Qarabağı beləmi alacağıq, general?!

Bütün bunlar gözümüzün qabağında baş verdi: Səfər Əbiyev getdi, Zakir Həsənov gəldi. Çox yazıldı, pozuldu, hətta yeni nazirdən gözləntiləri olanlar da oldu, ona qalaq-qalaq tərif yazanlar da, orduda ciddi islahatların həyata keçiriləcəyinə inananlar da...

Çoxları düşünürdü ki, Əbiyevin uzun illər iflasa apardığı ordu dirçələcək, əsgər ölümləri şoku qapıları döyməyəcək. Amma bu gün yaşananlar əksini deyir. Çünki gözləntilər sadəcə arzu olaraq qalıb.

Axı orduda islahat hansısa Sabiroğlunun vəzifədən çıxarılıb yerinə Cabiroğlunun gətirilməsi deyil. Bu "Əlinin papağını Vəlinin başına qoymaqdır". Bunun başqa adı yoxdur. Təəssüf ki, bu, bütün sahələrdə belədir. Problemin həlli isə sistemin hördüyü çıxılmaz labirintdən xilas olmaqdadır. Nəsə, keçək mətləbə...

Bir neçə gündür ki, Azərbaycan ordusunun əsgəri Quliyev Vüsal Sarıcalı Hospitalında ağır xəstə yatır. Yaddaşını itirib, heç kimi tanımır və vəziyyətinin ağır olmasına baxmayaraq, bir həftədir Bakıya təxliyə olunması gecikdirilir. Onun niyə bu hala düşməsi isə müəmmalı olaraq qalır. Çünki nə olubsa, hərbi hissədə olub. Bunu da araşdıracağıq...

Problemin ciddiliyini nəzərə alıb hospitalın rəisi Sücaət Əliyevlə telefonla əlaqə saxlamağa çalışdım. Birinci gün telefonumu açmadı. Nəhayət, ikinci gün zəngimə cavab verdi. Əsgəri gecikdirdiyi azmış kimi, adam hələ heç kəsdən qorxmadığını da dedi. Müdafiə Nazirliyinin mətbuat xidməti ilə əlaqə saxladım. Mətbuat xidmətindən cavab verən və adı "dövlət sirri" olan adam (deyir ki, adımı deyə bilmərəm) nazirə rəsmi müraciət etməyimi məsləhət gördü. Ki, yalnız bundan sonra məsələ araşdırılacaqdı.

Nazir Zakir Həsənova rəsmi müraciət etdim. Dedilər ki, müraciətin qeydə alınıb, sənə məlumat verəcəyik. Daha bir gün keçdi. Nəticəsi olmadı.

Bu gün əsgərin qardaşı zəng edib dedi ki, yaddaşını itirmiş və bir neçə dəfə intihara cəhd edən əsgər Bakıya qatarla yola salınıb. O durumda olan əsgəri qatarla Bakıya göndərmək ölümünə imza atmaq kimi bir şeydir. Demək, Bakıya sağ-salamat gəlib çıxması belə sual altındadır.

Bütün bunları nazirə yazdım, yenə də cavab gəlmədi. Bu gün yenidən nazirliyin mətbuat xidməti ilə əlaqə saxladım. Yenə həmin adam - adı "dövlət sirri" olan şəxs "Müraciətiniz qeydə alınıb, tədbir görüləcək" dedi. "Nə zaman cavab veriləcək, iş-işdən keçəndən sonramı? Mən kiminlə danışıram" sorğuma isə sakitcə "Adımı deyə bilmərəm" deyə telefonu qapatdı. Bu da (Bu artıq növbəti yazının mövzusudur) general Vaqif Məmmədovsayağı yanaşmadır...

Baxın, dövlətin müdafiəsinin qarantı olan ordunun başında duran qurumun - Müdafiə Nazirliyinin mətbuat xidməti neçə vaxtdır ki, başsız qalıb. Kiminlə əlaqə saxlayasan, kimə dərdini deyəsən, bunu müəyyənləşdirmək problemə çevrilib.

Kiçik sözardı

Hospitalın rəisi heç kimdən qorxmadığını deyir. Bəli, həqiqət göz deşir, çünki ona rəhbərlik edən nazirlik də problemə belə yanaşır: Məsuliyyət yox, məhz QORXU...

Bunlar bir şeyi başa düşmürlər ki, qorxu və məsuliyyət başqa-başqa şeylərdir. Onlar kimdənsə qorxmağa borclu deyillər, amma cəmiyyətin, övladını əsgər göndərən valideynlərin qarşısında məsuliyyət daşıyırlar. Nə yazıq ki, bizim kimi cəmiyyətlər həmişə qorxu altında idarə olunmağa alışqandır, məsuliyyət altında yox...

Ortada süngüsündən Qarabağın azadlığı keçən əsgərin taleyi söz konusudur. Əsgərə belə münasibəti görəndə isə adamın Qarabağa yazığı gəlir...

Bir az da dözək və sonunu gözləyək!

qaynar.info