Bizə elə gəlir ki, burada özünü “radikal” adlandıran müxalifətin “başbilən”lərinin də rolu az deyil Bizə elə gəlir ki, burada özünü “radikal” adlandıran müxalifətin “başbilən”lərinin də rolu az deyil
  • Yazarlar
  • 9 Sentyabr 2019 08:51
  •  4 053

Jurnalistləri niyə şantaj edirlər?..

Bizə elə gəlir ki, burada özünü “radikal” adlandıran müxalifətin “başbilən”lərinin də rolu az deyil

Sanki bütün ölkə hakimiyyətə qarşı etiraza qalxıb, küncdə-bucaqda gizlənən və yaxud da bütünlüklə hakimiyyətin tərəfinə keçən yalnız və yalnız jurnalistlərdir! Nə qədər gülünc bir xəyal!..

Mən kimisə siyasi mövqeyinə görə qınamağın tərəfdarı deyiləm, əlbəttə ki, bu mövqe birbaşa dövlətin və millətin əleyhinə yönəlməyibsə. Amma inanın ki, xəyalı olanı reallıq kimi qələbə vermək, yumşaq şəkildə desək, psixi sağlamlığın göstəricisi deyil.

Hətta ötəri müşahidə belə istənilən adamı əmin edər ki, Azərbaycanda bu gün geniş, kütləvi siyasi etirazlar üçün hər hansı bir zəmin və yaxud da buna əlamət, işarə ola biləcək vəziyyət yoxdur.

Əlbəttə, problemlər nə qədər desən var. Amma insanların əksəriyyəti onların zorakı üsullarla yox, sivil qaydalarla həllini istəyir. Buna görə adamları qınamaq da lazım deyil: hər bir adamın bilavasitə öz təcrübəsində əmin olmaq imkanı olub ki, tarix sıçrayışları sevmir və nə qədər romantik olsa da, nə qədər cəlbedici, hətta məqsədə çatmaq üçün daha qısa bir yol kimi görünsə də, inqilablar heç də təqdir olunan bir yol və ya siyasi üsul deyil –bu, həm də böyük qarşıdurmalar, hətta dağıntılar və iftrat sosial gərginlik deməkdir. Ən əsası da bu gün Azərbaycanda bunun üçün elə bir ciddi zəmin də yoxdur və biz özümüzü əsl demokrat saysaq, gərək buna kədərlənməyək, əksinə sevinək, çünki bütün inqilabi proseslərin ən birinci qurbanları məhz onları reallaşdıran insanlar olur – həm məcazi, həm də birbaşa mənada...

O ki qaldı bizim hər birimizin mövcud Azərbaycan gerçəkliyinə münasibətinə, bir az əvvəldə dedik ki, hərə yolunu özü seçir və yalnız və yalnız o adamları qınamaq olar ki, onlar tamam fəaliyyətsiz və yaxud da ətrafa tamam biganədirlər, ya da ki, poztitv dəyişikliklərə aşkar bir şəkildə müqavimət göstərir–inqilabi terminlə desək, irticaçı mövqe tutur.

Üstəlik, hazırda Azərbaycanda sistemli bir müxalifət, hətta sistemli müxalif dünyagörüşü belə yoxdur – hərə öz bildiyi, anladığı qədər və əlbəttə ki, öz cəsarətinin və imkanlarının sərhədləri hüdudunda nəsə etməyə çalırşır və nəticələr də elə vəziyyətdir ki, kimin daha çox çalışdığını, fədakarlıq və şücaət göstərdiyini ölçmək, qiymətləndirmək üçün meyar da yoxdur.

Hətta ola bilsin, bu gün döşünə döyüb hamının bildiyi şeylər haqqında çığıran, haray-həşir salan adamlar deyil, sakitcə öz gündəlik işini görən, yavaş-yavaş insanları doğru yola istiqamətləndirməyə cəhd edən insanlar daha çox iş görürlər.

Amma biz yenə də kiminsə “xidmət”ini azaltmaq və ya çoxaltmaq niyyətində deyilik, həm də biz etdiklərimizi təmənnasız, öz əqidəmizin diqtəsi kimi ediriksə, buna ehtiyac da yoxdur.

Fəqət, ürək ağrıdan nədir? Əvvəllər, xaricdə bir-iki azərbaycanlı məskunlaşıb, “siyasi mühacir” adı alıb bizi niyə inqilab etməməkdə, niyə bu adamları ölkənin başına gətirməməkdə qınayırdısa, indi belələrinin sayı dəfələrlə artıbdır – hərə özünə bir “tribuna” yaradıb gecə -gündüz bizi fəaliyyətsizlikdə, daha nə bilim nələrdə, hətta satılmaqda qınayır ki, bəs qeyri millətlər bizdən irəli keçibdi...

Ən çox qınanan da jurnalistlərdir, çünki yalnız onlar qalıblar; müxalifət partiyaları tamam hərraca çıxarılandan sonra bir daha deyirik ki, ortada beş-üç jurnalist qaldı ki, heç bir təmənna ummadan gündə nəsə kiçik bir iş görməyə, siyasi iddiaları tamam bircə tərəfə qoyub adi bir vətəndaşlıq fədakarlığı göstərməyə çalışırlar. Demirik ki, böyük iş görür bu insanlar, amma nə edirlərsə, özləri edir, kimlərinsə işarəsi ilə oturub-durmurlar...

Bu da maraqlıdır ki, bizim xaricdə məskunlaşan müxalifətimiz yerli müxalifəti qınamaq əvəzinə jurnalistlərin üstünə düşübdür. Olsun. Əgər buna görə də onlara qrant verirlərsə, buna da dözərik. Amma ki, Vallah, hər şeydə bir qayda, etika olmalıdır, çünki qaydalar bəzi “makiavellist” düşüncəli “mübariz”lərin hesab etdiyi kimi, əl-qolumuzu bağlamır, həm də bizi qoruyur, çünki elə məqam yetişir ki, biz hamımız bir söz deyir və bir giley edirik: bir qayda olmalıdır, ya yox?..

Odur ki, gəlin qaydaları gözləyək, ən azı ona görə ki, Avropada təkcə rahat yemək və yatmaq imkanları yoxdur, həm də öyrənmək imkanı var: avropalıların gözəl sözü var ki, istənilən qayda qaydasızlıqdan yaxşıdır...

Amma bizim “Avropa ünvanlı müxalifət”imiz nə edir? Tanınmış jurnalistləri qınamaqları, danlamaqları yetmir, onların adından “fikir”lər quraşdırır və yaxud da bu adamların on illərlə, tamam başqa şəraitdə yazdıqlarından eybəcər bir “popuri” düzəldib, ayrı–ayrı fikirləri tamam kontekstindən ayırıb onların “çıxış”ı kimi təqdim edirlər cəmiyyətə! Bizə elə gəlir ki, burada özünü “radikal” adlandıran müxalifətin “başbilən”lərinin də rolu az deyil: hamını satıb xərcləyiblər, beş – üç jurnalist qalıb, indi həm onların arxasında gizlənmək, həm də onları da “bazar”a çıxarmaq istəyirlər. Amma faydasızdır, həmin jurnalistlər elə insanlardır ki, bizim “müxalifət” dediyimiz cameyə heç dünyanın düz vaxtında onları özünüküləşdirə bilməmişdi. Yoxsa düşünürsünüz bundan sonra mümkün olacaq bu?..

Hüseynbala Səlimov