- Tribuna
- 24 İyun 2023 18:13
- 21 289
Aydın Mirzəzadə: "Xarici diplomatların Laçına səfər etməsinin böyük əhəmiyyəti var"
“Azərbaycan həm daxili, həm də xarici siyasətini şəffaf aparır. Beynəlxalq aləm, o cümlədən Azərbaycandakı diplomatik nümayəndələr dövlətçiliyimizin inkişafı qarşısında duran məsələlər, həlli yolları ilə kifayət qədər məlumatlıdırlar. Ancaq bununla belə vaxtaşırı xarici diplomatların Azərbaycanın bu və ya digər bölgələrinə səfərlər təşkil edilir”.
Bunu AzNews.az-a Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun, eləcə də 10 təşkilatın nümayəndələrinin Laçına səfəri ilə bağlı açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib.
O bildirib ki, Laçın dəhlizi ilə bağlı bu gün beynəlxalq aləmdə spekulyasiyalar kifayət qədərdir. Ermənistan və Ermənistanı müdafiə edən xaricdəki bəzi siyasi dairələr Azərbaycan ərazi bütövlüyünü şübhə altına almağa, Laçın dəhlizi ilə bağlı məsələləri təhrif edilmiş şəkildə verməyə çalışırlar:
"Azərbaycanın bir milyon məcburi köçkünü, Ermənistan tərəfindən tamamilə dağıdılmış işğaldan azad edilən ərazilər və həmin ərazilərdə gedən quruculuq işləri barəsində həmin dairələr nədənsə susurlar. Ancaq bu gün Xankəndidə yaşayan 25 min erməni sakin barəsində olmazın yalanlar paylaşırlar. Blokadada olduqları, çətinlik çəkdikləri kimi yalan iddialar irəli sürülür. Azərbaycan isə onları öz sakinləri saydığını və təhlükəsizliklərinə tam təminat verdiyini bildirib. Laçın sərhəd keçid məntəqəsi qurmaqla onların təhlükəsiz şəkildə ölkə ərazisinə girib çıxmasına şərait yaratdı. Amma Ermənistandan həmin postun atəşə tutulması bu prosesi yarımçıq kəsdi", - deyə o əlavə edib.
A.Mirzəzadə sonda qeyd edib ki, görünüşə görə Qarabağ iqtisadi zonamızda yaşayan ermənilərə qarşı təhlükə ilk növbədə Ermənistandan gəlir:
“Bu baxımdan xarici diplomatların həmin bölgəyə səfər etməsi, səfər zamanı Laçına köçmüş yerli sakinlərin şəraiti ilə tanış olması, salınan infrastruktur, görülən işlər və gələcək planlarla bağlı yerində məlumat almalarının böyük əhəmiyyəti var. İlk görüntülər göstərir ki, bu səfər onların böyük marağına səbəb olub. Azərbaycan bundan sonra da həmişə beynəlxalq birliklə sıx işləməyə və apardığı siyasət barəsində hərtərəfli obyektiv məlumat verməyə davam edəcəkdir”.
Rəşid Qarayev