- Köhnə - Cəmiyyət
- 9 Oktyabr 2013 11:42
- 3 097
Məzahir Pənahov: “Seçici bir neçə bülleteni götürüb qaçıb“
Bunu jurnalistlərə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib.
Seçki məntəqələri və dairələrindən hansısa şikayətlərin daxil olmasına münasibət bildirən M.Pənahov qeyd edib ki, əlbəttə, müxtəlif xaraketrli müəyyən müraciətlər olur, amma MSK-ya səsvermənin nəticələrinə, hətta məntəqə səviyyəsində belə təsir edə biləcək hər hansı bir ciddi pozuntu rəsmi şəkildə daxil olmayıb: "Biz operativ şəkildə bütün dairələrlə həmişə əlaqə saxlayırıq. Bir belə hal olub ki, seçki məntəqəsinin birində vətəndaş KİV adından istifadə etməyə çalışıb, hazırda bununla bağlı məsələni araşdırırıq. O, heç bir kütləvi informasiya vasitəsinin təmsilçisi deyil. Bizə bəzi məlumat gəlib ki, bir seçici bir neçə bülleteni götürüb qaçıb. Əlbəttə ki, bu, bizə bir az təccüblü gəlir, çünki bu cür məsələlər yalnız təxribat xarakterli məsələlər olur".
MSK sədri deyib ki, ümumiyyətlə bir seçiciyə birdən çox bülletenə toxunmağa icazə verilmir: "Seçicinin əlində bir neçə bülletenin olması çox ciddi qanun pozuntusudur və əslində bu, cinayət xarakterlidir, ona görə bunun səbəbi bizim tərəfimizdən çox ciddi araşdırılacaq".
Beynəlxalq müşahidəçilərin fəaliyyətinə münasibət bildirən M.Pənahov qeyd edib ki, hələ rəsmi şəkildə rəy bildirmək əlbəttə ki, tezdir: "Lakin bizim əldə etdiyimiz məlumatlara görə, beynəlxalq müşahidəçilər Azərbaycanın bütün regionlarında seçki məntəqələrində olurlar və yəqin ki, fikirlərini seçkilərdən sonra bildirəcəklər. Bildiyiniz kimi, beynəlxalq müşahidəçilərin sayı kifayət qədər çoxdur və biz bunu alqışlayırıq. Bu onu gösətirir ki, Azərbaycana böyük maraq var".
AzNews.az