Budəfəki səfərin ən yaddaqalan hadisələrindən biri, heç şübhəsiz, 39 ildən sonra Şuşada Vaqif Poeziya Günlərinin keçirilməsi ənənəsinin bərpa edilməsidir Budəfəki səfərin ən yaddaqalan hadisələrindən biri, heç şübhəsiz, 39 ildən sonra Şuşada Vaqif Poeziya Günlərinin keçirilməsi ənənəsinin bərpa edilməsidir
  • Tribuna
  • 1 Sentyabr 2021 16:05
  •  20 638

Prezidentin “Əziz Şuşa, biz səni dirçəldəcəyik!” sözləri qısa zamanda reallığa çevrilir

Budəfəki səfərin ən yaddaqalan hadisələrindən biri, heç şübhəsiz, 39 ildən sonra Şuşada Vaqif Poeziya Günlərinin keçirilməsi ənənəsinin bərpa edilməsidir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin işğaldan azad edilmiş torpaqlarımıza Müzəffər Ali Baş Komandan kimi hər səfəri, bərpa, yenidənqurma tədbirlərində iştirakı hər bir vətəndaşımızı olduqca sevindirir və fərəhləndirir. Bu, həm də onu göstərir ki, dövlətimiz işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması ilə bağlı bütün ideya və planlarını sürətlə reallaşdırmaq gücünə, əzminə malikdir.

Bu fikirləri Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə söyləyib.

Çingiz Qənizadə bildirib ki, bu günlərdə dövlətimizin başçısı xalqımıza daha bir qürur və sevinc hissi yaşatdı. Prezident İlham Əliyevin birinci xanım Mehriban Əliyeva ilə birlikdə Şuşaya növbəti səfəri mühüm tarixi, mədəni hadisələrlə yadda qaldı. Şuşanın baş planının təqdim edilməsi, Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin, büstünün, Bülbülün ev-muzeyinin, Üzeyir Hacıbəylinin heykəlinin açılışları, “Qarabağ” hotelinin istifadəyə verilməsi, “Otel və Konfrans Mərkəzi”nin təməlinin qoyulması mədəniyyət paytaxtımızda həyata keçirilən yenidənqurma işlərinin tərkib hissələridir. Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “Xarıbülbül” musiqi festivalından sonra Vaqif Poeziya Günlərinin keçirilməsi ənənəsinin bərpası isə mühüm mədəni, ictimai-siyasi hadisə olmaqla düşmənə və onun havadarlarına əsl gözdağı oldu. Azərbaycan Prezidentinin və birinci xanımın Şuşaya hər səfəri zamanı böyük dəyişikliklərin, yeniliklərin şahidi oluruq. Görülən işlər Müzəffər Ali Baş Komandanın Şuşanın işğaldan azad edildiyi gün xalqa müraciətində söylədiyi “Əziz Şuşa, biz səni dirçəldəcəyik!” sözlərinin çox qısa bir zamanda reallaşdığını sübut edir. Şuşanın baş planı əsasında yeni yaşayış kompleksinin təməlinin qoyulması o deməkdir ki, Şuşa sakinləri qısa vaxtda doğma şəhərlərinə qayıdacaqlar və orada əbədi yaşayacaqlar.

Çingiz Qənizadə qeyd edib ki, budəfəki səfərin ən yaddaqalan hadisələrindən biri, heç şübhəsiz, 39 ildən sonra Şuşada Vaqif Poeziya Günlərinin keçirilməsi ənənəsinin bərpa edilməsidir. Vaqif Poeziya Günlərinin keçirilməsi həm mənəvi, həm də siyasi baxımdan çox vacib hadisədir. Hələ 1982-ci ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Şuşada Molla Pənah Vaqifin abidəsi ucaldılmışdı. 1992-ci ildə erməni vandalları Şuşanı işğal edərkən Vaqifin məqbərəsini dağıtmışdılar. Şuşa işğaldan azad edildikdən sonra Prezident İlham Əliyevin ilk göstərişlərindən biri məhz Vaqifin abidəsinin və məqbərəsinin bərpası ilə bağlı oldu. Qısa zamanda abidə və muzey-məqbərə kompleksi bərpa edildi. Dövlətimizin başçısı Vaqif Poeziya Günlərinin açılışı zamanı çıxışında bu məsələlərdən bəhs edərək deyib: “Müharibədən sonra mən ilk dəfə Şuşaya bu il yanvarın 14-də gəlmişdim. Bu tarix də təsadüfən seçilmədi. Çünki o tarixdən 39 il əvvəl burada Ulu Öndərin iştirakı ilə Vaqifin məqbərəsi açılmışdı və məhz yanvarın 14-də mənim buraya gəlməyimin çox böyük rəmzi mənası var idi. Buraya ilk səfərimdə ilk göstərişlərdən biri də o oldu ki, Vaqifin məqbərəsi bərpa edilsin, çünki vandallar bu məqbərəni dağıtmışdılar, sökmüşdülər. Vaqifin içəridəki barelyefini, sinə daşını sökmüşdülər. Yəni onlara xas olan vandalizm törətmişdilər, necə ki, azad edilmiş bütün başqa torpaqlarda biz bunun şahidiyik. Məqbərənin bərpasını Heydər Əliyev Fondu öz üzərinə götürdü və bu gün biz bu məqbərənin önündə Vaqif Poeziya Günlərinə start veririk. Vaqif Poeziya Günləri də bərpa edildi, “Xarıbülbül” festivalı da bərpa edildi. Bu ilin may ayında biz çox böyük coşqu ilə bu festivalı keçirdik və bu tarixi bərpa etdik”.

Molla Pənah Vaqifin, Üzeyir Hacıbəylinin, Natəvanın, Bülbülün abidələrinin, muzeylərinin bərpası Azərbaycan xalqının mətinliyinin, məğlubedilməzliyinin rəmzinə çevrildi. Bu, həmçinin dövlətimizin başçısının milli-mənəvi dəyərlərimizə, tarixi, mədəni irsimizə verdiyi qiymətin əyani təsdiqidir. Bütün bunlar təkcə mədəniyyət paytaxtımızda deyil, bütövlükdə tarixi torpaqlarını işğaldan azad etmiş və ərazi bütövlüyünü bərpa etmiş Azərbaycanın ictimai-siyasi, mədəni həyatında mühüm hadisələrdir. Xalqımıza məxsus tarixi abidələrin bərpası, ənənəvi tədbirlərin yenidən və daha möhtəşəm şəkildə qeyd olunması doğma torpaqlarımıza qayıdışımızın daha bir göstəricisidir.

Dövlətimizin başçısı tədbirdə daha bir maraqlı məqama toxunaraq bu gün tarixin təkrarlandığını qeyd etdi: “Təxminən 40 il bundan əvvəl, bax, bu yerdə atam durmuşdu, mən isə o tərəfdə durmuşdum. Şaxtalı-qarlı havada Vaqifin məqbərəsinin açılışı idi. Ondan sonra 1982-ci il iyulun 29-da atamla bərabər ikinci dəfə Şuşaya gəlmişdim. O vaxt Vaqif Poeziya Günləri keçirilirdi. Bu gün isə ikinci dəfə Vaqifin məqbərəsinin açılışını biz qeyd edirik. Vaqif Poeziya Günləri keçirilərkən atamın 59 yaşı var idi. Bu gün mənim 59 yaşım var. Bəziləri hesab edə bilər ki, bu, təsadüfdür. Ancaq mən hesab edirəm ki, burada böyük rəmzi məna var, tarix təkrarlanır. Azərbaycan tarixinin qara səhifəsi artıq arxada qaldı və biz yenidən nəfəs almağa başlamışıq”.

Hüquq müdafiəçisi Azərbaycan Prezidentinin ədalətin bərpası ilə bağlı fikirlərinə də diqqəti cəlb edib: “...Həyat göstərdi ki, ədalət var, sadəcə, dözümlü olmaq lazımdır, səbirli olmaq lazımdır, ədalətə inanmaq lazımdır və ədalətə nail olmaq üçün çalışmaq lazımdır, hədəfə doğru getmək lazımdır. Ədaləti bərpa etmək üçün fədakarlıq göstərmək lazımdır. Bu gün biz hamımız ürəyimizdə deyirik və açıq deyirik ki, bəli, ədalət var, ədalət bərpa edildi, biz bu gün Şuşadayıq və bundan sonra Şuşada əbədi yaşayacağıq”.

Bəli, ədaləti bərpa etmək üçün fədakarlıq göstərmək lazımdır. Azərbaycan Prezidenti məhz öz fədakarlığı ilə tarixi ədaləti bərpa etdi, 44 günlük müharibədə qazandığımız möhtəşəm Zəfərlə torpaqlarımızın işğalına son qoydu.

Azərbaycan Prezidentinin Vaqif Poeziya Günlərinin açılış mərasimindəki çıxışında vurğuladığı məqamlar Şuşa şəhərinin hər bir azərbaycanlı üçün nə qədər dərin mənəvi əhəmiyyətə malik olduğunu göstərir. Qürur hissi ilə qeyd etmək lazımdır ki, gələn il 270 illiyi qeyd ediləcək Şuşa şəhəri daha gözəl bərpa olunaraq dirçəlir, əvvəlki şöhrətini özünə qaytarır. Dövlətimizin başçısının işğaldan azad ediləndən sonra Şuşaya ilk səfərindən ötən 7 ay ərzində çox böyük işlər görülüb. Bütün bunlar Şuşanın, eləcə də işğaldan azad edilmiş bütün torpaqların əsl sahibinin kim olduğunu tam aydın şəkildə göstərir. Bunun üçün işğal dövründə və bu gün baş verənləri müqayisə etmək kifayətdir. Əslində bu dəyişiklikləri, aparılan genişmiqyaslı quruculuq işlərinin nəticələrini işğaldan azad olunmuş bütün ərazilərdə müşahidə etmək mümkündür. Azərbaycanla Ermənistanı fərqləndirən əsas amillərdən biri də elə budur: Ermənistanın dağıdıcı, Azərbaycanın isə qurucu fəaliyyəti.

Çingiz Qənizadə vurğulayıb ki, müharibədən sonra dövlətimizin başçısının birbaşa nəzarəti ilə Qarabağda aparılan tikinti-quruculuq işləri göz önündədir. Bütün bu işlər Prezidentimizin möhkəm qətiyyəti, əzmi, dövlətimizin gücü, qüdrəti sayəsində görülür. Bu işlər Azərbaycan Prezidentinin Qarabağı əsl cənnətə çevirəcəyi ilə bağlı xalqımızın əminliyini daha da möhkəmləndirir.