Yolumuz haraya qədər

Bu yazıda Azərbaycandakı siyasi subyektlərin və onların yaratdığı quruluşların xarakterini təhlil etmə düşüncəsindən uzağam.

Hər kəs özünə və imkanlarına görə siaysi mübarizənin içində yer alır və bunun faydalı və ya faydasız nəticələrinə də özləri qatlanır. Azərbaycan kimi ölkələrdə siyasətin çərçivəsi göründüyündən daha məhduddur və burada üzləşilən çətinliklərin başında siyasətçilərin peşə adamı funksionallığını daşımaması problemi gəlir.

Siyasət də bir növü iqtisadi sfera kimi dövlətin nəzarət mexanizmi altındadır və gündəmin, mövzuların müəyyənləşməsində, təşəbbüskarlığın arxasında dövlətin inhisarçı gücü özünü açıqca büruzə verir.

Burada ona görə dövlət sözü tələffüz edilir ki, mövcud reallığımızda siyasi xarakterli qərarların başlanğıc mexanizmində partiya quruluşu yer almamaqdadır. Bürokratik aparatın müəyyən etdiyi qəliblər içərisində partiya quruluşu siyasətin ideyaverici mənbəyi olmaqdan çoxdan bəri uzaqlaşıb və hazırlanmış yeməklərin paylanmasından başqa hansısa məsuliyyət daşınılası bir işə sahib deyil. Müxalif partiyalar da, hakim partiya adı da ölkədə institusional partiya demokratiyası modelini yerləşdirə bilmədilər və açıq etiraf olunmalıdır ki, hər biri öz dar çərçivəsində normal siyasi münasibətlərin mövcudluğu barədə imitasiya yaratmaqla kifayətlənməli oldular. Partiya demokratiyasının inkişafını əngəlləyən ən ciddi amil proporsional seçki sisteminin ləğv olunması və tədricən parlamentar sistemə keçid siyasətindən uzaqlaşılması oldu. İnsanların siyasətdə təmsilçilik imkanları azaldıqca, vətəndaşlıq duyğusu da aqressivlik aurası ilə əhatə olunur və insanlar gələcəyə ümidlərini daha da itirmiş olurlar. Ölkədə ən asta şəkildə islahatları yerli özünüidarə qurumlarından başlamaq zəruridir ki, insanlar öz dövlətlərində ən azı məhəllə, bölgə bələdiyyələri səviyyəsində təmsilçilik imkanı qazansınlar. Ardınca məhz iqtisadi azadlıqları genişləndirərək, partiya sistemlərini siyasətin içində yer almağa stimullaşdırmaq vacibdir. Məhz partiyalar az-çox rəqabətə dayalı quruluşlara çevrildikdən sonra, proporsional seçkiləri bərpa edib peşəkar və səlahiyyətli parlament formalaşdırmaq mümkündür. Bu indiki şəraitdə ona görə mümkün görünür ki, hakimiyyət heç bir təhlükədən rahatsız olmadan islahatlara başlama şansına sahibdir. Etiraf edək ki, məsləhətlərimizin böyüklüyünə rağmən, iqtidarda parlament müalifətinin yumşaq tənqidini belə qəbul etmə düşüncəsi yox. Hansısa təkliflərimizi oxuyub cavab verməyə də həvəsli görünmürlər. Hətta siyasətə bilavasitə dəxli olmayan təklifləri də normal müzakirə edib cavablandırmaq istəyi görünmür.

Bu şərtlərdə islahatlarla bağlı çağrışlara da məhəl qoyacaqlarını zənn etmirəm. Acınacaqlı odur ki, ənənəvi Azərbaycan müxalifəti də həm say resursları, həm ideya resursları baxımından iqtidara tam və qəti məğlub oldu. Ən aktiv seçki situasiyasında meydana etirazçı kütləni toplaya bilməmək işin bir tərəfi isə, ağıllı, çevik qərarlar qəbul etmə qabiliyyətsizliyi işin əsas tərəfi sayıla bilər. Milli Şura modeli tarixən legitimlik bazası üzərində qurulsa da, mövcud tərtibatda buna ciddi əhəmiyyət verilmədi və bu adın sadə bir quruluşa verilməsi doğru seçim sayıla bilməzdi. Xatırlayın, 1918 və 1991-ci il hadisələrində ciddi bir legitimlik faktına dayanaraq yaradılan Milli Şuranın uğurlarını və indikinin adi qərarların verilməsində taktiki uğursuzluqlarını. Ən ciddi nöqsan isə umumi namizəd olaraq bir ziyalının üzərində dayanılması idi. Uzun illər öncə yazdığım bir məqalədə mövzunu qısa olaraq belə açıqlamışdım: Ziyalının ictimai-siyasi həyatda əsas rolu götürməsi çox ağırdır. Xüsusilə də bizim ki, feodal münasibətlərinin yayğın olduğu zahirən kapitalist sayılan cəmiyyətlərdə. Ziyalı siyasətdə epizodik rola sahibdir və onun baş rola gətirilməsi ciddi risq sayıla bilər. Öz epizodik rolu ilə onun demokratik proseslərə verə biləcəyi dəstək, baş roldakından daha effektli ola bilər. Bir yazar hakimiyyətlə ideya mübarizəsi apararkən daha böyük auditoriya toplaya bilər, ancaq seçki və ya meydan mübarizəsinin sərt qaydaları içində kövrək xarakteri ilə daha tez sıradan çıxmağa hazır olmalıdır. Oyunun mərkəzində hər zaman ziyalı, inqilabçı, intellektual obrazında qəbul olunsa belə, peşəkar siyasətçinin durması vacibdir. Bu hadisə əslində Milli Şuranın uğursuz seçimi ilə öz məğlubiyyətinə yaşıl işıq yandırması idi.

Gözlənilən məğlubiyyəti ifadə edən fikirlər bu cinahdan artıq səslənməkdədir: "Etiraf edək ki, dalana dirənmişik."

Bu dalanda Azərbaycan siyasi dünyagörüşünün daşıyıcısı olan daha bir qüvvə də gələcək üçün ümidverici nəticə ortaya qoymadı. İndi iki ay sonrakı məğlubiyətdən sonrakı realist siyasəti düşünmək lazım. İqtidara qarşı düşmənçilik kursunu yekunlaşdırıb, iqtidarın da müxalifətə qarşı düşmənçilik siyasətini yumşaltma yolları tapılmalıdır. Seçkinin mümkün nəticələrini tanıyıb, iqtidar komandasının islahata bir risq kimi deyil, bir qaçınılmaz zərurət kimi baxmasını stimullaşdırmaq, növbəti parlament seçkilərinə qədərki bir dövrdə proporsional seçki sisteminin qəbul olunmasına çalışmaq lazım.

Nə Qarabağı, nə demokratiyanı inadla istəyən bir cəmiyyət hələ ki, üfüqdə görünmür... Azərbaycan harada yerləşir, Azərbaycanlılar nə istəyir, bunu doğru dürüst oxumaq şərtdir. Əlbəttə, real siyasət aparmaq üçün. Yoxsa bu siyasət hamımızı qabağına qatıb aparacaq...
İqtidarını da, müxalifətini də...

Bəlkə Azərbaycanı da...