• Tribuna
  • 10 Fevral 2023 14:47
  •  51 129

Tehran rejiminin Azərbaycana qarşı kirli məqsədləri ifşa olunur!

Azərbaycan Respublikasının müvafiq hüquq-mühafizə və güc strukturları – Daxili İşlər Nazirliyinin, habelə Dövlət Təhlükəsizlik Xidmətinin uğurlu fəaliyyəti belə təhlükəli şəbəkələrin neytrallaşdırılması yönündə əsl şücaət və peşəkarlıq nümayiş etdiriblər

Azərbaycanın Tehrandakı səfirliyinə edilən terror hücumundan sonra bu ölkənin rəhbərliyi müxtəlif cəhdləri və yanlış addımları ilə baş vermiş qanlı hadisəni ört-basdır etmək yönündəki cəhdlərini davam etdirir və bu fakt da əslində bir reallığı ortaya qoyur: fars-molla rejimi özünü daha çox ifşa etdirir. Bir şəhidimizin və iki yaralımızın olması ilə nəticələnən terror aktını “məişət zəminində” pərdəsi altında gizlətməyə çalışan Tehran rejiminin cinayətkarı istintaqa cəlb etməsi və rəsmi Bakının tələblərinə düzgün reaksiya verməsi yerinə onu psixoterapiya xəstəxanasına yerləşdirib və bu minvalla öz kirli əməlini gizlətməyə çalışıb. Halbuki hadisə baş verəndən sonra bu ölkənin televiziyalarına gen-bol müsahibələr verən terrorçuda əsla hər hansı psixiki çatışmazlıq müşahidə olunmurdu. Məhz bu fakt bir daha isbat edir ki, terror aktı əvvəlcədən planlaşdırılmış qanlı olaydır və onun arxasında dayananlar isə İranın xüsusi kəşfiyyat orqanlarıdır.

Söz yox ki, ifşa edilən 3500-dən çox şəxslərin də adları bəllidir və onların hər birinin Azərbaycan qanunları qarşısında cavab verəcəkləri gün də uzaqda deyil

Artıq bəllidir ki, Azərbaycanın Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı dəstəsi İranın kəşfiyyat orqanları ilə əlbir olan, ölkəmizdə terror aksiyalarını keçirməyə hazırlaşan, habelə ölkəmiz haqqında İranın kəşfiyyat dairələrinə müxtəlif informasiyalar ötürən casus şəbəkəsini ifşa edib, saxlanılanlar var. Söz yox ki, ifşa edilən 3500-dən çox şəxslərin də adları bəllidir və onların hər birinin Azərbaycan qanunları qarşısında cavab verəcəkləri gün də uzaqda deyil.

Lakin mövzu ilə bağlı ortaya çıxan digər faktlar da gündəmdədir və bu da Azərbaycan Respublikası vətəndaşlarının gizli şəkildə ölkə hüdudlarından kənarda hərbi təlimlər keçmələri ilə bağlıdır. Məlumdur ki, bu insanlar bilavasitə SEPAH-ın təsir dairələri altında fəaliyyət göstəriblər və eyni zamanda, informator olaraq Azərbaycana göndərilməklə müxtəlif sahələri əhatə ediblər. Onlar demək olar ki, bütün iş sferalarına paylanaraq öz kirli əməllərini icra etməklə məşğul olublar.

Məhz fars şovinizminin əsaslarına söykənən bu kimi kirli addımlara isə uzun illər öncədən başlanılıb.

Daha bir məsələ isə casus şəbəkəsinə aid olan şəxslərin şantaj, təzyiq və təhdidlər vasitəsi ilə ələ alınmalarıdır. Onlar təsir dairəsində saxlanılmaqla İranın kəşfiyyat orqanları tərəfindən təlimatlandırılır, hər hansı informasiyaların ötürülməsi ilə bağlı xüsusi tapşırıqlar alır, sosial şəbəkələrdə İranın ideologiyasının təbliğini aparır, bu vasitələrlə digər şəxsləri də öz sıralarına cəlb edirdilər.

Məhz fars şovinizminin əsaslarına söykənən bu kimi kirli addımlara isə uzun illər öncədən başlanılıb. Məsələn, biz xatırlaya bilərik ki, fars-molla şovinizminə əsaslanan dini ideologiyanın yayılması üçün Azərbaycanın müstəqilliyinin ilk illərində “İmam Xomeyni adına İmdad” komitəsi fəaliyyət göstərib. Bu komitə sadə və siyasi məlumatları az olan Azərbaycan vətəndaşlarını ələ almaqdan ötrü onları maliyyə, ərzaq və s. vasitələrlə özlərinə cəlb edir, xüsusilə həmin prosesi sərhəd bölgələrimizdə həyata keçirirdilər. Sonradan isə kəşfiyyatın ikinci mərhələsinə başlanılırdı: ideoloji təbliğat, Azərbaycanda “kərimə” dövlətinin qurulması və s.

Qum şəhərində dini təhsil alan vətəndaşlarımızın istismarına başlanıb ki, sonradan həmin adamlar Azərbaycana göndərilməklə dünyəvi və demokratik quruluşumuza qarşı yönəldiliblər.

O da əbəs deyil ki, belə insanların əksəriyyəti dini təhsil almaq məqsədi ilə İrana aparılır, dini hövzələrdə yerləşdirilir və sonrakı müddətlərdə onların beyinlərinin yuyulmasına başlanılırdı. Buna misal olaraq İranın Qum şəhərindəki dini tədris müəssisələrində aparılan işləri də göstərə bilərik. Məhz bu vasitələrlə İranda, xüsusilə Qum şəhərində dini təhsil alan vətəndaşlarımızın istismarına başlanıb ki, sonradan həmin adamlar Azərbaycana göndərilməklə dünyəvi və demokratik quruluşumuza qarşı yönəldiliblər.

Ancaq göründüyü kimi, Azərbaycan Respublikasının müvafiq hüquq-mühafizə və güc strukturları – Daxili İşlər Nazirliyinin, habelə Dövlət Təhlükəsizlik Xidmətinin uğurlu fəaliyyəti belə təhlükəli şəbəkələrin neytrallaşdırılması yönündə əsl şücaət və peşəkarlıq nümayiş etdiriblər. Bu günlərdə ifşa edilən şəbəkənin ələ keçirilməsi və ifşası da bu reallığı kifayət qədər sübut etməkdədir.

Son olaraq isə qeyd etməliyik ki, hər bir Azərbaycan vətəndaşı da ayıq-sayıq olmalı təhlükəli, təhdid xarakterli və şübhəli bilinən hər bir anda hüquq-mühafizə orqanlarını məlumatlandırmalıdırlar.

Gülayə Səfərova,

"Ailə Dünyası" Ailələrə Hüquqi Yardım İctimai Birliyinin sədri