Azad Rəhimov səriştəsizlikdə ittiham edildi - Video

Mirşahin Ağayev "Hesabat"ın dünənki buraxılışını əsasən ötən həftənin ən çox müzakirə olunan mövzusundan- "facebook inqilabı"na həsr edib.

O, eyni zamanda aksiyaya çıxan gənclərdən, gənclər və idman naziri Azad Rəhimovdan, eləcə Türkiyə-Azərbaycan münasibətlərindən danışıb.
Mirşahinin bu verilişdə əsas "hədəfi"nin isə Azad Rəhimovun olduğu diqqət çəkib.

Telejurnalistin dediklərinin yazılı formasını və videosunu anspress-ə istinadən təqdim edirik:

"Fəvvarələr meydanı"nda suyun aydınlıq olmadığına zorla əmin edilən gənclərin aksiyasından sonra ortada bir "Facebook inqilabı" kabusu dolaşdığını düşünənlər tapıldı. Ehtimal edənlər tapıldı ki, Milli Demokratiya İnstitutu və NED (Demokratiyaya Milli Yardım Fondu ) təşkilatı Azərbaycanda "Facebook inqilabı"na maya qoyub. Təxminən 3 milyon 200 min dollar. Bu hələ bizim bildiklərimizdir. Allah bilir daha nə qədər əl nə qədər adamın cibindədir. İlk baxışdan nə qədər inandırıcı görünməsə də, Azərbaycan kimi güclü bir dövlətdə 3 milyon 200 min dollara ən yüksək səviyyədə dəyişiklik edilməsi ehtimalı ciddi müzakirələrə səbəb oldu. Həmişə oldduğu kimi, Prezident Administrasiyası öz fəallığı və dövlətin taleyinə həssas yanaşdığını sübut edən jestlə meydana çıxdı. Heç bir mürəkkəb sual qarşısında adətən taym-aut götürməyən Əli Həsənovun prisipial mövqeyi özünü dərhal göstərdi. Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin operativ reaksiyası isə nümayiş etdirdi ki, dövlət öz taleyi ilə bağlı hər bir məsələni tam ciddi qarşılayır. Yəqin ki, bundan sonra Azərbaycanın Maliyyə Nazirliyinin peşəkarları işə qarışacaq. Əslində bu, belə də gözlənlirdi. Çünki istənilən problem və hadisəyə ən çevik reaksiyanı həmişə Prezident Administarsiyası verir - hər bir yükün altına təkbaşına girməklə. Amma o saat adamın ağlına belə bir fikir də gəldi ki, balam, görəsən "Facebook inqilabı"nın şəxsi heyəti sayıla bilən insanlar, o gün "Fəvvarələr meydanı"na çıxan gənclərin işi- gücü yoxdu? Və dərhal da cavab tapılır. Məlum olur ki, bu gənclərin gücü var, işi yoxdu. Onlar arasında15 sutka, 2 ay iş alanlar oldu. Amma bu artıq o iş deyil. Maraqlıdır bu gəncələrin işinin adı nədir, onlar nə işə məşğuldur və ya

Onlarla birbaşa məşğul olmalı olan Gənclər və İdman Nazirliyi nə işlə məşğuldur? Yadınıza salım ki, bu nazirliyin başında duran Rəhimovun da adı Azaddır. Elə bəlkə də bu gənclər "Fəvvarələr meydanı"nda "Azadlıq, Azadlıq" deyə çağırışlar yapanda həm də öz doğma nazirlərini çağırırdılar ki, onlara yiyə dursun, asudə vaxtlarını necə və harda keçirmək barədə məsləhət versin. Əlbəttə, gənclərin idmanla bağlı hissəsi birbaşa prezidentin nəzarətində olduğu üçün onlar vaxtaşırı Azərbaycan bayrağı qaldırır, himn səsləndirir. Amma idmandan kənar məşğuliyyətə cəlb olunan bir gənclər qrupunun qaldırdığı bayraqlar "Fəvvarələr meydanı"ndan İstanbulun və Berlinin küçələrinə Bakı aksiyalarına dəstək kimi gedib çıxır və burda dövlət himni yox, Azərbaycanın əleyhinə şüarlar səslənir.

Mən burada hələ ötən il London olimiadasında Gənclər və İdman Nazirliyinin adının hallandığı bilet satışı qalmaqalını qəsdən xatırlamıram, necə deyərlər ticarət azaddır və hərənin yaxmacı, yaxud sendvici bir yerdən çıxır.

Sendvic demişkən, bu həftə mənim yadımda həm də iki millət vəkilimizin Birləşmiş Ştatllarda verdiyi əməlli-başlı mücadilə ilə qaldı. AŞPA-dakı Azərbaycan nümayəndə heyətinin üzvləri Səməd Seyidov və Asim Mollazadə dövlət müstəqilliymiz üçün mövcud olan təhlükə barədə həyəcan təbilini dünyanın ən yuxarı başında çalmağı bacardılar. Səməd Seyidovun sendvic bənzətməsi isə məharətlə düşünülmüşdü. Şimaldan və cənubdan Azərbaycanın məruz qaldığı təzyiqləri orijinal şəkildə çatdıran millət vəkilini anlamamaq mümkün deyil.

Bu həftə Bakı Türkiyənin Van şəhərindən İrəvana sövdəgər reysi açılmasından incidi. Bu anlaşılandır. Çünki Azərbaycan beynəlxalq miqyasda sabit və yeganə müttəfiqi olan Türkiyədən umduğu üçün küsür. Və Prezident Adminstrasiyasının rəsmisi Əli Həsənovun haqlı olaraq təbirincə desək, Ermənistanı gücləndirən hər bir hərəkətə təbii ki, Bakı qısqanclıqla yanaşır. Xüsusilə bu addım, lap elə dövlət səviyyəsində olmasa da Türkiyə tərəfdən atılanda. Amma Mübariz Əhmədoğlunun məxsusi mətbuat konfransı keçirərək Türkiyənin Qarabağ probleminin həlli məsələsində Azərbaycanın istənilən addımını, yəni hərbi qərarını dəstəkləyəci barədə heç vaxt bəyanat vermədiyini iddia etməsi və bunu az qala ittiham hökmü kimi səsləndirməsi də ifratçılıq təsir bağışlayır. Mübariz müəllim bilməiş deyil ki, Türkiyə təkcə bu günün yox, həm də sabahın və bəlkə daha çox sabahın müttəfiqidir. Üstəlik, Azərbaycan sendvicə bənzəyirsə. Nihal Adsız deyirdi ki, kəndli əsgəri, əsgər kəndlini qoruyur. Amma bu o vaxt baş verir ki, kəndli əsgər getsin, əsgər də kəndçi olsun. Görünür, hələ kimsə sonadək əsgər, kimsə də kəndli ola bilmir.

Əsgər demişkən, bu həftə Azərbaycanın daha bir əsgəri qeyri-döyüş şəraitində vəfat etdi. Və məlum oldu ki, bu əsgər bir qrup çağırış yaşlı gəncin "Fəvvarələr meydanı"nda keçirdiyi etiraz aksiyasını kəskin pisləyən şair Aqşin Yeniseyin doğmaca əmisi oğludur. Bu hadisənin istedadlı şairə üz verməsini az qala "Sənə bu da azdır!" deyə qəbul edənlər də tapıldı. Amma bu hadisədən sonra da Aqşin aksiya haqqında dediklərində qalır. "Əsgər ölümü iki il, üç il əvvəl də olurdu. Onda hardaydı bu gənclik? Mən yaxşı bilirəm ki, bu gənclər hansı sosial qüvvələrin əlində oyuncaqdırlar. İplə oynadılan kuklalardır elə bil. Siyasətin kukla teatrıdır bu".

Bilmirəm, nə qədər rəmzidir, amma bu həftə Kukla Teatrının baş rejissoru Rəhman Əlizadə də ağır xəstəlikdən sonra vəfat etdi… Allah rəhmət eləsin!