Xədicə İsmayıl kimin tezliyidir: qalib toplumun, yoxsa AŞPA-nın?

Azərbaycan nümayəndə heyətinin Avropa Şurasının Parlament Assembleyasında öz fəaliyyətini dayandırması, yalnız bundan sonra AŞPA-da Azərbaycan parlamentarilərinin səsvermə hüququndan məhrum edilməsi Qərbdən maliyyələşən “5-ci kolon”u fakt qarşısında qoyub. Heç kimə sirr deyil ki, rəsmi Bakı və Avropa Şurası arasında yaranan, bu günlərdə qırılma nöqtəsinə çatmış gərginliyin səbəbi Frank Şvabenin iddia etdiyi sayaq ölkəmizdə insan haqlarının və media azadlığının vəziyyəti, seçkilərin şəffaflığı ilə qətiyyən bağlı deyil. Fransa və Almaniya Azərbaycanın öz ərazi bütövlüyünü təmin etməsindən keçirdiyi stressin nəticəsi olaraq əlinin altındakı oyuncaq qurumdan istifadə edir və xalqımızdan Qarabağ savaşında qazanılan qələbinin qisasını alır. Hər halda, AŞPA-da baş verənlər bir-iki gün içində meydana çıxmayıb. Elə Frank Şvabenin “Dağlıq Qarabağ ermənilərinin hüquqları”nı əlində bayraq edərək Xankəndidə üçrəngli bayrağımızın dalğalanmasına qarşı etdiyi açıq və provakativ çıxışlar da onu təsdiq edirdi ki, Parlament Assambleyası Avropa Şurasının Azərbaycanın suverenliyinə qarşı yönəlmiş xəbis planlarının həyata keçirilməsi üçün alətə çevriləcək. Heç şübhəsiz AŞPA yeganə alət deyil. Əgər Ermənistanın hamiləri ilə diplomatik ziddiyyətlər latent fazadan çıxıb və açıq qarşıdurma həddinə çatıbsa, təkcə beynəlxalq resurslar işə salınmayacaq, ilk növbədə uzun illər boyu Azərbaycanın daxilində formalaşdırılmış təzyiq rıçaqlarından da istifadə olunacaq.

Qərbin böyük məbləğdə qrantlar hesabına Azərbaycanda formalaşdırdığı təzyiq rıçaqları çoxşaxəlidir. Bu rıçaqlar içərisində siyasətşünasların “qeyri-sistemli müxalifət” adlandırdıqları qruplar və həmin qruplara xitab edən media resursları hər cür avantüraya daha meyillidir. Anarxistlər, radikal solçular, ultraliberallar, feministlər, LGBT, bir sözlə, cəmiyyətin normal sosial strukturuna qarşı bütün təhdid elementləri qeyri-sistemli müxalifətin əsas bazasıdır. Bu baza hər nə qədər marginal olsa belə, özlərini “aktivist” kimi təqdim edən fərdləri, necə deyərlər, qaşınmayan yerdən qan çıxarmaq üçün münasib meşşan həyat tərzlərinə malikdir.
2012-ci ildə internet mediasında “Xədicə İsmayılovanın mənzilinin sirləri” adlı məqalə yayılıb. Bu, həmin mənzil idi ki, Xədicə İsmayıla Emin Milli tərəfindən kirayə verilmişdi və o mənzildə təşkil olunan və axırı “siçan zəhəri” ilə bitən orqiyalardan sonra Emin Milli belə xüsusi bəyanatla çıxış etməli olmuşdu. Necə düşürsünüz, kirayə götürdüyü mənzilin sirləri faş olduqdan sonra Xədicə İsmayıl kimi biri Azərbaycan toplumu adına danışa, yaza, göstərə bilərmi? Əlbəttə, özünə, korporativ kimliyinə sayğı duyan heç bir ciddi media subyekti nəinki Xədicəni ekran üzünə çevirər, hətta üzünün ekranda görünməsinə belə izn verməz. Bəs, məqsəd Azərbaycan cəmiyyətinin mənəvi resurslarını məhv etmək, tarix şüurunu erroziyaya uğratmaq və ictimai-siyasi reflekslərini manipulyasiyaya açıq vəziyyətə gətirməkdirsə? Heç şübhəsiz, bu iş “Zek” Xədicəlikdir.
“Zek” Xədicənin baş redaktoru olduğu “Toplum TV”-nin maliyyə qaynaqları şəffaf deyil. Şəffaflıqdan dəm vuran bir təsisatın əməkdaşları hansı mənbədən maaş və qonorar alır, ofisinin icarəsini, kommunal xərclərini necə ödəyir? Vaxtilə Azərbaycanda qrantların bölüşdürülməsində söz sahibi olduğunu fəxarətlə dilə gətirən Xədicə İsmayıla və onun baş redaktoru olduğu internet TV-nin “youtub”-dan əldə olunan qəpik-quruşla idarə olunduğunu düşünmək sadəlövhlük olardı. Ancaq kanalın və kanalın internet saytının Avropa Şurası ilə bağlı papadan çox katoliklik etməsi göz önündə olduğundan bu sarıdan ehtimallar irəli sürməyə çətinlik törətmir. Bircə misal: “Toplum TV”-nin internet saytında ən çox oxudulan 5 məqalədən 3-ü bilavasitə Avropa Şurasının Azərbaycana qarşı istifadə etdiyi bəhanələrə informasiya dəstəyidir. Bu dəstəyin son dərəcə sistemli, ardıcıl və düşünülmüş olmasını isə saytın videolar bölməsində asanlıqla müşahidə etmək olar.

“Toplum TV” aparıcıları efir zamanı tez-tez izləyicilərinə səslənir, “youtube” yayımlarına təhqiramiz şərhlər yazılmamasını tövsiyyə edirlər. İlk baxışdan bu normal, hətta düzgün tövsiyyə kimi görsənir. Ancaq məsələ bundadır ki, Azərbaycanda sosial şəbəkə istifadəçilərinin etik qaydalardan kənara çıxarılması elə Xədicə İsmayılın “ağbirçəklik” etdiyi layihələr hesabına baş verib. Toplum TV-nin platforma rolunu oynadığı “Demokratiya məktəbi” kimi layihələrə cəlb olunmuş həyat oriyentasiyasını axtaran gənclərə hər cür söyüş və təhqiri “ifadə azadlığı” kimi təqdim olunmasının axırı milli mövqeli insanlara qarşı linç kampaniyaları ilə bitib. Başqa cür də ola bilməz. Xatırlamağa çalışın, Xədicə İsmayılın çevrəsində olmuş elə bir şəxs tanıyırsınızmı ki, öz həyat tərzi ilə toplum üçün müsbət obraz olsun?

AzNews.az