Cavid Osmanov: “İran-Azərbaycan münasibətlərinin gərginləşməsində zərər çəkən tərəf İranın özü olacaqdır” Cavid Osmanov: “İran-Azərbaycan münasibətlərinin gərginləşməsində zərər çəkən tərəf İranın özü olacaqdır”
  • Tribuna
  • 7 Oktyabr 2021 17:54
  •  9 736

“Heç bir qüvvə Azərbaycanla təhdid dilində danışa bilməz”

Cavid Osmanov: “İran-Azərbaycan münasibətlərinin gərginləşməsində zərər çəkən tərəf İranın özü olacaqdır”

Milli Məclisin deputatı Cavid Osmanov AzNews.az analitik- informasiya portalına açıqlama verib.

O bildirib ki, Ermənistan Prezidenti Nikol Paşinyanın Litva səfərində erməni diaspor nümayəndələri ilə görüşdə etdiyi çıxış Ermənistan rəhbərliyinin bölgədə Azərbaycanın yaratmış olduğu yeni reallığı dərk etdiyini göstərir.

“Səsləndirilən fikirlərdən Ermənistanın reallıqları qəbul etdiyi aydın olur. Paşinyanın xüsusən Şuşa ilə bağlı söylədiyi fikirlər onu göstərdi ki, Ermənistan işğalçılıq siyasəti yürüdüb.

Azərbaycanın Vətən müharibəsindəki tarixi və parlaq qələbəsini qəbul etmək məcburiyyətindədir.

Ermənistan artıq Azərbaycan tərəfindən yaranmış reallığı çox yaxşı dərk edir.Başqa çıxış yolu olmadığını açıq şəkildəgörür.

Digər bir tərəfdən Azərbaycanın bu qələbəsini artıq bütün dünya qəbul edib”.

Millət vəkili Azərbaycan – İran arasında yaşanan gərginliyə münasibət bildirərkən qeyd edib ki, region ölkələri Azərbaycanın yaratdığı reallığa uyğun gələcək siyasətlərini qurmağa başlayıblar:

“Çox təəssüflər olsun ki, son zamanlar İran tərəfindən Azərbaycana qarşı çox qərəzli mövqe nümayiş olunur. Birinci Qarabağ müharibəsində olduğu kimi 44 günlük Vətən müharibəsində və hazırkı məqamda İran Ermənistanın mövqeyindən çıxış edir.

Bu fikirlər əvvəlcə əyalət mollasından eşidilməyə başladı. Sonradan məlum oldu ki, bu İranın rəsmi mövqeyidir.

Azərbaycana qarşı böhtan və təxribatlar qəbul edilməzdir.

Azərbaycan 44 günlük Vətən müharibəsində öz ərazilərini işğaldan azad edərək ərazi bütövlüyünü qoruyub.

Tarixi ədaləti bərpa edib.

Əgər İran Azərbaycanın güclü bir dövlət kimi qəbul etməyə, təklif olunmuş yeni əməkdaşlıq planlarına qoşulmaqda çətinlik çəkirsə, bu onun öz işidir.

İranın bununla bağlı Azərbaycana qarşı saxta və qərəzli mövqeyi ilə böhtan xarakterli bəyanatlarla çıxış etməsi qəbul edilməzdir.

İran əsasən İsrail qüvvələrinin burada varlığını nəzərdə tutur.

Eyni zamanda böhtan ataraq terrorçular məsələsini ortaya atır.

Prezident İlham Əliyev Cəbrayıl rayonuna səfəri zamanı məhz bu məsələyə xüsusi toxunaraq onu da qeyd etdi ki, Azərbaycan ərazisində hər hansı dövlətin hərbi birləşmələri yoxdur”

Cavid Osmanov İran əgər keçmişdə qalıbsa, 90-ci illərin Azərbaycanını fikirləşirsə, onun çox böyük səhv etdiyini, bundan zərər çəkənin yalnız özü olacağını söyləyib:

“İran son zamanlar Azərbaycanla sərhəddə hərbi təlimlər keçirir.

Əgər bununla Azərbaycana güc göstərmək niyyətindədirlərsə, Azərbaycan gücünü ötən ilin sentyabr 27-də başlayan, cəmi 44 gün davam edən Vətən müharibəsində bütün dünyaya nümayiş etdirdi.

Azərbaycanın qələbəsini bütün dünya açıq şəkildə gördükdən sonra İran Azərbaycanı dəstəkləyən bəyanatlarlarla çıxış etdi.

İran artıq çarəsiz qaldığı məqamda belə çıxışlar edir.

Yaxşı olardı ki, İran 30 il müddətində Azərbaycan torpaqlarını işğala məruz qoyan, islam ölkəsi kimi Qarabağda dağıdılan 65-ə yaxın məscidlə bağlı hər hansı bəyanatla çıxış edərdi.

Ancaq biz tam əksini gördük. Ermənistana silah- sursat, yanacaq, ərzaq daşınmasında köməklik göstərdilər.

Birinci Qarabağ müharibəsində də həmin funksiyanı yerinə yetiridilər.

Deputat sonda vurğulayıb ki, İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın yürütdüyü müstəqil siyasətə heç bir qüvvə mane ola bilməz:

“Cənab Prezident bu məsələyə toxunaraq onu da bildirdi ki, Türkiyə də Rusiya da bölgədə sülhün , əmin- amanlığın təminində böyük rol oynayır.

Təklif olunmuş platformalara qoşulmaqla , qarşılıqlı əməkdaşlığın həyata keçirilməsində bu ölkələrin marağı olduğunu vurğulamış oldu.

Bu gün Azərbaycan, Türkiyə, Rusiya bölgədə təhlükəsizliyə töhfə verən güclərdir.

İranın Azərbaycana qarşı qərəzli mövqe irəli sürməsi Azərbaycanın müstəqilliyinə bir faizdə olsun maneə ola bilməyəcək. Heç bir qüvvə Azərbaycana təsir edə bilməz.

İran - Azərbaycan münasibətlərinin gərginləşməsində zərər çəkən tərəf İranın özü olacaqdır”, – deyə millət vəkili qeyd edib.

Şəbnəm Zahir