• Tribuna
  • 23 Dekabr 2022 19:50
  •  16 530

Laçın–Xankəndi yolundakı ekoloji aksiya vətəndaş cəmiyyətinin “yumşaq güc”ünün göstəricisidir

Dekabrın 12-dən Azərbaycanın əbədi-əzəli torpağı olan Laçın-Xankəndi yolu üzərində ölkəmizin ekoloji fəallarının, vətəndaş cəmiyyəti nümayəndələri, gənc könüllülər və geniş ictimaiyyət təmsilçilərinin başladığı etiraz aksiyası israrlı və haqlı tələblərlə davam edir. Etiraz aksiyasının keçirilməsinə səbəb Ermənistanın illərdən bəri Azərbaycan torpaqlarında – Qarabağ iqtisadi rayonu ərazisində həyata keçirdiyi ciddi ekoloji terror, qanunsuz mədən fəaliyyətləri və təbii sərvətlərimizin vəhşicəsinə talanması ilə bağlıdır.

1988-ci ildən Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağda baş qaldıran erməni separatizmi Ermənistanın və digər ölkələrin təhriki ilə alovlanmış, getdikcə münaqişədən müharibəyə çevrilmişdir. Maraqlı olan budur ki, ermənilər münaqişənin hələ ilk illərində belə bölgədə ekoloji terrora əl atmış, Xankəndi ətrafındakı Topxana meşəsində ağacların soyqırımını törətmişdilər. Ermənilərin törətdiyi ekoloji terror Azərbaycan xalqında hiddət və qəzəb doğurduğundan 1989-cu ilin noyabrında Bakıda və ölkənin digər regionlarında kütləvi həmrəylik və etiraz mitinqləri təşkil olunmuşdur.

Ermənistanın 10 noyabr 2020-ci il üçtərəfli bəyanatı ilə üzərinə götürdüyü və təəssüflər olsun bu günə qədər icra etmədiyi öhdəliklə hələdə Qarabağda olan separatçı ermənilərin bu günkü hərəkətləri və onların himayədarı Rusiya “sülhməramlıların” əməlləri yenidən bölgədə vəziyyəti gərginləşdirməyə və qəti addımların atılmasına xidmət edir.

İllərlə Azərbaycan xalqına qarşı misli görünməyən cinayətlər törətmiş separatçı erməni tör-töküntüləri özlərini müdafiə etmək üçün “sülhməramlı” himayəçisindən yararlanmağa çalışır, orada yaşayan Azərbaycan vətəndaşı olacaq etnik erməni mənşəli sadə əhalini sadəlövcəsinə yeni faciələrə təhrik etmiş olurlar. Uzun illərdən bəri praktik olaraq görünməyən sülhə belə yenidən təhlükə yaradırlar.

Separatçıların qondarma rəhbəri Araik Harutunyan, Xocalı cəlladı Vitali Balasanyan kimi cinayətkarlara da əslində elə bu lazımdır. Sülhün bərqərar olması heç şübhəsiz ki, cinayətkarların mühakimə olunmasına şərait yaratdığını əli qana batmış qatillər başa düşdüklərindən kənar qüvvələrin siyasətinə alət olmağı yeganə yol hesab edirlər. Həmin bu cinayətkar erməni qatilləri ölkəmizin ərazisində qanunsuz əməllərini davam etdirməklə indi də filiz yataqlarımızın istismarını, çapıb-talanmasını həyata keçirməklə məşğuldurlar.

Əfsuslar olsun ki, ermənilər bu qanunsuz əməllərini Rusiya “sülhməramlı” qüvvələrinin nəzarət bölgəsinə verilmiş ərazilərimizdə aparırlar. 10 noyabr 2020-ci ildə Ermənistan Respublikasının təslimiyyət aktı kimi imzalanmış bəyanatda bölgədə sülühün bərqərar olunmasına təminat verən Rusiya missiyasını doğru- düzgün yerinə yetirmədiyindən erməni separatçıları yenidən təhlükəli addım atmağa başlayıb. Laçın yolu ilə həm bölgəyə qanunsuz olaraq İran və Rusiya istehsalı silah sursat daşınır, terrorçu dəstələr gətirilir, həm də Qarabağın Qızılbulaq, Dəmirli yatağının qızıl, mis, molibden ehtiyatları talan olunaraq xaricə daşınır.

Baş verən qanunsuz əməllər isə heç şübhəsiz ki, Azərbaycanın siyasi hakimiyyətini, səlahiyyətli dövlət qurumlarını naraha etməyə bilməz. Bunun üçün də Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ölkəmizə məxsus filiz yataqlarında monitorinq, araşdırma aparılması haqlı olaraq Rusiya “sülhməramlı” kontingentinin komandanı Andrey Volkovdan tələb olunub. İlk anda “sülhməramlı” kontingentin komandiri araşdırma missiyasına şərait yaratmış kimi görünsə də, dolayısı yolla monitorinqin aparılmasına əngəllər törətmiş olub. Bununla da Azərbaycanın hüquqi yurisdiksiyasına aid torpaqlarımızda azərbaycanlı mütəxəsislərin hərəkətinə məhdudiyyətlər tətbiq olunub.

Hansı ki, azərbaycanlılardan başqa istənilən şəxsin Laçın dəhlizi ilə Qarabağın Rusiya “sülhməramlılarının” nəzarətində olan ərazilərimizə səfər edə və çirkin niyyətlərinin gerçəkləşdirməsinə şərait yaradılır. Azərbaycan ərazisində hələ də qalmaqda davam edən erməni silahlı birləşmələrinə silah-sursat çatdırılır, hətta İrandan həmin silahların istifadə edilməsi üçün təlimlər aparmaq məqsədilə gələn “təlimatçılara” hər tərəfli şərait yaradılır. Bütün bunlar axır ki, Azərbaycanın vətəndaş cəmiyyətində kəskin etirazlara səbəb olub.

Dekabrın 12-də QHT fəallarının, ekoloji aktivistlərin, gənc könüllülərin, ictimaiyyət nümayəndələrinin Laçın–Xankəndi yolunda həyata keçirdiyi etiraz aksiyasında məqsəd Qarabağ ərazisindəki filiz mədənlərinin vəhşicəsinə istismarı sayəsində Azərbaycan təbiətinə qarşı törədilən ekoloji terrora etiraz etmək olub. Nəzərə alsaq ki, Qarabağ zəngin meşə ehtiyyatlarına malikdir və aparılan qazıntı işləri nəticəsində ağacların kütləvi məhvi həyata keçirilir.

Deməli, Azərbaycan ərazisində xarici şirkətlərin erməni separatçıları ilə sövdələşərək həyata keçirdikləri talan qarətin birbaşa məsuliyyətini Rusiya “sülhməramlıları” daşımış olur. Azərbaycan QHT-lərinin haqlı və davamlı etiraz aksiyası Qarabağın separatçı ermənilərinin nəfəsliyini kəsmək və bu işə hamilik edən Rusiya “sülhməramlılarının” əməllərini üzə çıxarmaqdır.

Etiraz aksiyasında səsləndirilən əsas tələb “sülhməramlı” kontingentin komandiri Andrey Volkovun ekoloji fəallarla, aksiya iştirakçıları ilə görüşə gəlməsi və Azərbaycan rəsmi qurum və müstəqil ekspertlərinin istismara cəlb olunan yataqlarda monitorinqlərdə iştirakına şərait yaratmaq olmuşdur ki, bu da Azərbaycan vətəndaş cəmiyyətinin və geniş ictimaiyyətin haqlı etirazı kimi qəbul oluna bilər.

Azərbaycan QHT-lərinin davamlı etiraz aksiyası prinsipial xarakter almaqla vətəndaş cəmiyyətinin ölkəmizdə kifayət qədər təsirli imkanlara malik olduğunu göstərdi. 12 gündən bəri davam edən aksiya göstərdi ki, dinc aksiya iştirakçıları yalın əllə belə erməni separatçılarının xaricdən gətirdikləri təhlükəli yüklərin gətitrilməsini dayandıra bilər. Azərbaycan vətəndaş cəmiyyəti Qarabağ uğrunda tam qətiyyətli mövqe nümayiş etdirə bilir. Kəskin hava şəraiti olmasına baxmayaraq, qışın qarı, şaxtası belə ictimai fəallarımızın iradəsini belə qıra bilməz.

Hadisələr onu göstərdi ki, dövlətin gücü ordu, polis, iqtisadiyyat və siyasi hakimiyyətlə yanaşı vətəndaş cəmiyyətinin də kifayət qədər yetkin və qərarlı olmasından asılıdır. Bunun üçün Azərbaycanda son illər formalaşmış güclü vətəndaş cəmiyyəti, institutlaşmış QHT sferası sözün əsl mənasında “yümşaq güc” olduğunu bir daha sübut etdi.

Bütün bu proseslərin içində müstəqil və fəal QHT və media təsisatlarının mövcudluğu da az əhəmiyyət daşımır. Son hadisələr göstərdi ki, Azərbaycanda möhtərəm prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasi islahatlar nəticəsində vətəndaş cəmiyyəti və müstəqil media özünü təsdiqləmək gücündədir. QHT-lər tək sayına görə deyil, prinsipial və milli mövqeyinə, qətiyyətli qərarlarına görə də keyfiyyət baxımından kifayət qədər yetkinləşə biliblər. QHT-lər həm ölkə daxilində vətəndaş cəmiyyətinin mövqeyini ifadə etməyi bacarır, həm də beynəlxalq fikirə Azərbaycanın haqlı və ədalətli olduğunu çatdıra bilir.

Nəzərə alsaq ki, Azərbaycanda 5000–nə yaxın QHT mövcuddur və cəmiyyətin bütün sahələrində dövlət siyasətinin həyata keçirilməsinə öz ictimai dəstəyini göstərə bilir. Bu baxımdan da QHT-lərimiz dünyanın hər yerində olduğu kimi vətəndaş cəmiyyətininin inkişaf və tərəqqisində əhəmiyyətli rol oynayır.

Sosial-iqtisadi, mədəni-humanitar, insan hüquqları, ekoloji, sağlamlıq və digər sahələr də daxil olmaqla bütövlükdə hərtərəfli olaraq QHT-lər əhəmiyyətli işlərə, addımlara imza atırlar, cəmiyyət üçün gərəkli layihə və proqramların hazırlanması və icrasında məhsuldar əmək ortaya qoya bilirlər.

Azərbaycan dövləti vətəndaş cəmiyyətinin inkişaf etdirilməsi yolunda davamlı olaraq geniş və hərtərəfli tədbirlər həyata keçirilməsi ilə bağlı mütəmadi olaraq tədbirlər həyata keçirib. QHT-lərin hüquqi, maliyyə bazası resurslarının formalaşdırılması, dövlət-QHT münasibətlərində əməkdaşlıq, tərəfdaşlıq ənənəsinin tam oturuşması, könüllü birliklərin asan yolla qeydə alınması, QHT-lərə layihə və proqramların həyata keçirilməsi üçün maliyyə, konsaltinq və təşkilati-inzibati dəstəyin göstərilməsi vətəndaş cəmiyyəti institutlarının fəaliyyət arealının zənginləşdirilməsinə geniş imkanlar və zəmin yaradıb.

Bunun nəticəsi olaraq, Azərbaycanın fəal və oturuşmuş vətəndaş cəmiyyəti institutu məhz, Laçın-Xankəndi yolunda belə cəsarətli, davamlı və nəticəyə hesablanan ekoloji aksiyanı keçirə bilir və Ermənistanın və Qarabağdakı separatçı ermənilərin və onların “sülhməramlı” himayədarlarının qanunsuz əməllərinə etiraz edə bilir.

Təbii ki, tələblərin yerinə yetirilənə və nəticəyönlü praktik fəaliyyət təmin edilənə qədər israrlı olacaq bu aksiya bir daha Azərbaycan vətəndaş cəmiyyətinin “yumşaq güc”ünün göstəricisi olduğunu bütün dünyaya tanıtdı.

Asif Əsgərli

YAP Idarə Heyətinin üzvü,

Azərbaycan Demokratik Tələbə

Gənclər Təşkilatının sədri