Mollalar üçün ən qısa tarix dərsi

Zəngəzur dəhlizinin açılması İranı niyə narahat edir?

İndi 2022-ci ildir.

1000 il bundan öncə 1022-ci il idi.

Azərbaycanın güneyində Rəvvadilər, quzeyində Şəddadilər hakim idilər.

Heç biri fars və ya erməni deyildi.

Şəddadilər Gəncəni və indiki Ermənistanın şərqini tutmuş Fəzl ibn Məhəmmədin (985-1030) dövründə- 1027-ci ildə Araz çayı üzərində Xudafərin körpüsünü salmışdılar. 1037-ci ildə Bizans və ermənilər Dəbili ələ keçirməyə çalışdılar, Şəddadilər oğuz türklərinin yardımı ilə onları darmadağın etdilər.

XI əsrin II yarısında Orta Asiyadan Aralıq dənizi sahillərinə və Dərbənd keçidindən İran körfəzinə qədər əraziləri əhatə edən Böyük səlcuq imperatorluğu yarandı.

Dövrün siyasi coğrafiyasında nə İran, nə də Ermənistan adlı bir dövlət vardı.

12-13 əsrlərin birinci yarısında (1136-1225) Azərbaycan Atəbəylər dövləti idi coğrafiyanın sahibi. Yaxın və Orta Şərqin əzəmətli dövlətlərindən olan Azərbaycan Atabəylər dövlətinin yaradıcısı zəmanəsinin ağıllı diplomatı və üzaqgörən dövlət xadimi Şəmsəddin Eldəniz idi.
1222-ci ildə moğollar bölgəyə yürüş elədilər, Hülakilər dövlətini qurdular.

Sonra Əmir Teymur gəldi- 1385-də.

Firdovsinin məzarına ayağını qoyub “qalx, aşağıladığın türkü gör” dedi.
1410-cu ildə Qara Yusif Qaraqoyunlu dövlətini, 1468-ci ildə Uzun Həsən Ağqoyunlu xanədanını yaratdı.

1501-ci ildə Ərdəbil sufilərinin şeyxi İsmayıl Səfəvi dövlətini qurdu, şiəliyi imperiyanın rəsmi məzhəbi elan etdi. 1736-cı ilədək Azərbaycan türklərindən Səfəvi oğulları hökmranlıq etdi coğrafiyaya.

Səfəvilər süqug etdi, Nadir Şah Əfşar çıxdı tarix səhnəsinə. Əfşarları Qacarlar əvəz elədi.
19-cu əsrin əvvəllərinə Çar Rusiyası Qafqazı işğal edəndə hazırkı İranda tər-təmiz türk tayfası olan Qacarlar iqtidarda idi. Şərqi və Qərbi Zəngəzurun sahibi olan xanların hər biri Azərbaycan türkü idi.
1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti elan olundu. Qərbi Zəngəzur AXC-nin ərazisi idi.
1925-ci ildə Pəhləvilər iqtara gəldi və 1000 illərdir türklərin hökmdar olduğu Arazdan cənubdakı coğrafiyada dövlətin adını dəyişərək “İran” etdi. İran Qafqazda süni şəkildə yaradılmış Ermənistanla elə bir ciddi münasibəti yox idi, ola da bilməzdi. Çünki Ermənistan SSRİ-nin tərkibində idi və qapalı dövlət olan SSRİ “dəmir qəfəs” sayılırdı.

1991-ci ildə SSRİ dağıldı. Sovet imperiyasına tabe etdirilən “müttəfiq respublikalar” istiqlal qazandı. Ermənistan Azərbaycan torpaqlarını işğal etdi. Ermənilər işğal etdikləri Azərbaycan torpaqlarını İranın dəstəyi ilə viran qoydular. Ağdamdan ta Laçına qədər on minlərlə kənddə evlər söküldü, materiallar İrana daşındı.

Erməni işğalı altında olan Şuşada, AXC tərəfindən Ermənistana güzəşt edilmiş İrəvanda İran bir neçə məscid bərpa etdi, utanmaz-utanmaz “İran tarixi abidəsidir” dedilər.
İndi İran İslam Respublikasının dini lideri Ayətullah Xamneyi çıxıb deyir: “İşin içində İran-Ermənistan sərhədini bloklamaq varsa, İslam Respublikası buna qarşı çıxacaq”.

Birinci bəyanat deyil.

Həftə yeddi, mən səkkiz İrandan bir molla çıxıb deyir ki, sərhədlər dəyişdirilə bilməz.

Əvvəla, heç kim sərhəd dəyişdirmir.

İkincisi, Azərbaycan sərhəd dəyişdirmək istəsə, əmin olun, İranın ağzını aramayacaq. 44 günlük savaş bitər-bitməz İran mediası kirimir ki, Azərbaycan, Türkiyə və İsrail Ermənistanın İranla 35 kilometrlik sərhədini tutmaq istəyir və guya bunu Tehrandan çəkindiyi üçün etmir.
Əslində, məsələ başqadı və əsas sual budur ki, Zəngəzur dəhlizinin açılması, görəsən, mollaları niyə belə narahat edir?

Azərbaycan torpaqları Ermənistanın işğalı altında olanda İran üçün narkotik tranzitinə əlverişli imkan yaranmışdı.

Xankəndi və Ermənistandakı narko mafiyalar İrandan gələn yükləri “dünya bazarı”na çıxarırdılar.
Azərbaycan İranla sərhədini nəzarətə alandan sonra vəziyyət dəyişdi, əmmaməli narko tacirlər kalan pul itirdilər.

Zira, Azərbaycan torpaqlarının işğal altında olduğu 30 il ərzində bir dəfə də ağaları, üləmaları, höccətləri durub demədi ki, sərhədlərin dəyişdirilməsini qəbul etmirik.

Xeyir ola, Azərbaycanın sərhədləri dəlinəndə səsiniz çıxmırdı, Azərbaycan ərazi bütövlüyünü bərpa edib, Ermənistandan ötrü özünüzü oda-közə atırsınız?

Bu sualın cavabını İranın “Məşriq” portalı belə izah edirdi:

- Zəngəzur dəhlizinin açılması ilə Azərbaycan Naxçıvana nəql etdiyi qaz üçün İrana verdiyi komissiya əldən çıxacaq;

- Azərbaycan qazı Türkiyənin İran qazına olan ehtiyacını azaldır;

- Türkmənistan öz qazını Avropaya Azərbaycan üzərindən dünyaya çıxarmağı planlaşdırır.

- İran-Ermənistan qaz kəmərinin önəmi azalır.

İranın Azərbaycana qarşı təxribatları nə birincidir, nə də sonuncu.

Gah ölkəmizdəki dünyəvi rejimi dəyişib “kərimə dövləti” yaradacaqlarını bəyan edirlər, gah orta məktəblərdən bir müəllimə tapıb şagirdlərinə Süleymaniyə ağı dedizdirirlər, gah da Lerikdə çağaları qabağa verib komandirə salam göndərtdirirlər. Çıxmaqdıqları hoqqa qalmayıb.

Şükürlər olsun ki, Dövlət Təhlükəsizlik Xidməti sayıq, ictimai vicdan oyaqdır.

İkinci Qarabağ savaşı Azərbaycanda on minlərlə qəhrəman üzə çıxardıb. Polad Həşimov kimi, Mais Bərxudarov kimi generallarımız, Şuşanı yalın əllə azad edən minlərlə xüsusi təyinatlılarımız var.
Din və tiryək ixrac etməklə azərbaycanlı bədənini, azərbaycanlı beynini nə qədər zəhərləmək istəsələr də məqsədlərinə çata bilmirlər.

Taleh ŞAHSUVARLI