Kəramət Böyükçöl Kəramət Böyükçöl

Niyə ingilis dili müəllimələri gözəl olur?

Kəramət Böyükçöl


Neçə gündür mətbuatda söz-söhbət gəzib-dolaşır ki, test üsulunu ləğv eləmək istəyirlər. Sosial şəbəkələrdə dostların bu məsələyə ciddi münasibəti məni ötən illərə apardı. Müzakirələr genişləndikcə elə bil yaddaşım silkələndi, içim oyandı...

Mən iki dəfə test imtahanı ilə üz-üzə qalmışam. Birincidə yox, ikincidə arzuma çatmışam. İlk imtahandan kəsilməyimin əsas səbəbi xarici dili öyrənə bilməməyim oldu. İngilis dilindən neçə müəllim yanına getmişəm, hamısı gözəl qızlar olub. Heç vaxt baş aça bilməmişəm ki, nə sirdir, niyə mənim qarşıma çıxan Azərbaycan dili müəllimələri çirkin, ingilis dili müəllimələri gözəl olur.

Atamın əzab-əziyyətlə qazandığı pulları hər ay vaxtlı-vaxtında ingilis dili müəllimələrinə verirdim, amma heç nə öyrənə bilmirdim, eləcə gözəl üzə, gözəl simaya tamaşa eləyirdim. Belə çıxır, nə vaxta kimi ingilis dili müəllimələri gözəl qızlar olacaq, mən heç vaxt bu dili öyrənə bilməyəcəm.

Həmişə imtahandan əvvəl universitetə girib-girməyəcəyimdən çox yanımda kimin oturacağını xəyal eləyərdim. Fikirləşirdim ki, yəqin sarışın bir qız olar, saçları da uzun olar, ingilis dilindən mənə kömək eləyər, 10 sualın cavabını dedi, bəsimdir.

Həmişə Hülya Avşar gözlü bir qız təsəvvür eləyirdim. Tarixdən bu qədər yazsam, Azərbaycan dilindən bu qədər yazsam, ədəbiyyatdan bu qədər yazsam, riyaziyyatdan bu qədər yazsam, yanımda oturan qız isə ingilis dilindən bu qədər desə, vəssalam, universitetə girib durmuşam.

Birinci dəfə imtahana girəndə gördüm ki, yekə bir gədə gəlib oturdu yanımda. O qədər əsəbiləşdim ki, durub zaldan çıxmaq istəyirdim. Başımı partanın üstündə qollarıma söykəyib özümü ələ almağa çalışdığım vaxtda bir də gördüm oğlan barmağı ilə çiynimə elə vurur, elə bil qapı döyür.

– Qaqaş, hazırlığa getmisən?

– Yox, heç nə oxumamışam.

Mən bu sözü deyəndə elə bil oğlanın alnının ortasına güllə dəydi.

– Necə yəni getməmişəm, axı mən bir ildi səni gözləyirəm – beləcə də dedi.

Birinci imtahandan kəsilmə xəbərini eşidəndə anam ağladı. Çox pis oldum. Mənlə universitetə hazırlaşan uşaqların demək olar ki, hamısı qəbul oldu, bircə məndə alınmadı. Ümumiyyətlə, məndə birinci cəhd heç vaxt alınmır. Anamın göz yaşları məni dəhşətli dərəcədə sarsıtmışdı. O da insandır, anadır, onun da arzuları var. Mən universitetə girməyən gün anam bir-bir zəng eləyib qohumların, tanışların uşaqlarının qəbul-olub olmamağını soruşurdu.

Anam qohumlarımıza ona görə zəng eləyirdi ki, onların da uşaqlarının qəbul olmadığını eşidib təsəlli tapsın. Buna qəti paxıllıq demirlər. Tərslikdən, elə bil anamın acığına o il hamı universitetə girmişdi, özü də yüksək balla. Hətta anamla arası olmayan bir qohumumuzun oğlu o qədər yüksək bal yığmışdı ki, prezident təqaüdü aldı. Anamın ürəyi partlayırdı. Mən də girsəydim, hamının uğuruna sevinərdi, mən girməmişdim deyə, yazıq anam heç kimə sevinə bilmirdi.

Anam elə bilirdi ki, mənim universitetə girməməyimin səbəbi qızlara hərisliyimdi. Guya, işim-gücüm qız dalına düşmək olub, dərs oxumamışam, ona görə də bu günə qalmışam. Tez-tez deyirdi ki, dədən kimi sən də harda arvad var, ora qaçırsan. Bir dəfə də kişilərlə oturub-durun...

Təzədən hazırlığa getdim, müəllimlərim məni tanıyırdı deyə, ikinci cəhddə pul-zad da almadılar. Tarixi çox möhkəm oxuyurdum, Azərbaycan dili-ədəbiyyatı tum kimi çırtlayırdım, riyaziyyatdan 20 sualın 13-nə yüz faiz cavab verə bilərdim. Amma yenə ingilis dili paz olmuşdu, bir-iki müəllimə yanına getdim, onlar da gözəl qız çıxdı deyə imtina elədim.

Yenə də hər dəfə ingilis dilini öyrənə bilməyəndə xəyalımda sarışın bir qız canlandırırdım, hətta bir neçə dəfə o qızı yuxumda da görmüşəm. Anam məndən vəziyyətin nə yerdə olduğunu soruşanda deyirdim ki, bütün fənlər əladı, bircə ingilis dili qalır, o da yanıma sarışın bir qız düşsə, vəssalam, məsələ həll olunur.

Bir dəfə anam geyinib-kecinib Bibiheybət məscidinə getdi. Artıq tədris ilinin axırı idi, imtahana bir-iki həftə qalmışdı. Anam məsciddə dua eləyəndə deyib ki, ay Allah, qurban olum, oğlumun yanında sarışın bir qız otursun, o qız ingilis dilindən balama kömək eləsin.

İmtahana 10 dənə qələm alıb aparmışdım, biri yazmasa o birini götürüm, bu da yazmasa o birisindən istifadə eləyim. Axşamdan iki toyuğu soyutma elətdirib hazır qoydurmuşdum. Gecəni yata bilmirdim, fikir məni götürmüşdü. Bütün fənlərdən arxayın idim, bircə ingilis dili məni yaman qorxudurdu.

O gecə gözümə yuxu getmədi, yerimin içində səhərə kimi qurcalandım. Səhər açılanda gördüm ki, anam əməlli başlı süfrə açıb, stolun üstünə bütün nemətlərdən düzmüşdü. Elə bil Novruz bayramı idi. Doyunca yeyib yola çıxdım. Nə qədər çalışdım ki, anam gəlməsin, xeyri olmadı, gəlib axıra kimi darvazanın ağzına gözlədi.

İkinci dəfə Bakı Dövlət Universitetinin binasına imtahan verdim. Camaat toplaşmışdı, gözüm bir yerdə dayanmırdı, ora-buranı gəzirdi. Anam az qala qapının ağzına yığışın adamlardan soruşa ki, sənin qızın nə rəngdədi? İmtahan zalına daxil olub sənədlərimi nəzarətçiyə təqdim edəndə otaqda hamı mənə baxırdı. Hiss elədim ki, nə qədər çalışsalar da, heç kim mənim oxuyan uşaq olub-olmadığımı aydınlaşdıra bilmədi. Çünki gözümdə eynək yox idi, əynimdə dizi cırıq cins şalvar vardı, di gəl çox sakit və təmkinli idim.

...Hamının yarı gəldi, mənim yarım yox idi. İmtahan başlamağa cəmi beş dəqiqə qalmışdı, hələ sarışınım gəlməmişdi. Mən bir ildi, onu gözləyirdim, bəs niyə gəlmədi? İmtahan başlayandan təxminən 15 dəqiqə sonra, bütün ümidlərimin kəsildiyi bir vaxtda otağa sarışın bir qız girdi, gözündə eynək vardı, üzünə baxan kimi yüz faiz əmin oldum ki, bu qız əsl ingilis dili mütəxəssisidir. Gəlib düz yanımda oturdu. Əlindəki su butulkasını stolun üstünə qoydu, sənədlərini yerbəyer elədi.

Bilmirdim söhbəti necə açım, nəzarətçi də başımın üstünü kəsdirmişdi. Qıza yaltaqlanmaq üçün dedim:

– Xanım, suyu stolun üstündən götürün, aşıb sənədlərinizi isladar.

Sarışın cavab vermədi, butulkanın stolun üstündən götürüb yerə qoydu, amma heç sağ ol da demədi.

Axı məndə birinci cəhd heç vaxt alınmır, bunu fikirləşib özümə təsəlli verdim və pərt bir vəziyyətdə ikinci dəfə qıza pıçıldadım:

– Xanım, mənə ingilis dilindən kömək eləyə bilərsən? Çox yox, 10 sual bəsimdir.

Cavab bütün arzularımı alt-üst elədi.

– Mən ingilis dilini yox, fars dilini seçmişəm.

Elə sarsıldım, elə bil başıma daş düşdü. Bir anın içində dünya gözümdə zülmətə döndü. Həyəcandan qarnım quruldamağa başladı. Əlimlə stolun üstündə kağızları bir-birinə qarışdırırdım ki, xışıltı səsi gəlsin, qarnımın qurultusu eşidilməsin.

İmtahan günü olduğu kimi yadımdadır, Azərbaycan dili, ədəbiyyat və tarixdən 25 sualın hamısına düz cavab verdim. Üç fənnin cavabı yarım saat çəkdi. Riyaziyyat bir az çox vaxt apardı, ingilis dili yenə qaldı, bir az arxaya, qabağa çöndüm, gördüm hamı gözünü döyür. İngilis dilindən 19 sual yazdım, hamısı səhv çıxdı. Dostlar məni ələ salırdı ki, bütün sualları səhv yazmaq da böyük məharət tələb edir.

Mən tarixi çox yaxşı öyrənmişdim. Sarışın imtahan boyu əlimə diqqətlə baxıb humanitar fənləri necə bildiyimi hiss elədi, hələ məndən kömək də istədi.

– Bütün fənləri yaxşı bilirəm, bircə tarixdən hazırlığa getməmişəm. Nə olar, mənə kömək elə... - dedi.

Fikirləşdim, bu qız nə olsun ingilisi yox, fars dilini seçmişdi, rəngi ki sarıdı... Hələ üstəlik üzündə qorxaq bir təbəssüm var...

– Kitabçanı mən tərəfə sürüşdür, baxım – dedim.

Gözümün ucuyla baxmaqla tarixdən bütün sualların cavabını bircə-bircə əyilib qızın qulağına dedim. Sarışın tez-tez saçlarını qulağının arxasına keçirdib mən tərəfə əyilirdi ki, səsimi yaxşı eşitsin.

Axırıncı cavabda qız boynunu qısdı, tükləri biz-biz oldu, sanki tir-tir əsməyə başladı.

– Nə olub? – soruşdum.

– Nəfəsin çox istidi – qız dedi.