Qadın ola bilməyənlər...


Dünən qadına qarşı zorakılığa qarşı çıxanların günü idi.

Bütün günü mətbuatda gördüklərim bu günün də başqa günlər kimi zorakılıq dolu olduğunun qənaətini yaratdı.

Amma mən bundan danışmayacağam. Mən bizdən danışacağam - qadın ola bilməyən qadınlardan...

Biz nə vaxt qadın olduq ki? Biz qadınlığımızı kiminsə qızı, kiminsə bacısı, kiminsə həyat yoldaşı, kiminsə anası olmaqda yaşayanlarıq.

Bizim üçün bu titullar qadınlığımızdan çox-çox öndə gəlir, biz qadınlığımızı bu titul hesab etdiklərimizə çoxdan qurban vermişik.

Hər şeyimizlə özümüzə yox, onlara - kişilərə məxsusluğun yalançı sevincindən razı görünürük.

Etiraf edək, zaman-zaman bundan xoşlanmışıq, özümüz olmayıb da başqası üçün var olmağı qürur məsələsinə çevirmişik.

Təsəllini "hara getsələr də, axşam evlərinə qayıdacaqlar" yalanında tapmışıq. Biz qadın yox, "uşaqların anası" gözündə görmələrinin sevincini yaşamışıq, ana olmağın qürurunu yaşadığımız kimi.

Amma həmişə ürəyimizin dərinliyində heç olmasa, bir az qadın olmağın, onların da gözündə bir az qadın kimi görünməyin xiffətini çəkmişik.

Etiraf edək, onlar üçün bişirdiyimiz yeməklərə verdiyimiz sevginin bir hissəsini onlara versəydik, bəlkə, gözlərində qadın olmağa doğru bir addım ata bilərdik.

Amma etmədik, özümüzcə qürurumuzu qoruduq, Azərbaycan qadını olmağın yalançı qürurunu...

Atalarımızın şərəfini, qardaşlarımızın namusunu, ərlərimizin adını qoruduq, qadınlığımızın qurban edilməsi bahasına.

Amma onlar da bizim sevgi dolu yeməklərimizi istədilər, bizim sevgi dolu qadınlığımızı yox. Bizim olana tam mənasında sahiblənə bilmək üçün sevgimizi belə nümayiş etdirməkdən çəkindik, bizim düşüncəmizdə "yaxşı qadınlar bunu etməzlər".

Yaxşı qadın yaxşı yemək bişirər, yaxşı övlad böyüdər, yaxşı qadın ərini yaxşı geyindirər, yaxşı qadın yaxşı ev saxlayar, yaxşı qadına ancaq yaxşılar yaraşar.

Bizim "yaxşılarımız" arasında yaxşı geyinmək, yaxşı görünmək, yaxşı sevişmək yoxdur. Biz "yaxşı" olmayan tərəflərimizi asanlıqla başqalarına güzəştə gedirik, bizim gözümüzdə yaxşı olmayıb, onların gözündə evə qədər yaxşı olanlara.

Təsəllimiz var: "Evə qayıdacaq".

Amma necə qayıdacaq? Özü ilə bizim yaxşı hesab etmədiyimizdən gətirdiyi xatirəni gözümüzün içinə baxa-baxa dodaqaltı məmnun gülüşlə xatırlayanda içimizdəki qadınlığı qurban verdiyimiz qürurumuz qırılmayacaqmı?

P.S. Sevinin kişilər, bacardığınız qədər sevinin, qadınlığımızın qatili olmağı da yaxşı bacardınız.

AzNews.az