Azərbaycanı Azərbaycana birləşdirəkmi?

Azərbaycan Xalq Cümhuriyyəti süqut edib. Dövlətin iki başçısı- Fətəli xan Xoyski və Nəsib bəy Yusifbəyli qətlə yetiriliblər. Cümhuriyyət parlamentindəki Müsavat fraksiyasının rəhbəri Məmməd Əmin Rəsulzadə bir müddət Lahıc kəndində gizləndikdən sonra ələ keçib, Bakıya gətirilib və həftələrlə bir soyuq mətbəxdə saxlanıldıqdan sonra İosif Stalin tərəfindən xilas edilərək Moskvaya aparılıb. Stalinin Kremldəki iş otağında yüngülvari nahar təşkil edilib. Süfrədə ağ çörək, gürcü şərabı, Bakının məşhur qara kürüsü var. İkinci fincan çaylar içiləndə kabinetə Mixail Kalinin- o dönəmdə vəzifəcə Stalindən çox-çox yuxarıda olan və bolşevik Rusiyasında Vladimir İliç Lenindən sonra əsas sima sayılan inqilabçı girir. Stalin ondan soruşur:

- Azərbaycanı Azərbaycana birləşdirəkmi?

Kalininin mimikası mənfi cavab anlamına gələn şəkildə dəyişir. Rəsulzadə Stalinlə bağlı xatirələrində yazır ki, bu sual-cavabdan başa düşdüm ki, bolşeviklər öz aralarında Qafqaz və İran azərbaycanlılarının birləşməsini müzakirə edib, amma bu yöndə müsbət qərar verməyiblər.

Əziz oxucu!

İllərdir ki, Azərbaycan Xalq Cümhuriyyəti dönəmini özüm üçün araşdırır və yeri gəldikcə bu barədə sizləri də məlumatlandırıram. Bir çox hallarda bu araşdırmalarla tarixi gerçəkləri olduğu kimi ifadə etməm kimlərəsə xoş gəlmir və məni anti-Rəsulzadəçilikdə suçlayırlar. Fəqət mənim Rəsulzadəyə nəinki antipatiyam, hətta sayğım və rəğbətim var. Rəsulzadə 20 əsr Azərbaycan tarixinin ən önəmli fiqurlarından biridir. Bununla belə tarixi doğru öyrənməyimiz vacibdir. Tarix sadəcə keçmişə olan marağımızın qarşılanması üçün deyil. Tarixi şüuru olmayan heç bir cəmiyyət, xalq müstəqil dövlət qura və onu yaşada bilməz. Tarixi paradiqmalar düzgün formalaşdırılmadıqda cəmiyyətlər öz gələcəyini də doğru biçimdə modelləşdirə bilməz, risklərlə üzləşərlər. Bəli, Stalinin sualı Azərbaycan tarixinin və gələcəyinin ən aktual paradiqmalarından biridir. Gələcəyimiz bu paradiqmanı doğru çözməkdən çox asılıdır. Bilmirəm diqqət etdinizmi, Stalin sualı Rəsulzadəyə deyil, Kalininə verir. Kalinin sifətini turşudur və Azərbaycanların birləşmə planı bununla da rəfə qoyulur. Əgər Xalq Cümhuriyyəti yaşasaydı, Məmməd Əmin siyasi əsir kimi deyil, güclü, qüdrətli bir dövlətin təmsilçisi kimi Stalinlə üz-üzə oturmuş olsaydı, sual heç vəchlə bu quruluşda və bu tonda səslənməyəcək, Kalininin cavabı də ən azı sifətini turşutmaqdan ibarət olmayacaqdı. Demək ki, Azərbaycanların birləşməsi üçün ilk növbədə Tanrının və tarixin quzeyə etdiyi böyük lütfü - yüz minlərlə şəhid qanı bahasına qurduğumuz cümhuriyyəti göz bəbəyimizdən də artıq qorumalıyıq.

Bir paradiqmaya da nəzər salaq. Azərbaycan Xalq Cümhuriyyəti hələ ayaqdadır. Əlimərdan bəy Topçubaşov Fransada keçirilən sülh konfransı çərçivəsində ABŞ prezidenti Vilsonun qəbuluna düşməyə müyəssər olub. Milli parlamentimizin sədri siyasi hazırlıq və intellekt baxımından ABŞ prezidentindən daha üstündür. Lakin qarşısındakı ABŞ-ın prezidentidir. Topçubaşov qısa, ancaq hər kəliməsi zərgər dəqiqliyi ilə ölçülüb-biçilmiş çıxışı ilə dünyanın ağası olacaq dövlətdən Azərbaycanın müstəqilliyinə dəstək almaq istəyir, "Vilson prinsipləri"nə öygü yağdırır. Aldığı cavab konkret olur: "Biz Rusiyanı kiçik dövlətlərə bölmək istəmirik"! Ancaq bu görüşdən günlər sonra Versal konfransında Azərbaycan Demokratik Respublikası de-fakto səviyyəsində olsa da, tanındı. Deməli, kimin nə düşünməyindən asılı olmayaraq cənublu soydaşlarımız müstəqillik faktı yaratmalıdır və güney Azərbaycanın milli istiqlalının aqibətinin super dövlətlərin rəhbərlərinin iki dodağının arasından çıxacaq cümləyə bağlı olmaması üçün Quzey Azərbaycan dövləti olaraq arxitekturası çökmüş dünyada geopolitik rol qapmalıyıq.

Faktiki olaraq üçüncü dünya savaşı gedir. Birinci dünya savaşı imperiyaların çöküşü oldu. BMT ikinci dünya müharibəsinin nəticəsi olaraq meydana çıxdı. Yeni dünya savaşı İran İslam Respublikasını tarix səhnəsindən siləcək. Bunu görməmək, başa düşməmək korluqdur. Fəqət prezident İlham Əliyevin dediyi sayaq realist olmalıyıq. Sabah üçüncü dünya müharibəsinin qalibləri məğlub İranın dərisini bölüşdürəndə, yaxud yeni dünya düzənini tənzimləmək üçün BMT-ni təzədən formatlayanda haqq və ədalət kriteriyalarına - Lenin dekretləri və Vilson prinsipləri ötən əsrin əvvəllərində heç özlərinin də umurunda olmadığı kimi- əhəmiyyət verən olmayacaq. O masaya Azərbaycan xalqının milli iradəsini qəbul etdirmək üçün bircə üsul var - sahədə silahlı güc sahibi olmaq!

Azərbaycan xalq eyniyyəti, tarixi ədalətin bərpası, milli məsuliyyət və gələcək nəsillərin çağırışları kimi obyektiv amillərə söykənərək Güney Azərbaycanı hərbi güclə özünə birləşdirə bilməz. Hətta açıq danışmaq gərəkdirsə, buna heç gücümüz də yetməz. 44 günlük savaşda Ermənistana qalib gəlmişik deyə dünyanın bütün ordularını yenərik eyforiyasına qapılmaq olmaz. Ancaq İran ordusunun şəxsi heyət və silah üstünlüyündən də çəkinməyə dəyməz. İrandan qat-qat güclü ordular, o orduların əlində qat-qat güclü silahlar var. İsrailin PUA-ları bir gecədə İranın onlarla hərbi obyektini aşsüzənə döndərdi, bircə əsgər də itirmədən mollakratiyanın hava hücumundan müdafiə sistemini çökdürdü. İki variant var. Ya Rusiyanın tankları Ukraynada bataqlığa düşmüşkən ABŞ İraq kimi İranı da hərbi güclə likvidasiya edəcək, ya da 1917-ci ildə Çar Rusiyasında olduğu kimi ayətullah rejimi inqilabla çökdürüləcək. Hər iki halda İranı müvəqqəti bir rejim gözləyir. Güney Azərbaycanda xalqımızın nəyə qadir olduğunu məhz bu müvəqqəti hökumət dönəminin necə başa vurulması göstərəcək. Bu prosesdən milli istiqlalla və bağımsız bir dövlətlə çıxmaq üçün Güney Azərbaycanın böyük potensialı, eyni zamanda bizim respublikamızın təcrübəsi, beynəlxalq nüfuzu, dəstək üçün iqtisadi, siyasi və hərbi resursları var. Fəqət risklər də mövcuddur.

Bu risklərdən birincisi Ermənistandan və onun hamilərindən qaynaqlanır. Ermənistan üç türk dövlətinin arasında qalmaq istəməyəcək və üçüncü türk dövlətinin meydana çıxmaması üçün hamilərindən dəstək alıb Xankəndinin Azərbaycanın nəzarətinə keçməsinə mane olacaq, bizimlə sülh müqaviləsi bağlamaqdan yayınacaq. Vaxt daralır və bu məsələ çözülməlidir.

İkincisi, Azərbaycan milli hərəkatını Güneydə təkcə fars şovinizminin müqaviməti yox, eyni zamanda kürd problemi gözləyir. Bu problem qardaş Türkiyəni də yaxından və dərindən ilgiləndirir. Kürdlər bölgədə ermənilər qədər azsaylı xalq deyil və bir neçə dövlətin ərazisində yaşayırlar. İndidən qardaş Türkiyə ilə birlikdə bu problemin həlli yollarını tapmalıyıq ki, istənilən situasiyada hazırlıqlı olaq.

Üçüncüsü, məcburi köçkünlər məsələsidir. Bölgədə istər-istəməz yeni köç dalğası yaranacaq. Türkiyə və Avropa bu dalğanı qarşılamaq istəməyəcəklər- birinin suriyalı, digərinin həm də ukraynalı problemi var. Ağırlıq bizim üzərimizə düşəcək kimi görsənir.

Dördüncüsü, Rusiya Ukraynada hər nə qədər dalana dirənsə də, İranın bölüşdürülməsindən kənarda qalmaq istəməyəcək və meydana bizim üzərimizdən keçib daxil olmaq istəyəcək. Rusiyanın prosesə daxil olmasını əngəlləmək kollektiv Qərbin işidir, ancaq giriş zonası Azərbaycan olmamalıdır.

Beşincisi, türk amilinin güclənməsi ərəb dünyasını narahat edəcək. Azərbaycan ərəb dünyasının neqaitv təsirlərini və təzyiqlərini bu günə qədər hiss etməyib, çünki maraqlar açıq və kəskin şəkildə toqquşmayıb. Ancaq Güney Azərbaycan məsələsində bu maraqlar toqquşması mütləq baş verəcək.

Altıncısı, Avropa Birliyi ölkələrinin canındakı "Attila kompleksi"dir.

Yeddincisi, ABŞ və Böyük Britaniyanın İranı kiçik dövlətlərə bölüb-bölməmək qənaəti hələ ortada deyil. Zənnimcə, İranı ərazi baxımından salamat saxlamaq istəməyəcəklər. Çünki Rusiyada 1917-ci ilin əvvəlindəki burjua inqilabı ilin sonunda bolşevik devriminə döndü. Sabah İranda başqa bir qüvvənin ortaya çıxıb iqtidarı ələ alması ABŞ və Britaniya üçün indiki teokratik rejimdən az təhlükəli olmayacaq.

Göründüyü kimi, kifayət qədər mürəkkəb və maraqların kəskin fərqləndiyi tarixi dönəmə giririk. Bütün zamanlarda olduğu kimi yenə də güc doğana - azərbaycanlıların və xüsusən də Güney Azərbaycanlıların üzərinə düşəcək.

Lap başda tarixi paradiqmadan danışmışdıq.

Paradiqmanın həlli üçün əsas düstur budur ki, Güney Azərbaycan milli hərəkatının başında hərbi keçmişi olan şəxs dayanmalıdır.

Taleh ŞAHSUVARLI