Almaniya 2029-cu ilə qədər Rusiya ilə mümkün müharibəyə hazırlaşmağı planlaşdırır

Almaniyada metro stansiyalarını və zirzəmiləri Rusiya ilə mümkün müharibə fonunda sığınacaqlara çevirmək planlaşdırılır.

"Aznews.az" xəbər verir ki, bu barədə "The Washington Post" qəzeti məlumat yayıb.

Materialda bildirilir ki, Almaniya hakimiyyəti ölkəni 2029-cu ilə qədər müharibəyə hazır vəziyyətə gətirməyə söz verib. Rəsmi şəxslərin fikrincə, həmin ilədək Rusiya Almaniyaya zərbə endirməyə hazır ola bilər.

Nəşr qeyd edir ki, soyuq müharibə dövründən qalma 2000 sığınacaqdan yalnız 579-u qalıb və onlarda cəmi 478 min nəfər yerləşə bilər ki, bu da Almaniyanın 83,5 milyonluq əhalisinin cəmi 0,5%-ni təşkil edir.

"Mülki Müdafiə və Təbii Fəlakətlərə Yardım Federal İdarəsinin rəhbəri Ralf Tislerin nümayəndəsi bildirib ki, onların ofisi metro stansiyalarını, zirzəmiləri və yeraltı qarajları sığınacaqlara çevirməyi planlaşdırır. Həmçinin sığınacaqlarla bağlı rəqəmsal bələdçi və mobil tətbiq hazırlanır", – deyə qəzet yazır.

Almaniyalı rəsmilər həmçinin vətəndaşları prosesə töhfə verməyə, on günlük, və ya ən azı üç günlük ərzaq və digər zəruri ehtiyatlar toplamağa çağırıblar.