Siz qatilsiz?!

Yəqin çoxu xatırlayar, Şamaxıda bir yeniyetmə azyaşlı bacısını qətlə yetirmişdi. Guya namus üstündə. Əslində isə qızın namussuzluğu ilə bağlı heç bir sübut yox idi. Hətta tibbi ekspertiza da onun bakirə olduğunu təsdiqləmişdi. Amma çıxan söz-söhbət yeniyetməni qatil olmağa vadar etdi...

Acınacaqlı da olsa deməliyəm ki, bu məsələlərdə mətbuatın çox rolu var. Bu gün telekanalların, saytların reytinq, İP uğrunda mübarizəsi insan həyatını təhlükəyə atır, ləkələyir. Yəni bu gün insan həyatı qumardı, biznes mənbəyidi.

Ən pisi də odur ki, bu xəbərlər peşəkarlığına şübhə etmədiyim insanların rəhbərlik etdiyi media orqanlarında tirajlanır.

Məsələn, iki gündü saytlar Ucarın hansısa kəndində məktəb direktorunun oğlunun azyaşlı qıza qarşı etdiyi əxlaqsız hərəkətlərindən yazır. Xəbərə görə, direktor oğlu məktəblinin uşaqlığından istifadə edərək onu sms vasitəsilə yoldan çıxarıb. Sonra isə qızı sms vasitəsilə yaşadığı evin hasarının yanına çağırıb. Orda qızla əxlaqsız hərəkətlər edib. Sonradan bu münasibət mütəmadi hal alıb. Onların bir-birinə yazdıqları əxlaqsız smslər də ortaya çıxıb.

Bu məsələnin üstünü qızın valideynləri açıblar. Onlar polisə şikayət edərək övladlarının bakirəliyinin pozulduğunu iddia etsələr də, bu, ekspertizada təsdiqini tapmayıb. Lakin oğlan yetkinlik yaşına çatmayan qızla etdiyi əmələ görə Cinayət Məcəlləsinin əxlaqsız hərəkətlər (153-cü) maddəsiylə təqsirli bilinərək həbs edilib. Hazırda cinayət işi baxılması üçün rayon məhkəməsindədi.

Aydındı ki, söhbət hansısa məmurun övladından gedirsə, üstəlik işin içində "namus", "qeyrət" məsələləri varsa, xəbərin oxunma sayı kəllə-çarxa çıxacaq və bu da istənilən media orqanı üçün sərfəlidi. Amma yaxşı redaktor həm də oxuduğu xəbərin ictimai yükünü və onun adı hallanan şəxsin taleyinə təsirini də hesablamalıdı.

Bu məsələnin ictimai yükü o qədər çox deyil ki, 13 yaşlı bir qızın həyatının baltalanmasına göz yumasan. Xəbəri öncə "milli.az" yayıb. İddia da edə bilər ki, yazıda qızın adını tam verməyib. Amma bu, keçərli deyil. Çünki qızın yaşadığı kənd, oxuduğu məktəb, görüşdüyü adamın kimliyi dəqiqliklə verilib. Balaca bir kənddə qızın kim olduğunu müəyyənləşdirmək nə qədər çətindi ki?

Bəli, deyə bilərsiz ki, onsuz da hadisə olubsa, kənddə hamı bilir. Amma məsələ ondadı ki, bu, ictimailəşəndə daha çox qınaq obyektinə çevrilir və qızın üzərinə basqılar da olur. Halbuki 13 yaş uşaqlıq dövrüdü və psixologiya da sübut edir ki, bu yaşda istənilən uşağı şirin dillə aldatmaq, yoldan çıxarmaq mümkündü. Onun düşüncəsi nə gələcəyə hesablanır, nə mentalitetin diqtə etdiyi namus-qeyrət məsələlərinə. Əksinə, yanlış addım qızın ölümünə, yaxud da ömürlük bədbəxtliyinə səbəb ola bilər. İndidən üzərinə "fahişə" damğası vurar, gələcəyini təhlükəyə atar.

Özü də bu məlumatı mediaya Ucar rayon icra hakimiyyətinin yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Şükür Məmmədov verib. Vəzifəsindən də göründüyü kimi, adam uşaqlarla işləyir, amma bilmir ki, beynəlxalq konvensiyalara görə belə məsələlərdə azyaşlının kimliyi bildirilməməlidi, adı hallandırılmamalıdı.

Bunlar cəhənnəm, onsuz da icra hakimiyyətlərində savadlı kadr tapmaq samanlıqda iynə axtarmaq kimi bir şeydi. Bəs jurnalistlər? Məgər bu xəbəri tirajlayan "milli.az" saytının rəhbərinin adi etik qaydalardan xəbəri yoxdumu? Bilmir ki, söhbət kiçik məkanlardan gedirsə, həmin ərazinin adı belə göstərilməməlidi?

Yaxşı, lap tutaq ki, o bilmir, bəs axı "aznews.az" saytının, "Bizim Yol" qəzetinin redaktorları bilirlər. Hər iki media orqanında kifayət qədər peşəkarlar əyləşib. Onlar niyə bunu nəzərə almadan xəbəri yayımlayırlar? Yoxsa hər biri gözləyir ki, sabah o qızın ölümünü də xəbərə çevirsinlər?

qafqazinfo.az