Mədəniyyətdə darısqallıqdan tıncıxma

Niyazi Mehdi

Böyük Azərbaycan

Mənim hələ də xoşuma gələn bir aforizm var: "Azərbaycan həmişə bizim düşündüyümüzdən böyükdür". Deyimin müəlliflik hüququ məndədir. Aforizm o zaman ağlıma gəldi ki, gördüm, bu Azərbaycanda heç də hər nəsnə proqnoza yatmır. Qorxaqlıq gözlədiyin yerdə igidlik edirlər, igidlik gözlədiyin yerdə qorxaqlıq. Beləcə, çox tez-tez, anlaşılmaz səbəblərə görə sevgi yerini nifrətə, paxıllığa, əliaçıqlıq xəsisliyə, ən dəhşətlisi isə dindarlıq dinsizliyə verir. Beləcə, mənə "böyüklük" anlayışı səbəb-nəticə darısqallığını aşan genişliyi bildirdi.

Kültür klausrtofobiyası

Böyüklük, genişlik bilgisi insana siyasətin subyekti, əxlaqın daşıyıcısı, dindar kimi çox gərəksə də demək olar ki, az adamın ona gücü çatır. "Allahu əkbər"… Ərəblərin sevdiyi, hayqırdığı bu böyüklük anlayışına çox vaxt nə bizlərin, nə ərəblərin gücü çatır. Allahın əkbərliyi odur ki, hər yeri tutub, ancaq çox vaxt dindarlar özlərini elə aparırlar ki, sanki Tanrıdan xəlvət nəsə edə bilərlər.

Psixologiyada daralmış qavrayış effekti var. Elm deyir ki, insanda affekt (hirsli, duyğulanmış) vəziyyətdə daralmış qavrayış yaranır. Bədbəxtçilikdə insanın qavrayışı elə daralır ki, hətta deyir, dünya başıma dar gəldi. O, genişliyə çıxa bilmir ki, bu günün sabahı var. Daralmış qavrayışa görə insan gələcəyin yaxşı günlərini düşünə bilmədiyi üçün özünü öldürür. Halbuki qavrayışını bir az genişləndirsəydi, əli özünə qalxmazdı.

Bəzi adamlarda məkan darlığına dözümsüzlük (klaustrofobiya) var. Fikir verin, mən dedim, yalnız bəzi adamlarda. Ancaq yazıqlar olsun, psixoloji planda çoxluq asanca genişliyi unudur.

Böyük kənd

İnternet dərya kimidir, ancaq orada işlədikcə daralmış görünür, sanki balaca şəhərdə gəzirsən. Herbert Məklyuen Yer üzünü Böyük kənd adlandırmışdı. Çox düşündüm, nəyə görə? Sonra tapdım: kənd elə bir məkandır ki, hamı-hamını tanıyır. Məklyuen demək istəmişdi ki, TV və radionun sayəsində dünya bir-birindən xəbəri olan tanışların məkanına çevrilib, ona görə kənd kimi olub. İnternet, bu anlamda, dünyanı daha çox kənd edib.

Siz fikir verin, görün, nə tez TV-də, radioda, mətbuatda daralma gedir. FM radiolara 5-6 gün qulaq asandan sonra fırlanan mahnıların sayca azlığı, deməli, dar çevrəsi yaranır. Sözsüz, düşünəndə ki, dünyada nə qədər musiqi var, azmanlıq yaranır.
Ancaq zamanın hər indisində bütün musiqilər "aktual" olmur, axı. Eləcə də televizyonlarda göstərilən filmlər - bir azdan belə bir duyğu yaradır ki, çox az baxımlı film var. Azərbaycan telekanallarında təbii yaranan personoloji-tematik-coğrafi darısqallığın üstünə insanlarla bağlı senzuranın gətirdiyi darısqallıq əlavə olunur.

Erkin Qədirlinin ilginc bir müşahidəsi var: deyir ki, bütün bölgələr üz tuturlar Bakıya - məktublar, telefon danışıqları, poçt bağlıları bura gəlir ("bütün yollar Romaya aparır"). Kommunikasiyanın Bakıya yönəlik intensivliyi fonunda bölgələrin bir-biri ilə ünsiyyəti çox seyrəkdir. Bakıya bu zillənmə məmləkəti daralmışlıqda göstərir.

İnformasiyaların qovşağı


Bir vaxtlar mikrorayonda yaşayanda mən Moskva yataqxanasında olan vərdişimlə qapını açıq qoyardım. Milisdə işləyən bir zabit qohum hər həftə qonaq gələndə qapını kilidlənməmiş görüb dəhşətə gələrdi: sən bilirsən şəhərdə nələr baş verir?!

Sonra mən anladım ki, o milisdə işdə olanda bütün cinayətlə bağlı informasiyalar ona gəldiyi üçün Bakı ona oğrularla, qatillərlə dolu böyük şəhər kimi görünür. Mən isə elə məkanda yaşayıram ki, aylarla cinayət görmürəm.

Bəs, bu qədər yazını mən nə üçün yazdım? Onun üçün ki: a) biz həm gerçəklik, həm də psixoloji planda məkan darısqallığına məhkumuq. O mənada ki hətta gündə bir ölkəyə gedən adam da bir az sonra Yeri balaca məkan bilir; b) toplumda plüralizm, özgür media qavrayış darısqallığını azaldır; c) liderlər psixoloji darısqallığa girinc olduqları üçün siyasi-sosial-iqtisadi qərarlarda yanlışlara yol verirlər, genişlik şüuru olmalıdır ki, yanlışlar azalsın.
___
Teleqraf