“Müsavat” partiyasının sabiq başqanı İsa Qəmbərə pensiya yaşına çatması ilə əlaqədar Dövlət Sosial Müdafiə Fondu tərəfindən 180 manat məbləğində müavinət təyin olunub “Müsavat” partiyasının sabiq başqanı İsa Qəmbərə pensiya yaşına çatması ilə əlaqədar Dövlət Sosial Müdafiə Fondu tərəfindən 180 manat məbləğində müavinət təyin olunub

İsa Qəmbərə niyə 180 manat müavinət təyin olunub?- Araşdırma

“Müsavat” partiyasının sabiq başqanı İsa Qəmbərə pensiya yaşına çatması ilə əlaqədar Dövlət Sosial Müdafiə Fondu tərəfindən 180 manat məbləğində müavinət təyin olunub

İ.Qəmbərə sosial müavinət təyinatı mediada ciddi müzakirələrə səbəb olub və hazırda da mövzu ilə bağlı müxtəlif fikirlər səslənir. Bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən müvafiq izahat verilsə də sosial siyasətdən və pensiya təyinatı ilə bağlı hüquqi məsələlərdən ümumiyyətlə anlayışı olmayan bəzi şəxslər bu qərara görə hökuməti ittiham etməyə, guya “Müsavat”ın eks başqanına qarşı ədalətsizliyə yol verildiyini iddia etməkdədirlər.

Faktyoxla Lab. olaraq mövzunun aktuallığını nəzərə alaraq məsələnin əsl mahiyyətini araşdırmaq, əmək pensiyasının hesablanması və təyini ilə bağlı müvafiq qanunların, hüquqi sənədlərin tələblərinə əsaslanaraq qısa rəy verməyi məqsəduyğun hesab edirik.

Məlum olduğu kimi Azərbaycanda yaşa görə əmək pensiyalarının verilməsi müvafiq qanunla - “Əmək pensiyaları haqqında” Qanuna əsasən tənzimlənir. Pensiya yaşına çatmış şəxslər üçün, yəni 65 yaşı tamam olmuş və pensiya hüququ yaranan şəxslər üçün pensiyanın təyin edilməsi 2 mexanizm əsasında nizamlanır.

Birinci mexanizm sosial sığorta stajına əsaslanır. Sosial sığorta stajı dedikdə məcburi dövlət sosial sığorta haqqlarını ödəyən, rəsmi iş və ya digər fəaliyyət dövrləri nəzərdə tutulur. Belə ki, məcburi dövlət sosial sığortası ödəyənlər, yəni işəgötürənlər tərəfindən bütün əmək müqaviləsi üzrə işləyənlər, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin 25 il ərzində sığorta stajının olması əsasında pensiya təyinatı yaranır. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən, 65 yaşına çatmış kişilərin fərdi hesabındakı pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olduqda ən azı 25 il sığorta stajı tələb edilir və (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) onların yaşa görə əmək pensiyası hüququ formalaşır.

Daha sadə dillə desək, 65 yaşı tamam olan və 25 il staj toplamış hər bir Azərbaycan vətəndaşı yaşa görə əmək pensiyası alır ki, onun da məbləği 300 manatdan az deyil. 2022-ci il yanvarın 1-dən pensiyaların indeksləşdirilməsindən sonra ölkə üzrə orta aylıq pensiya 331 manata, yaşa görə pensiya 358 manata çatdırılıb. (Mənbə)

İkinci mexanizm, fərdi uçot, yaxud pensiya kapitalı sistemidir. Həmin sistem hər bir vətəndaşın öz fərdi yığım kapitalı modelinə əsasən tənzimlənir. Fərdi hesab sığorta və yığım hissədən ibarətdir. Sığorta hissə ödənilmiş məcburi dövlət sosial sığorta haqqlarının hesaba toplandığı, yığım hissə isə könüllü sosial sığorta haqqlarının, eləcə də bu vəsaitlərin dövriyyəsindən əldə edilən gəlirlərin toplandığı sub-hesabdır. Hər iki sub-hesabda qeydə alınan və toplanan vəsaitlər pensiya kapitalını formalaşdırır. 2006-cı ildən tətbiq edilən bu mexanizmə əsasən, hər bir vətəndaşın 12 il ərzində (144 ay) öz fərdi hesabına topladığı pensiya kapitalının məbləğinə uyğun olaraq pensiya məbləği formalaşır. “Əmək pensiyaları haqqında” Qanunun 27-ci maddəsinə və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarına əsasən, sığorta olunanların, yəni fərdi hesablarına toplanmış pensiya kapitalı 144 aya bölünərək onun pensiyasına əlavə olunur. (Mənbə)

Hazırda fərdi uçot sisteminə əsasən pensiya alanların əmək pensiyası daha yüksəkdir. Belə ki, pensiya kapitalına toplanmış vəsaitin məbləğinə uyğun olaraq 400-500, hətta 700-800 manat pensiya alanlar vardır.
Beləliklə, hər bir Azərbaycan vətəndaşı əmək pensiyası təminatını və gələcək pensiya məbləğinin həddini öz əmək fəaliyyəti ilə formalaşdırır. Bunu hər bir kəsin əmək kitabçasında, hazırda isə elektron resurslarda işlədiyi dövrdəki əmək stajına, yaxud pensiya yığımı kapitalına baxmaqla asanlıqla görmək mümkündür.

İndi isə diqqət edək, İsa Qəmbər, yuxarıda qeyd edilən 2 mexanizmdən biri üzrə, yəni 25 il sığorta stajı və yaxud pensiya kapitalı sistemi üzrə öz pensiya təminatını formalaşdırıb?

Bunun üçün İsa Qəmbərin əmək kitabçasındakı stajına diqqət edək.

İsa Yunis oğlu Qəmbər 24 fevral 1957-ci ildə Bakı şəhərində anadan olub. 1964-74-cü illərdə 62 saylı Bakı şəhər orta məktəbində təhsil alıb. 1974-cü ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Tarix fakültəsinə daxil olub, 1979-cu ildə oranı bitirib. 1979-82-ci illərdə Azərbaycan EA Naxçıvan Elm Mərkəzində, 1982-90-cı illərdə Şərqşünaslıq İnstitutunda kiçik elmi işçi, elmi işçi vəzifələrində çalışıb. 1990-cı ildə deputat seçilib, 1992-ci ilin may ayından 1993-cü ilin iyun ayınadək Milli Məclisin sədri olub.

Beləliklə, elmi fəaliyyət və deputatlıq dövründə İsa Qəmbərin 12-13 il stajı yaranıb, sonrakı illərdə o əmək stajının artırılması üçün heç bir addım atmayıb. Belə ki, İsa Qəmbər, Milli Məclisin deputatı kimi səlahiyyət müddəti bitdikdən sonra, 1993-cü ildən 2022-ci ilin mart ayına qədər olan dövr ərzində ictimai-siyasi fəaliyyətlə məşğul olub, yəni son 30 il ərzində dövlət və yaxud qeyri-dövlət sektorlarında çalışmayıb. Dövlət Sosial Müdafiə Fondunun elektron bazasında onun rəsmi əmək müqaviləsi əsasında işlədiyini təsdiq edən heç bir sənəd yoxdur və son 30 ildə dövlətə 1 manat vergi, o cümlədən Dövlət Sosial Müdafiə Fonduna 1 manat məcburi sosial sığorta haqqı ödəməyib. İctimai fəaliyyət əmək stayı və yaxud pensiya yığımı üçün hüquqi mexanizm hesab edilmir.

Aydın olur ki, İsa Qəmbər 1993-cü ildən indiyə kimi heç bir yerdə işləmədiyindən onun nə tələb edilən 25 illik sığorta stajı yığılmayıb, nə də ki, 2006-cı ildən tətbiq olunan fərdi uçot hesabında yığım kapitalı formalaşmayıb. Belə olan halda dövlət ona Qanunla müəyən edilmiş məbləğdə pensiya yox, 180 manat sosial müavinət təyin edibdir ki, bu da sosial qanunvericliyə tam uyğundur.
“Sosial müavinətlər haqqında” Qanuna əsasən, əmək pensiyası yaş həddinə çatmış, lakin yaşa görə əmək pensiyası hüququ yaranmayan şəxslərə əmək qabiliyyəti olmayan şəxslər işləmədikdə yaşa görə sosial müavinət (2022-ci ilin yanvarın 1-dən 180 manat) almaq hüququ var. (Mənbə)

Bir məqama da aydınlıq gətirək. İsa Qəmbər bildirib ki, bütün deputatlara yüksək pensiya təyin olunur, ancaq, 1990-1995-ci ildə mövcud olmuş parlament üzvlərinə həmin məbləğdə pensiya verilmir. Sabiq başqan iddia edir ki, “Pensiya haqqında” qanunda müstəqillik əldə ediləndən Azərbaycanda qanunvericilik, icra və məhkəmə sistemində çalışan dövlət qulluqçularına aid edilən bir pensiya növü vardır və həmin pensiya növü bizə də aid edilməlidir. O cümlədən Ali Sovetin sədri kimi ona yükəsk pensiya verilməlidir.

İsa Qəmbər fikirlərini əsaslandırmaq üçün “Əmək pensiyaları haqqında” Qanunun yeni redaksiyasında yazılmış maddələrə istinad edir, həmin qanunun 20.1.1-ci maddəsini hüquqi əsas kimi irəli sürür. (20.1.1. əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək I dərəcə əlilliyi müəyyən edilmiş və deputat kimi azı səlahiyyət müddətinin yarısı qədər sığorta stajı olan sabiq deputatlar (məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında deputat mandatından məhrum edilmiş və Azərbaycan Respublikası Milli Məclisinin, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin iclaslarında üzrsüz səbəbdən iştirak etmədiyinə görə deputat səlahiyyətlərini itirmiş deputatlar istisna olmaqla) Ancaq İsa Qəmbər Ali Qanunverci orqanın bir müddət rəhbəri işləsə də, qəbullana bilmir ki, Qanunun həmin maddəsində qeyd edilmiş (deputat kimi azı səlahiyyət müddətinin yarısı qədər sığorta stajı olan sabiq deputatlar) müddəalar 1995-ci ildən sonrakı parlament üzvlərinə şamil edilir. Daha dəqiq desək, həmin qanunun bütün maddələri İ.Qəmbərin Ali Sovetin sədri olduğu dövrdəki parlament sədrinin və üzvlərinin sosial təminatına şamil olunmur. Çünki pensiya qanunvericiliyi təkmilləşdirildiyindən Azərbaycan SSR Ali Sovetinin 1990-cı ildə keçirilmiş seçkilərdə formalaşan və 1995-ci ilədək fəaliyyət göstərən tərkibinin pensiya təminatı ilə bağlı məsələlər də öz hüquqi qüvvəsini itiribdir.

Sual oluna bilər ki, bəs həmin illərdə mövcud olmuş parlament üzvlərinin pensiya təminatını nəzərdə tutan qanunvericilik niyə dəyişdi?
Bu suala qısaca aydınlıq gətirərək bildirək ki, 1995-ci ildə qəbul edilmiş müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının qüvvəyə minməsindən sonra bir sıra iqtisadi və sosial məzmunlu qanunların, o cümlədən də pensiya qanunvericiliyinin təkmilləşdirilməsi də öz həllini tapdı, “Əmək pensiyaları haqqında” Qanuna islahatların ahənginə uyğun olaraq bəzi dəyişikliklər edildi. Nəticədə 1990-1995-ci illərdə mövcud olmuş Ali Sovetin üzvlərinin pensiya təminatı öz hüquqi qüvvəsini itirdi. Beləliklə, iqtisadi qanunvericliyin təkmilləşdirilməsi sayəsində 1995-ci ildə formalaşan Azərbaycan Respublikasının I çağırış ilk Milli Məclisinin deputatlarının pensiya təminatı hüquqları da yeni qanunvericliyə əsasən, tənzimlənmişdir. Əgər İsa Qəmbər 1995-2000-ci illərdə mövcud olmuş I çağırış Azərbaycan Milli Məclisinin deputatı seçiləsydi onun da deputat pensiyası almaq təminatı öz hüquqi əsasını tapardı.

Nəticə: Qanunvericiliyə əsasən, hazırda ölkədə əmək pensiyasının minimum məbləği 240 manatdır. 65 yaşı tamam olan kişilər pensiya almaq üçün ya 25 il sığorta stajına, ya da minimum pensiyanın 144 misli həcmində pensiya kapitalına ( (hazırda 34560 manatdır) malik olmalıdır. 65 yaşı tamam olan kişilər 25 illik staja və ya minimum pensiya kapitalına malik olmadıqda, onlara yaşa görə əmək pensiyası deyil, 2022-ci il yanvarın 1-dən 180 manat məbləğində müəyyən edilmiş sosial müavinət təyin edilir. Sosial müdafiə orqanlarının təqdim etdiyi statistikaya əsasən, 2022-ci ilin yanvarın 1-i vəziyyətinə görə, Azərbaycanda yaşa görə sosial müavinət alanların sayı 113,6 min nəfər təşkil edir.

Beləliklə, mövcud qanunvericlik aktları da təsdiq edir ki, ölkə üzrə 180 manat məbləğində müavinət kəsilmiş 113,6 min nəfərin hər birinin sosial pensiya təminatının arxasında eyni qanunlar dayanır. Həmin 113 mindən biri olan İsa Yunis oğlu Qəmbərin də pensiya hüqunun pozulmasına dair iddialarının hüquqi əsası yoxdur.