Başına daş salınmış Azərbaycan şeiri

Qədimdə olduğu kimi elə indi də adamlar biri birinə öz fikirlərini daha təsirli şəkildə çatdırmaq üçün hansısa şairin bir bənd şeirindən, bir bənd bayatıdan, nə bilim bir ritmlik holavardan sitat gətirir. Şeirin "gücü" hər zaman aktual bir güc hesab olunub. Hətta bir şeir ilə eyni ideyaya qulluq edən bir roman bəzən gözə görünməyib. Bir şeirə görə sürgünlərdə qalan, ölümə düçar olan şairlərimiz olub.

Azərbaycan dünyaya tayı-bərabərləri olmayan şairlər verib. Nizamidən bu yana gəlib getmiş yüzlərlə söz ustadlarımız öz yaradıcılığı ilə, necə deyərlər, tüğyan eləyiblər. O zaman şair dediyin kəs əsrdə bir-iki olurmuş, daha indiki kimi ildə 100-200 yox. Artıq hər yerindən qalxan, iki kəlmə söz bilən ya da ulu babası şair, yazıçı olan və şairliyin, yazıçılığın irsi xəstəlik kimi keçdiyini düşünən, populyar olmaq istəyən və s. hamı şeir yazmağa başlayıb. Şeyx Əbdül demişkən, "Anıma, manıma, Dur gəl yanıma"...

Artıq söz bazarında şeirin dəstəsi bir abbasıya da getmir. Cəmiyyətin əksər təbəqəsi demək olar ki şeirə maraq göstərmir. Əslində, bunun səbəbi şeirin dəbdən düşməsi, nə bilim, internet, sosial şəbəkələr-filan deyil.

Əsl səbəb saxtalıqla "şair" olmaqdadır. Şəxsən mən elə şairlər tanıyıram ki, həqiqətən də, çox gözəl qələmləri var. İmkansızlıq ucbatından heç yanda dərc ola bilmirlər, kitab çıxartdıra bilmirlər. Amma, bu gün əlində saytı, nəşriyyatı, nə bilim qəzeti olan elə yaramaz adamlar var ki, lap şeirin başına daş salırlar. Və başına daş saldıqları cızma-qaralarını da cəmiyyətə şeir kimi sırıyırlar. Adını "postmodernism" qoyduqları, əslində isə ibtidai icmaya qayıdan bir təfəkkürlə nəsə alt-alta bir şey yazıb adına şeir deyirlər. Sonra da onu yaymaqla məşğul olurlar.

Bu gün guya hamı qafiyyəpərəstlikdən çıxıb olub bomba şair. Daha şeirdə qafiyə, ritm deyilən şey qalmayıb. Elə kimin beyninə nə fikir gəldi alt-alta yazıb adını şeir qoyur. Məsələn, biri düşünür ki, "İnsanlar dünyaya bərəbər gəlibsə, bəs niyə bərabər yaşamır görəsən?" sonra bu fikri aşağıdakı formata salır:

İnsanlar dünyaya
bərəbər gəlibsə,
bəs, niyə
bərabər yaşamır, görəsən?

Bu da olur şeir. Ya da bu "mübarək kəlmə"lərin içinə gic-gici bir şeydə soxuşdururlar. Məsələn "Uzaqdan eşidilməyən səslər gəlirdi", "Dünyanın sonuna qədər heç kimin başa düşüb anlamayacağı sözlər". Heç yazanı özü də anlamır. Sadəcə, məndən də qeyri-adi bir şey çıxdı demək üçün...

Əslində, şeirin hansı vəzndə, hansı üslubda yazılmasından asılı olmayaraq, şeirdə bir ritm olmalıdı. Ritmsiz alt-alta yazılan sözlərin heç biri şeir adlandırıla bilməz. Şeirə çox zaman nəzm də deyirlər. "Nəzm" sözü isə nizam mənasını ifadə edir. Nəzmin əsas xüsusiyyətlərini bilmədən şeiri ahəngdar və rəvan oxumaq, orada irəli sürülən fikri başa düşmək, nəzm əsərlərinin məzmununu mənimsəmək olmaz. Nəzmdə ahəng daha böyük əhəmiyyət kəsb edir. Amma bu gün minlərlə ritmsiz, ahəngsiz "alt-altalar" şeir adı ilə cəmiyyətə sırınır. Ən çox da bu alt-altaların mövzusu intim hiss, ateizim və s.

Azərbaycan cəmiyyətinə xas olmayan "ideyalar" ilə doludur. Onsuz da zaman bir ələkdi və elin gözü tərəzidi. Bu zir-zibillərin biri də sənət əsəri olaraq qalmayacaq. Get-gedə daha da inkişaf edən insan təfəkkürü belə şeylərə olsa-olsa baxıb istehza ilə güləcək..

Bu yazarlara bir söz demək istəyirəm. O yazarlara ki, istedadın yox, "savadın" və xarici təsirlərin köməyi ilə şeir yazırlar. A kişinin balaları, vallahi, sizdən şair olan deyil, özünüzü və şeirimizi biabır etməyin.

AzNews.az