Dramaturqlar teatr rəhbərlərini, teatr rəhbərləri isə rejissorları qınayır Dramaturqlar teatr rəhbərlərini, teatr rəhbərləri isə rejissorları qınayır

“Rejissorlar qorxaqdırlar” – İTTİHAM

Dramaturqlar teatr rəhbərlərini, teatr rəhbərləri isə rejissorları qınayır


Akademik Milli Dram Teatrının ədəbi hissə müdiri Atababa İsmayıloğlu dramaturq Firuz Mustafa və Elçin Hüseynbəyli ilə üz-üzə gəlib. "Azadlıq radiosu"nda teatrda haqsızlıqla qarşılaşdıqlarını iddia edən dramaturqlara A.İsmayıloğlunun cavabı belə olub: "Firuz Mustafanın əsəri bu dəqiqə yadımda deyil. Elçin Hüseynbəyli bizə "Sezar" pyesini verib, o pyesi kimlərəsə ithaf edib. Demişəm ki, indi bizim siyasi əsərə ehtiyacımız yoxdur".

"Atabala müəllim gülməli danışır"

Yazışı-dramaturq Elçin Hüseynbəyli isə AzNews.az-a açıqlamasında bildirdi ki, cəmiyyətdə baş verən hər hansı ictimai-siyasi proseslər kinoda, teatrda, səhnədə əks olunmalıdır: "İstər teatrlarımızda, istərsə də kinolarımızda öz taleyimiz əks olunmalıdır. Millətin düşdüyü və qarşılaşdığı hazırkı vəziyyət, yəni ictimai-siyasi, sosial tipli məsələlər müzakirə olunmalıdır. Mənim də dram əsərlərim əsasən millətimizin problemləri ilə bağlıdır. Atabala müəllimin "Bizə siyasi pyes lazım deyil" ifadəsi bir qədər gülməli və absurddur".

"İsrafil İsrafilov ölgün bir mühit yaradıb"

Dramaturq Firuz Mustafa isə bu məsələdə bir başa Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilovu ittihamladı: "Rejissor Ağakişi Kazımov mənim "Tufandan sonra" adlı bir pyesimə quruluş vermək istəyir. Əsər üzərində bir il sərasər işlədik. O vaxtkı direktor Maqbet Bünyadov və baş rejissor Mərahim Fərzəlibəyli də pyesi bəyəndi. Əsər repertuara daxil edildi, nazirlikdə bu barədə müvafiq qərar verildi. Nazir müavini məni təbrik etdi. Elə həmin dövrdə İsrafil İsrafilov yoldaş teatra müdir təyin edildi. O, heç bir əsas olmadan mənim pyesimi repertuardan çıxartdı.
Bu İsrafil İsrafilov yaradıcılıq ocağında donuq, ölgün, solğun, sükunət dolu bir mühit yaradıb, daim hərəkət, dinamika, temp tələb edən teatr kimi canlı sənəti eksponat kimi qavrayır ki, bu da onun "statik" muzeyçiliyindən irəli gəlir. Bir görün o teatrda ortaya qoyulan tamaşalar nə kökdədir? Söhbət arada qoyulan pyeslərin yox,
tamaşaların səviyyəsindən gedir".

"Neyləyim, gənclərin əsərlərinə tələbat yoxdur"

Gənc Tamaşaçılar Teatrının rejissoru Cənnət Səlimova isə dramaturq E.Hüseybəylinin təqdim etdiyi "Qaçqın qocalar" pyesinin yaxın zamanlarda səhnələşdiriləcəyini bildirdi: "Ümidvaram ki, bu tamaşa kamera zalında qoyulsa, uğur qazanacaq. O ki, qaldı belə dramaturqların əsərlərinin teatra yol açmaması və əvəzində zavod direktorlarının səhnədə var-gəl etməsi söhbətinə, mən bununla yüz dəfə razıyam. Bu gün gənc dramaturqlara yol açmaq çox cətindir. Mən pərdənin arxasında tamaşaçılar qarşısında çıxış edə bilmirəm. Deyəm ki ay tamaşaçılar bu bizim gənc daramaturqun əsəridir. Teatr tamaşaçılar üçün işləyir. Cəlil Məmmədquluzadə, Axundov, Cavid kimi təcrübəli dramaturqların əsərlərinə təlabat var. Mən neyləyim, deyirəm, ay tamaşaçı bağışla bizi. Neyləyək ki, sizə ürəyinizcə olan tamaşa verə bilmirik. İxtiyarımız yoxdur ki, cəmiyyəti düşündürən tamaşalar qoyaq. Belə tamaşaları eksperimentalnı kamera səhnələrində qoyarlar. Bu məsələlərdə teatrın direktorunu günahlandırmaq olmaz. O inzibati vəzifədir. Amma mən razıyam, baş rejissorlar qorxurlar. Onlar ancaq müvəffəqiyyət haqqında fikirləşirlər. Özünün müvəffəqiyyətini deyil, teatrın uğurunu düşünmək lazımdır. Kiçik zalda, kamera teatrında belə tamaşaların qoyulmasına ehtiyac var. Bunsuz olmur. Əgər cəmiyyətdə baş verən ictimai-siyasi hadisələr səhnəyə gəlməsə teatrın inkişafından danışmağa dəyməz".

Bahar Rüstəmli
AzNews.az