60 yaşın tən yarısı

Azərbaycanın görkəmli dövlət xadimi Əli Həsənova yubiley təbriki

Sosioloji nöqteyi-nəzərdən baxdığımızda dövlət xalqın təşkilatlanmış siyasi mexanizmidir. Deməli, dövlət idarəçiliyi cəmiyyəti təşkil edən fərdlərin hər birini maraqlandıran məsələdir. Odur ki, adına “dövlət” dediyimiz ali təşkilat yarandığı gündən bəri hər zaman filosoflar və siyasətçilər idarəçiliyin təkmilləşdirilməsinin yollarını arayıblar. İdarəçiliyin isə forması necə olursa-olsun, xalqın rahat və rifah içərisində yaşaması ilə dövlət adamlarının potensialının, xarakterinin, dünyagörüşünün çox ciddi bağlantısı var.

İlk baxışdan belə bir rəy yarana bilər ki, dövlət idarəçiliyində iştirak edən fərdlər hakimiyyətin resurslarından yararlanaraq öz potensialları, xarakterləri və dünyagörüşləri barədə ictimaiyyətdə şişirdilmiş rəylər formalaşdıra bilərlər, əlbəttə, nə qədər dövlətlər var, iqtidarlar və onların müxalifləri var, siyasi maraqlar var, belə cəhdlər də, cahidlər də olacaq. Ancaq məsələ ondadır ki, sənaye inqilablarından sonra dünyada baş qaldıran yeni sosial dalğalar, xüsusən də görüntülü medianın inkişafı və günümüzdə sosial şəbəkələrin böyük vüsətlə insanların həyatına daxil olması siyasət adamlarının xarizmasına, reputasiyasına qarşı ciddi təhdidlər formalaşdırıb. Ənənəvi və yeni medianın reytinq, bəyənilmə və paylaşılma mücadiləsi “cəmiyyət- dövlət- siyasi xadim” üçbucağında əsl dövlət adamlarına qarşı kirli və kinli cəbhələr açılmasına rəvac verib. Bu qarşıdurmada vəzifədə olsun, yaxud artıq olmasın, idarəçilər xəsarətlər almağa məhkumdurlar, fəqət bu zədələr nə onların özlərini, nə də dövlət ağlı ilə hərəkət edən digərlərini, dövlət ağlına güvənənləri emosional cəhətdən sarsıtmamalıdır.

O sadə səbəbə görə ki, ağlın bütün formalarının, o cümlədən dövlət ağlının ziddi duyğulardır. Gerçək bir dövlət xadiminin əsas özəlliyi siyasi hadisələrə və hadisələrin iştirakçılarına yanaşmasında hisslərdən maksimum uzaqlaşaraq Hegelin məşhur “rasional olan- həqiqətdir, həqiqət- rasional olandır” aforizminə sığınmasıdır. Dövlət, əslində, elə bu sığınacaqdır. Məhz bu sığınacaqdır ona görə ki, heç bir dövlət xeyriyyə cəmiyyəti, dərvişlər təkkəsi, yaxşı oğlanlar klubu, macəraçılar dərnəyi deyil, yenə Georq Vilhemə istinad etsək, nə istədiyini bilən, üstəlik, özlüyündə və özü üçün irədənin, ağlın və sıradan adamlara məxsus olmayan dərin bilik və fəhm gücünün məcmusudur.

Ulu Öndər Heydər Əliyevin və onun siyasi varisi İlham Əliyevin cəmiyyətimizin qalan bütün üzvlərindən çox böyük ölçüdə irəli çıxaraq, zəka, iradə və səriştə üstünlüyü ilə qurduqları çağdaş dövlətimiz Azərbaycan mədəni arealının, milli kimlik və tarix şüurunun dialektik zirvəsidir. Sovetlər birliyinin dağılmasından sonra düşdüyü aqoniya içərisində əksər hallarda gələcəyi təsəvvür etməkdən belə çəkinən kütlələrin, kütlədən qopmuş və qorxmuş, cürbəcür mükafatların, titulların arxasında gizlənmiş ziyalıların, əsasən, cəmiyyətin ortaq yaxşılıqlarının deyil, ortaq pisliklərinin ərsəyə gətirdiyi imperiyadanqalma bürokratlar təbəqəsinin millət, dövlət qeyrətləri ilə belə bir zirvəyə qalxmaq mümkün deyildi. Heydər Əliyevin timsalında bir dahi çıxmalı idi bu torpaqlardan, bir lider sıyrılmalı idi bu millətin içindən və o lider zamanı qabaqlamalı, Maks Veberin sərrast ifadə etdiyi sayaq, tarixi prosesin ipini əlində tutmalı, bir şəxsiyyət olaraq davasının, mücadiləsinin, ulusunun müqəddəratının məsuliyyəti ilə üzləşməli, o məsuliyyətin bilincində mənsub olduğu xalqı çiyninə alaraq dövlətçilik zirvəsinə daşımalı idi. Bu zirvənin- müasir Azərbaycan dövlətinin şüurlu dərki, - eynilə bütün modern dövlət modelləri kimi,- iki anlayışın elmi şəkildə mənimsənilməsindən keçir: 1) Suverenlik; 2) Milli maraqlar (“Ragion di stato”). Milli suverenliyimizin və maraqlarımızın müstəqil respublikamızın əsas nəzəri və praktik məğzi kimi ata və oğul Əliyevlər tərəfindən 30 il boyunca- üç rəngli bayrağımızın ilk dəfə yenidən Naxçıvan Ali Məclisində dövlət rəmzi kimi rəsmiləşdirilməsini də nəzərə alaq- ardıcıl və prinsipial şəkildə qorunması ölkəmiz üçün çox qiymətli bir xəzinə formalaşdırıb- DÖVLƏT AĞLI!

Fransız filosofu və tarix nəzəriyyəçisi Mişel Fukoya (1926-1984) görə, dövlət ağlı məfhumu içərisində yer alan heç bir şey dövlətdən başqa heç nəyə istinad edə bilməz. İkincisi, dövlət ağlı məğz ilə bilmək arasındakı rabitənin, çuğlaşmanın təzahürüdür. Bu baxımdan dövlət ağlı elə dövlətin özüdür, eyni zamanda, onun açdığı çığırla getməyə, ona tabe olmağa şərait yaradan bilgidir. Odur ki, dövlət ağlı ilə düşünmək, hərəkət etmək istər təcrübə, istərsə də bilik sarıdan bir sənətdir. Üçüncüsü, dövlət ağlı hər zaman qoruyucudur, başlıca olaraq ona işləyir ki, dövlətin mövcudluğunu mühafizə, bütövlüyünü və davamlılığını təmin, qarşıya çıxan təhlükələri dəf etsin.

Əlbəttə, bəzi kəmfürsət oxucular indiki məqamda məni dövlət ağlını və idarəçilik sənətini müqəddəsləşdirməkdə, hikməti-hokumət məfhumunun koranə müdafiəçisi kimi görərək vətəndaş cəmiyyətinin şəffaflıq, hesabatlılıq, nəzarət kimi anlayışlarına qarşı çıxmaqda ittiham edə bilərlər, ancaq buna tələsməsinlər. Çünki dövlət həm də toplumun epistemoloji boşluğunu dolduran, malik olduğu, xeyli dərəcədə də bölüşmək istəmədiyi informasiyalarla özünü vətəndaş cəmiyyətinin üzərində legitimləşdirən bir sosial orqanizmdir və dövlətin epistomoloji funksiyası barədə İngiltərənin Brunel Universitetinin professoru, çağımızın ən sanballı siyasət nəzəriyyəçilərindən olan Mark Nokleusun “Dövləti təxəyyül etmək” (İstanbul, 2014) adlı kitabında ətraflı bəhs edilib. Odur ki, bu məqamda Platona üz tutmaq, onun “Dövlət adamı” dialoqunu xatırlamaq daha faydalı olar. Necə ki, bir gəmi heyətinin daşınan sərnişinlərə gəminin texniki xüsusiyyətlərini izah etməsi yox, insanları limana vaxtında və sağ-salamat çatdırması, bunun üçün isə lazımi bilik və bacarığa sahib olması vacibdir, eləcə də dövlət xadimlərinin. Dövlət xadimini formalaşdıran, ona bu keyfiyyəti qazandıran, sıradan bir bürokratdan, siyasətçidən, ictimai fəaldan, elm adamından, yazardan, sosial şəbəkə fenomenindən fərqləndirən məhz dövlət ağlı ilə düşünməsi və hərəkət etməsidir. Bu düşüncə və davranış tərzi isə bilavasitə texniki prosedurlardan asılı deyil, hələ bizim eramızdan öncə 410-cu ildə Afinada çıxarılan “Dövlətin uca mənfəətləri” qanunundan başlamaqla bütün yazılmış və yazılmamış qanunların fövqündə dövlətin quruluş və var oluş fəlsəfəsini, hədəflərini mənimsəməkdir. Bu dərin fəlsəfəni mənimsəmək üçün 60 yaşı martın 10-da tamam olacaq bir adamın Böyük Qurucunun və Böyük Davamçının virtu, necessita ve fortuna (püxtəlik, zərurət, şans) anlayışları çərçivəsində hasil olan siyasi qərarlarına, başqa sözlə, dövlət ağlına heç bir fərdi qənaətini qatmadan bütün səmimiyyəti ilə inanaraq, hər birinə, sözün əsl mənasında, direktiv kimi yanaşaraq yaşaması, bu işə ömrünün tən yarısını- 30 ilini həsr etməsi gərəkdir.

O adam, 60 yaşının astanasında siyasi olimpdən ensə də, belə deyək, dövlətdən, dövlətin ierarxiya pillələrindən düşsə də, dövləti düşünən o alicənab, mətin və liderinə sədaqətli insan Əli Həsənovdur.

Azərbaycan Respublikasının prezidentinin sabiq köməkçisi, Dövlət İdarəçilik Akademiyasının “Beynəlxalq münasibətlər və xarici siyasət” kafedrasının müdiri, tarix elmləri doktoru, professor Əli Həsənov!

Öyrənməyi və öyrətməyi sevən Əli Həsənov!

Doğruluğu və doğruları sevən Əli Həsənov!

Ədalət anlayışı və xeyirxahlığı ilə sadə xalqın içindən çıxan hər kəsə qahmar olan Əli Həsənov!

Səbrli, ancaq gərəkən anda sinəsini təmsil olunduğu hakimiyyətə, hakim komandanın liderinə tuşlanmış siyasi oxların qabağına verməkdən çəkinməyən əqidəli, cəsarətli və fatalist Əli Həsənov!

Və bütün bu keyfiyyətlər Əli Həsənovun həm şəxsi fitri, həm də dövlət ədəbinin göstəriciləridir. Dövlət ədəbi, sadəcə, yüksək təbəqələrin nəzakət qaydalarına riayət və protokol tələblərinə əməl etmək deyil, hərçənd bu da çox vacib məsələdir. Məxəzlərdən əxz etdiyim qədər qətiyyətlə deyə bilərəm ki, bir üslubdan da daha çox vətəndaşın dövlətə güvənini yaradan yanaşma və davranış tərzidir.

Son il yarımda Azərbaycan cəmiyyəti Əli Həsənova qarşı saysız-hesabsız hücumlara, daha dəqiqi ədəbsiz hücumlara şahid oldu. Ancaq bu müddət ərzində kimsə onun tövrünü pozmasını, diqqətini aparılan ədavətə yönəltdiyi görmədi. Özünü ictimai rəy önündə müdafiə etmək üçün bütün imkanları olduğu halda, o qədər yalanları, böhtanları, qarayaxmaları, təhqirləri görməzlikdən gəlməsinin arxasında tək bircə səbəb vardı: dövlətin, prezidentin və hakimiyyətin onun reaksiyası ilə daha da şiddətlənəcək intriqalara görə zərər görməməsi! Ancaq ona qarşı vahid cəbhə açmış Əliheydər Qarayevlərin, Mustafa Yamülkilərin, nurçuların və nur-az.com-çuların belə bir dərdi yoxdu, əksinə, məqsədləri Əli Həsənovu hakimiyyətdən salmaqdan daha çox, dövləti və hakimiyyəti əldən salmaq, təngə gətirmək idi. Belə olmasaydı, vəzifədən getdikdən sonra Əli Həsənova qarşı hücumlar səngiyər, Facebook qarayaxanları əllərini onun yaxasından çəkərdilər. Bəli, Əli Həsənov kimi dövlət xadimləri üç günə, beş aya, bir-iki ilə yetişmir və ömrünün ən mənalı illərini gərgin, stress dolu iş şəraitində dövlətə həsr etmiş yetərincə təcrübəli bir milli dava adamına qarşı “vəzifəsini, mövqelərini itirmiş məmur” obrazına həmlə etmək üçün tələb olunmayan cürətlə sosial şəbəkə meşşanlarının kəsməyən xoru da elə bu səbəbdən təhlükəlidir. Dövlət üçün, hər bir dövlətin gələcəyinin təminatçısı olan ənənələr üçün təhlükəlidir! Con Stüart Mill haqlı idi: “Bir dövlətin dəyərini siyasətçilərin çoxluğu deyil, dövlət adamları yaradır”. Siyasətçilərin çox, zira, dövlət adamlarının az olduğu bu məmləkətdə mənim istinad etdiyim dəyərlərə görə isə, bir insana ehtiramın dərəcəsini mənsəb amili müəyyən etməməlidir. Odur ki, çox hörmətli Əli müəllim, Sizi- milli dövlət məfkurəsinin görkəmli və yorulmaz ideoloqunu 60 illik yubileyiniz münasibəti ilə səmimi qəlbdən təbrik edir, uzun ömür, can sağlığı arzulayıram.

Taleh ŞAHSUVARLI