Noyabrın 2-də Azərbaycanda səfərdə olan ABŞ-ın Kaliforniya ştatının Los-Anceles şəhərində yerləşən Sinay Məbədinin yəhudi icmasının 50 nəfərdən ibarət nümayəndə heyəti Fəxri Xiyabanda ümumilli lider Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət edib. Noyabrın 2-də Azərbaycanda səfərdə olan ABŞ-ın Kaliforniya ştatının Los-Anceles şəhərində yerləşən Sinay Məbədinin yəhudi icmasının 50 nəfərdən ibarət nümayəndə heyəti Fəxri Xiyabanda ümumilli lider Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət edib.

Kamal Abdulla Sinay Məbədinin nümayəndə heyəti ilə görüşdü - Fotolar

Noyabrın 2-də Azərbaycanda səfərdə olan ABŞ-ın Kaliforniya ştatının Los-Anceles şəhərində yerləşən Sinay Məbədinin yəhudi icmasının 50 nəfərdən ibarət nümayəndə heyəti Fəxri Xiyabanda ümumilli lider Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət edib.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, ziyarətdən sonra Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində (BBMM) millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilər Şurasının sədri, akademik Kamal Abdullayev ilə görüş keçirilib.

Akademik qonaqları salamlayaraq nümayəndə heyətinə Azərbaycan dövləti ilə ABŞ, xalqımızla yəhudi icması arasında münasibətlərin daha da inkişafı naminə səy göstərdikləri üçün minnətdarlığını bildirib: "Umidvaram ki, Bakıda olduğunuz bu günlər ərzində sizi təkcə bu şəhərin xoş havası və təbiəti deyil, həm də insanlarımızın isti münasibəti qarşıladı. Azərbaycanda ölkə rəhbərliyi, Prezident İlham Əliyev öz siyasi diqqətini bütün konfessiyalara eyni dərəcədə yönəldir. Siz dünən Qubaya səfər etdikdə yəqin ki, orada bu söylənənlərin siluetini gördünüz. Azərbaycanın başqa bölgələrində də belədir, burada müxtəlif xalqların və fərqli dinlərin nümayəndələri yaşayır. Onlarla da təmasda olsanız, Qubadakı mənzərəni Azərbaycanın hər yerində görə bilərsiniz. Bəlkə də bu tolerantlıq üstündə Azərbaycan xalqının başı tarix boyu müxtəlif bəlalar çəkib. Qubada ziyarət etdiyiniz Soyqırım Memorialında erməni millətçiləri və bolşeviklərin törətdiyi genosidlər təkcə azərbaycanlılara qarşı deyil, eyni zamanda burada yaşayan yəhudilərin, rusların və başqa millətlərin də başına gətirilib. Bu gün Azərbaycan bütövlükdə bir ailə kimi öz əzablı və ləyaqətli keçmişinə arxalanaraq inamla irəliyə addımlayır. Biz deyirik ki, Azərbaycan multikulturalizmi xalqımıza tarixən xas keyfiyyətdir. Hələ orta əsrlərdən başlayaraq, XII əsr klassiklərinin əsərlərində də Azərbaycan multikulturalizminə geniş yer ayrılıb. Belə bir tolerantlıq Azərbaycan ərazisində sağlam mənəvi mühitin göstəricisidir. Azərbaycanın əcdadlarından olan xəzərlər öz dini inanclarına görə iudaist-yəhudi dininin daşıyıcıları olublar. Burada atəşpərəstlik, xristianlıq, müsəlmanlıq bir-birinə qaynayıb qarışaraq bütöv Azərbaycan ailəsini əmələ gətiriblər. Prezidentin fərmanı ilə yaradılan Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi tərəfindən Azərbaycanda yaşayan yəhudi, rus, ukrayna, tatar, gürcü, talış, tat, udin və ölkəmizdə yaşayan digər xalqların icmaları ilə bir yerdə müxtəlif proyektlər həyata keçirilir".

K. Abdullayev nümayəndə heyətinin Azərbaycandakı dağ yəhudiləri sinaqoquna müqəddəs Tövratı hədiyyə etməsini yüksək qiymətləndirib və eyni zamanda ölkəmizin Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayevə əlaqələrin inkişafındakı xidmətinə görə minnətdarlığını bildirib.

Dövlət müşaviri ibrətamiz bir hekayəni qonaqların diqqətinə çatdırıb: "Yeni təyin olunanda işimlə əlaqədar bölgələrdə-məscidlərdə, kilsələrdə, sinaqoqlarda oldum. Demək olar ki, bütün dini icmaların rəhbər nümayəndələri ilə görüşdüm. Sinaqoqların birində bir ravvinlə rastlaşdım. Onun mənə danışdığı çox maraqlı əhvalatı üç hissəyə bölüb sizə deyəcəyəm. Birinci hissə bundan ibarətdir: Normal həyatı, ailəsi olan bir ravvin Avropada sinaqoqların birində çalışırmış. Bir gün rəhbərlik ona xəbər verir ki, vəzifəsini Azərbaycandakı sinaqoqda davam etdirməlidir. Bu təxminən 7-8 il əvvəl baş verib. Ravvin dəhşətə gəlir və göz yaşları içərisində rəhbərliyə xahiş edərək müsəlman ölkəsi olan Azərbaycanda qətiyyən çalışmaq istəmir. Rəhbərlik onun göz yaşlarına baxmır, etirazını qəbul etmir və o, məcburən Azərbaycana göndərilir. Bununla mənim hekayətimin birinci hissəsi bitir. İkinci hissədə nə baş verdiyini danışmayacağam, siz onu təsəvvür edəcəksiniz. Üçüncü hissə bir cümlədən ibarətdir: həmin ravvin hazırda Azərbaycan vətəndaşı olmaq üçün Azərbaycan hökumətinə ərizə ilə müraciət edib".

K. Abdullayev çıxışını "Azərbaycan multikulturalizminə xoş gəldiniz" xitabı ilə bitirib və nümayəndə heyətinə BBMM-in hədiyyəsini təqdim edib.

Tədbirdə Sinay Məbədinin ravvini David Volpe, məbədin kişi klubunun rəhbəri Cary Lerman, Eddia Mirharooni, Elie Alyeşmerni çıxış edərək Azərbaycan mövcud olan mültikultural mühit haqqında xoş təəssüratlarını dilə gətiriblər. Qonaqların çıxışlarında vurğulanıb ki, dəmirin möhkəm olması, paslanmaması üçün ona bir çox əlavə elementlər əlavə edilib zənginləşdirildiyi kimi, Azərbaycanın da bir dövlət, xalq olaraq möhkəmliyi, sabitliyi və "paslanmazlığı"nın səbəbi bu ölkənin ərazisində çoxlu konfessiyaların, etnik və dini qrupların minillərdir dinc, yanaşı, qardaşcasına yaşamasıdır.

K. Abdullayev nümayəndə heyətini maraqlandıran sualları cavablandırıb və sonda vurğulayıb: "Ümidvaram ki, Azərbaycandan getdikdən sonra nümayəndə heyətinin yəhudi xalqına xas ləyaqətlə Azərbaycan multikulturalizmi haqqında hər yerdə danışmaq imkanı olacaq. İnanıram ki, siz burada 9 milyon dost qazandığınız kimi, Azərbaycan xalqı və dövləti də sizin timsalınzda özünə yeni dostlar qazanacaq".