Əfqanıstanda taliblərin hücumu zamanı 17 nəfər həlak olub

Baş verən döyüş nəticəsində, həmçinin dörd könüllü yaralanıb

Əfqanıstanın şimal-şərqində yerləşən Tahar əyalətində “Taliban” hərəkatının hücumu nəticəsində azı 17 könüllü döyüşçü həlak olub.

1TV telekanalı xəbər verir ki, taliblər könüllülərin hərbi bazasına hücum ediblər. Baş verən döyüş nəticəsində, həmçinin dörd könüllü yaralanıb.

Əfqanıstanda hökumət qüvvələri və kənd rayonlarında xeyli üstünlüyə yiyələnərək böyük şəhərlər istiqamətində hücumları genişləndirən “Taliban” hərəkatının silahlıları arasında qarşıdurmalar uzun müddətdir davam edir. Həmçinin ölkə ərazisində İŞİD qruplaşmasının da fəallığı artır. Əfqanıstanın milli müdafiə və təhlükəsizlik qüvvələri bütün ölkə boyu silahlı qruplaşmalara qarşı birgə əməliyyatlar keçirirlər. (AZƏRTAC)

AzNews.az