Foto bloqçuya yönəlik bəyanatlarda şübhəli məqamlar… Foto bloqçuya yönəlik bəyanatlarda şübhəli məqamlar…

Mehman Hüseynov üzərində uzlaşan 3 maraq dairəsi

Foto bloqçuya yönəlik bəyanatlarda şübhəli məqamlar…

Penitensiar xidmət foto bloqçu Mehman Hüseynovla bağlı xarici mənbələrdə yayılan məlumatların yarımçıq, qüsurlu olduğunu isbatlayan prosedurları tətbiq etdi. Ədliyyə Nazirliyi yanında İctimai Şura üzvlərinin Hüseynovla görüşünə, canlı ünsiyyətinə şərait yaradıldı. Görüşdən görüntülər, açıqlamalar təqdim olundu. Ailə üzvləri ilə telefon əlaqəsi yaradıldı ki, real durum barədə təsəvvürləri olsun. Dünən isə Hüseynovun öz dəst-xətti ilə yazılmış ərizəsi mediaya təqdim edildi. Adam səhhətinin normal olduğunu, aclıq aksiyası keçirmədiyini bildirib. Eyni zamanda istək və arzularını dilə gətirib, barəsində yeni açılan cinayət işi ilə barışmadığını vurğulayıb, etiraz etdiyini yazıb. Normaldır, etiraz etmək hüququ var. Onun istəkləri qeydə alınıb.Yəqin ki, müzakirəsi keçriləcək, vəziyyət dəyərləndiriləcək , uyğun qərarlar veriləcək. Amma “xarici mənbələr” sanki bunları nə görür, nə də eşidirlər; bəyanat yaymaq, Hüseynov ətrafında ajiotaj yaratmaq, ortamı qarışdırmaq üçün növbəyə dayanıblar. Aşkar görünür ki, niyyətləri Hüseynova dəstək olmaq, qapısını açmaq deyil. Verilən bəyanatlara gözucu baxmaq kifayət edir ki, müəlliflərdən hər birinin özəl marağı olduğu, bloqçu ətrafında ajiotaj yaratmaqla şəxsi çıxarlarını həll etməyə çalışdıqları ortaya çıxsın. Hətta qəribə olsa da, bəzi bəyanatlardakı boşluqlar göstərir ki, müəlliflərinin Mühman Hüseynov barədə nə məlumatları, nə də təsəvvürləri var. Hazır mətnləri “kopyalayıblar”, orijinallıq vermək üçün artırdıqları cümlələrdə isə naşılıqlarını biruzə veriblər.

Təcrübə göstərir ki, real problem olduğu durumlarda beynəlxalq təşkilatlar fərqli davranırlar. Adətən hadisə yerinə missiya göndərir, durumu real müşahidələrlə araşdırırlar. Zərurət yaranırsa, hakimiyyət təmsilçiləri, hüquq-mühafizə orqanları ilə danışıqlar aparır, hətta xəsarət alan, həbsə düşən şəxslə görüşləri də təşkil olunur. Amma “Mehman olayında” bunlardan əlamət görünmür. Hər kəsin səsini yüksəltməkdə, bəyanatının tonunu kəskinləşdirməklə durumu qəlizləşdirməyə çalışdığı faktı var ortada. Yalnız Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi belə təşəbüslərə çıxış edib. O da başladılmış qərəzli kampaniyadan 10 gün sonar. Niyə, nə üçün, nədir istəkləri “beynəlxalq təşkilatların”? İpucu verməyə tələsmirlər. Amma nə qədər pərdələnsələr də, nüanslar ortaya çıxır. İlkin təəssürat budur ki, foto bloqçu tonqalını alovlandıran bir deyil, 3 mərkəz, 3 fərqli maraq dairəsi var.

Media sahəsində beynəlxalq durum və ya “demokratiya keşikçiləri” üçün qurtuluş resepti“

2018-ci ildə dünyada 94 jurnalist peşə fəaliyyətinə görə qətlə yetirilib. 3 nəfər də texniki heyət üzvü var. Ümumlikdə 97 nəfər. Təqribən 387 nəfər xəbər istehsalçısı isə həbsə düşüb. Baş verənlər ifadə azadlığının qlobal durumunu dəyərləndirən, öz nüfuzuna görə dünyada ilk 5-liyə daxil olan beynəlxalq jurnalist təşkilatlarının hesabatlarına düşüb, onların saytlarında yer tutub. 5-liyə daxil olan təşkilatlardan biri-Sərhədsiz Reportyorlar qətlə yetirilən, həbsə salınan media təmsilçilərinin bioqrafik məlumatlarını da hazırlayıb. Adbaad sıralamadan bəlli olur ki, 2018-ci ildə xəbər istehsalçılarının ağır şəraitə düşdüyü ölkələr sırasında Qərbin aparıcı dövlətləri də var. O cümlədən Fransa və ABŞ ön sırada dururlar. 2018-ci ildə ABŞ-da, əksəriyyəti Maryland ştatında olmaqla 5 jurnalist qətlə yetirilib. “Washington Post” un əməkdaşı Jamal Khashoggi “hansısa meyarlara görə” Türkiyənin adına yazılmasaydı, onda ABŞ-da öldürülən və ya ABŞ-a bağlı olub öldürülən jurnalistlərin sayı 1 il üçün 5 yox, 6 olacaqdı. Sadəcə prezident Donald Trampın “niyə Khashoggi olayının üzərinə bu qədər gedirsiniz?” deməsi ilə “beynəlxalq təşkilatlar” öz hesablarını götürdülər. Yeri gəlmişkən, 2018-ci ildə ABŞ prezidentinin transmilli KİV-lərdən CNN üzərinə hücumu da öldürülən jurnalistlər olayı qədər ağır qiymətləndirilir. Trampın CNN müxbirini konfrans zalından qovması, CNN müxbiri Cim Akostenin “Ağ ev”də akkreditasiyasının ləğv edilməsi “demokratiya beşiyi“ndə ifadə azadlığına qarşı dözümsüzlüyün göstəricisi olaraq dəyərləndirilib.

Jurnalist qətliamı ABŞ-da 2010-cu ildən sisilə xarakter alıb və yüksələn xəttlə davam edib. Hələ 2015-ci ildə ABŞ-da 2 jurnalist- Alison Parker və operator Adam Wardun qətlə yetiriləndə beynəlxalq təşkilatlar həyəcan təbili çalmış, hesablayıb bildirmişdilər ki, 2010-2015-ci illər aralığında fəaliyyətinə görə öldürülən ABŞ jurnalistlərinin sayı 8 nəfərə çatdıb. 2016-2018-ci illərdə baş verənlər də hesablansa, qətlə yetirlənlərin sayı 15-ə çatır. Bir o qədər də təqib olunanlar, həbsə atılanlar var. Hətta şübhələr var idi ki, bəzi hadisələr süni şəkildə diqqətdən yayındırılıb. Məsələn, 2015-ci ilin iyununda ABŞ-ın Missisipi ştatında 5 illik həbsə məhkum edilmiş bloqqer Kleyton Kellinin və digərlərinin adları RSF-nin hesabatında yer tutmayıb.

Beynəlxalq təşkilatlar ABŞ-da media ilə bağlı xoş olmayan durumu, prezident Donald Trampın mediaya yönəlik siyasətini nəinki ABŞ, ümumilikdə dünyada söz azadlığı üçün təhlükə hesab edirlər. Avropa İttifaqının prezidenti olmuş Donald Task 2017-ci ildə bəyan etmişdi ki, hazırda Avropa və “Avropa dəyərləri” üçün 3 ciddi təhlükədən biri ABŞ-ın yeni iqtidarıdır. 2018-ci il hadisələri göstərdi ki, beynəlxalq təşkilatların narahatlıq keçirməsi əbəs deyilmiş. RSF-nin saytında yerləşdirilən məlumatlara istinad etsək, 2018-ci ildə ABŞ jurnalist ölümlərinin sayına görə dünya ölkələri sırasında ilk onluğa düşüb, 7-cı yeri bölüşür: Əfqanıstan 16 nəfər, Meksika 11 nəfər, Yəmən 9 nəfər , Suriya 8 nəfər, Hindistan 7 nəfər, Pakistan 5 nəfər, Somali 5 nəfər, ABŞ 5 nəfər (+Jamal Khashoggi).

Statistik məlumatlar göstərir ki, Avropanın mərkəzində, xüsusən, Fransada vəziyyət ABŞ-dan yaxşı deyil. Avropa İttifaqına daxil olan ölkələrdə son 5 il müddətində 13 nəfər jurnalist qətlə yetirilib ki, bunlardan 8 nəfəri Fransanın payına düşür (1 nəfər Bolqarıstan, 1 nəfər Slovakiya, 1 nəfər Danimarka, 1 nəfər Malta, 1 nəfər Polşa, 8 nəfər Fransa,). Amma Fransanın problemi 8 nəfər jurnalisti qoruya bilməməsi ilə bitmir. 2019-cu ilin ilk günlərində, yanvarın 5-də 20 nəfər fransalı jurnalist məhkəməyə müraciət edərək haqlarının qorunmasında yardım istəyiblər. Bəlli olub ki, 2018-ci il dekabrın 8-də “Sarı jiletlilər”in aksiyasını izləyib report hazırlamaq, güc strukturlarının insanlara qarşı vəhşiliklərini lentə almaq imkanları məhdudlaşdırılıb; polis çəkiliş aparan jurnalistlərin nadir çəkilişlərini zorla əllərindən alaraq məhv edib, özlərinə fiziki xəsarət yetirib”. Bu, məhkəməyə müraciət etmək fürsəti qazananların verdikləri məlumatdır. Bəllidir ki, “Sarı jiletlilər” hərəkatı zamanı öldürülən, xəsarət alanlarla yanaşı, kütləvi şəkildə saxlanılanlar, həbsə alınanlar da var. Saxlanılanların sayı təqribən 4500 nəfərdir. Onlardan neçəsi jurnaist, neçəsi bloqqer, neçəsi vətəndaş jurnalistikası təmsilçisidir? Hesablama aparılacaq. Fransa Jurnalistlər Sendikası dekabrda aksiya keçirərək “jurnalistlərin vəzifələrini yerinə yetirmək üçün bütün imkanlarının məhdudlaşdırıldığını” elan etmişdi.

“Qul qanunu”na qarşı etirazlar

2018-ci ildə Avropanın əksər ölkələrində xəbər istehsalçılarının kütləvi aksiyaları keçirilib. Polşada, Avstriyada bəyanatlar formasında ictimailəşdirilən problem Macarıstan, Litva, Serbiyada kütləvi aksiyalar formasında təzahür edib. 2019-cu ilin ilk günlərində də davam etdirilən bu aksiyalar mütəşəkkil xarakter alıb. Avropalı həmkarlarımız bu aksiyaları “Qul qanunu”na etiraz şüarları ilə keçirirlər. Onlar “İctimai yayım” haqqında qanunu son dəyişiklikdən sonra belə dəyərləndirirlər. İctimai yayım üzrə qanunlarda 2017-ci ildən başlanan yeniləşdirmə 2018-ci ildə daha da sürətləndirilib və mürtəce xarakter alıb. Media təmsilçiləri hesab edirlər ki, hakimiyyətlər ictimai yayım sektorunu inhisara alır, ifadə azadlığını məhdudlaşdırırlar. Redaksiya müstəqilliyi, jurnalist toxunulmazlığı, ifadə azadlığı meyarları məhdudlaşdırılır. “Avropa dəyərləri” sırasında ilk yeri söz azadlığı tutur və ifadə azadlığının indiki məhdudlaşdırılması demokratik azadlıqların sürətlə itirilməsi kimi assosiasiya olunur. İctimai yayım qanunvericiliyi ilə paralel olaraq əmək qanunvericiliyindəki “yeniliklər” də media sektoruna düşünülmüş, planlı zərbə kimi dəyərləndirilir. Faktlar çoxdur, sadalanması imkansızdır. Amma beynəlxalq təşkilatların çıxardıqları ümumi nəticə birdir: “dünyada media azadlığının səviyyəsi son 13 ildə ən aşağı həddə düşüb. Səbəb, əvvəlki illərdən fərqli olaraq, son 13 il müddətində avtoritar rejimli ölkələrlə yanaşı, demokratik quruluşlu Avropa ölkələrdə də jurnalistlərə və media orqanlarına qarşı görünməmiş təhdidlərin başlanılmasıdır”.

“Media azadlığı hesabatı”nın təzadları

Sadalananlardan bəlli olur ki, “Qərb dünyasında” media azadlığı və insan haqları üzrə ən kəskin durum Fransada və ABŞ-dadır. Bunu biz demirik, Qərbdə yerləşən, maliyyələşdirilən və demokratiya keşikçisi rolunu oynamalı olan beynəlxalq journalist təşkilatlarının monitorinqləri deyir. 5-liyə daxil olan beynəlxalq jurnalist təşkilatlarının, xüsusən, “Sərhədsiz reportyorlar”ın (RSF) sytında yerləşdirilmiş bu məlumatlara baxanda məntiqlə belə nəticə çıxır ki, RSF bu il Fransa prezidenti Makronla ABŞ prezidenti Trampın adlarını özünün “Media azadlığının düşmənləri” siyahısına daxil edəcək. Axı RSF hər il “Media azadlığının düşmənləri” siyahısını hazırlayır və siyahıya guya media azadlığının pisləşdiyi dövlətlərin başçılarının adlarını daxil edir. Maraqlıdır, RSF 2019-cu ildə də bunu bacaracaqmı? Yaxud, “Washington Post” öz əməkdaşının, Jamal Khashogginin ölümünə laqeyd münasibətinə görə Trampı “ilin ən pis dövlət başçısı” elan edəcəkmi?

Təbii ki, yox. tarixdə belə bir təcrübə yoxdur. Fransada fəaliyyət göstərən RSF , ABŞ-da fəaliyyət quran “Washington Post” nəinki heç vaxt belə cəsarət göstərə bilməyiblər, ümumiyyətlə belə bir iddiaya düşməyiblər. Bəs nə etsinlər, dünya ictimaiyyətinə nə desinlər? Axı onlar transmilli KİV və beynəlxalq təşkilardırlar,bütün “dünya üçün çalışırlar”. Bir tərəfdə “əlahəzrət fakt”, dünya ictimaiyyətinin diqqəti, ictimai nüfuz məsələsi var: demokratik durumun pisləşməsinə göz yumsalar imicləri ölər, nüfuzdan düşərlər. Digər tərəfdə isə fəaliyyət qurduqları ölkələrin rejimlərinin “Domokl qılıncı” var, həqiqəti desələr, qılınc onları kəsər. 2018-ci il olayları hər iki qurumu dilemma qarşısında qoyub. İndi isə monitorinqlərin nəticəsi üzrə hesabatların açıqlanması mərhələsi gəlib. Adətən beynəlxalq qurumlar ilin tamamında, yeni ilin başlanğıcında öz hesabatlarını açıqlayırlar. Hesabat vermək zamanı çatıb.

Düşünməyək ki, çıxış yolları yoxdur. Var. Azərbaycan və digər gənc ölkələrdə formalaşdırdıqları “radikal düşərgə” və onların toruna düşmüş gəncləri elə bu günlər üçün bəsləyirlər. Bu baxımdan RSF və “Washington Post”un 2019-cu ilin əvvəli üçün ilk fəaliyyətlərini Mehman Hüseynova həsr etmələrində təsadüfi heç nə yoxdur. Düşdükləri vəziyyətdən çıxmaları üçün ən məqbul variant budur: “demokratiyanın küşiyində hələ də durduqlarını” desinlər və buna isbat kimi Mehman Hüseynov olayına geniş yer ayırdıqlarını göstərsinlər. Buna görə susmurlar, yüzlərlə dəlil gətirsən belə, bəyanatlarını kəsmirlər.

Hüseynov üzərində fokuslanmış maraq dairələrindən biri budur.

Digər ikisi barədə növbəti yazımızda məlumat verəcəyik…

Qaynaq: https://alasgarliblog.home.blog/