- Tribuna
- 16 Oktyabr 2023 18:19
- 17 112
Ümummilli lider Heydər Əliyevin ana dili sevgisi və siyasəti
Azərbaycan dilinin çox qədim və zəngin tarixi vardır. Bu dil fonetik, leksik və qrammatik sistemi, eləcə də rəngarəng üslublara malik olması ilə seçilir. Azərbaycan dili 50 milyondan çox insanın danışdığı dildir. Dilimiz neçə-neçə görkəmli şair, yazıçı və dövlət xadimlərinin dilidir. Belə xadimlərdən biri də ümummilli lider, xalqımızın böyük oğlu Heydər Əliyevdir. Ümummilli lider Heydər Əliyevin dilimizin tarixində, qorunmasında xidmətləri misilsiz və əvəzolunmazdır. O, Azərbaycan dilinin saflığı, qorunması, cəmiyyətdə əsas ünsiyyət vasitəsinə çevrilməsi ilə bağlı davamlı çalışmış, məqsədyönlü fəaliyyət göstərmişdir. Heydər Əliyevin Azərbaycan dili ilə bağlı yürütdüyü bu siyasət ilk növbədə onun ana dilinə olan sevgisi ilə bağlıdır. O, ana dilini incəliklərinə kimi sevir, bu dildə çox səlis danışırdı. Dilə olan sevgisi onu milli dili dövlət dili səviyyəsinə qaldırmasına səbəb oldu.
1969-cu ildə hakimiyyətə gələn dahi siyasətçi, ilk növbədə ana dilini dövlət siyasətinə çevirmək məqsədini qarşıya qoymuşdur. Onun dil siyasəti ilə bağlı ilk addımları Azərbaycan dilinin müxtəlif adlarla adlandırılmasının qarşısını almaq oldu. Belə ki, hamıya məlum olduğu kimi Azərbaycan dili müstəqilliyimizin ilk illərində “türk dili” adlandırılırdı. Hətta o dövrdə orta məktəb dərsliklərinin üzərində “Türk dili” yazılırdı. H.Əliyev hakimiyyətə gələn kimi qeyd etdi ki, necə ki, qazaxların dili qazax, özbəklərin dili özbək, qırğızların dili qırğız dili adlanırsa, azərbaycanlıların dili də Azərbaycan dili adlandırılsın. Onun təşəbbüsü və gərgin əməyinin nəticəsi olaraq 1995-ci ildə 12 noyabrda müstəqil Azərbaycanın ilk Konstitutusiyasında dövlət dili Azərbaycan dili adlandırıldı. Hətta dilimizlə bağlı Konstitusiyaya 21-ci maddə də əlavə edildi. Burada yazılır ki, Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir.
Heydər Əliyevin ana dilinə olan sevgisi bu dilin bütün incəliklərinə bələd olması ilə seçilir, çünki o özü əsl natiq kimi nitqi ilə örnək olmuşdur. Ümummilli liderin xidmətləri yalnız siyasətçi, görkəmli dövlət xadimi olması, siyasi nitqləri ilə tamamlanmır. Görkəmli dövlət xadimi Azərbaycan dili ilə bağlı fikirlərində dilçilik görüşləri də xüsusi yer tutur. O öz çıxışlarında hər zaman dil quruculuğu, dil siyasəti, yazı, əlifba və s. ilə bağlı dilçilik məsələlərinə diqqət yetirmişdir. Ümummilli lider ziyalılarla, tələbələrlə, diplomatlarla, eləcə də cəmiyyətin digər təbəqələri ilə görüşlərində ana dilini sevməyi, onu qorumağı məsləhət bilmişdir. O deyirdi ki, “Mən arzu edirəm ki, Azərbaycan gənci Şekspiri ingilis dilində oxusun. Nizamini, Füzulini, Nəsimini isə Azərbaycan dilində oxusun. Ümidvaram ki, bu gün məndə bu ümidlər daha da çoxaldı, bizim gənclərimiz bundan sonra tariximizi daha da yaxından öyrənəcək, doğma Azərbaycan dilimizi mənimsəyəcək və bunlar hamısı hər bir gənc Azərbaycan övladına yüksək vətənpərvərlik hissləri yaradacaqdır”.
“Dil barəsində danışarkən mədəniyyət, milli ənənələr haqqında danışarkən eyni zamanda mən onu qeyd etmək istəyirəm ki, Azərbaycanda bütün vətəndaşlar eyni hüquqa malikdir və bütün dillərdən sərbəst istifadə olunur, olunmalıdır və gələcəkdə də istifadə olunacaqdır. Azərbaycan Azərbaycanda yaşayan bütün millətlərin doğma vətənidir. Azərbaycan vətəndaşları, Azərbaycan xalqı deyəndə biz Azərbaycanda yaşayan bütün millətlərin birliyini dərk edirik” («Xalq» qəzeti, 6 fevral 1996-cı il).
Azərbaycan dilinin möhkəmlənməsi, cəmiyyətdə əsas ünsiyyət vasitəsinə çevrilməsi onun dövlət dili statusu alması ilə bağlı ola bilərdi. Bunu zamanında qiymətləndirən dahi siyasətçi dilimizi qorumaq üçün ilk növbədə onu dövlət dili səviyyəsinə qaldırdı. Bunun üçün o əməli fəaliyyət göstərməyə başladı.
2001-ci ilin iyun ayının 18-də Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev yeni fərman imzaladı. Bu fərman dilimizin tarixində yeni səhifə açdı. Daha sonra ümummilli lider 4 iyul 2001-ci ildə “Azərbaycan Respublikası Dövlət Dil Komissiyasının təşkilinin təsdiq edilməsi haqqında” sərəncam imzaladı. 9 avqust 2001-ci il tarixdə “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsdiq edilməsi haqqında” fərman verildi. Bu fərman və sərəncamlar Azərbaycan dilinə olan hörmətin göstəricisi idi. “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” fərmanında görkəmli siyasi xadim Azərbaycan dilinin incəliklərinə toxunur, onun tarixinə, işlənmə dairəsinə, ən qədim yazılı mənbələrə diqqət çəkir.
“Qədim və zəngin tarixə malik türk dil ailəsinin oğuz qrupuna daxil olan Azərbaycan dilinin tarixi miladdan əvvəlki dövrlərə gedib çıxır. Ayrı-ayrı türk boy birləşmələrinin ümumi anlaşma vasitəsi olan bu dil IV-V əsrlərdən etibarən ümumxalq danışıq dili kimi fəaliyyət göstərməyə başlamışdır. Dilimizin özəyini ta qədimlərdən Azərbaycan torpaqlarındakı türk əsilli boyların və soyların dili təşkil etmişdir” (https://e-qanun.az/framework/3568). Fərmandan verilən bu nitq parçasında dahi siyasətçi Azərbaycan dilinin qədimliyinə diqqət çəkir, onun türk dilləri ailəsinə mənsub olduğunu vurğulayır. O, Azərbaycan dilinin tarixinin miladdan əvvələ getdiyini qeyd edir, onun hələ qədim zamanlardan ümumxalq danışıq dili olması fikrini irəli sürür. Bununla da biz xalqımızın böyük oğlunun dilimizin tarixinə necə bələd olduğunu göstərir.
“Azərbaycan dili dialekt və şivələrinin geniş Avrasiya məkanına yayılan türk xalqlarının az qala bütün dil xüsusiyyətlərini əks etdirəcək qədər rəngarəng olmasının da başlıca səbəbi ta qədimlərdən bu torpaqlarda etnik baxımdan eyni köklü türk etnoslarının mövcud olmasıdır. Şifahi şəkildə yayılan ilkin ədəbiyyat nümunələri - dastanlar, nağıllar, bayatılar, laylalar və sair Azərbaycan şifahi ədəbi dilinin erkən formalaşması və təkamülü zərurətini yaratmışdır” (https://e-qanun.az/framework/3568)”. Bu hissədə görkəmli dövlət xadiminin dilimizin dialektlərindən də xəbərdar olduğunu görə bilərik. O, Azərbaycan dilinin dialekt və şivələrinin türk xalqlarının dil xüsusiyyətlərini özündə əks etdirdiyinə diqqət çəkir, bu rəngarəngliyin olmasına başlıca səbəb kimi burada türk etnoslarının olması ilə bağlıdır.
Azərbaycan ədəbi dilinin yazılı qolu da əlverişli tarixi şəraitdə ümumxalq dili əsasında təşəkkül tapmışdır. Xalq şifahi şəkildə yaratdıqlarını əbədiləşdirmək üçün sonradan onları yazıya köçürmüşdür. Bu prosesin də yazı dilinin təşəkkülü və sabitləşməsində böyük əhəmiyyəti olmuşdur. Bu baxımdan "Kitabi-Dədə Qorqud" eposu olduqca səciyyəvidir. Abidənin bədii dilinin özünəməxsus səlisliyi bir daha göstərir ki, “Kitabi-Dədə Qorqud”un meydana çıxa bilməsi üçün Azərbaycan dili böyük tarixi-ədəbi hazırlıq mərhələsi keçməli idi” (https://e-qanun.az/framework/3568). Azərbaycan ədəbi dilinin yazılı qolunun ümumxalq dili əsasında yarandığına diqqət çəkən ümummilli lider onun yazıya köçürülməsinə də diqqət çəkir. O, “Kitabi-Dədə Qorqud” eposunu xüsusi qiymətləndirir, abidənin dilinin səlis olduğunu qeyd edir. Bununla da biz qeyd edə bilərik ki, xalqımızın böyük oğlu dilimizin yazıya köçürülmə tarixini və dilimizin ən qədim faktlarını özündə əks etdirən “Kitabi-Dədə Qorqud” dastanının dil və üslub xüsusiyyətlərini də çox gözəl bilirdi.
Daha sonra Azərbaycan dilinin tarixinə diqqət yetirən Heydər Əliyev fərmanda yazır ki, “XVI əsr Azərbaycan dilinin mövqelərinin möhkəmlənməsi ilə əlamətdardır. Səfəvilər dövlətinin yaranması ilə Azərbaycan dili dövlət dili səviyyəsinə qalxaraq rəsmi və dövlətlərarası yazışmalarda işlədilməyə başlandı. Səfəvilər dövründə Azərbaycan dili sarayda və orduda tam hakim mövqe tutaraq dövlət dili kimi rəsmiləşdi. Anadilli ədəbiyyatın böyük ustadları Şah İsmayıl Xətai və Məhəmməd Füzuli, xalq ədəbiyyatımızın adı bizə bəlli ilk qüdrətli nümayəndəsi Aşıq Qurbani bu dövrdə yetişmişdir. Əgər şifahi şer dili Qurbaninin əsərlərində əks olunmuşdusa, xalq şeri dilinin yazılı qolu Şah İsmayıl Xətai və Məhəmməd Əmaninin yaradıcılığı ilə təmsil olunmuşdu. Füzulinin dolğun dili isə elmi və fəlsəfi olduğu qədər də xəlqi idi” (https://e-qanun.az/framework/3568). Azərbaycan dilinin tarixinə dərindən bələd olan dahi rəhbər onun dövlət dili səviyyəsinə qaldırılması tarixindən danışır, rəsmi, eləcə də dövlətlərarası yazışmalarda bu dildən istifadə edildiyini vurğulayır. Daha sonra anadilli ədəbiyyatın digər nümayəndələrinə diqqət çəkir Şah İsmayıl Xətayi, M.Füzuli, Aşıq Qurbani kimi sənətkarların dilimizin inkişafında rolunu xüsusi qiymətləndirir. M.Füzulinin dilini qiymətləndirərkən onun elmi və fəlsəfi mahiyyət daşıdığını ön plana çəkir.
Daha sonra xalqımızın böyük oğlu ədəbi dilin tarixi ardıcıllığına nəzər salır, XVII-XVIII əsrlər xalq şeirində cərəyan edən prosesləri əsl dilçi kimi xarakterizə edir. “XVII əsrin xalq şerində cərəyan edən proseslər XVIII əsrdə şifahi xalq ədəbiyyatının bədii dilə təsiri şəklində özünü göstərir. Ədəbi dildə sadəliyə, canlı danışıq elementlərinə meylin gücləndiyi bu dövrdə Azərbaycan dilinin yeni inkişaf mərhələsi məhz Molla Pənah Vaqifin yaradıcılığı ilə başlanır”.
XVIIII əsrdə Azərbaycan ədəbi dilində üslub baxımından da zənginləşmə prosesi gedir. Elmi üslubun təşəkkülü üçün şərait yaranır, ayrı-ayrı elm sahələrinə dair bir çox əsərlər yazılır” (https://e-qanun.az/framework/3568).
Bundan sonra ümummilli lider Azərbaycan dilinin XIX əsrdə, Sovet dövründə keçdiyi keşməkeşli yollara nəzər salır, Dilimizin bugünkü (2001-ci il nəzərdə tutulur) vəziyyətinə diqqət çəkir. Bir çox məsələlərdə ana dilinin tətbiqi ilə bağlı çətinliklərin olduğuna diqqət çəkir. “Bununla yanaşı Azərbaycan Respublikasının onillik inkişaf yolunun təcrübəsi göstərir ki, digər sahələrdə olduğu kimi ana dilimizin öyrənilməsi və tətbiqi sahəsində də hələ görüləsi işlər çoxdur. Ölkəmizin orta və ali məktəblərində Azərbaycan dilinin müasir dünya standartlarına, milli-mədəni inkişaf tariximizin tələblərinə cavab verən tədrisi işinin təkmilləşdirilməsinə ehtiyac vardır. Bir çox kütləvi informasiya vasitələrində, rəsmi yazışmalarda, kargüzarlıq və sair sahələrdə Azərbaycan ədəbi dilinin normalarına lazımınca əməl olunmur. Azərbaycan dilinin reklam işində istifadə edilməsində ciddi qüsurlar müşahidə olunur. Kəskin tənqidlərə baxmayaraq, reklam vasitələrinin hazırlanmasında bir çox hallarda xarici dillərə əsassız olaraq üstünlük verilir. Şəhər və qəsəbələrimizin görkəminə xələl gətirən əcnəbi dilli lövhələr gənc nəslin azərbaycançılıq ruhunda tərbiyəsinə mənfi psixoloji təsir göstərir. Ölkə ərazisində yayımlanan televiziya kanallarının əksəriyyəti xarici dillərdə fəaliyyət göstərir. Kino və televiziya ekranlarında Azərbaycan dilinə dublyaj edilmiş xarici filmlərə nadir hallarda rast gəlmək olar, dublyaj edilmiş ekran əsərlərinin tərcümə səviyyəsi isə olduqca aşağıdır. Azərbaycan Respublikasının xarici siyasət sahələrində, xüsusilə ölkəmizdə fəaliyyət göstərən səfirlik, xarici nümayəndəlik və şirkətlərdə Azərbaycan dilinin işlənməsi yarıtmaz vəziyyətdədir. Xaricdə yaşayan soydaşlarımızın Azərbaycan dili dərslikləri, tədris vəsaiti, ana dilində elmi və bədii ədəbiyyat, mətbuat və sairə ilə təmin olunması qənaətbəxş deyildir” (https://e-qanun.az/framework/3568). Burada dilimizin tətbiqi ilə bağlı problemlərin olduğuna diqqət çəkən vətənpərvər dövlət xadimi ana dilinə olan laqeydliyin gənc nəslin azərbaycançılıq ruhunda tərbiyəsinə mane olduğunu haqlı olaraq dilə gətirmişdir. Daha sonra televiziya ekranlarında Azərbaycan dilində dublyaj edilmiş filmlərə nadir hallarda rast gəldiyini qeyd etmişdir. Bununla da Azərbaycan dilinin tətbiqi ilə bağlı ciddi problemlərin olduğunu vurğulamışdır. Fərmanın sonunda görkəmli dövlət xadimi Azərbaycan dilinin tətbiqi işinin sürətlənməsi ilə bağlı 9 bəndlik təqdimat vermişdir. Məhz bu fərmana əsasən Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Dil Komissiyası yaradıldı, icra hakimiyyətlərinə tapşırıldı ki, istifadə olunan lövhə, reklam tabloları, şüarlar, plakatlar və digər əyani vasitələr, Azərbaycan ədəbi dilinin qaydalarına uyğunlaşsın. Digər tərəfdən xarici ölkələrdə istehsal edilmiş və Azərbaycanda nümayiş etdirilən kino və televiziya məmulatının Azərbaycan dilinə dublyaj olunsun. Fərmanda, həmçinin ölkədə Azərbaycan dilində çap olunan qəzet, jurnal, bülleten, kitab və digər çap məhsullarının istehsalının 2001-ci il avqustun 1-ə qədər bütövlükdə latın qrafikasına keçməsini təmin edilməsi müvafiq orqanlara tapşırılmışdır. 2001-ci ildə verilən bu fərman ölkə rəhbərinin ana dilinə olan sonsuz sevgisini bir daha büruzə vermiş oldu.
Bu fərmanın məntiqi davamı kimi 9 avqust 2001-ci ildə “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” fərman imzalandı. Bu fərmanın imzalanması ana dilimizə olan davamlı dövlət qayğısı idi. Belə ki, dillə bağlı vacib məqamlardan biri də məhz düzgün əlifbanın, yazı sisteminin olmasıdır. Əlifba hər bir xalqın tarixi keçmişini ifadə edən mühüm sənəddir.
Ümummilli lider Azərbaycan xalqının yazı sisteminin tarixiliyinə diqqət çəkir və fərmanda bu məsələyə toxunaraq yazır ki, “Qədim və zəngin mədəniyyətə malik olan Azərbaycan xalqı dünya sivilizasiyasına bir çox dəyərli töhfələr vermişdir. Onların ilk nümunələri bəşər tarixinin böyük kəşfi olan yazı vasitəsi ilə Qobustan və Gəmiqaya təsvirləri, həmçinin epiqrafik abidələr şəklində daşların yaddaşına həkk olunaraq günümüzədək yaşamışdır. Tarixi faktlar sübut edir ki, bu qiymətli əsərləri yaradarkən Azərbaycan xalqı müxtəlif əlifbalardan istifadə etmişdir”. O, Azərbaycan xalqının bəşər sivilizasiyasına verdiyi dəyərli töhfələrdən birinin yazı olduğuna diqqət çəkmiş, daha sonra ölkəmizdə yazının ilk nümunələrinin Qobustan və Gəmiqaya rəsmlərində rast gəlindiyini vurğulamışdır. Daha sonra o, Azərbaycan xalqının müxtəlif əlifbalardan istifadə etdiyini qeyd edir.
Daha sonra ulu öndər Azərbaycanda istifadə olunan əlifbaların tarixinə nəzər salır və islam dininin qəbuluna qədər ölkəmizdə mövcud olan bir çox yazıların məhv edildiyini və ərəb qrafikasına keçirildiyini nəzərə çatdırmışdır. “İslamın qəbuluna qədər olan dövrün yazıları ilə yaradılan bu qiymətli xəzinənin böyük bir qismi məhv edilmiş, zaman keçdikdə həmin abidələrin qələmə alındığı yazı şəkilləri unudulmuş və ya ərəb qrafikasına keçirilmişdir. İslamın yayıldığı dövrlərdən isə xalqımız ərəb əlifbasından istifadə yolu ilə min ildən artıq bir zaman ərzində tariximizin ən yeni mərhələsinədək zəngin mədəni irs yaratmışdır. Ərəb əlifbası yüzillər boyu geniş məkanda Müsəlman Şərqi xalqlarının ümumi yazı sistemi kimi formalaşmışdır. Böyük Azərbaycan ədibləri, alimləri, mütəfəkkirləri, İslam mədəniyyətinin təşəkkül tapıb inkişaf etməsində mühüm rol oynayaraq bəşər sivilizasiyasını zənginləşdirmişlər” (https://e-qanun.az/framework/2811). Daha sonra o, dilimizin qayda-qanunlarına yaxından bələd olan bir ziyalı kimi ərəb əlifbasının Azərbaycan dilinin fonetik sistemi ilə uyğunluq yarada bilməməsini söyləmişdir. Buna görə də o dövrün ziyalı və maarifçi təbəqəsinin daim ərəb əlifbasının islahı uğrunda mübarizə apardığını diqqətə çatdırmışdır. Mövcud tarixi şəraiti şəraiti də düzgün qiymətləndirən ümummilli lider daha sonra yazır ki, “Lakin əsrlərlə müxtəlif xalqların mədəni əlaqəsinə xidmət edən ərəb qrafikasının dilimizin səs sistemini bütün dolğunluğu ilə əks etdirə bilməməsi, onun quruluşu və xarakteri haqqında tam aydın təsəvvür yaratmaması XIX əsrin ikinci yarısından etibarən Mirzə Fətəli Axundov başda olmaqla dövrün mütərəqqi maarifçi ziyalılarını əlifba islahatı problemi üzərində düşünməyə vadar etmişdir. Bu, Azərbaycan xalqının həmin dövrdə yaşadığı tarixi şəraitdən doğan zərurət idi. Öz qaynağını Avropadan alan yeni dövrün maarifçilik hərəkatı Azərbaycan mədəniyyətinin inkişaf istiqamətini müəyyənləşdirmiş və bu da yeni mədəniyyət tipinə uyğun müasir əlifbaya olan ehtiyacı aktuallaşdırmışdı. XX əsrin əvvəllərində cərəyan edən ictimai-siyasi və mədəni proseslərin gedişatı mövcud əlifbanı daha münasibi ilə əvəz etmək ideyasını meydana atmışdır” (https://e-qanun.az/framework/2811).
Daha sonra o, Azərbaycanda latın qrafikalı əlifbaya keçidin hansı şəraitdə baş verməsinə toxunur, bu işdə Birinci Ümumittifaq Türkoloji qurultayın mühüm rol oynadığını vurğulamışdır. Fərmanda da qeyd edildiyi kimi “1926-cı ildə Birinci Ümumittifaq Türkoloji qurultayın tövsiyələrinə cavab olaraq 1929-cu il yanvarın 1-dən etibarən Azərbaycanda kütləvi şəkildə latın qrafikalı əlifba tətbiq edildi” (https://e-qanun.az/framework/2811). Sözsüz ki, latın əlifbasına keçid yazı tariximizdə mühüm irəliləyişlərdən biridir, çünki bununla biz yeni əlifbanı öz dilimizin qayda-qanunlarına uyğunlaşdıra bildik. Bu da, şübhəsiz, ölkəmizdə yeni mərhələyə yol açdı və xalqın maariflənməsinə dəstək oldu. Lakin təəssüflə qeyd edə bilərik ki, bu uğur uzun müddət davam edə bilmədi və yenidən əlifba dəyişikliyi baş verdi. Bu zaman latın əlifbasından kiril əlifbasına keçid baş verdi. Yenə də dilimizin qayda-qanunları ilə səsləşməyən onun fonetik sisteminə yad əlifba yazı sisteminə tətbiq edilməyə başlanıldı, təbii ki, bu da uzun müddət davam edən proses ola bilməzdi. Ona görə də, sadalanan məsələlərə dərindən bələd olan ulu öndər yazır ki, “Qısa bir müddət ərzində latın qrafikasının işlədilməsi Azərbaycanda geniş kütlələr arasında savadsızlığın ləğvi üçün olduqca əlverişli zəmin yaratdı. Bütün bu nailiyyətlərə baxmayaraq, həmin əlifba 1940-cı il yanvarın 1-dən kiril yazısı əsasında tərtib edilmiş yeni qrafikalı əlifba ilə əvəz olundu. Yarım əsrdən çox bir müddət ərzində kiril qrafikası ilə Azərbaycan elmi və mədəniyyətinin qiymətli nümunələri yaradıldı. Lakin kiril qrafikasının dilimizin səs quruluşuna uyğun gəlməməsi Azərbaycan ziyalılarını bu əlifbanın təkmilləşdirilməsi yolunda mütəmadi iş aparmağa sövq etdi. Təcrübə göstərdi ki, kiril qrafikasının dilimizin səs quruluşuna uyğunlaşdırılması yolunda nə qədər cəhd göstərilsə də, optimal variantın əldə edilməsi mümkün deyildir, bu da onun nə vaxtsa dəyişdiriləcəyi ehtimalını gücləndirirdi” (https://e-qanun.az/framework/281). Göründüyü kimi, dahi siyasətçinin latın qrafikalı Azərbaycan əlifbasının yenidən yazıya tətbiq edilməsinin vacibliyini duyması onun dilimizə olan məhəbbəti ilə yanaşı onun yaruslarına incəliklərinə kimi bələd olması ilə əlaqələndirə bilərik. Digər tərəfdən latın qrafikalı əlifbanın tətbiqinin sürətlənməsi elə ana dilinə olan qayğının və diqqətin nəticəsi idi. Bütün bu amilləri zamanında qiymətləndirən uzaqgörən siyasətçi Heydər Əliyev hər il avqust ayının 1-i Azərbaycan Respublikasında Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilməsini təmin etdi.
Ümumiyyətlə, xalqımızın böyük oğlu bütün sahələrdə olduğu kimi dil siyasətində də xalqını, vətənini və onun gələcəyini daim düşünmüş, dil siyasətini dövlətin əsas siyasi xəttinə çevirə bilmişdir. Məhz bu səbəbdəndir ki, onun yolunu layiqincə davam etdirən prezident İlham Əliyevin dilimizin saflığının qorunması, qloballaşan şəraitdə ana dilinin istifadəsi ilə bağlı sərəncam və fərmanları xüsusi diqqətə layiqdir.
Yunusova Vəfa Rafiq qızı
ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin
“Azərbaycan dili və ədəbiyyat” fənn birləşmə komissiyasının
sədri f.ü.f.d.