Tarixi Azərbaycan torpaqlarında heç vaxt ikinci erməni dövləti yaradılmayacaq Tarixi Azərbaycan torpaqlarında heç vaxt ikinci erməni dövləti yaradılmayacaq
  • Tribuna
  • 11 Yanvar 2021 19:23
  •  7 985

Bu uğurlar ölkəmiz üçün böyük perspektivlər vəd edir - POLİTOLOQ

Tarixi Azərbaycan torpaqlarında heç vaxt ikinci erməni dövləti yaradılmayacaq

Prezident İlham Əliyevin ilin 2020-ci ilin yekunlarına həsr olunmuş müşavirədə səsləndirdiyi fikirlər bir çox vacib mesajlarla yadda qaldı. Dövlət başçısının çıxışı Azərbaycanın qələbəsinə gedən yolun, eyni zamanda, tarixi zəfərdən sonra işğaldan azad edilmiş ərazilərdə icra ediləcək quruculuq və bərpa layihələrinin təqdimatı kimi də dəyərləndirilə bilər. Müşavirədə dövlətimizin başçısı bildirdi ki, bütün şəhərlərin, kəndlərin bərpası ilə əlaqədar vahid konsepsiya olmalıdır. İlk növbədə böyük yaşayış məntəqələri bərpa olunmalı, ərazilərdə infrastruktur, məşğulluq və sair kimi məsələlər nəzərə alınmalıdır. Bu əminlik də ifadə olundu ki, Qarabağ bölgəsinin zəngin, füsunkar, təkrarolunmaz təbiəti və tarixi abidələri onu Azərbaycanın əsas turizm zonalarından birinə çevirəcək.

AzNews.az bildirir ki, bu sözləri Publika.az-a politoloq Yusif Bağırzadə 2020-ci ilin yekunlarına həsr olunmuş müşavirədə Prezident İlham Əliyevin səsləndirdiy fikirləri şərh edərkən deyib. O bildirib ki, . Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, ordumuzun gücü sayəsində ölkəmiz 44 gün davam edən Vətən müharibəsi nəticəsində 30 ildir davam edən Qarabağ münaqişəsini həll etdi:

“Dövlət başçısının müşavirədə qeyd etdiyi kimi, bu tarixi Qələbə dünyaya göstərdi ki, bizim sözümüzlə əməlimiz arasında heç bir fərq yoxdur. Cənab prezident mötəbər tribunalardan daim bəyan edirdi ki, tarixi Azərbaycan torpaqlarında heç vaxt ikinci erməni dövləti yaradılmayacaq. Heç vaxt Dağlıq Qarabağa müstəqillik verilməyəcək. Azərbaycan xalqı bu vəziyyətlə heç vaxt barışmayacaq. Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, ordumuzun gücü sayəsində ölkəmiz 44 gün davam edən Vətən müharibəsi nəticəsində bu məsələni həll etdi. Baxmayaraq ki, dünyada kifayət qədər güclü erməni lobbisi var, bir çox aparıcı dövlətlər Ermənistanı dəstəkləyir, Azərbaycan öz prinsipial mövqeyindən bir addım da geri çəkilmədi. Ayrı-ayrı dövlətlərinin ermənilərə verdikləri dəstək belə Azərbaycanın gücü, iradəsi qarşısında sıfıra bərabər oldu. Dünya gördü ki, Azərbaycanı heç kim yolundan, mövqeyindən döndərə bilməz. Azərbaycana dünyanın müxtəlif güc mərkəzlərindən göstərilən təzyiqlərə baxmayaraq, ölkə rəhbərliyi böyük qətiyyət, cəsarət və siyasi iradə nümayiş etdirərək ərazi bütövlüyümüzün bərpası kimi əsas vəzifənin öhdəsindən layiqincə gəldi.

Prezidentin qeyd etdiyi ikinci vacib məqam ictimaiyyətin də geniş müzakirə etdiyi Rusiya sülhməramlılarının fəaliyyəti ilə bağlı olan məsələ idi. Azərbaycanın icazəsi olmadan heç bir xarici ölkə vətəndaşının ərazilərimizə gəlişinə imkan veriməyəcəyini xüsusi olaraq vurğulayan prezident bununla həm Rusiya sülhməramlılarına, həm də indiyə qədər üçtərəfli bəyanatın şərtlərini pozmağa cəhd edən, ona əməl etməyən Ermənistana xəbərdarlıq etmiş oldu. Ölkə başçısının bu xəbərdarlığından həm Qarabağa Azərbaycanın icazəsi olmadan səfər edən xarici nümayəndələr, həm də onların qanunsuz səfərlərinə şərait yaradan, icazə verən sülhməramlılar nəticə çıxarmalıdırlar. Düşünürəm ki, cənab Prezidentin tənqidi bu məsələdə Azərbaycan dövlətinin birmənalı mövqeyini göstərdi və ölkəmizin 10 noyabr bəyannaməsindəki mövqeyini bir daha ifadə etdi. Bu məsələdə Azərbaycanın prinsipial mövqeyi təbii olaraq noyabrın 10-da imzalanmış üçtərəfli bəyanata əsaslanır. Bəyanatda təsbit olunmamış hər hansı bir fəaliyyətin həyata keçirilməsi yolverilməzdir. Ermənistan da öz növbəsində Azərbaycanın humanist siyasətindən nəticə çıxarmalıdır.

Üzərində xüsusi olaraq dayanmağın vacib olduğu digər bir məsələ ölkədə aparılan kadr islahatları və yeni siyasi mədəniyyətin formalaşması ilə bağlı olan məsələdir. Cənab prezidentin də qeyd etdiyi kimi formalaşmaqda olan yeni siyasi münasibətlər siyasi sistemimizin gücləndirilməsinə, bütün siyasi qüvvələr arasındakı əməkdaşlığa yönəlmiş ciddi bir addım, yeni siyasi mədəniyyətin təzahürüdür. Bu baxımdan yanaşaraq qeyd etməliyəm ki, 2020-ci ilin fevral ayında keçiirlmiş parlament seçkiləri demokratiya istiqamətində atılmış növbəti ciddi addımlardan biri oldu. Parlamentin rəhbər orqanları yeniləndi, rəhbərliyə yeni insanlar gəldi. İlk dəfə olaraq parlamentin sədr müavini, parlament komitələrinin sədr və müavin vəzifələrinə müxalifət nümayəndələrinin seçilməsi ölkəmizin demokratik inkişafı baxımından çox böyük əhəmiyyət daşıyır. Prezident İlham Əliyev hələ 2018-ci ildə andiçmə mərasimində islahatların yeni dalğasını anons etmiş, ölkənin ictimai-siyasi-mədəni həyatının hər bir sahəsini əhatə edən çoxşaxəli islahatların yeni mərhələsi başlanmışdır. İslahat anonsu ölkənin siyasi həyatında tamamilə yeni bir dövrün başlanacağını ehtiva edirdi. Sosial-iqtisadi sahədə islahatlara paralel olaraq siyasi sahədə islahatlar amilinin önə çəkilməsi, islahatlar paketində siyasi partiyalarla bağlı ciddi məqamların öz əksini tapması, onların fəallığının artırılmasının nəzərdə tutulması 2020-ci il ərzində həlledici faktora çevrildi.

Müşavirədə Prezident tərəfindən Naxçıvan dəhlizinin açılması və bu dəhlizin gələcək perspektivləri ilə bağlı da fikirlər səsləndirildi və qeyd olundu ki, Naxçıvan dəhlizinin tezliklə açıması üçün konkret işlər gedir. Naxçıvan dəhlizinin açılması noyabrın 10-da imzalanmış bəyanatda öz əksini tapıb və prezidentin də qeyd etdiyi kimi bu məsələ ilə bağlı Rusiya ilə konkret və intensiv danışıqlar aparılır. Prezdient haqlı olaraq qeyd etdi ki, Ermənistan dəmir yolları Rusiya dəmir yollarının mülkiyyətindədir və buna görə də təbii olaraq bizim bu məsələdə tərəf müqabilimiz Rusiyadır. Çünki Ermənistan dövlətinin Mehri dəmir yolu layihəsinə heç bir aidiyyəti yoxdur. Azərbaycan qalib tərəf olduğu üçün bu məsələnin həllində də proseslər ölkəmizin xeyrinə inkişaf edir. Naxçıvan dəhlizinin açılmasının bölgəyə yeni imkanlar gətirəcəyi isə şübhəsizdir.

Digər vacib məqam heç şübhəsiz ki, ərazilərimizdəki təbii sərvətləri qanunsiz istismar edən şirkətlərlə bağlı idi və prezident bu məsələ ilə bağlı da qəti mövqeyini ifadə etdi. Prezident bildirdi ki, bizim qızıl və digər yataqlarımızı qanunsuz istismar edən bu şirkətlər təzminat ödəməsələr, bu məsələ məhkəməyə gedəcək. Doğurdan da ortada çox ciddi və tutarlı faktlar mövcuddur. Azərbaycan ərazisində mövcud olan bütün yerüstü və yeraltı sərvətlər ölkəmizə məxsusdur. Azərbaycanın icazəsi olmadan hansısa xarici şirkətin həmin sərvətlərin istismar olunmasında iştirak etməsi qanunsuzdur və beynəlxalq hüquqa da ziddir. Təbii sərvətlərimizin istismarı ilə bağlı Ermənistanla bağlanan müqavilələrin heç bir hüquqi əsası ola bilməz. Ona görə də Azərbaycanın bu şirkətləri beynəlxalq məhkəməyə verməyə və dəymiş zərərin ödənilməsini tələb etməyə tam haqqı çatır.

Son olaraq qeyd etmək istədiyim məsələ prezidentin tapşırığı əsasında azad olunmuş bütün şəhərlərdə işğal muzeylərinin yaradılması ilə bağlıdır. Dövlət başçısı qeyd etdi ki, şəhərlər bərpa olunarkən hər bir şəhərdə müəyyən dağıdılmış yerlər qalmalı və Ermənistan işğalının açıq səma altında muzeyi kimi saxlanılmalıdır ki, bunu heç kim heç vaxt unutmasın. Bu olduqca vacib və əhəmiyyətli qərardır. Heç şübhəsiz ki, erməni təcavüzü nəticəsində dağıdılmış ərazilərin işğal muzeyinə çevrilməsi erməni vəhşiliyinin dünyaya çatdırılmasında çox vacib bir vasitə olacaq”.