ERKİNİN ZƏRBƏSİ - Taleh Şahsuvarlı yazır

Bu zərbə ilə Azərbaycan cəmiyyəti yeni bir siqnal eşidir

Erkin Qədirli asket deyil, intellektualdır. İntellektuallıqla asketlik arasında hər zaman bir körpü mövcuddur. Lakin onun həyat tərzini dərvişanə meyillər deyil, intellektual motivasiyalar müəyyənləşdirir.

O, bir düşüncə adamıdır. Düşüncə adamları, ideyalar aləmində yaşayan insanlar, məşhur ifadə ilə desək, yemək üçün yaşamırlar. Erkin cəmiyyət üçün yeni hadisədir. O, öz cəmiyyətini tanıyır və anlayır, amma cəmiyyət onun təmayüllərini öz instiktləri ilə üst-üstə düşən görmədiyindən təəccüblənir.

Cəmiyyət öz elçisini döymək və söymək istəyir, çünki onun vəkili kimi çıxış edənlərin bir çoxu məhz onun etmək istədiklərini edir: qanunları saymamağa, girəvəçilik etməyə, mümkün qədər çox kapitala sahib olmağa çalışır. Bacarırlar da! Cəmiyyət bu əyriliklərə bir tərəfdən "bacarana baş qurban" deyimi ilə haqq qazandırır, o yandan da o bacaranların başını yeyib onun yerində olmaq istəyir. Məşhur sual yaranır: üsyan edən qullar hər kəsin azad olmasını istəyirdilər, yoxsa quldarların yerində olmaq?

Erkin isə təkcə hüquqla yox, həm də dəyərlərlə yaşayır və faəliyyət göstərir. Onun ictimai hərəkət trayektoriyası şəffaf və konkretdir, ona görə də maddi gəlirləri də daxil olmaqla hər məsələdə cəmiyyətlə açıq danışa bilir. Ancaq bu şəffaflıq cəmiyyəti qorxudur. Çünki cəmiyyət "fərasət" anlayışına fərqli yanaşır, onun anlayışına sığmayan bir fərdin mandat əldə etməsi toplumu intiutiv olaraq ürpədir, hürküdür. Aman Allah, - deyir, - sabah o parlamentdə hər kəs Erkin kimi olsa, mən necə girəvəçilik edəcəm, öz nadürüstlüyümü necə gizlədəcəm?

"İnsanlığa 3 böyük zərbə"" adlandırılan olaylar var. Yəqin məndən daha yaxşı bilirsiniz, amma yenə də xatırladım. Birinci zərbəni Kopernik vurmuşdu. Yerin Günəşin ətrafında fırlanmasını söyləməklə insanın özünü kainatın mərkəzində görməsindən doğan psixoloji güvəni sarsıtmışdı. İkinci zərbəni Darvin endirmişdi. Məlum olmuşdu ki, insan kainatın əşrəfi-filan deyil, meymunabənzər bir varlıqdır. Nəhayət, Freyd psixoanalizi təqdim etməklə ortaya çıxardı ki, çox da ağ eləməyin yeri yoxdur, insan heç özü-özünü dərk etməyə yetərli deyil.

Erkinin maliyyə deklarasiyası girəvəçi, rüşvətxor, namərd, savadsız, ləyaqətsiz insan tiplərinin ictimai dayaqlarını silkələyən, natəmizliyin arxiteplərini alt-üst edən psixo-tektonik zərbədir. Bu zərbə ilə Azərbaycan cəmiyyəti yeni bir siqnal eşidir:

"İmkanı olmadığı üçün yeməyibsə, imkanı olanda yeyəcək" yanaşması ləyaqət qarşısında keçərsizdir.

Taleh Şahsuvarlı