Laçın dəhlizi, mülki ermənilər, 185 illik həsrətin sonu Laçın dəhlizi, mülki ermənilər, 185 illik həsrətin sonu
  • Hadisə
  • 12 Fevral 2021 19:06
  •  25 542

APA: Bu, çay dilində “evinizə xoş gəlmisiz” deməkdir- Mirmehdi Laçından yazır

Laçın dəhlizi, mülki ermənilər, 185 illik həsrətin sonu

Gözümüzü bir də onda açdıq ki, hava aydınlanıb, düzlərə-təpələrə ipək parça təki sərilmiş, təzə-təzə cücərən göy otlar günəş işığında zümrüd kimi bərq vurur. Sübh tezdən bizi yırğalaya-yırğalaya dağlı-dərəli, enişli-yoxuşlu yollara salan maşınımız Qubadlının xarabalığa dönmüş hansısa elindən, obasından, kəndindən hay-küylə keçib gedir. Gecəni yuxusuz qalasan, səhər alaqaranlıqda mindiyin maşında gözünün acısını çıxarmaq üçün bir qədər mürgü döyəsən və bir də onda ayılasan ki, dağılmış evlərdən, viranə qalmış kəndlərdən ibarət bir mənzərənin tam ortasındasan. Kabus görmüş kimi diksinirsən.

Nabələdliyimizdən hansı kəndin yanından keçib getdiyimizi təxmin etməyə çətinlik çəkirik, işğaldan azad edilmiş kəndlərin girişində təzə-təzə, öz dilimizdə vurulmuş lövhələr də olmasa, birini o birindən ayırammarıq. Dayanmağa, lap yeri gəlsə, maşından düşüb çəkiliş aparmağa, hansı kəndin yanından keçdiyimizi, hansı obanın qabağında əyləndiyimizi öyrənməyə də vaxt yoxdur. Bircə ondan yəqinəm ki, aralıdan axıb düzlərdə Araza qovuşan Həkərinin gümüşü sularının gəldiyi yerə - dağlara qalxırıq. Yolumuz uzundur. Laçın rayonunun Ağoğlan kəndindəki eyni adlı qədim alban məbədini ziyarətə gedirik.

Qəbələ rayonu Nic kəndinin Alban-udi icmasının nümayəndələri də bizimlədirlər. Uzun işğal illərindən sonra bu müqəddəs məkanı ziyarət etməyə, burada ayin keçirməyə, dualar oxumağa gəliblər. Bir qədər sonra icmanın sədr müavini Rafik Danakarinin deyəcəyi kimi, səfər olduqca böyük əhəmiyyət daşıyır. Çünki 185 ildən, yəni Alban Həvari Kilsəsi 1836-cı ildə imperator I Nikolayın fərmanına əsasən ləğv edilib erməni-qriqoryan kilsəsinin idarəçiliyinə verildikdən sonra qədim albanların varisləri ilk dəfə bu doğma kilsəni ziyarət etmək şansı qazanıblar. Odur ki, həyəcan-həyəcana qarışıb.

Sərt qayaların, şiş uclu dağların sinəsi ilə burula-burula keçən kələ-kötür yollarla, nəhayət, Laçın rayonunun ərazisinə adlayırıq. Haqqında neçə-neçə bənzərsiz yazılar oxuduğum, dostlarımın gözəlliyi, füsunkar təbiəti - yaşıl meşələri, qarlı dağları, bumbuz bulaqları haqqında ağızdolusu danışdığı, mənimsə heyrətlə dinlədiyim və hər dəfə də bu bitməyən söhbətlərdən sonra “Bir də bu torpaqlara dönəcəyikmi?” deyə təəssüflə köks ötürdüyümüz, 28 il gecə-gündüz həsrətilə tutuşduğumuz bu əsrarəngiz diyara qədəm qoyduğumuza inanmaq olmur. Elə bil yuxudayıq.

Amma inanılasıdır. Bunu dağların döşü, dərələrin içi ilə uzanıb gedən, yaşıl paltarını payızda cırıb-atan, baharın ona təzə don biçəcəyi günləri intizarla gözləyən hündür ağaclı meşələr də, qranit qayaların qoynunda özünə yer tutmuş, təbiətin hər cür şıltaqlığına sinə gərərək bu sərt qayaların arasında kök atmış məğrur duruşlu həmişəyaşıl ağaclar da deyir. Mən də düşünürdüm laçınlı dostlarım öz məğrurluqlarını haradan alıblar; bu şiş uclu dağlardan, qranit qayalardan, həmişəyaşıl ağaclardan. Baxdıqca buranın dağları, qranit qayaları adama möhkəm olmağı, həyatın hər çətinliyi qarşısına mətanətlə çıxmağı öyrədir.

Birdən qarşımızda tamam ayrı dağlar, ayrı mənzərə çıxır. O biri dağlara, qayalara heç oxşamır. Daş, qaya parçaları, nə kub formasındadır, nə kvadrat, nə düzbucaqlı, əyrü-üyrüdü, girintili-çıxıntılıdı, müxtəlif fiqurlara bənzəyir, insan, heyvan, ağac fiqurlarına. Türkəçarəçilərin naxoş adamın qorxuluğunu çıxarmaq üçün qurğuşunu əridib başının üstündən su dolu qaba töküb, sonra alınan ərintini müxtəlif cür yozduqları kimi, bu dağların daşları da sanki o cür əridilib tökülüb. Görən bu “ərimiş” daşları “oxuyan” olsa, Laçının 28 ildə yaşadığı sarsıntıları, qorxuları da anlayarmı?

Bu füsunkar təbiətə baxa-baxa Azər Qaraçənlinin işğal illərində su kimi canımıza çəkdiyimiz və Qarabağ həsrəti haqqında yazılmış ən gözəl yazılardan biri olan “Ay Laçın”ını (elə “Can Laçın”ı da) xatırlayıram. Elə bilirəm həmən yazının içindən keçib gedirəm: “Azərbaycanın qərb sərhədlərinin qurtaracağında bir rayon vardı...”

***

Laçın dəhlizi... Uşaqlığımızın Qarabağ müharibəsinin ən ağır dövrünə təsadüf etdiyi o illərdə, böyüklərin hər dəfə bir yerə yığılıb gərgin müzakirələr apardıqları o axşamlarda siqaret qoxulu ağızlarından tez-tez eşidərdik bu ifadəni. Hər dəfə də “Laçın dəhlizi”, “Laçın koridoru” deyəndə qaşları düyünlənər, çöhrələri qaralardısa da bizim üzümüzə təbəssüm qonardı. Çiynimizi çəkib gözlərimizi döyərdik, işə bax, koridorun da Laçını, Bakısı, Şəkisi olarmış. Onda uşaqdıq, dünya haqqında təsəvvürümüz heç bir evin koridorunu adlayıb kandarına çatmazdı, nə biləydik sonralar təkrar-təkrar eşidə-eşidə böyüyəcəyimiz bu ifadə Qarabağ müharibəsinə vurulmuş kor düyünlərdən biri, yeri gələndə vətənin sinəsində açılmış yara, yeri gələndə boğazına keçirilmiş ilgəkdir.

Maşınımız Rusiya sülhməramlılarının qərar tutduğu postda dayanır. Burada bizdən qabaq gözləyən maşınlara qoşulub karvan şəklində Laçın dəhlizindən keçib gedəcəyik. Dəhliz boyu bizi Rusiya sülhməramlılarının xüsusi avtomobili müşayiət edəcək.

Və budur, karvan tərpənir. Həyəcanlı anlar başlayır.

Dəhlizə giririk. Yolumuzun üstündə ara-sıra yaşayış olan evlər gözə dəyir. Bəzilərinin həyətində maşın dayanıb, digərlərində zivədən pal-paltar asılıb, o birilərində mal-heyvan otlayır. Kimsə deyir ki, əsgərlərimizindir. O biri razılaşmır, “ermənilərindir”, - deyir, üçüncü isə görünür içimizdə yığılıb qalmış gərginliyi azaltmaq istəyi ilə söhbətə cüzi şuxluq qatır: “Bəlkə inəklərdən soruşaq? Ay inək, ay inək, kiminsiz?”

Laçının mərkəzinə yaxınlaşdıqca mülki ermənilər gözümüzə dəyməyə başlayır. Dağın döşündəki evlərdən birinin balkonunda kişi ilə qadın dayanıb maşınlarımıza səssizcə tamaşa edirlər. Duruşlarında narahatlıq dil açıb danışır.

Yol üstündə bir neçə yerdə sülhməramlıların postları qurulub. Kolonumuz postlarda bir qədər sürəti azaltsa da, dayanmır. Postlardan biri də Laçın şəhərindədir. Bu postda bir neçə dəqiqəlik ləngiyirik. Dərhal hamı maşının pəncərələrinə yanaşır, qəzəb dolu baxışlar açıq pəncərələrdən qığılcım kimi ətrafa səpələnir. Postda dayanmış sülhməramlılar da bunu duyur, onlardan kimsə bir qədər aralıdakı açıq mağazanın sahibinə təpinir: “Gir içəri qapını bağla, getsinlər sonra çıxarsan”. Bizim maşının yaxınlığında dayanmış maşının erməni sürücü isə heykəl təki donub düz irəli baxır, başını tərpətmir.

Yaşayış evləri, binalar, müxtəlif inzibati tikililər...

Görəsən, hansılar işğaldan əvvəl də vardı, hansılar sonradan tikilib?

Görəsən, Yuxarı Laçın, Poçtun dairəsi, Şəhərin başı, Bazarın üstü, Şəlvə yolu, Dağdağan bulağı, Aptekin qabağı, Yanan klub haradır?

Görəsən, bu poçt həmən poçtdur? Ya aralıdakı aptek? Şəhərin başı deyilən səmt o qəlbi yer deyil ki?

Ürəyimizdə 28 ildən sonra Laçının mərkəzində dayanmağın bəxş etdiyi möcüzəvi duyğular, gözlərimizi fotoaparat edib gördüklərimizi hafizəmizə köçürük. Daha çox şey görməyə (və eləcə də çəkməyə) çalışırıq. Mümkün qədər çox (icazə olmasa belə)! Mənə elə gəlir ki, bu yerlərə təkcə öz gözlərimlə deyil, bağrı illərdir bu yerlərin həsrəti ilə qovurulan laçınlıların - uşaqlıq sirdaşım Səbuhinin, dostum Şərif Ağayarın və adını burda çəkmədiyim neçə-neçə dostumun-tanışımın gözləri ilə baxıram. Maşından düşüb onların əvəzindən də Laçın torpağını öpmək, bu dağları, bu küçələri, bu binaları, evləri qucaqlayıb bağrına basmaq, hönkür-hönkür ağlamaq, “bizsiz necə keçdi gününüz, a dağlar, a yollar, küçələr, a evlər, a binalar” demək keçir könlümdən.

***

Nəhayət, maşınlarımız tərpənir. Yenə eyni sürətlə gördüyümüz mənzərələrin yanından ötüb keçirik. Uzaqdan bir-birinə bənzəyən qırmızı damlı evlər görünür. Bura artıq Zabux kəndidir. Bu evlər işğaldan sonra ermənilər tərəfindən tikilib, Livandan gəlmə ermənilər yerləşdirilib. Həmin ermənilər də Vətən Müharibəsi zamanı bizə qarşı döyüşürdü.

İrəlidə Rusiya sülhməramlılarının müşayiətçi maşını, sürətlə ötərək Zabux kəndini də geridə qoyuruq. Burda yolumuzun üstündəki körpünün yanından dolanıb keçirik.

Dəhlizdəki sülhməramlıların nəzarət etdikləri sonuncu postu da geridə qoyub necə deyərlər o üzə adlayırıq. Daha gedəcəyimiz məntəqəyə bir şey qalmayıb.

***

Bu da Ağoğlan monastırı.

Bu qədim alban məbədi Ağoğlan kəndində, təpənin üzərində qərar tutub. Yaxınlıqdakı dərədənsə Həkərinin qollarından biri Ağoğlan çayı keçir. Yuxarı axarında Minkənd, aşağı axarında Zabux adlanan çay Laçın şəhərinin cənubunda Həkəriyə qovuşur.

Bilmirəm, həqiqətən o cürdür, yoxsa mənə elə gəlir, amma dağların arasında, meşələrin içində yerləşən, damı qırmızı kirəmitli alban abidələrini - kilsələri, monastırları həmişə daha cazibədar, daha əsrarəngiz sanmışam. Elə bilmişəm bu abidələr insan əlilə deyil, təbiətin möcüzəsi ilə yaranıb, onun bir parçasını təşkil edir. Ağoğlan məbədi də dağların əhatəsində o qədər əzəmətli görünür ki, sanki dağlardan güc alıb, min illiyi ötən yaşı sayəsində, əsrlər boyu bu dağlara baxa-baxa onlarla qoşalaşıb, qardaşlaşıb, dağlaşıb.

Ağoğlan və ya Sisərnəvəng monastırı önəmli qədim alban abidələrindəndir. Abidə V-VI əsrlərə aid bazilikadır.

AMEA Elm Tarixi İnstitutunun əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Bayram Quliyev abidənin tam adının Ağoğlançay olduğunu deyir. Onun fikrincə, məbədin adı Albaniyanın yerli əhalisinin antropoloji görünüşü ilə bağlıdır: “Albaniyada xristianlığı yayan suriyalılar qarabəniz idilər, lakin albanlar haqqında bunu söyləmək olmaz. Strabon albanları ağbəniz, hündürboy və rəngli göz olaraq təsvir edir”.

Təxminən 15 əsr yaşı olan abidə ermənilər üçün də əhəmiyyət kəsb edir. Baxmayaraq ki, kəndə gələn yollar gediş-gəliş üçün çətindir və işğaldan sonra ermənilər bu yerlərdə kütləvi məskən salmayıblar, bununla belə, işğal illərində bu qədim tikilidə təmir işləri aparıb, əslində isə bu abidənin erməni kilsəsinə aid olmağını sübut etmək məqsədilə üzərində dəyişikliklər ediblər.

Abidənin yerləşdiyi təpənin aşağısında təzə tikilmişə oxşayan iki-üç ev ağarır. Lakin damları, qapıları, pəncərələri sökülüb aparılıb. Kimlərin əməli olduğunu yəqin ki, söyləməyə gərək qalmır.

Ümumi qapıdan keçib monastırın həyətinə daxil oluruq. Sol tərəfdə üzü suvaqlı daş postament qoyulub. Postamentin üzərində ermənilərin İrəvandan gətirdikləri xaçdaşlar quraşdırılmışdı. İndi onların yerində buynuz kimi iki armatur uzanır. Belə çıxır ki, ermənilər xaçdaşları da Laçın təhvil verilərkən kilsənin digər relikviyaları kimi söküb aparıblar.

İcma nümayəndələri kilsəyə daxil olub ayinə başlayırlar. Müqəddəs kitabdan parçalar oxunur, Allaha dualar edilir, şamlar yandırılır. Uzun əsrlərin intizarından sonra kilsənin mehrabı yenidən öz həqiqi sahiblərinin yandırdıqları şamların nuruna qərq olur.

Tarixən məbədlər müqəddəs və coğrafi baxımdan əlverişli yerlərdə tikildiyi üçün Qafqaz Albaniyasında xristianlıq yayılmağa başlayandan sonra əvvəllər mövcud olan bir çox politeist məbədlərin yerində xristian abidələri ucalmağa başladı. Buna ən bariz nümunə kimi Şəkinin Kiş kəndində yerləşən Müqəddəs Yelisey Kilsəsinin adını çəkmək olar. Həmin kilsə xristianlığa qədər yerli əhalinin inanc yeri sayılan Ay məbədinin üzərində inşa olunub. Eləcə də Ağoğlan monastırının da paqan məbədinin yerində tikildiyi ehtimal edilir. Lakin bir məqamı da qeyd edim ki, əvvəllər abidənin ərazisində bir neçə tikili mövcud olsa da, günümüzə qədər yalnız hazırkı bazilika gəlib çıxıb. Həmin bazilikanın həm kilsə, həm də monastır adlandırılması bu səbəbdəndir.

Bazilikanın uzunsov həcmi 4 cüt sütunla 3 nefə bölünür. Orta nef altar hissədə nalvari apsida (binanın əsas konstruksiyasının birləşən yarımdairəvi çıxıntı – M.A.) ilə, binanın kənarları boyunca uzanan yan neflər isə altar kənarlarında yan otaqlar ilə tamamlanır. Bayram Quliyevin fikrincə, məbədin mərkəzinin nalşəkilli apsida ilə tamamlanmış olması təsadüfü deyil: “Bilindiyi kimi, atçılıqla ən qədimdən məşğul olan alban türkləri qəbul etdikləri yeni dinə də öz etnoqrafik xüsusiyyətlərini daxil ediblər. Hətta məbəddəki mehrab nal şəkilli tağ ilə haşiyələnib. Nal şəkilli özəlliklər məbədin demək olar ki, bütün memarlıq quruluşuna tətbiq olunub”.

Düzbucaqlı formasında tikilmiş abidənin uzunluğu təxminən 25, eni isə 12 metrdir. Məbəd inşaat kitabəsinə malik deyil. Lakin memarlıq xüsusiyyətlərinə əsasən, üç inşaat mərhələsi keçdiyini söyləmək olar.

Neflər tağvari örtüyə malikdir: yan neflərin örtüyü yarımdairəvi, mərkəzi nefin örtüyü isə oxvari formaya malikdir. Altar və apsidaya yaxın tikili hissələrinin aşağı tərəfi yaxşı kəsilmiş bazaltdan, divarların yuxarı hissəsi, həmçinin tağvari örtüklər tufdan inşa edilib. Abidənin üzərində müxtəlif dövrlərdə tikinti işləri aparılıb. Bunu binanın fasadındakı daşların çalarlarının dəyişməsindən də aydın hiss etmək mümkündür. İlkin dövrdə abidə bazilika formasında tikilib, daha sonra apsida, sonrakı dövrlərdə isə zəng qülləsi əlavə edilib.

Ağoğlan məbədinin yaranması haqqında xalq arasında müxtəlif əfsanələr dolaşır. Onlardan birinə görə vaxtilə bu ərazidən keçən bir səyyah dağlar qoynundakı yerlərin füsunkar təbiətinə aşiq olub və burada - çayın sahilindəki təpədə qəsr tikdirmək qərarına gəlib. Səyyah ağbəniz olduğu üçün yerli camaat qəsrə “Ağoğlan” adı verib.

Digər bir əfsanəyə görə isə məbədin tikintisi zamanı bir qaranquş ustalar üçün bişirilən yemək qazanının üstündə dövrə burmağa başlayıb və bir qədər sonra özünü yeməyin içinə ataraq qazanı aşırıb. Ustaların əvvəl qaranquşa acığı tutsa da, yerə dağılan yeməyi yeyən itlərin öldüyünü görəndən sonra başa düşürlər ki, yeməyi ilan zəhərləyib. Qaranquş isə insanları xəbərdar etmək üçün əvvəl qazan qaynayan ocağın üstündə uçub, ustalar onun işarəsini başa düşmədikdə onları ölümdən xilas etməkdən ötrü özünü qurban verib. Bu hadisədən sonra məbəd “Qaranquş məbədi” kimi də adlanmağa başlayıb. Erməni (qədim qrabar) dilində “qaranquş” “Sisernak” demək olduğu üçün, məbədin başqa adı, Sisernak da buradan törəyib.

Ağoğlan məbədi Sovet dövründə məbəd kimi istifadə olunmasa da, yerli əhali bura həmişə inanc yeri kimi baxıb, ziyarətə gəlib, niyyət edib, nəzir qoyub. Ümumiyyətlə, Qarabağdakı alban məbədlərinin əksəriyyəti sonradan əhalinin İslamı qəbul etməsi ilə xristianlıq abidəsi kimi özünün funksionallığını itirsə də, inanc yeri, pir, ocaq kimi həmişə qalıb, əfsanələşərək, rəvayətləşərək tarixlərin sınağından çıxıb, xalqın and yeri kimi özünün varlığını qoruyub.

Məbədin fasadındakı təhriflərlə (divarlara çoxlu erməni xaçları qazılıb) yanaşı, içində də sütunların bir hissəsinin daşları yenidən işlənib, çıxarılıb, təzələri qoyulub. Mehrabın yaxınlığında, sol nefin sütunlardan birində kəsik izləri aşkar görünür. Kəsik hissənin daşları yaxşı vəziyyətdə olduqları halda sanki kimsə qəsdən bunu dəyişmək istəyib. Sual olunur? Niyə? Və sütunun digər hissələrinin deyil, məhz həmin kəsik hissənin daşlarının cilalayıcı maşınla cilalanması onu düşünməyə əsas verir ki, burada albanlara məxsus hansısa bir işarə, simvol olub. Görünür, əvvəlcə daşı kəsib çıxarmaq istəyiblər, sonradan yalnız cilalamaqla kifayətləniblər. Təbii ki, bu mənim şəxsi qənaətimdir, son söz əlbəttə mütəxəssislərindir.

Mehrabın yan divarlarında da abidəyə xələl gətirildiyini söyləmək olar. Orada divardakı xaçların bir hissəsi qaşınaraq təmizlənib. Alban xaçları öz görkəmi ilə erməni xaçlarından fərqləndiyi üçün görünür, divar bu xaçları təmizləmək məqsədilə qaşınıb, özü də xaçvari formada.

Alban-udi icmasının sədr müavini Rafik Danakarinin sözlərinə görə, məbədin mehrabında da dəyişiklik işləri aparılıb. Alban kilsələrində mehrabın hündürlüyü adətən üç, erməni kilsələrində isə altı pilləkən, yaxud bir metr təşkil edir.

Söyləmək çətindir, bu dəyişikliklərin hamısı 1992-ci ildə Laçının ermənilərin işğalından sonra baş verib, yoxsa daha əvvəl. Çünki XIX əsrdə bura yaxınlıqdakı Zeyvə kəndinin erməni sakinləri tərəfindən istifadə edilib. Bəlkə də ilkin dəyişikliklər hələ XIX əsrdə başlayıb?

Monastıra ziyarətimiz yekunlaşır. Geri qayıtmağa hazırlaşırıq. Bura qədər gəlmişkən, Ağoğlana, qonşu kəndlərə, bir az yuxarıda Minkəndə də baş çəkmək istərdik. Amma... Ərazilərin hamısı minadan tam təmizlənmədiyi üçün əvvəlcədən müəyyənləşmiş marşrutdan kənara çıxmaq təhlükəlidir. Həm də bir azdan geri qayıdan maşın karvanına qoşulub təzədən Laçın dəhlizini keçməliyik. Onlara yetişə bilməsək, karvanın gedəcəyi növbəti günlərə qədər, təxminən üç gün gözləməli olacağıq.

Hələ orasını demirəm ki, rus postuna çatanda karvanın artıq getdiyini öyrənəcəyik və bir saatlıq hay-həşirdən sonra, nəhayət, dəhlizin o biri başından bizim üçün müşayiətçi maşın göndəriləcək, yalnız bundan sonra qayıda biləcəyik.

Yola düşməmişdən qabaq isə Ağoğlan çayına enirik. Bu müqəddəs sulardan qablara doldurub 28 ildir qəlblərində qövr edən həsrətə su səpmək üçün hələ bura gəlib çıxa bilməmiş laçınlılara sovqat kimi aparanlar da var, mənim kimi əl-üzünə su çəkib durulanlar da...

Ağoğlan çayının suları bəxtəvərcəsinə gurlayır. Damcılar gövhər kimi parlayır. Könlümüzü oxşayan şirin şırıltısı isə xoş xəbər kimi yayılıb dağları da muştuluqlayır.

Bu, çay dilində “evinizə xoş gəlmisiz” deməkdir.

Foto İlkin Nəbiyev © APA GROUP

Mirmehdi AĞAOĞLU