Sərdar Cəlaloğluna cavab: Həcər və Nəbi haqqı

Son illər Azərbaycan xalqının tarixdə yetişdirdiyi qəhrəmanlar barədə məqsədli şəkildə yayılan uydurmalar içində ən çox qıcıq doğuranlardan biri də Qaçaq Nəbinin həyat yoldaşı Həcər xanım haqqında deyilənlərdir. Xüsusilə də “Həcər Nəbinin 40-ı çıxmamış erməniyə ərə gedib, sonra da 7 dəfə ərə gedib” kimi əsassız, heç bir sənəd və mənbəyə söykənməyən iddialar xalqımızın yaddaşına, milli dəyərlərinə atılan çirkabdır.
Əgər kimsə həqiqəti bilmək istəyirsə, ciddi mənbələrə baxmalıdır. Həcər xanım haqqında ən dolğun və dəqiq məlumatı Zəngəzur qəzasının sonuncu qazısı, tarixçi və maarifçi Bəhlul Behcətin “Qaçaq Nəbinin tarixi” əsərində tapmaq mümkündür. Bu kitabı yazan şəxs Nəbinin və Həcərin müasiri olub, onların dövrünü görüb və çoxlu şahidlərin xatirələrini qeydə alıb. Orada bircə kəlmə də Həcərin “7 dəfə ərə getməsi” haqqında söz yoxdur. Əksinə, bütün yazılanlardan görünür ki, Həcər Nəbinin ən yaxın silahdaşı, həm həyat yoldaşı, həm fədakar ana, (bu barədə sonra) həm də mübarizə dostu olub.
Bundan başqa da həm sovet dövründə, həm də müstəqillik illərində alimlər və tədqiqatçılar Həcər xanımın həyatını yazıblar. Onlardan əsaslarını qeyd edirəm:
1. Hüseyn Baykara – “Azərbaycan Milli İstiqlal Mücadiləsi” kitabında Qaçaq Nəbinin mübarizəsini izah edir və Həcəri onun ən yaxın silahdaşı kimi təqdim edir.
2. Rəfail Rüstəmzadə – “Azərbaycan tarixi qəhrəmanlıq dastanları” əsərində Həcərin igidliyini, qadın qəhrəmanlıq ənənələrini zirvəyə qaldırdığını xüsusi vurğulayır.
3. Füzuli Bayat – “Qaçaq folkloru sosial-iqtisadi və siyasi-mədəni kontekstdə” (2019) monoqrafiyasında Həcərin xalq yaddaşındakı yerini geniş şəkildə göstərir, onu Azərbaycan qadınlarının qəhrəmanlıq simvolu kimi dəyərləndirir.
4. P.Vostrikov – Qori müəllimlər seminariyasının məzunu, Zəngəzur məktəblərinin müdiri olmuş tədqiqatçı, Həcərin döyüşkənliyi və silah işlətməkdəki məharəti barədə yazır.
5. “Qafqaz” qəzeti (1895-ci il, 25 oktyabr) – Həcərin həbsə salınmasına baxmayaraq mübarizəsindən dönmədiyini yazır.
6. Məhəmmədhüseyn Şəhriyar - "Qaçaq Nəbi” şeirində Həcər xalqın qəhrəman qadın simvolu kimi tərənnüm olunur.
7. Mehmet Əl Turan - Qaçaq Nəbi və Həcərin nəticəsi. AZƏRTAC-ın əməkdaşına verdiyi müsahibədə qeyd edir ki, Qaçaq Nəbi və Həcər xanım yalnız döyüş meydanında deyil, ailə həyatı və nəsil davamçılığı ilə də xalqın yaddaşında yaşayırlar. Qaçaq Nəbinin iki oğlu (Əhməd və Xəlil) və bir qızı (Zeynəb) olub; Həcər xanım oğullarına özünün toxuduğu kilimləri verərək yadigar saxlamış və onları Nəbinin yolunu davam etdirməyə təşviq etmişdir. Mehmet Əl Turan Avstraliyada yaşayır və hazırda nəvəsinə Nəbinin adını verib. O, iki il öncə Azərbaycana gələrək Aşağı Molluda Həcərin məzarını ziyarət edib. Onun dediklərinə görə, Həcər xanım Mehmet Əl Turana söyləyib ki, sovet dövründə onların adı hər yerdə yasaq edilib.
Mənfur qonşuların (!) səyi ilə yaranan uydurma şayiələr – məsələn, Həcərin 7 dəfə ərə getməsi də buradan qaynaqlanır.
Sərdar Cəlaloğlunun Həcər xanım barədə səsləndirdiyi bu sözlər göründüyü kimi heç bir elmi qaynağa əsaslanmır. Onun cavabı isə bu idi: “Məndən deməkdi, gedin araşdırın də...”
Buyurun, Sərdar bəy, araşdırdıq.
Bunun adı məsuliyyətsizlikdir. Tarixi şəxsiyyətlər haqqında danışanda “dedim, oldu” prinsipi ilə yox, sənədlərlə, mənbələrlə danışmaq lazımdır. Sizin dediklərinizin əksinə, xalqın yaddaşında Həcər xanım həmişə mübariz qadın, Nəbinin silahdaşı kimi qalıb. Onun qəhrəmanlığı dastanlara, şeirlərə, mahnılara düşüb. Hətta “Qaçaq Nəbi” dastanında bəzi yerlərdə Həcərin obrazı Nəbidən də uca tutulur. Çünki xalq onun qəhrəmanlığını, sədaqətini yüksək qiymətləndirib.
Bütün ciddi mənbələrdən aydın görünür ki, Həcər xanım Nəbi şəhid olduqdan (bəli, məhz şəhid. Çünki tarixi mənbələr göstərir ki, Qaçaq Nəbi 1896-cı ildə arxadan pusquya düşürülərək öldürülüb. Bəhlul Behcət, Hüseyn Baykara və digər tədqiqatçılar qeyd edir ki, Nəbinin ölümündə məqsəd xalq arasında onun nüfuzunu azaltmaq və çar hökumətinə xidmət edən erməni və rus dəstələrinin intiqamını almaq idi.) sonra yalnız bir dəfə yaxın qohumuna ərə gedib. Bunun səbəbi də çox sadə idi: xalq arasında “dul qadın” damğasından yaxa qurtarmaq və düşmənlərin böhtanlarına son qoymaq. Bu, həmin dövrün sosial-ictimai mühitindən doğan bir hal idi. Əslində, bu da Həcərin yenə də öz qeyrətini, şərəfini qorumaq üçün atdığı addım idi.
“Həcər 7 dəfə ərə gedib” deyənlər isə xalqın qəhrəman qadın simvolunu aşağılamaq, onu gözdən salmaq istəyənlərdir. Bu, sadəcə, qara piar və xalqın mənəvi dəyərlərinə hücumdur.
*Tarixi faktlar yalnız keçmişi göstərmir, eyni zamanda bu gün üçün də mesaj daşıyır: Qaçaq Nəbinin arxadan pusquya düşürülərək şəhid edilməsi, onun azadlıq mübarizəsini dayandırmaq məqsədini əks etdirirsə, indi də onun və Həcər xanımın yolunu davam etdirənlərin qarşısına daş qoymaq istəyən qüvvələr mövcuddur. Sərdar Cəlaloğlunun uydurma iddiaları da elə bu məqsədə xidmət edir: xalq qəhrəmanlarını gözdən salmaq, onların nüfuzunu zəiflətmək və tarixi yaddaşı təhrif etmək.
Son söz olaraq demək istəyirəm ki, Qaçaq Nəbi və Həcər xanımın adı Azərbaycan xalqının milli yaddaşına qəhrəmanlıq, azadlıq sevgisi, mərdlik və fədakarlıq rəmzi kimi yazılıb. Onların obrazı heç bir yalanla, heç bir uydurma ilə zədələnə bilməz.
Sərdar bəy, unutmayın ki, xalqın yaddaşında yaşayan tarixi şəxsiyyətlər barədə danışmaq məsuliyyət tələb edir. Burada “deyilənlər” yox, yalnız sənəd və fakt danışa bilər. Siz isə Həcər xanım barədə söylədiyiniz cəfəng sözlərə hələ də heç bir mənbə, arxiv, kitab, səhifə göstərə bilməmisiniz. Bəs hanı sübut? Haradadır istinad etdiyiniz qaynaqlar?
Biz xahiş etmirik, tələb edirik: əgər iddianız düzdürsə, fakt gətirin. Əks halda, “Həcər yeddi dəfə ərə gedib” kimi uydurmaların bütün məsuliyyəti yalnız və yalnız sizin üzərinizdə qalır.
Xüsusi qeyd: Əslində, mənim Sərdar Cəlaloğluna hörmətim var, onun siyasi və ictimai fəaliyyəti bəzi sahələrdə dəyərlidir, amma tarixi faktları təhrif edən, xalq qəhrəmanlarını gözdən salan yanlış fikirlərinə etiraz etmək məcburiyyətindəyəm. Bu etiraz həm tarixi həqiqətin qorunması, həm də nəsillərə düzgün irs ötürülməsi üçün vacibdir.
Adilə Nəzərova
Filologiya üzrə fəlsəfə doktoru