• Tribuna
  • 12 İyun 2023 12:13
  •  17 190

Deputat: "Sülh prosesində Qərbin üstünlüyü ələ aldığını demək üçün çox tezdir”

“Sülh müqaviləsinin imzalanması prosesində Qərbin üstünlüyü ələ aldığını demək üçün hələ çox tezdir”

Bunu mövzu ilə bağlı AzNews.az-a iyunun 9-u Soçidə Ermənistan Baş naziri Nikol Paşinyanla Rusiya Prezidenti Vladimir Putin arasında baş tutan görüşlə bağlı açıqlamasında millət vəkili Elman Nəsirov deyib.

O əlavə edib ki, Azərbaycan Ermənistanın, Ermənistan da Azərbaycanın ərazi bütövlüyünü tanıyır.

"Burada rəqəmlər də göstərilir, yəni Ermənistan Azərbaycanın ərazi bütövlüyünü 86.6 min kvadrat kilometr çərçivəsində tanıyır, Qarabağ Azərbaycandır deyir.

Eyni zamanda 1991-ci il Almatı Bəyannaməsi sərhəd tənzimləmələri məsələlərində əsas kimi götürülür. Bu bəyannaməyə görə Sovet İttifaqının tərkibində olarkən respublikalar hansı sərhədlərə malikdirlərsə potsovet dövründə də eyni sərhədlərə malik olmalıdırlar. Yəni sovet dövründə də Qarabağ Azərbaycanın tərkibində idi, indi də eyni vəziyyət yaranır. Ermənistan bunu qəbul edir”.

Millət vəkilinin sözlərinə görə, bu görüşlə Zəngəzur dəhlizinin açılması, Qarabağdakı qeyri-qanuni erməni hərbi birləşmələrinin çıxarılması kimi məsələlər də öz həllini tapa bilər:

“Hesab edirəm ki, Soçi görüşündə bu məsələ ətrafında ciddi fikir mübadiləsi oldu. Xüsusilə də Ermənistanın yaratdığı uydurma dəhliz məsələsinin aradan qaldırılması ilə bağlı fikir mübadiləsi baş tutdu”.

E.Nəsirov deyib ki, Rusiya Ermənistan və Azərbaycan münasibətlərinin normallaşması prosesində əsas söz sahibinin məhz özü olmasını istəyir:

“Bu prosesə Vaşinqton və Brüssel də fəal girişib. İyunun 21-də yenidən Brüssel formatı çərçivəsində görüş keçiriləcək. Oktyabrın 5-də növbəti bir tədbirin keçirilməsi planlaşdırılır. Belə olan vəziyyətdə Moskva kənar müşahidəçi kimi qalmayıb əksinə iki dövlətin münasibətlərinin normallaşması, sülh müqaviləsinin imzalanmasında əsas rola malik olmaq istəyir. Hesab edirəm ki, Soçi görüşünə də bu kontekstdə qiymət vermək lazımdır”.

Millət vəkili sonda qeyd edib ki, sülh müqaviləsinin imzalanması prosesində Qərbin üstünlüyü ələ aldığını demək üçün hələ çox tezdir:

“Fikir versəniz, Qərbdə keçirilən hər danışığın ardınca Moskva danışıqları həyata keçirilir. Bəzən də Moskva danışıqlarından sonra Qərb danışıqlar təşkil edir. Burada bir yarış var, bu özü diqqətdən yayınmayan amildir. Rəsmi Moskva Qərbin keçirdiyi danışıqlara Rusiyanın Cənubi Qafqazdan çıxarılmasına yönəlmiş bir addım kimi yanaşır. Hesab edir ki, Qərb bu danışıqları həyata keçirməklə Rusiyanın mövqelərini Cənubi Qafqazda zəiflədir. Bu Moskvanın yanaşmasıdır. Vaşinqton və Brüssel bunu bəzən təkzib edir, bəzən də etmir. Rusiya da hər halda bu prosesdə güzəştə gedəsi olmayacağını ortaya qoyur. Azərbaycan prezidenti İlham Əliyev bildirib ki, ən gözəl, ideal yol ikitərəfli, yəni Azərbaycan və Ermənistan arasında danışıqlar çərçivəsində problemin həll edilməsidir. Bu danışıqlarda Qarabağ məsələsi müzakirə edilmir, bu məsələ artıq bitib. Müzakirə məsələsi Ermənistan və Azərbaycan münasibətlərinin normallaşması və sülh müqaviləsinin imzalanmasıdır. Bu məsələnin həllində Qərb və ya Rusiya dəstək vermək istəyirsə gəlsin, dəstək versin. Amma elə etməsinlər ki, öz aralarındakı ziddiyyətlər Cənubi Qafqaza uzunmüddətli sülhün gəlişinə mane olsun”.

Rəşid Qarayev