Sosioloqlar hesab edirlər ki, səbəblər nə olur-olsun, boşanmaq cəmiyyətin bünövrəsini sarsıdan hadisədir Sosioloqlar hesab edirlər ki, səbəblər nə olur-olsun, boşanmaq cəmiyyətin bünövrəsini sarsıdan hadisədir
  • Tribuna
  • 29 Yanvar 2022 13:57
  •  11 248

Ülkər Zülfüqarovadan ailə mediasiyası ilə bağlı məqamlar

Sosioloqlar hesab edirlər ki, səbəblər nə olur-olsun, boşanmaq cəmiyyətin bünövrəsini sarsıdan hadisədir

Hər bir cəmiyyətin sağlam şəkildə inkişaf edə, hüzur və güvən içində yaşaya bilməsi onun təməl daşı olan ailə institutundan, bu institutu qorumalı olan hüquqi düzəndən birbaşa asılıdır. Ailə institutu Azərbaycan xalqı kimi milli-mənəvi dəyərlərini qoruyan cəmiyyətlərdə önəmli yer tutduğundan dövlətin hüquq sistemi də onu qorumağı, inkişaf etdirməyi təşviq edir. Biz bunu hər şeydən əvvəl Konstitusiyamızda təsbit edildiyini görürük. Ana Qanunun “Ailə, uşaqlar və dövlət” adlanan 17-ci maddəsinin I bəndində qeyd edilir ki, “Cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir”. Konstitusiyanın 34-cü maddəsinin (“Nikah hüququ”) III bəndində də bu məqam bir daha vurğulanır: “Nikah və ailə dövlətin himayəsindədir”. Beləliklə, ailəni xüsusi himayəsinə götürən hüquqi dövlət hətta ailədə mübahisələr, münaqişələr yaşandıqda, ailə dağıldıqda belə onu diqqətdən kənarda saxlamır. Əksinə, baş verə biləcək ən pis ssenarilərə də öncədən hazırlıqlı olur və mediasiya institutunun formalaşdırılması bu qabaqlayıcı tədbirlərdən biridir.

Evliliyin sonlandırılmasına yol açan səbəblər müxtəlif olsa da, ən çox rast gəlinənlər bunlardır: maddi çətinliklər, cütlərin sosial-mədəni fərqlilikləri, cinsi problemlər, ünsiyyətin pozulması, tərəflərdən birinin xəyanəti, məişət zorakılığı, zövqlərin müxtəlifliyi, tərəflərin bir-birinə laqeyd münasibəti, ailələrin ifrat müdaxilələri, sonsuzluq, yaş fərqinin həddən çox olması, böyüklərin təkidi ilə ailə qurmaq, psixiatrik problemlər, qumar, narkotik və alkoqol aludəçiliyi və s.

Sosioloqlar hesab edirlər ki, səbəblər nə olur-olsun, boşanmaq cəmiyyətin bünövrəsini sarsıdan hadisədir. Çünki nəinki boşanma, hətta boşanmayaqədərki proses də təkcə ər ilə arvadı əhatə edən məsələ deyil, o, uşaqların psixologiyasına, gələcək taleyinə də birbaşa təsir edir. Bütün dünyada “Ailə planlanmasının anası” kimi tanınan məşhur psixoloq, psixoterapevt Virciniya Satir qeyd edir ki, əksər adamlar boşanma prosesində çarəsizlik, xəyal qırıqlığı yaşayır, qisas almaq, qarşılıq vermək arzusuna və ümidsizliyə qapılır. Boşanmalarda uşağın yaşı və onun bu prosesdən necə təsirləndiyi haqda danışan fransız psixoanalitik Katerin Mathelinin fikrincə, hər şey boşanmanın ata-ana və uşağın ətrafındakılar tərəfindən necə qəbul edilməsindən asılıdır. Buna görə də xüsusi çıxış yolu göstərmək, yaxud uşaqları yaş üzrə kateqoriyalara bölmək yersizdir. Bununla da, K.Mathelin boşanma prosesinin yaxşı idarə olunmasının əhəmiyyətinə vurğu edirdi.

Aparılan araşdırmalar göstərir ki, boşanmadan sonra ata və ya anasından ayrı düşən uşaqlar fiziki və mənəvi əzablarla qarşılaşırlar. Bu səbəbdən uşaqlara valideynlərin boşanmadan əvvəl olduğu kimi, boşanmadan sonra da uşaqlarına diqqət və qayğı göstərmələri vacibdir.

Son illər boşanma prosesinə baxış tərzi də dəyişmiş, artıq onun dünyanın sonu olmadığı, boşanma nəticəsində ailə quruluşunun dəyişdiyi qənaətinə gəlinmişdir. Yəni hüquqi olaraq evlilik sonlandırılsa da, atalıq və analıq hər iki valideyn üçün qalıcıdır, davam etməkdədir. Bu məsələdə mediasiyanın əvəzsiz rolu ola bilər. Belə ki, mediator böhran dövründə ailə üzvlərinə dəstək olaraq onların bir-biri ilə əlaqələri kəsmədən uzlaşmağa hesablanmış addımlar atmalarına, uşaq-valideyn münasibətlərinin qorunub saxlanmasına və ya qopmuş bağları yenidən qurmalarına yardım etməyə çalışır. Dolayısı ilə mediatorun əsas işi boşanma kimi stressli dönəmdə bir-birinə qarşı bəzən hətta düşmən kimi baxan tərəflər arasında ünsiyyəti, əlaqələri asanlaşdırmaqdır. Bunu təmin etməklə isə o, ər ilə arvadın bir-birini dinləyərək uşaqlarının ehtiyac və duyğularını prioritet götürməklə ortaq qərarlar vermələrinə köməklik göstərir.

Mediasiya sahəsi üzrə mütəxəssis Lori Enn Şou hazırladığı bir meta-analiz tədqiqatı ilə boşanma zamanı mediatora müraciət edən və birbaşa məhkəməyə gedənlər arasında müqayisələr aparmış və araşdırma nəticəsində müəyyən olmuşdur ki, birbaşa məhkəməyə deyil, mediatorlara müraciət edənlərin prosesin yekunundan məmnunluq faizi daha yüksəkdir. Tədqiqat göstərmişdir ki, mediatorlara müraciət edən cütlər boşanma prosesini mənəvi-psixoloji baxımdan daha rahat keçirir, məhkəməyə sərf edəcəkləri məsrəflərin xeyli hissəsindən azad olur, bir-birinə qarşı daha az ikrah hissi bəsləyərək ayrılır, övladlarına yaxşı valideynlik etmək üçün bir-biri ilə daha rahat əlaqə qura bilirlər.

Bir çox insan mediatorluğu mübahisə/münaqişə tərəfləri arasında barışıq yaradan və ya bir növ, terapiya ilə məşğul olan insan hesab edir. Ancaq mediatorluq tamamilə başqa funksiyaları daşıyır və o, müşavirlikdən, terapevtlikdən fərqlidir. Mediator ilə məsləhətçi-müşavirlərin iş prinsiplərini bir-birindən ayırd etmək üçün onların bəzi fərqlərini aşağıdakı kimi sıralaya bilərik:

* Mediator əsas diqqəti mübahisə tərəfləri arasında konkret məsələləri necə həll edəcəkləri ilə bağlı aydın razılaşmaların əldə edilməsinə yönəldir. Məsləhətçi-müşavir isə münaqişə tərəflərinin öz davranışlarını daha yaxşı dərk etmələrinə çalışır;

* Mediator keçmiş hadisələrin ətraflı təhlilinə deyil, insanların gələcəyi necə görmək istədiklərinə diqqət yetirir. Məsləhətçi-müşavir isə tərəflərin bugünkü davranışlarının mənşəyini tapmaq üçün keçmişi araşdırmağı lazım bilə bilər;

* Mediator prosesə nəzarət edir, lakin iştirakçılara və ya nəticəyə açıq şəkildə təsir göstərməyə çalışmır. Məsləhətçi-müşavir çox vaxt qərar qəbul edərkən və ya bəzi məsələləri nəzərdən keçirərkən tərəflərə təsir etmək iqtidarında olur.

* Vasitəçi adətən tərəflər arasında üzbəüz danışıqları təşkil edir və şəxsən iştirak edir. Məsləhətçi-müşavir isə eyni anda hər iki tərəfi də qəbul etməyə bilər;

* Mediasiya prosesi hər iki tərəfin danışıqlara hazır olmasını tələb edir. Məsləhətçi-müşavirlər isə tərəflərdən biri ilə də işləyə bilər; hətta digər tərəf buna hazır və ya razı olmasa da.

Beləliklə, mediator mübahisə/münaqişə edən tərəflər arasında dayanan üçüncü, heç bir marağı olmayan şəxsdir. O, tərəflərin bir-birinə “hücum” etməsinin qarşısını alır, tərəflərə bir-birinin emosiyalarını görməyə və özləri üçün düzgün qərar qəbul etmələrinə imkan yaradan ümumi maraqları (ailə üzvləri arasında isə bu maraqlar həmişə olur) tapmalarına kömək edir. Bir sözlə, ailə mediasiyası gələcəyə yönəlmiş proses kimi ailəyə gələcək inkişafı üçün strategiyalar qurmağa imkan yaradır. Ailə üzvlərinin mübahisə/münaqişənin həllində fəal iştiraka təşviq etməklə isə onlara qəbul etdikləri qərara görə məsuliyyət daşımaq imkanı verir.

Yekunda onu vurğulamaq lazımdır ki, hər bir ailədə problemlərin, mübahisə və münaqişələrin olması normal hadisə kimi qarşılanmalıdır. Problemlər, mübahisələr, münaqişələr həmişə olub, var və olacaq. Sadəcə onu anlamaq lazımdır ki, problemə münasibət, problemlə üzləşdikdə atılan addımlar və onların nəticələri fərqli ola bilər. Bu səbəbdən ailənin yaşaması üçün problemlər münaqişə həddinə çatdırılmamalı, onun varlığı gizlədilməməli və həlli uzadılmamalıdır. Münaqişə baş verdikdə isə konstruktiv davranılmalı və onun həllinə çalışılmalıdır.

Ülkər Zülfüqarova

5 sayli Baki Mediasiya Təşkilatının mediatoru