icazə verilir.

AzNews.az