Şərqi Zəngəzur dağlarının harmoniyası

İnfrostrukturla yanaşı, mühit də bərpa olunmalı

Həyatda söhbətlərinə doymadığım insanlardan biri rəhmətlik Akif Səlimov idi. Akif dayı gerçək vətənpərvər, əsl türk milliyyətçisi, səmimi Heydər Əliyevçi idi. Həm el-obanı, coğrafiyanı tanıyırdı, həm də yaxşı mütaliəsi vardı. Bir də gördün təyyarəyə oturub İstanbula gedir, qayıdanda çemodanlarla tarixi mövzuda kitablar alıb gətirir, gecəni gündüzə qatıb oxuyardı. Onun hələ bir proqnozunun səhv çıxdığını görməmişəm. Yadımdadır, prezident İlham Əliyevin Tərtərdə etdiyi çıxışı "müharibə anonsu" adlandırmışdım, çağırdı xeyli söhbət etdik və dedi ki, payızda müharibə başlayacaq, Azərbaycan maksimum 50 gün içində işğal altında olan torpaqları azad edəcək. Bəs, Laçına, Kəlbəcərə necə qayıdacağıq? Sualı fiziki, tikinti-abadlıq işləri kontekstində verməmişdim. Laçının, Kəlbəcərin mühitini bərpa edə biləcəyikmi?- dərdim bunu soruşmaqdı.

Məlum, Laçın və Kəlbəcərin işğal aldığı 30 ilə yaxın müddətdə əhali köçkün düşüb. Bir qismi Rusiyada, Ukraynada, digər qürbət ellərdədir. Bir qismi başda Bərdə olmaqla Azərbaycanın az qala bütün rayonlarına səpələnib. Müəyyən hissəsi Bakıda və Sumqayıtda cəmləşib. Bu kateqoriyadan olan insanların həyat obrazları, yaşam tərzi, məişəti, vərdişləri, bəzilərinin ləhcəsi belə dəyişib. Laçında, Kəlbəcərdə anasının boyunda olan uşaqların uşaqları məktəbə gedir. O dağların qoynunda bir kənddə başqa kənddən qız almaq, başqa yerə qız vermək nadir hadisə sayılardı. İndi köçkünlərlə yerli camaatlar qız alıb, qız verib, qaynayıb-qarışıb. Bu ümumən yaxşıdır, urbanizasiyanı, millətləşmə prosesini gücləndirir, ancaq eyni zamanda "yerəlliyi", sub-kulturanı məhv edir. Qısacası, məsələn elə bizim Qarıqışlaq əhalisi, Gəloxçu camaatı yurda bir az, bəlkə də yarı bakılı, yarı sumqayıtlı, yarı bərdəli, yarı qubalı və s. kimi dönəcəklər.

Ancaq bir təbəqə də var və bu təbəqə özəyi yaşadıb. Ağcabədidə, Kürün qırağında el arasında "yataq", rəsmi şəkildə "Laçın obaları" deyilən qışlaqlar var. O obalarda əhali kompaktdır, bütün adət-ənənə qorunub saxlanır, hətta qonşu obalar da bir çox hallarda Laçındakı kimidir. Orada uşaqlar dünyaya Qarıqışlaqda göz açmasalar da, Qarıqışlaq mühitinə göz açıblar. Mühit öz təbiətini maksimum qoruyub. Bu digər obalarda da belədir.

Akif Səlimovdan əxz etdiyim fikrə görə, qayıdışa ilk növbədə o obalardan başlamaq lazımdır. Çünki qayıdanda Laçını, Kəlbəcəri yerində görək.

Mühit olaraq da!!!

Bütün bunları niyə yazıram?

Kəlbəcərli bir soydaşımız doğma dağlarda kabab çəkib, sosial şəbəkələrdə trend olub.

Bu hadisə sosial şəbəkə fəndlərinin, reklamın, PR-ın nəticəsi deyil, məncə.

Milyonlarca əcnəbini kəlbəcərli qardaşımıza yönəldən dağların əsrarəngizliyi, havanın, dumanın, mənzərənin cazibəsi, yaxud kabab çəkmək kimi bütün insanların instinktinə toxuna bilən bir əməl də deyil.

Dağlarla insanın enerjisinin ahəngi, harmoniyasıdır.

Şərqi Zəngəzur dağları 30 ildir o enerjidən, harmoniyadan, ahəngdən məhrum idi.

Taleh ŞAHSUVARLI